Dünyanın bu günü - 05.09.2020
ƏHMƏD BAKIXANOV
(1892-1973)
Azərbaycanın xalq artisti, tarzən, pedaqoq, əməkdar müəllim Əhməd Məmmədrza oğlu Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olub. İlk təhsilini İranda alıb, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnib. 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalışıb, müəllimlik edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deyib. Azərbaycan radiosunun nəzdində xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Muğam sənətinin dərin bilicisi olub, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınıb. “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları” kimi not nəşrlərinin müəllifi olan Əhməd Bakıxanov 26 mart 1973-cü ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, tarixçi Abbasqulu ağa Bakıxanovun nəvəsi, bəstəkar Tofiq Bakıxanovun atasıdır.
MƏMMƏDPAŞA QULUZADƏ
(1914-1994)
Azərbaycanın əməkdar elm və texnika xadimi, əməkdar mühəndis, Dövlət Mükafatı laureatı, texnika elmləri doktoru, professor, SSRİ-nin fəxri neftçisi, akademik Məmmədpaşa Piri oğlu Quluzadə 1914-cü il sentyabrın 5-də Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Sənaye Texnikumunu və Azərbaycan Sənaye İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, qazma üzrə dağ mühəndisi ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan Sənaye İnstitutunda başlayıb. 1951-1964-cü illərdə assistent, dosent, professor, neft və qaz quyularının qazılması kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru vəzifələrində işləyib. 400 elmi əsərin, o cümlədən 15 monoqrafiya, 15 ixtira və kəşflərin, Azərbaycan dilində qazma işinə dair yazılmış ilk fundamental dərsliklərin və dərs vəsaitlərinin müəllifidir. Akademik Məmmədpaşa Quluzadə 1994-cü il fevralın 28-də vəfat edib.
SƏYAVUŞ ASLAN
(1935-2013)
Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Məmmədağa oğlu Aslan 1935-ci ilin bu günü Bakıda doğulub. 1947-1953-cü illərdə müxtəlif dram dərnəklərində çıxış edib. 1954-cü ildə Musiqili Komediya Estrada Truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdıb və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işə qəbul olunub. 1994-1996-cı illərdə uzun illər çalışdığı bu teatrın bədii rəhbəri işləyib. 1984-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Bir sıra filmlərdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub. Səyavuş Aslan 27 iyun 2013-cü ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
FREDDİ MERKURİ
(1946-1991)
Böyük Britaniyanın əfsanəvi müğənnisi, bəstəkar və prodüseri, “Queen” qrupunun solisti Freddi Merkuri 5 sentyabr 1946-cı ildə Tanzaniyanın Zənzibar adasında anadan olub. Əsl adı Fərrux Bulsara, milliyyəti zərdüştilik dininə sitayiş edən iki xalqdan biri olan parsi olub. Hindistanda böyüyüb, yeniyetmə dövründə ailəsi ilə birlikdə İngiltərənin Midlseks qraflığına köçüb. Qərbi Londondakı Ayzeluort Politexnik Kollecində məktəbində qeydiyyatdan keçərək, incəsənəti öyrənməyə başlayıb. Daha sonra İlinq Sənət Kollecinin sənət və qrafik dizayn üzrə diplomunu alıb. 1970-ci ildə gitaraçı Brayan Mey və zərb alətləri ifaçısı Rocer Teylor ilə birlikdə “Queen” qrupunu yaradıb. Müxtəlif janrlarda mahnılar bəstələyib. Qrupun “Greatest Hits” albomuna daxil olan 17 mahnıdan 10-nun müəllifidir. Freddi Merkuri 24 noyabr 1991-ci ildə QİÇS nəticəsində yaranmış sətəlcəmdən dünyasını dəyişib.
NOFƏL TAHİRZADƏ
(1955-1978)
Memar, rəssam və dissident Nofəl Şərif oğlu Tahirzadə 1955-ci il sentyabrın 5-də Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. 1972-ci ildə burada kənd orta məktəbini, 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib. Təyinatla Rusiyanın Saransk şəhərinə göndərilib. “Tələbə otağı”, “Memar Əcəmi”, “Otçalan oğlan”, “Azadlıq”, “Gözəllik” kimi tabloların müəllifi olub. 1975-ci ilin sentyabrında gələcək müstəqil Azərbaycan dövlətinin gerbinin və bayrağının eskizlərini hazırlayıb. 1976-cı ildə “Azərbaycan Səfəvilər imperiyası” adlı xəritə üzərindəki işini tamamlayıb. Nofəl Tahirzadə 6 avqust 1978-ci ildə Saranskda göldə çimərkən müəmmalı şəkildə boğulub. Cənazəsi avqustun 11-də Azərbaycana gətirilərək doğulduğu kənddə torpağa tapşırılıb.
İNTİQAM CAMALƏDDİNOV
(1971-1994)
Şəhid İntiqam Həsən oğlu Camaləddinov 1971-ci ilin bu günü Oğuz rayonunun Muxas kəndində anadan olub. Səkkizinci sinfə qədər kənd orta məktəbində oxuyub, 1985-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində davam etdirib. İlk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə avtomobil xidmət rəisi vəzifəsinə təyin olunub, daha sonra Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. 1994-cü il aprelin 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanıb və aprelin 30-da şəhid olub, doğulduğu kənddə dəfn olunub. İntiqam Camaləddinov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
RAVİL NOVRUZOV
(1986-2016)
Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid Ravil Elman oğlu Novruzov 5 sentyabr 1986-cı ildə Xızı rayonunun Giləzi kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra N saylı hərbi hissədə gizir rütbəsində xidmətini davam etdirib. Ravil Novruzov 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub və aprelin 4-də doğulduğu kənddə son mənzilə yola salınıb. Ravil Novruzov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
MƏMMƏDƏLİ ŞƏRİFLİ
(1909-1969)
Görkəmli tarixçi və şərqşünas alim, tarix elmləri doktoru, professor Məmmədəli Xəlil oğlu Şəriflinin xatirə günüdür. O, 1909-cu il martın 20-də Göyçayda anadan olub. 1931-ci ildə Ali Pedaqoji İnstitutun Tarix fakültəsinə daxil olub, aspiranturanı 1941-ci ildə Leninqradda bitirib. Azərbaycanın bir çox rayonlarında müəllimlik edib, 1941-ci ildən AMEA-nın Tarix İnstitutunda elmi fəaliyyətə başlayıb və ömrünün sonunadək burada müxtəlif vəzifələrdə çalışıb, o cümlədən direktor müavini və direktor olub. Həmçinin Azərbaycan Dövlət Universitetində və Azərbaycan Pedaqoji İnstitutunda dərs deyib, xüsusi kurslar aparıb. 40 illik elmi-tədqiqat fəaliyyəti ərzində bir neçə monoqrafiya, 100-dən çox elmi əsər çap etdirib. Məmmədəli Şərifli 1969-cu il sentyabrın 5-də dünyasını dəyişib və Göyçayda dəfn olunub.
ŞAMAMA HƏSƏNOVA
(1923-2008)
İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Şamama Mahmudəli qızı Həsənovanın anım günüdür. O, 1923-cü il noyabrın 7-də Füzuli rayonunun Arayatlı kəndində anadan olub. Gənc yaşlarından Füzuli rayonunun “1 May” kolxozunda əmək fəaliyyətinə başlayıb. Qazandığı nailiyyətlərə görə 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi böyük şöhrət qazanıb və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynayıb. 1950-ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilib və sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olub. 1953-cü ildə işlədiyi “1 May” kolxozunun sədri seçilib və qırx ilə yaxın həmin kolxoza rəhbərlik edib. 4-11-ci çağırışlar SSRİ Ali Sovetinin deputatı seçilib, 1960-1974-cü illərdə SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədr müavini olub. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Pambıqçılıq sahəsində qazandığı nailiyyətlərə görə bir çox orden və medallarla təltif edilib, doğma kəndində onun tuncdan büstü qoyulub. Şamama Həsənova 2008-ci il sentyabrın 5-də vəfat edib.
AĞAMUSA AXUNDOV
(1932-2015)
Azərbaycanın əməkdar elm xadimi, ədəbiyyatşünas, dilçi və türkoloq alim, filologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı, akademik Ağamusa Ağası oğlu Axundov da bu gün xatırlanır. O, 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub. Orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb. Təhsil aldığı universitetin aspirantı, müəllimi, baş müəllimi, dosenti, sonra universitetin ümumi dilçilik kafedrasının müdiri, filologiya fakültəsinin dekanı olub. AMEA-nin Dilçilik İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlayıb. Onun "Ümumi dilçilik", "Dilçiliyə giriş", "Azərbaycan dili" kitabları dönə-dönə nəşr olunub. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Ağamusa Axundov 5 sentyabr 2015-ci ildə vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib.
SƏRVƏR QƏNİYEV
(1937-2010)
Azərbaycanın xalq artisti, skripka ifaçısı və dirijor Sərvər Soltan oğlu Qəniyevin xatirə günüdür. O, 5 avqust 1937-ci ildə Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Azərbaycan Milli Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka üzrə alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, ikinci kursdan etibarən isə peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim, professor, kafedra müdiri və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlayıb. 1991-ci ildən ömrünün sonunadək Türkiyənin Bilkənd Universitetinin skripka kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru olub. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. Sərvər Qəniyev 2010-cu il sentyabrın 5-də Ankara şəhərində vəfat edib və cənazəsi Bakıya gətirilərək, II Fəxri Xiyabanda dəfn olunub.