Dünyanın bu günü - 04.02.2021

LÜTFİ ZADƏ

(1921-2017)

 

Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, süni intellekt sahəsində professor Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olub. İlk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, Ələsgərzadələr ailəsi İrana köçüb. Bu səbəbdən təhsilini Tehranda amerikalıların Albors missioner məktəbində davam etdirib. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Tehran Universitetini başa vurduqdan sonra 1944-cü ildən Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildən Kolumbiya Universitetində çalışıb. Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan nəzəriyyəsi 1965-ci ildən işlənib hazırlanıb. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanıb. Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında vəfat edib. Alimin nəşi sentyabrın 29-da Bakıya gətirilib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

 

TARİYEL QASIMOV 

(1939)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində dünyaya gəlib. 1956-cı ildə Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. İnstitutda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1997-ci ildə Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır.

 

 

POLAD BÜLBÜLOĞLU

(1945)

 

Azərbaycanın və Türkmənistanın xalq artisti, Azərbaycanın və Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar və müğənni Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda SSRİ xalq artisti Bülbülün ailəsində doğulub. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Geniş yayılmış bir sıra mahnıların müəllifi və ifaçısı, kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri, TÜRKSOY-un  baş direktoru olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir, Rusiyanın “Müqəddəs Knyaz Nevski” mükafatına layiq görülüb. 18 may 2016-cı ildə məşhur heykəltəraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

 

 

SƏKİNƏ İSMAYILOVA

                 (1956)

 

Azərbaycanın xalq artisti, muğam ifaçısı Səkinə Qulu qızı İsmayılova 1956-cı ilin bu günü anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini, 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, muğamı qavalla ifa edən ilk qadın xanəndədir. İlk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq, bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış edib.  Səkinə İsmayılova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir.

 

 

ŞƏMİSTAN ƏLİZAMANLI

             (1959)

 

Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Hüseyn oğlu Əlizamanlı 1959-cu il fevralın 4-də Borçalının Marneuli rayonunda anadan olub. 1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib. 1998, 1999 və 2002-ci illərdə Almaniyada, Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində, Rusiyanın bir çox vilayətlərində, Qazaxıstan, Ukrayna, Türkmənistanda səfərlərdə olub və konsert proqramları ilə çıxış edib. İsveçrədə Beynəlxalq Musiqi Festivalında, müxtəlif ölkələrdə keçirilən Türk Xalqlarının Qurultaylarında iştirak edib. Şəmistan Əlizamanlı hazırda "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədridir.

 

VAQİF DƏRVİŞOV

     (1978-2000)

 

Azərbaycan Ordusunun zabiti, şəhid Vaqif Mahir oğlu Dərvişov 1978-ci il fevralın 4-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Bakının Xətai rayonundakı 269 saylı orta məktəbi, daha sonra Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsini bitirib. Hərbi xidmətini leytenant rütbəsi ilə cəbhənin Naxçıvan istiqamətində çəkib. Tağım komandiri, topçu zabit olub. 2000-ci il avqustun 9-da leytenant Dərvişov Gəncədən olan Həşimov soyadlı bir əsgəri ilə cəbhənin Şahbuz istiqamətində ermənilər tərəfindən pusquya salınıb. Onlar ermənilərin təslim olmaq çağırışına tabe olmayaraq, sona qədər döyüşüb və şəhid olublar. Hərbçilərimizin cəsədi 5 gün sonra qaytarılıb və avqustun 15-də dəfn olunublar.

 

 

QUBAT ƏLİYEV

(1994-2020)

 

Şəhid Qubat Hüsür oğlu Əliyev 1994-cü ilin bu günü Sumqayıtda doğulub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Noyabrın 8-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Qubat Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

RAMAZAN GÖYDAĞLI

(1997-2020)

 

Şəhid Ramazan Əbülfət oğlu Göydağlı 4 fevral 1997-ci ildə Naxçıvanın Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilib. Kırna kənd tam orta məktəbində təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. 2016-cı ildə hərbi xidməti bitirib və Azərbaycan, Türkiyə və Qazaxıstanda bir sıra fərqli sahələrdə işləyib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda döyüşlərdə iştirak edib. Ramazan Göydağlı  28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

CAVİD MANAFOV

(1999-2020)

 

Şəhid Cavid Faiq oğlu Manafov  1999-cu il fevralın 4-də Bakı şəhəri Nizami rayonunda anadan olub. Heydər Əliyev adına liseydə və Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində təhsil alıb. 8 iyul 2020-ci ildə hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Cavid Manafov 31 oktyabr 2020-ci ildə komandirini və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb və noyabrın 7-də şəhid olub.

 

 

HAŞIM BƏY VƏZİROV

         (1867-1916)

 

Bu gün pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı və naşir Haşım bəy Mirabdulla oğlu Vəzirovun anım günüdür. O, 1867-ci ildə Şuşa şəhərində doğulub və ilk təhsilini də orada öncə molla yanında alıb, sonra şəhər məktəbini bitirib. Daha sonra İrəvan Müəllimlər Seminariyasından məzun olub, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik edib. Bir müddət isə məktəb müdiri işləyib. 30 il ədəbi jurnalistika sahəsində də fəaliyyət göstərib. “Tazə həyat”, “İttifaq”, “Səda”, “Kavkazets”, “Sədayi-vətən” qəzetlərini və “Məzəli” jurnalını nəşr etdirib. 1905-1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparıb, 1906-cı ildə çar hökuməti tərəfindən tutulub və qısa müddətə Stavropola sürgün edilib. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası һaqqında ilk rəyin müəllifi olan Haşım bəy Vəzirov 4 fevral 1916-cı ildə vəfat edib.

 

 

MİRİBRAHİM HƏMZƏYEV

             (1908-1982)

 

Azərbaycanın xalq artisti, aktyor və rejissor Miribrahim Tağı oğlu Həmzəyevin xatirə günüdür. O, 1908-ci il dekabrın 25-də Gəncə şəhərində anadan olub. Bakı Teatr Məktəbində təhsil alıb. Səhnəyə məhəbbəti yeniyetmə yaşlarından başlayıb. Əvvəlcə Gəncə İşçi Klubunda, sonralar Qadınlar klubunda, bir müddət paralel olaraq Dəmiryolçular Klubunda dram dərnəklərinin rəhbəri olub. 1937-ci ildə Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə sənət yardımı üçün Naxçıvan Teatrına göndərilib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda aktyor, direktor və baş rejissor işləyib. Xalq artistləri Zəroş Həmzəyeva və Barat Şəkinskaya ilə evli olan İbrahim Həmzəyev 1982-ci il fevralın 4-də Naxçıvanda vəfat edib.

 

 

ZAHİD XƏLİLOV

(1911-1974)

 

Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru, akademik Zahid İsmayıl oğlu Xəlilov da bu gün xatırlanır. O, 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Saraclı kəndində dünyaya gəlib. Orta məktəbi və Türk Pedaqoji Texnikumunu burada bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olub. 1930-1934-cü illərdə universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vurub. 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər özünün yaratdığı Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib. Zahid Xəlilov 1974-cü il fevralın 4-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

CAVANŞİR CAHANGİROV 

(1955-2020)

 

Azərbaycanın əməkdar jurnalisti Cavanşir Muradxan oğlu Cahangirovun anım günüdür. O, 30 oktyabr 1955-ci ildə Bakıda doğulub. Bakıdakı 172 saylı orta məktəbdə və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, “Gənclik” redaksiyasında baş redaktor, sədr müavini, Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışıb. Vaxtilə populyar olan “Çay dəstgahı” verilişinin müəllifi və aparıcısı kimi tanınıb. Cavanşir Cahangirov 4 fevral 2020-ci ildə Bakıda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv