Dünyanın bu günü - 03.11.2020

BÖYÜKAĞA MİRZƏZADƏ

(1921-2007)

 

Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadənin anım günüdür. O, 1921-ci il fevralın 21-də Bakının Fatmayı kəndində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra 1940-cı ildə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. Lakin 1941-ci ildə İkinci Dünya müharibəsi səbəbindən təhsilini davam etdirə bilməyib, sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim kimi başlayıb və ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb. Teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib. “Şöhrət” ordeni ilə təltif olunan Böyükağa Mirzəzadə 3 noyabr 2007-ci ildə Bakıda vəfat edib.

 

 

VAQİF BEHBUDOV

(1938)

 

Azərbaycanın xalq artisti, rejissor, operator və ssenari müəllifi Vaqif Qulam oğlu Behbudov 3 noyabr 1938-ci ildə Bakıda anadan olub. Sank-Peterburq Dövlət Kino və Televiziya Universitetində təhsil alıb. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoyub. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkib. ”Gözlük”, “Danışan işıqlar” “Qırmızılar, qaralar və başqaları”, “İlham” “Göyçək Fatma”, “Üzeyir Hacıbəyov”, “Bizim Şamama”, “Sənsiz”, “Kərpickəsən kişi” və başqa cizgi filmlərini, sənədli filmləri çəkib. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində operatorlar qrupunun rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülüb. Vaqif Behbudov Dövlət Mükafatı və “Humay” milli mükafatı laureatı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.

 

 

MİRSALEH AĞAYEV

(1964-1992)

 

Şəhid Mirsaleh Mirqasım oğlu Ağayev 1964-cü il noyabrın 3-də Bakıda anadan olub. Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbin məzunu olub. Daxili Qoşunların hərbçisi kimi Ağdərə rayonunun erməni daşnaklarından təmizlənməsi əməliyyatlarında fəal iştirak edib. Mirsaleh Ağayev 1992-ci il avqustun 14-də qəhrəmancasına şəhid olub.

 

 

AQİL MUSAYEV 

(1974-1994)

 

Azərbaycanın Milli Qəhrəmanı Aqil Hüseyn oğlu Musayev 1974-cü ilin bu günü Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açıb. Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində təhsil alıb. Sürücü peşəsinə yiyələnib. 1993-cü il mayın 18-də Milli Ordu sıralarına çağırılıb. Füzuli və Tərtər bölgələrində erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edib. Aqil Musayev 1994-cü il oktyabrın 5-də qiyamçı hərbi dəstənin zərərsizləşdirilməsi əməliyyatında qəhrəmancasına həlak olub və Qazax rayonunun Əzizbəyli kəndindəki Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

 

VÜQAR MAHMUDOĞLU

(1970-2018)

 

Aşıq Vüqar Mahmud oğlu Niftəliyev 3 noyabr 1970-ci ildə Qobustan rayonunun Şıxzahırlı kəndində doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır. Şamaxı şəhər musiqi məktəbində və Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. Yeniyetməliyindən qarmon ifaçısı kimi tanınsa da, sonradan meylini saza salıb. Fransa, Rusiya, Türkiyə, İsveçrə, Xorvatiya, İran və başqa ölkələrdə konsertlər verib, Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib. Aşıq Vüqar Mahmudoğlu 2018-ci il yanvarın 10-da Bakıda dünyasını dəyişib və doğulduğu kənddə dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv