Dünyanın bu günü - 05.02.2021
AZƏRBAYCAN RESPUBLİKASI
(1991)
5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib. Bununla da 1920-1922-ci və 1936-1991-ci illərdə mövcud olmuş Azərbaycan SSR rəsmən tarixə qovuşub. 1922-ci ildən 1936-cı ilə qədər Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR birlikdə ZSFSR tərkibinə daxil edilib. 1936-cı ildə ZSFSR ləğv olunub və Azərbaycan SSR ayrıca müttəfiq respublika kimi SSRİ-nin tərkibinə daxil edilib.
SELMA RZA
(1872-1931)
Türkiyənin ilk qadın jurnalisti Selma Rza 1872-ci il fevralın 5-də dünyaya gəlib. İlk təhsilini İstanbulda alıb, Sorbonna Universitetinin məzunudur. Birlik və Tərəqqi Komitəsinin yeganə qadın üzvü olub. Parisdə Birlik və Tərəqqi Komitəsinin qəzetində məqalələr dərc etdirib. 1908-ci ildə yenidən Türkiyəyə qayıdıb. 1908-1913-cü illərdə Türkiyədə baş qaldıran qırmızı hərəkatın iştirakçısı və banisi olub. 1892-ci ildən bir çox hekayələr yazıb, ancaq onların heç biri dərc olunmayıb. Selma Rza 5 oktyabr 1931-ci ildə İstanbulda vəfat edib.
QARA QARAYEV
(1918-1982)
SSRİ və Azərbaycanın xalq artisti, bəstəkar və pedaqoq, akademik Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv olub. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasına daxil olub. 1938-ci ildə ilk böyük əsərini - xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələyib. 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləyib. 1943-cü ildə birinci simfoniyanı yazıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim və rektor vəzifələrində çalışıb. 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilib, Leninqrad Dövlət Kiçik Opera Teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulub. 1957-ci ildə "Don Kixot" filminə musiqi bəstələyib. 1955-1976-cı illərdə SSRİ Ali Sovetinin deputatı seçilib. Sosialist Əməyi Qəhrəmanı fəxri adı, “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunub. Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.
BABA SALAHOV
(1923-1981)
Azərbaycanın əməkdar artisti, tarzən Baba Əliheydər oğlu Salahov 5 fevral 1923-cü ildə Bakıda doğulub. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənib. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olub. 1965-ci ildə Azərbaycan Televiziya Radiosunda Xalq Çalğı Alətləri Orkestrini yaradıb və ömrünün sonunadək ona bədii rəhbərlik edib. Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" adlandırılıb. Ansambl 1992-ci ildən onun adını daşıyır. Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat edib.
ƏLİBABA MƏMMƏDOV
(1930)
Azərbaycanın xalq artisti, xanəndə və bəstəkar Əlibaba Balaəhməd oğlu Məmmədov 1930-cu ilin bu günü Bakının Maştağa kəndində anadan olub. Musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert” Birliyinin solisti olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova və Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. Onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük rolu olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaradıb və bu günə kimi həmin ansambla rəhbərlik edir.
