Dünyanın bu günü - 04.11.2020
MÜRSƏL QARAYEV
(1919-1975)
Tanınmış cərrah, tibb elmləri doktoru Mürsəl Əbülfəz oğlu Qarayev 4 noyabr 1919-cu ildə Fatmayıda əməkdar elm xadimi, Azərbaycan Tibb İnstitutunun Pediatriya kafedrasının müdiri, professor Əbülfəz Qarayevin ailəsində anadan olub. Bakıdakı 23 saylı orta məktəbdə və Azərbaycan Tibb İnstitutunda təhsil alıb. İkinci Dünya müharibəsi dövründə ön cəbhədə həkim-cərrah kimi çalışıb. Azərbaycan Tibb İnstitutunda ordinator, kafedra assistenti, dosent, Bakı vilayətinin baş cərrahı və Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifələrində işləyib. 60-a qədər elmi məqalənin müəllifidir. 5000-dən artıq cərrahi əməliyyat edib. Bir sıra orden, medal, təşəkkür və təltiflərə layiq görülən Mürsəl Qarayev 26 sentyabr 1975-ci ildə Bakıda vəfat edib. O, SSRİ xalq artisti, görkəmli bəstəkar Qara Qarayevin qardaşıdır.
FƏRMAN ŞƏKİLİ
(1954-2013)
Azərbaycan aktyoru, rejissor və ssenari müəllifi Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 1954-cü il noyabrın 4-də Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində və Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədə olub. Şəki Dövlət Teatrında çalışıb. Bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. “Həm ziyarət, həm ticarət” filmində oynadığı Nazim rolu ona böyük şöhrət qazandırıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı hesab olunur. Fərman Şəkili 5 mart 2013-cü ildə vəfat edib.
İQOR TALKOV
(1956-1991)
Sovet rok musiqiçisi, müğənni, bəstəkar, şair və kino aktyoru İqor Vladimiroviç Talkov 1956-cı ilin noyabrında Tula vilayətində anadan olub. Uşaq yaşlarından musiqi ilə maraqlanmağa başlayıb. Yaradıcılığının ilk illərində "Aprel", "Kaleydoskop", "Elektroklub" qrupları ilə birgə işləyib. Geniş ictimaiyyətə ilk dəfə olaraq 1987-ci ildə "İlin Musiqisi" festivalında ifa etdiyi “Təmiz hovuzlar” ("Çistıe prudı") mahnısından sonra tanınıb. Bundan sonra öz yazdığı mahnıları ifa etmək məqsədilə "Spasatelnıy kruq" adlı qrupu yaradıb və tezliklə bir sıra qastrollarda iştirak edib. "Rusiya", "Çömçələr", "Kremlin divarları", "Yaddaş", "Balaca planet", "Vətənim", "Təmiz gölməçələr", "Cənab Prezident" və başqa mahnıların müəllifi və ifaçısı olub. İqor Talkov 1991-ci il oktyabrın 6-da Sankt-Peterburqda "Yubiley" idman sarayında silahdan atəş açılaraq qətlə yetirilib.
YALÇIN ADIGÖZƏLOV
(1959)
Azərbaycanın xalq artisti, professor Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakıda görkəmli bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olub. Musiqi ilə məşğul olmağa da atasının rəhbərliyi ilə başlayıb. Bülbül adına orta-ixtisas musiqi məktəbində piano ixtisası üzrə alıb, Bakı Musiqi Akademiyasında Rauf Atakişiyevin sinfində fortepiano ixtisası üzrə, N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında dirijorluq ixtisası üzrə təhsil alıb. Konservatoriyanı bitirdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrində dirijor kimi çalışmağa başlayıb. 1991-1998-ci illərdə orkestrin bədii rəhbəri və baş dirijoru olub. 1997-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur, 2000-ci ildən Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professorudur. Mütəmadi olaraq dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Yalçın Adıgözəlov 2019-cu ildə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
FELİKS MENDELSON BARTOLDİ
(1809-1847)
Alman bəstəkarı, dirijor və pianoçu Yakob Lüdviq Feliks Mendelson Bartoldinin xatirə günüdür. O, 1809-cu il fevralın 3-də Hamburq şəhərində dünyaya göz açıb. Romantizm cərəyanının əsas yaradıcılarından sayılır. Uşaq yaşlarından İohan Sebastian Bax, Motsart və Handelin sənətinə böyük maraq göstərib, özünü həmin məktəbin davamçısı olaraq görüb. Orkestr üçün musiqilər bəstələyib, 40-dan artıq musiqi əsərinin müəllifidir. Ən məşhur əsərləri “Hark Herald Mələkləri oxuyur” və “Toy Marşı”dır. Feliks Mendenlson Bartoldi 1847-ci il noyabrın 4-də vəfat edib.
