Dünyanın bu günü - 06.02.2021
CƏFƏRQULU AĞA BAKIXANOV
(1793-1867)
Çar Rusiyasının general-leytenantı, zadəgan Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov 1793-cü il fevralın 6-da keçmiş Bakı xanının ailəsində doğulub. Hərbi təhsilini Dərbənddə və Peterburqda alıb. Rusiya-İran müharibəsində, Rusiya-Osmanlı müharibəsində, 1844-1848-ci illərdə Dağıstandakı Salta və Gergebil döyüşlərində, o cümlədən Hacı Murada qarşı döyüşlərdə iştirak edib. 1838-ci ildə leytenant, 1841-ci il Qafqaz müharibəsi dövründə kapitan, 1853-cü il Krım müharibəsində isə general-mayor rütbəsinə yüksəlib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə "Müqəddəs Anna", "Müqəddəs Georgi" və digər orden, medallara layiq görülüb. Cəfərqulu ağa Bakıxanov 1867-ci il oktyabrın 12-də Qubada dünyasını dəyişib və Bibiheybətdə dəfn edilib. O, tarzən Əhməd Bakıxanovun babası, bəstəkar Tofiq Bakıxanovun ulu babası, tarixçi Abbasqulu ağa Bakıxanovun və general Abdulla ağa Bakıxanovun qardaşıdır.
RONALD REYQAN
(1911-2004)
ABŞ-ın 40-cı prezidenti Ronald Uilson Reyqan 1911-ci ilin bu günü İllinoysda dünyaya gəlib. 1932-ci ildə Evrika Kollecini bitirib və bir neçə regional radiostansiyada idman şərhçisi olaraq çalışıb, filmlərdə kinoaktyor kimi çəkilib. Kino karyerası ərzində 54 filmdə rol alıb. 1962-ci ildə Respublikaçılar Partiyasına keçib və məşhur Hollivud ulduzlarına qarşı aparılan təbliğata baxmayaraq, 1966 və 1970-ci illərdə Kaliforniyanın qubernatoru seçilib. 1968 və 1976-cı illərdə iki uğursuz cəhddən sonra 1980-ci ildə Respublikaçıların prezidentliyə namizədi olmağı bacarıb və seçkilərdə qələbə qazanıb. 1984-cü ildə yenidən prezident seçilib. SSRİ-nin dağıdılması planının müəllifi hesab edilən Ronald Reyqan 2004-cü il iyunun 5-də Los-Ancelesdə vəfat edib.
LÜTFİ MƏMMƏDBƏYOV
(1927-2004)
Azərbaycanın xalq artisti, aktyor və rejissor, ssenari müəllifi Lütfi Şahbaz oğlu Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 1961-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb. 1953-cü ildə yaratdığı Xalq Teatrına 40 ildən çox rəhbərlik edib. Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru, Azərbaycanda ilk teleserialın yaradıcısı olub. Lütfi Məmmədbəyov 2004-cü il fevralın 1-də Bakıda dünyasını dəyişib.
FİRƏNGİZ ŞƏRİFOVA
(1924-2014)
Azərbaycanın xalq artisti, aktrisa Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində anadan olub. Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub, beş il konservatoriya təhsili alıb. 1947-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-1961-ci illərdə və 1965-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, komik, faciə və psixoloji səhnə obrazları onun yaradıcılığında xüsusi yer tutub. Gənc yaşlarından başlayaraq "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi", "Bayquş gələndə", “Qərib cinlər ölkəsində”, "Qətl günü" kinolentlərində müxtəlif rollara çəkilib. Firəngiz Şərifova 20 fevral 2014-cü ildə Bakıda dünyasını dəyişib.
RAFİQ ƏZİMOV
(1938)
Azərbaycanın xalq artisti, teatr və kino aktyoru, Prezident təqaüdçüsü Rafiq Əşrəf oğlu Əzimov 1938-ci ilin bu günü Bakıda doğulub. 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışıb. Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dibdat bəy", "Göz həkimi", "Ordan-burdan" teletamaşalarında oynayıb. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, “Babək” və bir sıra başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. 2013-cü ildə Azərbaycan Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş “Sənət sevgisi” filmi çəkilib. Aktyor 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
YUSİF AXUNDZADƏ
(1946)
Azərbaycanın xalq artisti, Müdafiə Nazirliyi Hərbi Dəniz Orkestr Xidmətinin rəisi, general-mayor, hərbi dirijor və pedaqoq Yusif Yevgenyeviç Axundzadə 1946-cı il fevralın 6-da Bakı şəhərində anadan olub. 1969-cu ildə fleyta sinfi üzrə Bakı Musiqi Akademiyasını bitirib. Moskvada Qızıl Meydanda hərbi paradlarda iştirak edib. 1989-cu ildən Bakı Musiqi Akademiyasının nəfəs və zərb alətləri kafedrasında müəllim, 2008-ci ildən kafedra müdiridir. General-mayor Yusif Axundzadə Azərbaycan himnini şərəflə səsləndirən hərbi orkestrin dirijorudur.
AĞAXAN ABDULLAYEV
(1950-2016)
Azərbaycanın xalq artisti, xanəndə Ağaxan Minaxan oğlu Abdullayev 6 fevral 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində doğulub. 1958-1968-ci illərdə 84 saylı orta məktəbdə, 1969-1973-cü illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət Evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində muğam müəllimi kimi çalışıb. 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub. Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə Bakıda vəfat edib.
TEYYUB ASLANOV
(1967)
Azərbaycanın xalq artisti, xanəndə Teyyub Şueyib oğlu Aslanov 6 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1974-1984-cü illərdə 96 saylı orta məktəbdə, 1984-1989-cu illərdə isə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun Neft-mədən fakültəsində təhsil alıb. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1989-1994-cü illərdə təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu ixtisası üzrə davam etdirib. 1995-ci ildən Azərbaycan muğam üçlüyü və başqa ansambllarla bərabər bir çox xarici ölkələrdə konsert və festivallarda iştirak edib. 1999-cu ildən 2012-ci ilədək 37 saylı Uşaq Musiqi Məktəbində xanəndə sinfində dərs deyib. Teyyub Aslanov 2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
MİRƏSGƏR SEYİDOV
(1970-1992)
Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Mirabdulla oğlu Seyidov 1970-ci il fevralın 6-da Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub. 1987-ci ildə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. hərbi xidmətdən sonra Babək rayonunun Yuxarı Buzqov kənd özünümüdafiə batalyonuna qoşulub. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər Seyidov 1992-ci il iyunun 14-də baş verən döyüşdə qəhrəmancasına həlak olub və Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 18 dekabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
CAVİD MAHMUDOV
(1989-2020)
Şəhid Cavid Hilal oğlu Mahmudov 6 fevral 1989-cu ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Kənd orta məktəbində və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 5-də şəhid olub. Biləsuvar rayonunda dəfn edilib. Cavid Mahmudov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
İSRAFİL BƏY YADİGAROV
(1815-1884)
Çar Ordusunda xidmət etmiş türk əsilli ilk yüksək rütbəli hərbçi, general-leytenant İsrafil Ağa Mustafa ağa oğlu Yadigarovun anım günüdür. O, 1815-ci il dekabrın 15-də Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsindən olan Yadigarlı ailəsində dünyaya gəlib. Qaçağan kəndindəki dini məktəbdə və Tiflisdə rus gimnaziyasında təhsil alıb. 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş müsəlman süvari alayına könüllü qəbul olunub. 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. 1855-ci ildə polkovnik, 1866-cı ildə general-mayor rütbəsinə yüksəlib. Ordudan tərxis olduqdan sonra Tiflis quberniyasında ikinci şöbənin barışdırıcı münsifi, yəni kəndlilərlə mülkədarlar arasında törəyən torpaq mübahisələrini qaydaya salan şöbənin rəisi vəzifəsində çalışıb. "Müqəddəs Anna", "Müqəddəs Stanislav" və "Müqəddəs Vladimir" medalları ilə təltif olunub. İsrafil bəy Yadigarov 6 fevral 1884-cü ildə Tiflisdə vəfat edib.
HƏMİDƏ MƏMMƏDQULUZADƏ-CAVANŞİR
(1873-1955)
Azərbaycanın ilk maarifçi qadınlarından biri, xeyriyyəçi və tərcüməçi Həmidə Məmmədquluzadə-Cavanşirin xatirə günüdür. O, 1873-cü il yanvarın 19-da Şuşa qəzasının Kəhrizli kəndində dünyaya gəlib. Hələ yeniyetmə illərində rus dilini yüksək səviyyədə mənimsəyib. 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və burada dərs deyib. Həyat yoldaşı Cəlil Məmmədquluzadənin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutub. Yazıçılar İttifaqına üzv seçilib, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı xatirələrini böyük ustalıqla qələmə alıb. Həmidə Məmmədquluzadə 6 fevral 1955-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub. O, tarixçi Əhməd bəy Cavanşirin qızıdır.