Dünyanın bu günü - 04.12.2020
"GÜNƏŞLİ" NEFT YATAĞINDA YANĞIN
(2015)
4 dekabr 2015-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Günəşli” neft yatağının 10-cu platformasında yanğın baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 16 nəfər dünyasını dəyişib, 17 nəfər itkin düşüb. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 6 dekabr matəm günü elan edilib.
FƏRƏC BƏY AĞAYEV
(1811-1891)
Çar ordusunun general-leytenantı Fərəc bəy Ağarza bəy oğlu Ağayev 4 dekabr 1811-ci ildə Şuşa şəhərində adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunun müsəlman süvari polkunda xidmətə başlayıb. Peterburqda I Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya komandiri olub, 1853-1856-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə general-mayor rütbəsinə yüksəlib. "Cəsurluğa görə" medalı, iki dəfə I dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif olunub. 1882-ci ildə istefaya çıxıb və ömrünün sonuna kimi Tiflis Xeyriyyə Cəmiyyətində çalışıb. Fərəc bəy Ağayev 1891-ci ildə noyabrın 26-da Tiflisdə vəfat edib.
LİDİYA RƏSULOVA
(1941-2012)
Azərbaycanın dövlət xadimi Lidiya Xudat qızı Rəsulova 1941-ci il dekabrın 4-də Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayıb, gənclər təşkilatlarında, partiya və sovet orqanlarında ayrı-ayrı vəzifələrdə çalışıb. 1981-1988-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri, 1988-1992-ci illərdə sosial təminat naziri olub, daha sonra Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-1997-ci illərdə təhsil naziri işləyib. Bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilib. Dövlət quruculuğunda fəal iştirakına görə “Şöhrət” ordeninə və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Lidiya Rəsulova 5 fevral 2012-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
KAMAL ABDULLA
(1950)
Azərbaycanın xalq yazıçısı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Kamal Mehdi oğlu Abdullayev 1950-ci ilin bu günü Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, Xarici Dillər İnstitutunda, Rus dili və ədəbiyyatı İnstitutunda kafedra müdiri, Bakı Slavyan Universitetinin ilk rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Mədəniyyət Fondunun sədri vəzifələrində çalışıb. Televiziyada müxtəlif ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub. 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir. Bir sıra nüfuzlu xarici cəmiyyətlərin üzvüdür. Bədii əsərləri Azərbaycanda və xarici ölkələrdə çap olunub. Müxtəlif mükafatlara layiq görülən Kamal Abdulla 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur.
ELÇİN QEYBULLAYEV
(1968-1990)
20 Yanvar şəhidi Elçin Suyəddin oğlu Qeybullayev 4 dekabr 1968-ci ildə Quba rayonunun Talabı-Qışlaq kəndində anadan olub. Bakı Baş Tikinti İdarəsinin 20 №-li tikinti idarəsində fəhlə işləyib. Hərbi xidməti Əfqanıstanda keçirib. 1990-cı il yanvarın 19-da evdən çıxaraq, Salyan kazarmasının yanına gedib, yanvarın 21-də isə qardaşı onun meyitini mərkəzi morqdan tapıb. Elçin Qeybullayev Quba rayonunda dəfn edilib.
SONA HACIYEVA
(1907-1979)
Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Sona Salman qızı Hacıyevanın anım günüdür. O, 25 iyun 1907-ci ildə Şəkidə xalq artisti, aktrisa Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib. Tiflis və Aşqabadda yaşadıqdan sonra Bakıya gəlib. Səhnə qabiliyyətini, istedadını hiss edən görkəmli aktyorlar Mirzağa Əliyev və Hacıağa Abbasov onu Bakı İşçi Teatrına dəvət ediblər. Opera və Balet Teatrında, 1920-ci ildən ömrünün sonuna kimi isə Akademik Dövlət Dram Teatrının səhnəsində müxtəlif obrazlar yaradıb. Səhnədə 200-dən artıq həm lirik, həm də komik obrazlar yaradıb. "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Səhər" filmlərində çəkilib. "Şərəf nişanı" ordeni və başqa medallarla təltif edilən Sona Hacıyeva 1979-cu il dekabrın 4-də Bakı şəhərində vəfat edib.
VYAÇESLAV TİXONOV
(1928-2009)
SSRİ xalq artisti, aktyor Vyaçeslav Vasilyeviç Tixonovun xatirə günüdür. O, 1928-ci il fevralın 8-də Moskva quberniyasının Pavlovski-Posad şəhərində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Kinoda ilk dəfə 1948-ci ildə "Gənc qvardiya" filmində çəkilib. Onun ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki Otto fon Ştirlis rolu olub. Aktyorun özünün ən çox sevdiyi rolu isə "Qaraqulaq və ağ Bim"dəki tənha qoca roludur. “Lenin”, “Oktyabr İnqilabı” və başqa orden, medallara layiq görülən Vyaçeslav Tixonov 2009-cu il dekabrın 4-də Moskvada vəfat edib.
CAMAL MUSTAFAYEV
(1928-2017)
Azərbaycanın əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Vəli oğlu Mustafayev də bu gün xatırlanır. O, 1928-ci ildə Borçalıda, Qarayazının Kosalı kəndində anadan olub. Kosalı kənd orta məktəbində, Tiflisdə iki illik Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsində və Moskva Dövlət Universitetində təhsil alıb. Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri, Bakı Dövlət Universitetində professor, kafedra müdiri, 1999-cu ildən ömrünün sonuna qədər Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzinin direktoru vəzifələrində çalışıb. 70-dən çox məqalənin və 2 monoqrafiyanın müəllifidir. Camal Mustafayev 4 dekabr 2017-ci ildə Bakıda vəfat edib.
ŞƏFA HÜSEYNOVA
(1975-2005)
Azərbaycan müğənnisi Şəfa Səyyad qızı Hüseynovanın anım günüdür. O, 29 mart 1975-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirib. 1992-ci ildə Türkiyənin Egey Universitetinin Türk filologiyası fakültəsinə daxil olsa da, 1993-cü ildən təhsilini Bakı Dövlət Universitetində davam etdirib. Hələ uşaq yaşlarından şeir yazmağa başlayıb, "Dağlar" adlı şeiri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verilişində çıxış edib. Qısa bir zamanda xalqın sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzasında anası ilə birlikdə həlak olub.