Dünyanın bu günü - 04.10.2020

AZƏRBAYCANDA DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD

(1994)

 

4 oktyabr 1994-cü ildə Azərbaycanda o zamankı baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərib. Ümummilli lider Heydər Əliyevin çağırışı ilə yüz minlərlə insan bu cəhdə qarşı çıxaraq, etiraz səsini ucaldıb. Oktyabrın 5-də Bakının Azadlıq meydanında keçirilən ümumxalq mitinqi ilə dövlət çevrilişinə cəhdin qarşısının alınması rəsmiləşib.

 

 

RİXARD ZORGE

(1895-1944)

 

Dünyanın ən məşhur kəşfiyyatçılarından Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakının Sabunçu qəsəbəsində doğulub. 3 yaşında ikən ailəsi ilə birlikdə Almaniyaya köçüb. Almaniyanın Kiel, Berlin və Hamburq kimi şəhərlərində iqtisadiyyat üzrə təhsil alıb. 1914-1918-ci illərdə alman ordusunun tərkibində Birinci Dünya müharibəsində iştirak edib. 1919-cu ildə Kommunist Partiyasına daxil olub, 1924-cü ildə SSRİ-yə gəlib. İkinci Dünya müharibəsi ərəfəsindən başlayaraq Almaniya və Yaponiyada jurnalist adı altında kəşfiyyatçı kimi fəaliyyət göstərib. Onun ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitlerin başlada biləcəyi hücum barədə məlumatlandırmasıdır. Almaniyanın SSRİ-yə hücumunun dəqiq vaxtını Sovet rəhbərliyinə xəbər versə də, buna məhəl qoyulmayıb. Rixard Zorge 1944-cü il noyabrın 7-də Tokio həbsxanasında edam edilib.

 

 

SONA ASLANOVA

(1924-2011)

 

Azərbaycanın tanınmış opera müğənnisi, əməkdar artist, aktrisa Sona Şahnəzər qızı Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili aldıqdan sonra 1952-ci ildə elə orada dərs deməyə başlayıb. Azərbaycan səhnəsinə onu ilk dəfə Üzeyir Hacıbəyov gətirib. Sənətkar 200-dən çox mahnı ifa edib. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilib. Opera səhnəsində isə "Arşın Mal Alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını yaradıb. 1959-cu ildə "Şərəf ordeni" ilə təltif olunub. 1994-cü ildə ABŞ-a oğlunun yanına köçən Sona Aslanova 2011-ci il martın 9-da orada vəfat edib. ABŞ-da dəfn xərcləri çox baha olduğundan, vəsiyyətinə uyğun olaraq nəşi yandırılıb.

 

 

NOFƏL QULİYEV

(1963-1991)

 

Azərbaycanın Milli Qəhrəmanı Nofəl Zahid oğlu Quliyev 1963-cü ilin bu günü Şirvan şəhərində anadan olub. Burada 9 saylı orta məktəbdə təhsil alıb. 1982-1983-cü illərdə sovet ordusunda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda, Tümen şəhərində işləyib. Tümendə tikinti texnikumunda təhsil alıb. 1990-cı ilin dekabrında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsinə daxil olub. Füzuli, Goranboy və Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə döyüşlərdə fərqlənib. Nofəl Quliyev 1991-ci il dekabrın 13-də Goranboyun Todan kəndi uğrunda döyüşdə şəhid olub və Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Təhsil aldığı 9 saylı orta məktəb onun adını daşıyır.

 

 

VÜSAL ALIYEV

(1996-2016)

 

Şəhid Vüsal İlham oğlu Alıyev 4 oktyabr 1996-cı ildə Şəmkir rayonunun Kür kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Əsgər Vüsal Alıyev ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

 

KAZIM KAZIMZADƏ

(1913-1992)

 

Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi Kazım Məmmədəli oğlu Kazımzadənin anım günüdür. O, 10 avqust 1913-cü ildə Bakıda dünyaya göz açıb. Məktəb yaşlarından rəssamlığa böyük həvəs göstərib və Bakı Rəssamlıq Texnikumuna daxil olub. Daha sonra bu sahədə ali təhsil alıb. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub, bu mövzuda dəyərli əsərlər yaradıb. Əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərib. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub. Kazım Kazımzadə 4 oktyabr 1992-ci ildə vəfat edib.

 

 

CƏVAHİR İSGƏNDƏROVA

       (1914-2003)

 

Azərbaycan əməkdar artisti, teatr aktrisası Cəvahir Allahverdi qızı İsgəndərovanın xatirə günüdür. O, 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. Bakıda qız məktəbində təhsil alıb, kiçik yaşlarından dram dərnəyinin üzvü, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olub. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa edib, elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Azərbaycanın xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olan Cəvahir İsgəndərova 2003-cü il oktyabrın 4-də Bakıda dünyasını dəyişib.

 

 

TOFİQ QULİYEV

(1917-2000)

 

Azərbaycanın xalq artisti, milli caz və estrada musiqisinin banilərindən biri, bəstəkar, pianoçu, dirijor Tofiq Ələkbər oğlu Quliyev də bu gün xatırlanır. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində təhsil alıb. 1931-ci ildə 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin “Uşaq və buz” şerinə “Dərsə gedən bir uşaq” mahnısını bəstələyib. Azərbaycan Milli Dram Teatrında orkestrin rəhbəri və dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru vəzifələrində çalışıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, birinci katibi və sədri olub. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında onun rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoyub. “İstiqlal” ordeni ilə təltif olunan Tofiq Quliyev 2000-ci il oktyabrın 4-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. O, kinorejissor Eldar Quliyevin atası, ssenarist Nərminə Quliyevanın babasıdır.

 

 

HACIBABA BAĞIROV

(1932-2006)

 

Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Hacıbaba Ağarza oğlu Bağırovun anım günüdür. O, 12 iyun 1932-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib çıxarıb. 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib. 1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub və 26 il burada çalışıb. 1989-cu ildən 1996-cı ilə qədər yaratdığı Tənqid-Təbliğ Teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrının direktoru və bədii rəhbəri olub. Teatrla yanaşı, kinoda da bir sıra yaddaqalan obrazlar yaradıb. “Şöhrət” ordeni ilə təltif edilən Hacıbaba Bağırov 4 oktyabr 2006-cı ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

NATİQ MƏMMƏDOV

(1975-1994)

 

Azərbaycanın Milli Qəhrəmanı Natiq Bəşir oğlu Məmmədovun xatirə günüdür. O, 11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində doğulub. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam və Tərtər cəbhələrində döyüşlərdə iştirak edib. 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd edən qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsi zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Natiq Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv