Dünyanın bu günü - 04.06.2021

GƏNCƏ QİYAMI

(1993)

 

1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan dövlətçiliyi əleyhinə hərbi qiyam baş verib. Qiyama Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynov başçılıq edib. Onun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, Gəncəyə göndərilmiş hökumət üzvləri isə qiyamçılar tərəfindən girov götürülüblər. Silahlı toqquşma nəticəsində hər iki tərəfdən 35 nəfər həlak olub ki, onların da əksəriyyəti Prezident Qvardiyasının hərbçiləri olub. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Qarşıdurmanın yatırılması üçün AXC-Müsavat hakimiyyəti Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edib. İyunun 9-da Bakıya gələn Heydər Əliyev daha sonra Gəncəyə gedərək qiyamçılarla görüşüb. İyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçilib, iyunun 17-də isə Prezident Əbülfəz Elçibəy paytaxtı tərk edərək, doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Heydər Əliyev ölkəyə rəhbərliyi öz üzərinə götürməyə məcbur olduğunu bəyan edib, iyunun 24-dən isə parlamentin qərarı ilə Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.

 

 

FATMA MEHRƏLİYEVA

(1926-2000)

 

Azərbaycanın əməkdar artisti, müğənni (lirik soprano) Fatma Yusif qızı Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olub. Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərib, müəllimləri onun bu məharətini dəyərləndirərək bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndəriblər. Bənzərsiz səsi ilə ifa etdiyi “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və başqa mahnılarla musiqi tariximizdə qalıb. Onun oxuduğu “Kəsmə şikəstə” Azərbaycan muğam ifaçılığı tarixinə qızıl hərflərlə yazılıb. "Arşın mal alan" filmində Telli rolunu ifa edən Fatma Mehrəliyeva 2000-ci ilin 4 yanvarında vəfat edib.

 

 

SÜCAƏT ƏHMƏDOV

(1943-2002)

 

Azərbaycanın el şairi Sücaət Yunus oğlu Əhmədov 1943-cü ilin bu günü Kəlbəcərdə müəllim ailəsində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. İki dəfə həbs edilib, ömrünün 8 ilini zindanlarda keçirib. Kəlbəcərdə mağaza müdirini vurduğu üçün universitetdən xaric edilib və həbs olunub. Kəlbəcərin məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışıb. "Sən ağlama, mən ağlaram", "Dəli dağın dəliləri hardadır?", "Sücaəti unutma sən" və başqa kitabların müəllifidir. Sücaət Əhmədov 7 noyabr 2002-ci ildə Gəncə şəhərində vəfat edib və Göygöl rayonunda dəfn olunub.

 

 

FİRUZ ƏLİYEV

(1950)

 

Azərbaycanın xalq artisti, tarzən Firuz Əliyev 1950-ci il iyunun 4-də Buzovna qəsəbəsində anadan olub. Asəf Zeynallı adına musiqi kollecində və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1967-ci ildən Əzizbəyov rayonundakı mədəniyyət evində müəllim kimi başlayıb, daha sonra xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda konsertmeyster kimi fəaliyyət göstərib. "Abşeron" instrumental ansamblının bədii rəhbəridir. Müxtəlif illərdə ABŞ, Kanada, Fransa, Braziliya, Yunanıstan, Türkiyə və başqa ölkələrdə qastrolda olub. Dəfələrlə beynəlxalq müsabiqələrdə və festivallarda iştirak edib, laureat adına layiq görülüb. Firuz Əliyev hazırda Azərbaycan Milli Konservatoriyasında dosent vəzifəsində çalışır.

 

 

ELDAR QASIMOV

(1989)

 

“Eurovision” Mahnı Müsabiqəsinin qalibi olmuş azərbaycanlı müğənni Eldar Pərviz oğlu Qasımov 1989-cu ilin iyununda Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil alıb. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olub, 2010-cu ildə isə həmin universitetin beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olub. Bir müddət Almaniyada yaşayaraq, alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənib. 2011-ci ildə Nigar Camalla birlikdə “Eurovision” Mahnı Müsabiqəsinin qalibi olub. Ata xətti ilə ulu nənəsi SSRİ xalq artisti Mərziyyə Davudova, ulu babası Azərbaycanın ilk kinorejissorlarından biri, əməkdar artist, aktyor Abbas Mirzə Şərifzadə, nənəsi isə Azərbaycanın xalq artisti Firəngiz Şərifovadır.

