Dünyanın bu günü - 03.09.2020

MƏLEYKƏ AĞAZADƏ

(1929-2019)

 

Aktrisa Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar edib. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Daha sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib. Ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Bundan başqa, “Onu bağışlamaq olarmı?”, “Qəribə əhvalat”, “Yaşamaq gözəldir, qardaşım!”, “Var olun, qızlar...” filmlərində yaddaqalan obrazlar yaradıb. Məleykə Ağazadə 24 aprel 2019-cu Bakıda vəfat edib.

 

 

OQTAY ŞIXƏLİYEV

(1931-2012)

 

Azərbaycanın xalq rəssamı, Prezident təqaüdçüsü Oqtay Yusif oğlu Şıxəliyev 1931-ci il sentyabrın 3-də Bakıda anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1958-ci ildə Leninqrad Ali Rəssamlıq Məktəbini bitirib. 1958-ci ildə Respublika Gənclər Festivalının qalibi olaraq, I dərəcəli diploma və qızıl medala layiq görülüb. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. 1964-cü ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllimlik fəaliyyətinə başlayıb. Portret və mənzərə janrında yaratdığı "Mənim qaracam", "Tarzən Bəhram Mansurov", "Rəssam Rasim Babayev", "SSRİ xalq artisti Mirzağa Əliyev", "Nigar", "Rəssamın ailəsi", "Qobustan daşları", "Sumqayıt boruları", "Meksika həyəti", "Aydın səma" və s. rəssamın yaddaqalan uğurlu əsərlərindəndir. Oqtay Şıxəliyev 2012-ci il yanvarın 31-də vəfat edib.

 

 

YAŞAR NURİ

(1951-2012)

 

Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nuri 1951-ci ilin bu günü Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət edib, daha sonra institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabrın 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvət ilə bu kollektivin aktyor truppasına qəbul olunub. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşa, bədii kompozisiya və satirik səhnəciklərdə iştirak edib. Yaşar Nuri 22 noyabr 2012-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

MAHMUD İBRAHİMOV

(1997-2016)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Mahmud Azər oğlu İbrahimov 3 sentyabr 1997-ci ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Əsgər Mahmud İbrahimov 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və aprelin 9-da Mehdiabad qəsəbəsində son mənzilə yola salınıb. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

 

İVAN TURGENEV

(1818-1883)

 

Böyük rus yazıçısı İvan Turgenevin anım günüdür. O, 9 noyabr 1818-ci ildə anadan olub. 1833-cü ildə 15 yaşında ikən Moskva Universitetinin Filologiya fakültəsinə daxil olub. Bir il sonra Peterburqa köçdüyü üçün Peterburq Universitetində davam etdirməli olub. «Rudin», «Ərəfə», «Tüstü», «Atalar və oğullar» kimi məşhur roman və povestlərin, «Ovçunun xatirələri» kitabının, eləcə də məşhur «Mumu» hekayəsinin müəllifidir. Ömrünün xeyli hissəsini mühacirətdə keçirən İvan Turgenev 1883-cü ildə vəfat edib.

 

 

MEHDİ NƏZƏRLİ

(1892-1952)

 

Milli nəfəs alətləri ustası, muğam bilicisi Mehdi Cavad oğlu Nəzərli‎nin xatirə günüdür. O, 10 may 1892-ci ildə Xızı şəhərinin Sayadlı kəndində anadan olub. Üzeyir bəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq, "Koroğlu" operasının ilk premyerasının müşayiətçisi olub. O, eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində də ifa edib. Muğam bilicisi kimi dövrünün bir çox məşhur xanəndələrini böyük ustalıqla müşayiət edib, bu sahədə illərlə əldə etdiyi zəngin biliyini gənc nəslə öyrədib. Azərbaycanın ilk qarmon ifaçısı Ələkbər bəy Nəzərlinin qardaşı olan Mehdi Nəzərli 3 sentyabr 1952-ci ildə vəfat edib.

 

 

TAMİLLA MAHMUDOVA

(1931-2014)

 

Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar artisti Tamilla Zahid qızı Mahmudova da bu gün xatırlanır. O, 1931-ci il aprelin 21-də Bakıda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə məşhur pedaqoq, professor Kövkəb Səfərəliyevanın sinfində alıb. Sonra Moskva Dövlət Konservatoriyasını və professor Y.Zakın sinfində aspiranturanı bitirib. Ömrünün çox hissəsini Moskvada yaşayan musiqiçi Rusiya musiqi sənətinin inkişafına töhfələr verib, Moskva Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinin professoru olub. Azərbaycanın “Şöhrət” ordeninə layiq görülüb. Tamilla Mahmudova 3 sentyabr 2014-cü ildə müalicə üçün getdiyi Almaniyada vəfat edib və Moskvada dəfn olunub.

 

 

RAMAZAN ÇİRİNQOV

(1969-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Ramazan Heybullah oğlu Çirinqovun anım günüdür. O, 1969-cu il fevralın 15-də Balakən rayonunun Meşəşambul kəndində dünyaya gəlib. 1986-cı ildə kənd orta məktəbini bitirib, 1987-1989-cu illərdə sovet ordusunun tərkibində ildə Əfqanıstanda hərbi xidmətdə olub. 1989-cu ildə hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlayıb. 1995-ci il sentyabrın 3-də Balakəndə silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 25 dekabr 1995-ci il tarixli fərmanı ilə Ramazan Çirinqova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Müəllif | Apa.Tv
Apa.tv