00:01 5 iyun 2021 491
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 05.06.2021

MİKAYIL MÜŞFİQ

(1908-1938)

 

Azərbaycan şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin doğum günüdür. Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 5 iyun 1908-ci ildə Bakıda dünyaya göz açıb. Atası “Səadət” məktəbində müəllimlik edib, şeirlər yazıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasına librettonun da müəllifi odur. Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakıda Müəllimlər Seminariyasında və Ali Pedaqoji İnstitutda təhsil alıb. Məktəbdə ədəbiyyat fənnindən dərs deyib, tərcümə ilə də məşğul olub. Milli ruhda qələmə aldığı əsərlərində Azərbaycanın təbii gözəllikləri oxunaqlı dillə tərənnüm edilib. Poemalarında dövrünün təzadlı xüsusiyyətlərini ustalıqla göstərə bilib. Yazıçıların plenumunda əksinqilabçı damğası vurulduqdan sonra 1937-ci il iyunun 4-də evində həbs olunub. Əksinqilabi milli təşkilatın üzvü və sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edilib. 1938-ci il yanvarın 5-də keçirilən 20 dəqiqəlik məhkəmə prosesində Mikayıl Müşfiq barəsində güllələnmə qərarı verilib və yanvarın 6-da hökm icra olunub. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası ona bəraət verib.

 

 

VAQİF SƏMƏDOĞLU

(1939-2015)

 

Azərbaycanın xalq şairi, dramaturq, publisist Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakıda məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyasında İncəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib. Milli Məclisə deputat seçilib. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunan Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. O, xalq yazıçısı Yusif Səmədoğlunun və əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.

 

 

HAMLET XANIZADƏ

(1941-1990)

 

Azərbaycanın əməkdar artisti, görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ilin bu günü Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun “Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və başqa bədii filmlərdə yaddaqalan obrazlar yaradıb. 1984-cü ildə Dövlət Mükafatı laureatı olub. 20 Yanvar faciəsindən böyük sarsıntı keçirən Hamlet Xanızadə 3 fevral 1990-cı ildə vəfat edib.

 

 

NATİQ RƏSULZADƏ

(1949)

 

Azərbaycanın xalq yazıçısı Natiq Rəsul oğlu Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm" və başqa əsərlərin müəllifidir. Onun ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya...", "Girov" kimi onlarla maraqlı filmlər çəkilib. Xarici ölkələrdə 40-dan artıq kitabı işıq üzü görüb. Nikolay Ostrovski adına Ümumittifaq Mükafatına, "Şöhrət" ordeninə və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyi, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür.

 

 

CAVANŞİR RƏHİMOV

(1973-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov 1973-cü il iyunun 5-də Qax rayonunun Qaşqaçay kəndində doğulub. Suraxanı rayonundakı 104 saylı orta məktəbə gedib, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirib. 1992-ci ildə hərbi xidmətə çağırılıb və pulemyotçu kimi Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət edib. 6 avqust 1992-ci ildə vertolyot komandiri, baş leytenant Ruslan Polovinko ilə birlikdə səmaya qalxıb. İki uçuşu müvəffəqiyyətlə başa vursalar da, yenidən havaya qalxan vertolyot raket atəşi ilə vurulub. Cavanşir Rəhimovun nəşi bir aydan sonra taxıl zəmisindən tapılıb və Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Suraxanı rayonundakı 146 saylı orta məktəb adını daşıyır, Qaraçuxur qəsəbə parkında büstü qoyulub və haqqında “Cavanşir” adlı sənədli film çəkilib.

 

 

ŞAHLAR CƏFƏROV

(1975-2020)

 

Şəhid Şahlar Fəzail oğlu Cəfərov 1975-ci ilin bu günü Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub. Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbini bitirib. 1997-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 2014-cü ildə ehtiyata buraxılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində oğlu və qardaşı ilə birlikdə iştirak edib. Mayor Şahlar Cəfərov oktyabrın 20-də Hadrut döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

VÜSAL QULİYEV 

(1985-2020)

 

Şəhid Vüsal Tahir oğlu Quliyev 5 iyun 1985-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2007-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Vüsal Quliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub və Lənkəran şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

TURAL ASLANOV

(1992-2020)

 

Şəhid Tural Elşən oğlu Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çay Üzü kəndində anadan olub. Sumqayıt Dövlət Universitetini bitirib. 2013-cü ildə hərbi xidmətə yollanıb. Üç aylıq kurs keçdikdən sonra N saylı hərbi hissədə leytenant rütbəsi ilə xidmət edib. 2015-ci ilin aprelində ehtiyata buraxılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Tural Aslanov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və Yardımlı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

YÜKSƏL ƏLİZADƏ 

(1996-2020)

 

Şəhid Yüksəl İlqar oğlu Əlizadə  1996-cı ilin bu günü Qazax rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Tarix və Naxçıvan Dövlət Universitetinin Hüquq fakültələrində təhsil alıb. 2017-ci ildən Gəncə şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub və Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

MANSUR TEYMUROV

(1999-2020)

 

Şəhid Mansur Elnur oğlu Teymurov 5 iyun 1999-cu ildə Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olub. 2017-2019-cu illərdə hərbi xidmətdə olub və Günnüt əməliyyatında iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Mansur Teymurov oktyabrın 18-də Qubadlı döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

MƏHƏRRƏM ƏLİYEV

(1965-1995)

 

Şəhid Məhərrəm Ənvər oğlu Əliyevin anım günüdür. O, 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Bərdə 105 saylı Texniki Peşə Məktəbini bitirib, traktor sürücüsü işləyib. 1983-1985-ci illərdə Ukraynada sovet ordusunda hərbi xidmətdə olub. 1993-cü ildə könüllü olaraq Milli Orduya yazılıb. Məhərrəm Əliyev 5 iyun 1995-ci ildə minaya düşərək şəhid olub və Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunub.

 

 

RONALD REYQAN

(1911-2004)

 

ABŞ-ın 40-cı prezidenti Ronald Uilson Reyqanın xatirə günüdür. O, 1911-ci il fevralın 6-da İllinoysda dünyaya gəlib. 1932-ci ildə Evrika Kollecini bitirib və bir neçə regional radiostansiyada idman şərhçisi olaraq çalışıb, filmlərdə kinoaktyor kimi çəkilib. Kino karyerası ərzində 54 filmdə rol alıb. 1962-ci ildə Respublikaçılar Partiyasına keçib və məşhur Hollivud ulduzlarına qarşı aparılan təbliğata baxmayaraq, 1966 və 1970-ci illərdə Kaliforniyanın qubernatoru seçilib. 1968 və 1976-cı illərdə iki uğursuz cəhddən sonra 1980-ci ildə respublikaçıların prezidentliyə namizədi olmağı bacarıb və seçkilərdə qələbə qazanıb. 1984-cü ildə yenidən prezident seçilib. SSRİ-nin dağıdılması planının müəllifi hesab edilən Ronald Reyqan 2004-cü ilin 5 iyununda vəfat edib.

 

 

CAHANGİR BAĞIROV

(1919-1943)

 

Təyyarəçi Cahangir və ya Vladimir Bağırovun anım günüdür. O, 6 oktyabr 1919-cu ildə Həştərxanda Sovet Azərbaycanının gələcək rəhbəri Mircəfər Bağırovun ailəsində dünyaya gəlib. 1938-ci ildə Bakı aeroklubundan məzun olub, Eysk hərbi-dəniz məktəbində və Daşkənd hərbi məktəbində oxuyub. İkinci Dünya müharibəsində Hərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi olaraq Moskva ətrafı döyüşlərdə iştirak edib. 1943-cü ilin 5 iyununda Obayan aerodromu yaxınlığında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Onun cənazəsi Həzi Aslanovun köməyi ilə Bakıya gətirilərək, Yasamal qəbiristanlığında anası Mariya xanımın məzarı yanında dəfn edilib. Cahangir Bağırov SSRİ Ali Sovetinin 11 iyun 1943-cü il tarixli əmri ilə "Lenin" ordeni ilə təltif olunub.

 

 

YAQUB MƏMMƏDOV

(1930-2002)

 

Azərbaycanın xalq artisti, xanəndə Yaqub Məhəmməd oğlu Məmmədov da bu gün xatırlanır. O, 1930-cu il mayın 5-də Ağcabədi rayonunda anadan olub. Musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb, Asəf Zeynallı adına musiqi məktəbində görkəmli xanəndə Seyid Şuşinskidən muğam sənətinin sirlərini öyrənib. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Onun ifasında qrammofon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılıb. Onun oxuduğu "Çahargah", "Mirzə Hüseyn segahı", "Rast", "Zabul" və başqa muğamlar, neçə-neçə xalq mahnı və təsnifləri lent yazılarında qorunub saxlanır. Yaqub Məmmədov 2002-ci ilin 5 iyununda Bakıda dünyasını dəyişib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın