Dünyanın bu günü - 05.04.2021
ASƏF ZEYNALLI
(1909-1932)
Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə doğulub. 1923-1926-cı illərdə Bakı Musiqi Texnikumunda oxuyub, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. 1929-1931-ci illərdə Türk (Azərbaycan) Fəhlə Teatrında musiqi bölməsinin müdiri və Azərbaycan Proletar Musiqiçiləri Birliyinin sədri işləyib. Bu teatrda oynanılan "Sevil", "Qayıdış", "Alov", "Hind qızı", "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyib, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. Tofiq Quliyev və Qara Qarayev onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur. O, bir neçə Azərbaycan xalq mahnısını da nota alıb. Asəf Zeynallı 1932-ci ildə Bakıda vəfat edib. Bakı Musiqi Kolleci və paytaxt küçələrindən biri bəstəkarın adını daşıyır.
ÇİNGİZ SADIQOV
(1929-2017)
Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli pianoçu Çingiz Hacı oğlu Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, 1951-1953-cü illərdə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsilini davam etdirib. Müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı musiqi məktəbinin direktoru, "Azkonsert" Yaradıcılıq Birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib. 1994-cü ildən ABŞ-da yaşayan Çingiz Sadıqov 30 dekabr 2017-ci ildə orada vəfat edib. Cənazəsi Bakıya gətirilərək 16 yanvar 2018-ci ildə II Fəxri Xiyabanda dəfn olunub.
ARİF ABDULLAZADƏ
(1940-2002)
Şair, nasir, alim, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Əbdürrəhman oğlu Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat Muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi, Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində çalışıb, Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərib. O, "Bir ovuc torpaq", "Duyum", "Sınaq kürəsi", "Qanlı yaddaş" kimi romanların, 5 monoqrafiyanın, bir neçə şeir kitabının müəllifidir. Eyni zamanda Cəlil Məmmədquluzadənin Novruzəli, Usta Zeynal, Qurbanəli bəy, Kefli İsgəndər, Hacı Həsənağa, Şeyx Nəsrullah və başqa ədəbi qəhrəmanları haqqında silsilə şeirlər yazıb. Arif Abdullazadə 2002-ci il mayın 31-də Bakıda vəfat edib.
OQTAY RƏCƏBOV
(1941)
Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoji elmlər doktoru, əməkdar müəllim, Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində, Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb, Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Müxtəlif illərdə fizika və musiqi fənlərini tədris edib, kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru, 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifi olan Oqtay Rəcəbov eyni zamanda pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiya, 70 dərslik, dərs vəsaiti və proqrama, 100-dən artıq məqaləyə imza atıb.
CEM KARACA
(1945-2004)
Türkiyənin məşhur rok ifaçısı, Anadolu rok üslubunun yaradıcılarından biri Cem Karaca 1945-ci il aprelin 5-də İstanbulda doğulub. Atası Azərbaycan, anası erməni əsilli olub. Məktəb illərində dostları ilə ilk rok qrupu yaradıb. “Apaşlar”, “Kardeşler”, “Monqollar” və “Dervişan” kimi bir çox tanınmış qruplarda iştirak edib. 1961-ci ildə “Hamlet” tamaşasında oynayaraq teatra ilk addımını atıb. Bir sıra bədii filmlərdə rol alıb. 2001-ci ildə Murat Toz, Barış Gökər və Çingiz Tuncər ilə trio olaraq səhnəyə çıxmağa başlayıb. 2002-ci ildə “Yol Arkadaşları” adlı qrup yaradıb. Ömrünün son illərində isə barlarda səhnəyə çıxıb. Cem Karaca 2004-cü il fevralın 8-də İstanbulda vəfat edib.
MİRDAMƏT SEYİDOV
(1922-2011)
Faşizmə qarşı vuruşmuş məşhur azərbaycanlı partizan Mirdamət Seyidov 1922-ci il aprelin 5-də anadan olub. O, tibb təhsili alıb, müharibənin ilk günlərindən cəbhəyə gedib, amma almanlara əsir düşüb. Əsirlikdən qaçaraq partizanlara qoşulan Mirdamət Seyidov Mehdi Hüseynzadə ilə birlikdə nəinki bütün ölkədə, hətta İtaliya və Yuqoslaviyada da məşhurlaşan gizli antifaşist təşkilatı yaradıb. Onlar 1944-cü il aprelin 2-də Triest şəhərinin yaxınlığında – Opçine adlı yerdə kinoteatrı partladıblar. Faşizm üzərində qələbənin əldə olunmasında göstərdiyi igidliyə görə dəfələrlə orden və medallarla təltif olunub. Mirdamət Seyidov 2011-ci il noyabrın 4-də vəfat edib və Göygöl rayonunun Qızılca kəndində dəfn olunub. Onun italyan pasportu, diplomları, ordenləri hazırda Moskvadakı Frunze adına Silahlı Qüvvələr Muzeyində qorunur.
ŞÖVQİYAR ABDULLAYEV
(1969-1992)
Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il aprelin 5-də Qədim Göyçə mahalında – Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olub, birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılıb. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vuraraq Bakıya qayıdıb. 1992-ci ildə Dağlıq Qarabağda döyüşlər başlayanda yeni yaradılan Milli Orduya yazılıb, Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilib. Onun tank briqadası Papravənd, Pircamal, Aranzəmin, Drmbon və digər kəndlər uğrunda ağır döyüşlər aparıb. 1992-ci il avqustun 27-də baş verən döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edib, özü isə qəhrəmancasına şəhid olub. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Şövqiyar Abdullayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
ETİBAR HACIYEV
(1971-1992)
Azərbaycanın Milli Qəhrəmanı Etibar Firudin oğlu Hacıyev 1971-ci il aprelin bu günü Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olub. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləyib, 1989-cu ildə isə hərbi xidmətə çağırılıb. 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərib. 1992-ci il iyunun 15-də Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Göygöl rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Etibar Hacıyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
KƏRİM MƏMMƏDOV
(1989-2020)
Şəhid Kərim Namil oğlu Məmmədov 1989-cu il aprelin 5-də Gəncə şəhərində anadan olub. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2012-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Kərim Məmmədov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub və Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
ŞIXMİR AĞAMİROV
(1990-2020)
Şəhid Şıxmir Qabil oğlu Ağamirov 5 aprel 1990-cı ildə Qusar rayonunun Gican kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş gizir Şıxmir Ağamirov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
TURAL MƏMİŞOV
(1992-2020)
Şəhid Tural Tələt oğlu Məmişov 1992-ci ilin bu günü Gədəbəy rayonunun Maarif kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Tural Məmişov noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
HAKİM HƏSƏNOV
(1973-1993)
Bu gün şəhid Hakim Cəmiyağa oğlu Həsənovun anım günüdür. O, 1973-cü il oktyabrın 25-də Masallı rayonunun Qasımlı kəndində anadan olub. 1990-cı ildə Yeddioymaq kənd orta məktəbini, 1991-ci ilin oktyabrında isə Bakı Dənizçilik Məktəbini bitirib. 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusunun Qusar batalyonunda hərbi xidmətə başlayıb. Füzuli, Laçın, Qubadlı, Zəngilan bölgələrində, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan və Türklər kəndlərinin erməni quldurlarından təmizlənməsində böyük şücaət göstərib. Hakim Həsənov 1993-cü ilin aprelində Laçın bölgəsinin Qızartı kəndinin erməni qəsbkarlarından azad olunmasında iştirak edərək qəhrəmancasına həlak olub. Qasımlı kənd qəbiristanlığında dəfn edilib.