ƏLƏKBƏR HÜSEYNZADƏ
(1887-1967)
Azərbaycanın əməkdar artisti, aktyor Ələkbər Hüseyn oğlu Hüseynzadənin anım günüdür. O, 3 oktyabr 1887-ci ildə Bakıda anadan olub. Beş il mollaxanada oxuyub, sonra rus-tatar məktəbində təhsilini davam etdirib. Səhnə fəaliyyətinə 1908-ci ildə başlayıb. Aşqabad Musiqili Teatrında, Azərbaycan Milli Dram Teatrında, Musiqili Komediya Teatrında, "Nicat" və "Müdiriyyət" truppalarında işləyib. Bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmindəki Soltan bəy aktyorun yaratdığı ən yaddaqalan obrazdır. Bu rolu teatrda 600 dəfə, kinoda isə 2 dəfə ifa edib. Ələkbər Hüseynzadə 4 noyabr 1967-ci ildə Bakıda vəfat edib.
MİRDAMƏT SEYİDOV
(1922-2011)
Azərbaycanlı partizan Mirdamət Seyidov da bu gün xatırlanır. O, 1922-ci il aprelin 5-də anadan olub. Tibb təhsili alıb. İkinci Dünya müharibəsində almanlara əsir düşüb. Bir müddət sonra əsirlikdən qaçaraq, Yuqoslaviya və İtaliya ərazisində faşistlərə qarşı döyüşən partizanlara qoşulub. Əfsanəvi partizanlar Cavad Həkimli və Mehdi Hüseynzadə ilə tanışlığı da buradan başlayıb. Mirdamət Seyidov və Mehdi Hüseynzadə gizli antifaşist təşkilatı yaradıblar. Bir-birinin ardınca əldə olunan uğurlar onu nəinki bütün ölkədə, hətta İtaliya və Yuqoslaviyada da məşhurlaşdırıb. Müharibədən sonra Azərbaycan SSR daxili işlər orqanlarında fəaliyyət göstərib. Dəfələrlə orden və medallarla təltif olunub. Mirdamət Seyidov 2011-ci il noyabrın 4-də vəfat edib və Göygöl rayonunun Qızılca kəndində dəfn olunub.
ARAZ DADAŞZADƏ
(1936-1990)
Azərbaycanın əməkdar elm xadimi, tənqidçi və ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadənin anım günüdür. O, 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif Dadaşzadənin və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub, lakin həmin fakültə bağlandığından, təhsilini tarix fakültəsində davam etdirib və 1957-ci ildə oranı bitirib. 1957-1960-cı illərdə Azərbaycan Tarixi Muzeyində işləyib. Tədqiqatları əsasən XVII-XVIII əsr Azərbaycan ədəbiyyatına aiddir. Molla Pənah Vaqifin həyat və yaradıcılığının araşdırılmasında mühüm xidmətləri olub. Uzun illər “Azərbaycan Sovet Ensiklopediyası” baş redaktorunun müavini vəzifəsində çalışıb. Araz Dadaşzadə 1990-cı il noyabrın 4-də vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn olunub.