Dünyanın bu günü - 04.04.2021
İRZA BƏY HACIBƏYLİNSKİ
(1874-1920)
Azərbaycanın hərbi xadimi, polkovnik İrza bəy Hacıbəylinski 4 aprel 1874-cü ildə İrəvan quberniyasında anadan olub. Məktəbi bitirdikdən sonra 1898-ci ildə kornet rütbəsinə keçirilməklə İmperatorun 21-ci draqun polkuna təyin edilib, daha sonra poruçik, ştabs-rotmistr, rotmistr rütbəsi verilib. Birinci Dünya müharibəsində Vəhşi Diviziya kimi tanınan Tatar süvari alayının tərkibində daşnaklara qarşı döyüşüb, Nuri Paşa ilə birlikdə Qafqaz İslam Ordusunun tərkibində Bakının azad edilməsində fəal iştirak edənlərdən biri olub. Qarayazı süvari polkuna komandirlik edib, daha sonra ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib. Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra İrza bəy Hacıbəylinski bolşevik repressiyasına məruz qalanlardan biri olub.
ƏLİ ZEYNALOV
(1913-1988)
Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Əli Yusif oğlu Zeynalov 1913-cü il aprelin 4-də Salyanda anadan olub. Atası Yusif Zeynalov ilk əlifba kitabının müəllifidir. Atasının yolunu davam etdirərək pedaqoji təhsil alıb, Bakı Pedaqoji və Teatr texnikumlarını bitirib. Müxtəlif illərdə Moskva teatrlarında, Şəki Dövlət Dram Teatrında, İrəvan Teatrında, Dram Teatrında işləyib, İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindən dərs deyib. "Şeyda", "Sən həmişə mənimləsən" və başqa tamaşalarda, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, “Uzaq sahillərdə”, “Telefonçu qız” kimi bir çox filmlərdə aparıcı rolları səsləndirib. "İki ömrüm olsaydı..." kitabının müəllifi olan Əli Zeynalov 1988-ci il yanvarın 4-də Bakıda dünyasını dəyişib. O, xalq artisti Mirvari Novruzovanın həyat yoldaşıdır.
MUXTAR MANİYEV
(1935-2016)
Azərbaycanın görkəmli kino aktyoru, xalq artisti Muxtar Qəmbər oğlu Maniyev 1935-ci ilin bu günü Bakıda doğulub. Bakıda 199 saylı orta məktəbdə, Neft-Kimya İnstitutunda mühəndis ixtisası üzrə, Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən "Koroğlu" filmində Polad roluna çəkilib. Sonrakı illərdə bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində çox uğurlu obrazlar canlandırmaqla özünü təsdiq edib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. "Mozalan" satirik kinojurnalının əksər bədii süjetlərində yaddaqalan rollar yaradıb. Muxtar Maniyev 22 dekabr 2016-cı ildə Bakıda dünyasını dəyişib və Qala qəsəbəsində valideynlərinin yanında dəfn edilib.
RUHƏNGİZ MUSƏVİ
(1953)
Azərbaycanın əməkdar artisti, müğənni və aktrisa Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953-cü il aprelin 4-də Bakı şəhərində doğulub. 1972-ci ildən Mahnı Teatrının, 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblının, 1975-ci ildən isə Dövlət Filarmoniyasının solisti olub. İlk dəfə 1972-ci ildə “Həyat bizi sınayır” filmində çəkilsə də, “Baladadaşın ilk məhəbbəti” filmi ilə daha çox yaddaşlarda qalıb. Ruhəngiz Musəvi 2007-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
QƏZƏNFƏR ƏKBƏROV
(1917-1944)
Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərov 1917-ci ilin bu günü Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirib, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləyib. Tiflis topçuluq məktəbində təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilib və komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib. 1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə qəhrəmanlıq göstərib, döyüş zamanı düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilib. Döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olsa da, özü həlak olub. Qəzənfər Əkbərov bu qəhrəmanlığına görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Ona Cəhri kəndində abidə qoyulub, adına küçə və məktəb var.
RƏFAEL HƏBİBOV
(1964-1992)
Azərbaycanın Milli Qəhrəmanı Rəfael Şərafət oğlu Həbibov 4 aprel 1964-cü ildə Şirvan şəhərində anadan olub. Hərbi xidmətini Baltik ətrafında keçirib, gizir rütbəsinə kimi yüksəlib. Leninqradda hərbi məktəbi qurtarıb, leytenant rütbəsinə layiq görülüb. Qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iştirakçısı olub. 1992-ci ildə Qarabağa göndərilib və Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar kəndləri uğrunda gedən gərgin döyüşlərdə iştirak edib. Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Rəfael Həbibov 1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşüb və həmin gün döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumub.
CƏSARƏT ABBASOV
(1974-1993)
Şəhid Cəsarət Adil oğlu Abbasov 1974-cü il aprelin 4-də Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. Orta təhsilini Muğanlı kəndindəki səkkizillik məktəbdə alıb. 1990-cı ildə Muğanlı kənd özünümüdafiə dəstəsinə qoşulub. 1992-ci ilin 2 oktyabrında Muğanlı kəndi düşmənlər tərəfindən işğal edildikdən sonra Milli Ordu sıralarına yazılıb. Cəsarət Abbasov 17 mart 1993-cü ildə qəhrəmancasına şəhid olub və Ağcabədi rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
ABİD MƏMMƏDOV
(1994-2020)
Şəhid Abid Asif oğlu Məmmədov 1994-cü ilin bu günü Oğuz rayonunun Dəymədərə kəndində anadan olub. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator vəzifəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ döyüşlərində iştirak edib. Əsgər Abid Məmmədov oktyabrın 4-də qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
NURLAN VƏLİYEV
(1994-2020)
Şəhid Nurlan Habil oğlu Vəliyev 1994-cü il aprelin 4-də Tovuz rayonunun Qovlar kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Nurlan Vəliyev sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub və dekabrın 25-də dəfn olunub.
ASLAN BƏY VƏZİROV
(1898-1984)
Azərbaycan Xalq Cümhuriyyətinin ilk tələbələrindən biri, professor Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirovun xatirə günüdür. O, 6 yanvar 1898-ci ildə Bakı şəhərində anadan olub. Bakı realnı məktəbində, Sankt-Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda, Paris Universitetinin fizika-kimya və Nansi Geologiya İnstitutunun geologiya fakültələrində təhsil alıb. Əmək fəaliyyətinə “Azərneft”in geoloji-kəşfiyyat idarəsində başlayıb, Azərbaycan Politexnik İnstitutunda dərs deyib, kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrasına rəhbərlik edib. Yüksək ixtisaslı mütəxəssislər, elmlər doktorları, akademiklər yetişdirib, özündən sonra böyük irs - görkəmli geoloqlar nəsli qoyub. Keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunan Aslan bəy Vəzirov 1984-cü il aprelin 4-də Bakıda vəfat edib.
ALPARSLAN TÜRKEŞ
(1917-1997)
Türkiyənin görkəmli siyasi və hərbi xadimi, Milliyyətçi Hərəkat Partiyasının qurucusu və ilk rəhbəri Alparslan Türkeşin anım günüdür. O, 1917-ci il noyabrın 25-də Lefkoşada anadan olub. Kuleli Hərbi Liseyində, Hərbi Akademiyada təhsil alıb. 1939-cu ildə atıcılıq məktəbinə daxil olub və leytenant rütbəsi alıb. 1944-cü ildə Nihal Atsız və Nejdət Sançarla birlikdə "İrqçilik-Turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunduqdan sonra 9 aydan çox Topxana Əsgər Həbsxanasında saxlanılıb. 1945-ci ildə sərbəst buraxılıb və iki il sonra bəraət alıb. 1955-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra ABŞ-a göndərilib, orada piyada məktəbində təhsil alıb. 1955-1957-ci illərdə Vaşinqton NATO Daimi Komitəsində türk ordusunu təmsil edən heyətin tərkibində yer alıb. 1963-1980-ci illərdə 4 dəfə Ankara və Adanadan millət vəkili seçilib. Alparslan Türkeş 4 aprel 1997-ci ildə Ankarada vəfat edib.
QABİL
(1926-2007)
Azərbaycanən xalq şairi Qabil Allahverdi oğlu İmamverdiyev də bu gün xatırlanır. O, 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdindəki hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsini bitirib. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri olub. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.
BÖYÜKKİŞİ AĞAYEV
(1928-2018)
Görkəmli pedaqoq, tibb elmləri doktoru, professor, cərrah, akademik Böyükkişi Ağa oğlu Ağayevin anım günüdür. O, 1928-ci il sentyabrın 10-da Sabirabad rayonunda anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində, Moskva şəhərində İkinci Moskva Dövlət Tibb İnstitutunun cərrahiyyə üzrə təhsil alıb. Sabirabad rayon xəstəxanasında həkim-cərrah, Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasının assistenti, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Onkologiya İnstitutunda cərrahiyyə şöbəsinin baş elmi işçisi və şöbə müdiri vəzifələrində çalışıb. 1968-ci ildə Azərbaycan Tibb Universitetinin hospital cərrahiyyə kafedrasına professor seçilib, 1973-cü ildən ömrünün sonuna qədər universitetin ikinci cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib. 1988-1999-cu illərdə Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun, 1999-cu ildən etibarən Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifələrini tutub. “Şöhrət” ordeninə layiq görülən Böyükkişi Ağayev 2018-ci il aprelin 4-də vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
ZÜLFÜQAR ƏLİ BHUTTO
(1928-1979)
Pakistanının dövlət xadimi, 10-cu baş naziri və 4-cü prezidenti Zülfüqar Əli Bhuttonun xatirə günüdür. O, 1928-ci il yanvarın 5-də Britaniya Hindistanının Larkana şəhərində anadan olub. Pakistan siyasətçisi Şah Navaz Bhuttonun oğludur. Hindistan, ABŞ və Böyük Britaniyada təhsil alıb. 1953-1955-ci illərdə müəllim və vəkil işləyib. O, 1963-cü ildə Pakistanın xarici işlər naziri olub. 1967-ci ildə müxalifət mövqeyini tutan "Pakistan Xalq Partiyası"nın əsasını qoyub və onun rəhbəri olub. Zülfüqar Əli Bhutto siyasi qətldə əli olmasında təqsirli bilinərək, 1979-cu il aprelin 4-də edam edilib.
MAİS ƏSƏDOV
(1970-1993)
Şəhid Mais Əsəd oğlu Əsədov da bu gün xatırlanır. O, 1970-ci il mayın 1-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 1988-1990-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olub. Qarabağ müharibəsi zamanı 40-dan çox döyüş və kəşfiyyat əməliyyatında iştirak edib. Mais Əsədov 1993-cü il aprelin 4-də düşmənin Divanalılar kəndinə hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.