SAMİR İSLAMOV
(1983-2020)
Şəhid Samir Xaliq oğlu İslamov 1983-cü il fevralın 5-də Sumqayıt şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kapitan Samir İslamov oktyabrın 9-da Talış döyüşləri zamanı şəhid olub və Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
TƏBRİZ RƏSULZADƏ
(1993-2020)
Şəhid Təbriz Əfrayim oğlu Rəsulzadə 5 fevral 1993-cü ildə Qax rayonunun Cəlayir kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant Təbriz Rəsulzadə sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
NATİQ VERDİYEV
(1995-2020)
Şəhid Natiq Əlimurad oğlu Verdiyev 1995-ci ilin bu günü Xızı rayonunun Xələc kəndində dünyaya gəlib. Kənd orta məktəbini və Sumqayıt Texniki Kollecini bitirib. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq orduya qoşulmaq qərarına gəlib və Bakıda 3 aylıq kurs keçərək xidmətə başlayıb. Tərtərdə xüsusi təyinatlı kəşfiyyat bölüyündə xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı döyüş yoldaşları ilə birlikdə Murov yüksəkliyini işğaldan azad edib. Gizir Natiq Verdiyev 1 oktyabr 2020-ci ildə yüksəkliyə sancdıqları Azərbaycan bayrağının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
BAYRI İMANOV
(1996-2020)
Şəhid Bayrı Mirzə oğlu İmanov 1996-cı il fevralın 5-də Salyan rayonunun Qaraçala kəndində anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında ali təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Bayrı İmanov noyabrın 10-da şəhid olub və Salyan rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
YAVƏR KƏLƏNTƏRLİ
(1902-1979)
Azərbaycanın əməkdar artisti, xanəndə Yavər Abbas qızı Kələntərlinin anım günüdür. O, 26 mart 1902-ci ildə Şamaxıda anadan olub. 1932-1937-ci illərdə Azərbaycan radiosunun, 1937-1941 və 1945-1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Teatrda Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"unda Leyli, "Əsli və Kərəm"ində Əsli, Müslüm Maqomayevin "Şah İsmayıl"ında Ərəbzəngi kimi rollar oynayıb. Muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısı olan Yavər Kələntərli 5 fevral 1979-cu ildə Bakıda vəfat edib.
MÜNƏVVƏR KƏLƏNTƏRLİ
(1912-1963)
Azərbaycanın əməkdar artisti, aktrisa Münəvvər Səməd qızı Kələntərlinin xatirə günüdür. O, 1912-ci ildə Lənkəranda anadan olub. Təhsilini Lənkəranda alan aktrisa 17 yaşında ikən Bakıya gəlib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Opera Teatrında, Musiqili Komediya Teatrında fəaliyyət göstərib, "Vətən" kinoteatrının direktor müavini olub. “Gözün aydın”, “Ulduz”, “Qızıl axtaranlar”, “Durna”, “Bəxtiyar”, “O olmasın, bu olsun” və başqa tamaşalarda, filmlərdə yaddaqalan obrazlar yaradıb. Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə dünyasını dəyişib.
ZAKİR SADATLI
(1961-2013)
Yazıçı-publisist, telejurnalist, şair və ssenarist Zakir Sadatlı da bu gün xatırlanır. Zakir Əmin oğlu Aslanov 1961-ci il mayın 15-də Cəlilabad rayonunun Sadatlı kəndində dünyaya gəlib. Əfqanıstanda hərbi xidmətdə olub. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb. Azərbaycan Televiziyasında redaktor, böyük redaktor, layihə rəhbəri və baş redaktor müavini vəzifələrində çalışıb. Bir sıra şeir, hekayə, sənədli povest, roman və kitabların müəllifi, 20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Zakir Sadatlı 2013-cü il fevralın 5-də vəfat edib və doğulduğu kənddə dəfn olunub.
ALEKSANDR KƏRİMOV
(1970-1990)
20 Yanvar şəhidi Aleksandr Ramazan oğlu Kərimovun anım günüdür. O, 1970-ci il martın 27-də Sverdlovsk vilayətinin Aqit kəndində anadan olub. Orta texniki təhsil alıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dostları ilə birlikdə yaralıları və həlak olanları maşınla daşıyarkən sovet əsgərləri tərəfindən atəşə tutulub və ağır yaralanıb. Fevralın 5-də xəstəxanada dünyasını dəyişən Aleksandr Kərimov Şəhidlər Xiyabanında dəfn edilib.
MEHDİ MƏHƏRRƏMOV
(1973-1993)
Şəhid Mehdi Əmirxan oğlu Məhərrəmovun xatirə günüdür. O, 1973-cü il iyunun 26-da Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşıb, burada kənd orta məktəbini bitirib. 1992-ci ildə hərbi xidmətə çağırılıb və Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olub. Ağdərə rayonunda gedən döyüşlərdə bacarıqlı rabitəçi kimi xidmət göstərib. Mehdi Məhərrəmov 5 fevral 1993-cü ildə Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşüb və Bərdə rayon Məhkəməsinin qərarı ilə ona şəhid statusu verilib.