 

 

RƏŞAD BABAYEV

(1992-2020)

 

Şəhid Rəşad Ağabəy oğlu Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. İdmanın cüdo növü ilə məşğul olub, yeniyetmələr arasında Azərbaycan çempionu adına layiq görülüb. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrin giziri Rəşad Babayev oktyabrın 10-da Hadrut döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RAUF ƏLİYEV

(1994-2020)

 

Şəhid Rauf Səxavət oğlu Əliyev 1994-cü ilin bu günü Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb və Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb. Əsgər Rauf Əliyev oktyabrın 22-də Hadrut döyüşləri zamanı şəhid olub və Lökbatan qəsəbəsində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

YADİGAR ƏLİYEV

(1994-2020)

 

Şəhid Yadigar Səfxan oğlu Əliyev 4 iyun 1994-cü ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Uşaq yaşlarından idmanın yunan-Roma güləşi növü ilə məşğul olub, müxtəlif yarışlarda qalib gəlib. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrin çavuşu Yadigar Əliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏNVƏR ƏLİYEV

(1997-2020)

 

Şəhid Ənvər Nizami oğlu Əliyev 1997-ci il iyunun 4-də Şərur rayonunun Axaməd kəndində anadan olub. Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyi gümüş medalla bitirib, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Ənvər Əliyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

NİCAT HÜSEYNOV 

(1997-2020)

 

Şəhid Nicat Ziyafət oğlu Hüseynov 1997-ci ilin bu günü Şirvan şəhərində anadan olub. 2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub, 2016-cı il Aprel döyüşlərində iştirak edib və yüngül xəsarət alıb. Hərbi xidmətdən sonra Müdafiə Sənayesi Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və Müdafiə İdarəsində böyük atıcı işləyib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Nicat Hüseynov oktyabrın 11-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Şirvan Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

QURBAN İBRAHİMOV

(1998-2020)

 

Şəhid  Qurban Namiq oğlu İbrahimov  4 iyun 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qabıllı kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Qurban İbrahimov noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RUHULLAH XOMEYNİ

(1902-1989)

 

İran İslam Respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin xatirə günüdür. O, 1902-ci il sentyabrın 24-də İranın Xomeyn şəhərində anadan olub. Ərak və Qum şəhərlərindəki Elmiyyə mədrəsələrində təhsil alıb. Siyasi səhnədə tanınmazdan əvvəl onilliklər ərzində Nəcəf və Qum seminariyalarında mühazirə oxuyub, şiə məzhəbi üzrə İslamın aparıcı alimlərindən olub. İslam fəlsəfəsi, hüquq və etika mövzusunda çoxlu əsərlər yazıb. İrandakı şah rejiminə və Pəhləvi sülaləsinə qarşı mübarizə apardığı üçün dəfələrlə həbs və sürgün edilib. 1965-1978-ci illərdə İraqda. 1978-1979-cu illərdə Fransada sürgündə olub. İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra 11 fevral 1979-cu ildə İrana qayıdıb və faktiki olaraq ölkənin liderinə çevrilib. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə edib. Ruhullah Xomeyni 1989-cu ilin iyununda vəfat edib və Tehranda dəfn olunub.

 

 

SOLMAZ QURBANOVA

(1939-2013)

 

Azərbaycanın xalq artisti, aktrisa Solmaz Cəbrayıl qızı Qurbanovanın anım günüdür. O, 1939-cu il noyabrın 16-da Bakıda anadan olub. 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Azərbaycan milli teatr sənəti sahəsindəki xidmətlərinə görə 1979-cu ildə əməkdar artist, 1991-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezident təqaüdçüsü olan Solmaz Qurbanova 2013-cü ilin iyununda Bakı şəhərində dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv