Dünyanın bu günü - 06.03.2021

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

 (1884-1955)

 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edərək, bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, Məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 28 may 1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birgə Şərqdə ilk demokratik respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib, Avropada və Türkiyədə mühacirətdə yaşayıb. Mühacirətdə də Azərbaycanın azadlığı uğrunda mübarizəsini davam etdirən Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

 

 

ÇOKAN VƏLİXANOV

(1835-1865)

 

Qazax alimi, tarixçi, etnoqraf, folklorşünas, səyyah və maarifçi, Rusiya Ordusu Baş Qərargahının zabiti, kəşfiyyatçı Çokan Çingiz oğlu Vəlixanov 1835-ci ilin bu günü Qazaxıstanın Kokçetav (Göycədağ) vilayətinin Kuşmurun qəsrində dünyaya göz açıb. Əvvəlcə molla məktəbində, 1847-1853-cü illərdə Omsk Kadet Korpusunda hərbi təhsil alıb. Bir neçə maraqlı yerlərin xəritəsinin və Avropa tipli ilk qazax rəssamı kimi “Böyük Orda qazaxları”, “Sartay tayfasından olan Sarı Baqış”, “Burumbayın portreti” və s. tabloları çəkən, “Cunqirya oçerkləri”, “Qırğızlar”, “Çin imperiyasının batısı və Qulca şəhəri” və başqa əsərlərin müəllifidir. Sibirdəki rus-qazax süvari alayının şeypurçular bölüyünə komandir təyin edilib, əvvəlcə hərbi-strateji araşdırmalar qrupuna, sonra isə Müdafiə və Daxili İşlər nazirliklərinin Asiya departamentinə, qazaxların və Sibir türklərinin Yeddi su adlanan bölgəsinə və Kokand xanlığına gedən ekspedisiyanın tərkibinə daxil edilib. Qırğız qəhrəmanlıq eposu “Manas”ın ilk tədqiqatçısı kimi tanınıb, 1860-cı ildə Çar II Aleksandr onu “Müqəddəs Vladimir” ordeni ilə təltif edilib. Çokan Vəlixanov 10 aprel 1865-ci ildə 30 yaşında Taldı Kurqan vilayətinin Altın-Emel aşırımında dünyasını dəyişib və dağın ətəyində dəfn olunub.

 

 

İBRAHİM AĞA USUBOV 

(1872-1920)

 

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından olan general-mayor İbrahim ağa Musa ağa oğlu Usubov 1872-ci il martın 6-da Qazax rayonunun Salahlı kəndində doğulub. I Dünya müharibəsində şücaət göstərib. 1915-ci ildə döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilib, 1917-ci ildə isə 133-cü süvari diviziyasında briqada komandiri təyin olunub və general-mayor rütbəsi verilib. 1918-ci ildə Azərbaycan Milli Ordusunda işləmək üçün dəvət edilib və Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Cümhuriyyət Ordusunu təşkil edib. Bolşeviklərin Azərbaycanı işğalından sonra İbrahim ağa Usubov on iki azərbaycanlı general və zabitlərlə birlikdə 1920-ci il iyunun 16-da Nargin adasında güllələnib.

 

 

NİKOLAY BAYBAKOV

 (1911-2008)

 

Sovet dövlət xadimi, SSRİ-nin fəxri neftçisi, Azərbaycan neft sənayesi nazirinin müavini, “Azneft” Birliyinin rəisi Nikolay Kostantinovic Baybakov 6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində doğulub. 1932-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Azərbaycan Neft İnstitutunun neft-mədən fakültəsini bitirib. "Leninneft" trestində mədən müdiri, baş mühəndis, "Şərqneftçıxarma" (Kuybışev ş.) birliyinin rəisi, Yanacaq sənayesi xalq komissarlığının müavini, SSRİ Dövlət Plan Komitəsinin sədri, Rusiya Dövlət Plan Komitəsinin sədri, RSFSR Nazirlər Şurası sədrinin birinci müavini, SSRİ Nazirlər Şurası nəzdində kimya üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələrdə çalışıb. Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alim ölkənin XX əsrinin tarixinə böyük dövlət xadimi, neftçi, iqtisadçı mütəxəssis kimi daxil olub, 200-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir. 6 dəfə “Lenin” ordeni, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Oktyabr İnqilabı” ordeni, Azərbaycanın "İstiqlal" ordeni, həmçinin SSRİ-nin və xarici dövlətlərin bir çox medalları ilə təltif olunub. Nikolay Baybakov 31 mart 2008-ci ildə Moskvada vəfat edib.

 

 

QABRİEL QARSİA MARKES

(1928-2014)   

 

Kolumbiyalı yazıçı, jurnalist Qabriel Qarsia Markes 1928-ci ilin bu günü Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxaraq, özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib və ən böyük romanı olan, 16 il sonra “Yüz ilin tənhalığı” adlanacaq “Ev”i yazmağa başlayıb. “Gözlənilən bir qətlin qısa tarixçəsi”, “Polkovnikə məktub yoxdur”, “Patriarxın payızı”, “Vəba dövründə məhəbbət” və başqa əsərlərin müəllifidir. 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı magik realizm cərəyanın yaradıcılarından hesab olunur. Qabriel Qarsia Markes 17 aprel 2014-cü ildə Mexikoda vəfat edib.

 

 

VALENTİNA TEREŞKOVA 

 (1937)

 

Dünyanın ilk qadın kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Valentina Vladimirovna Tereşkova 1937-ci ilin bu günü Rusiyanın Yaroslavl vilayətinin Tutayev rayonunun Böyük Maslennikovo kəndində dünyaya gəlib. Təkər fabrikində və daha sonra toxuculuq fabrikində işləyib, Yüngül Sənaye Texniki Məktəbini bitirib. Əvvəl hobbi kimi paraşütçülüklə məşğul olub, 16 iyun 1963-cü ildə isə "Vostok 6" gəmisi ilə 71 saat ərzində kosmosa uçan ilk qadın kimi tarixə düşüb. 2011 və 2016-cı illərdə Rusiya Dövlət Dumasına deputat seçilib.

 

 

ZƏBULLA  ƏLİYEV

(1946-1990)

 

20 Yanvar şəhidi Zəbulla Xeyrulla oğlu‎ Əliyev 1946-cı il martın 6-da  Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1 nömrəli tikiş fabrikində sürücü işləyib. Zəbulla Əliyev yanvarın 19-dan 20-nə keçən gecə sovet əsgərlərinin açdığı atəş nəticəsində başından güllə yarası alaraq şəhid olub və doğulduğu kənddə dəfn edilib.

 

 

CAVİD HƏSƏNOV

(1993-2020)

 

Şəhid Cavid Mikayıl oğlu Həsənov 6 mart 1993-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında və Xəzər Universitetində təhsil alıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Neft Şirkətində köməkçi işçi, qazma mühəndisi vəzifələrində çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Cavid Həsənov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELMƏDDİN ŞİNDİYEV

(1995-2020)

 

Şəhid Elməddin Həmid oğlu Şindiyev 1995-ci ilin bu günü Balakən rayonunun Talalar kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elməddin Şindiyev oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Balakən Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

SƏBUHİ MƏMMƏDOV

(1995-2020)

 

Şəhid Səbuhi Hümbət oğlu Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi orduda xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Səbuhi Məmmədov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

 

ELNUR BAĞIROV 

(1996-2020)

 

Şəhid Elnur Zeynal oğlu Bağırov 1996-cı il martın 6-da  Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elnur Bağırov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

FƏRİD LİLLAHOV

(1999-2020)

 

Şəhid Fərid Loğman oğlu Lillahov 1999-cu ilin bu günü Oğuz rayonunun Baş Daşağıl kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 2019-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Fərid Lillahov noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

İSMAYIL QURBANOV

(2001-2020)

 

Şəhid İsmayıl Yaşar oğlu Qurbanov 6 mart 2001-ci ildə Qəbələ rayonunun Böyük Pirəli kəndində anadan olub. Kənd orta məktəbində və Qəbələ Peşə Məktəbində təhsil alıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və elə həmin gün şəhid olub. Qəbələ rayonunun Soltannuxa kəndində dəfn edilib. Əsgər İsmayıl Qurbanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

MƏNSUR ƏHMƏDOV

(2002-2020)

 

Şəhid Mənsur Mamed oğlu Əhmədov 2002-ci il martın 6-da anadan olub. Əslən Laçın rayonunun Çıraqlı kəndindən olub. Orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və Daxili Qoşunlarda xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Əsgər Mənsur Əhmədov oktyabrın 21-də Hadrut uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv