00:01 6 aprel 2021 230
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 06.04.2021

TOFİQ İSMAYILOV 

(1939-2016)

 

Azərbaycanın xalq artisti, kinorejissor, kinodramaturq, nasir Tofiq Hüseyn oğlu İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində anadan olub. Teatr İnstitutunun Aktyorluq və rejissorluq fakültələrində, Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, "Azərbaycanfilm" studiyasında rejissor köməkçisi və bədii təlimlər rejissoru vəzifələrində çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində kinoaktyor teatr studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim, kafedra müdiri, İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Qonşular”, “Sevinc yuxusu”, “Diş ağrısı” və başqa əsərlərin müəllifidir. Tofiq İsmayılov 25 mart 2016-cı ildə Bakıda vəfat edib.

 

 

KAZIM ABDULLAYEV 

(1953)

 

Azərbaycanın xalq artisti, aktyor Kazım Ənvər oğlu Abdullayev 1953-cü il aprelin 6-da Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Bakı Bələdiyyə Teatrında və Azərbaycan Dövlət Milli Dram Teatrında çalışıb. Bir çox film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. Kazım Abdullayev 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

 

 

ALLAHYAR NƏSİBOV

(1952-1990)

 

20 Yanvar şəhidi Allahyar İsgəndər oğlu Nəsibov 1952-ci ilin bu günü Qərbi Azərbaycanın Amasya rayonunun Oxçuoğlu kəndində anadan olub. İxtisasca tarix müəllimi idi. Allahyar Nəsibov 1990-cı il yanvarın 19-da 20-nə keçən gecə sovet əsgərləri tərəfindən güllələnərək şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

AQİL MƏLİKOV

(1986-2020)

 

Şəhid Aqil Niyaz oğlu Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Aqil Məlikov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELŞƏN DÜNYAMALIYEV

(1997-2020)

 

Şəhid Elşən Mübariz oğlu Dünyamalıyev 6 aprel 1997-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhərində 21 nömrəli tam orta məktəbdə, Gəncə Dövlət Peşə Təhsil Liseyində təhsil alıb. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elşən Dünyamalıyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub və Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

NƏRİMAN ƏLİZADƏ

(1997-2020)

 

Şəhid Nəriman Nurəhməd oğlu Əlizadə 1997-ci ilin bu günü Biləsuvar rayonunda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşub. Əsgər Nəriman Əlizadə noyabrın 29-da şəhid olub və Biləsuvarda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

ƏTAYƏ ƏLİYEVA

(1920-1995)

 

Azərbaycanın əməkdar artisti, aktrisa Ətayə Qulam qızı Əliyevanın anım günüdür. O, 2 may 1920-ci ildə Aşqabadda sənətkar ailəsində doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb. Azərbaycan Dövlət Akademik Dram Teatrında, İrəvandakı Azərbaycan Teatrında və Gəncə Dram Teatrında çalışıb. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Onu bağışlamaq olarmı?", "Bizim küçə", "Dağlarda döyüş", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və bir çox başqa filmlərdə uğurlu rollar yaradıb. Rejissorlar Ramiz Həsənoğlunun və Rauf Süleymanın anası olan Ətayə Əliyeva 1995-ci il aprelin 6-da Bakıda vəfat edib.

 

 

NƏRİMAN MƏMMƏDOV

         (1927-2015)

 

Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkarı Nəriman Həbib oğlu Məmmədovun xatirə günüdür. O, 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri və musiqi nəzəriyyəsi şöbələrini, 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını musiqişünas kimi, 1961-ci ildə bəstəkar kimi bitirib. O, yeddi simfoniyanın müəllifidir. 700-ə yaxın mahnısı Azərbaycanın görkəmli müğənnilərinin ifasında lentə yazılıb. 1959-cu ildən ömrünün sonunadək AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. Nəriman Məmmədov 6 aprel 2015-ci ildə Bakıda vəfat edib.

 

 

ELŞAD QULİYEV 

(1972-2012)

 

Şəhid polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev də bu gün xatırlanır. O, 19 dekabr 1972-ci ildə Zəngilan rayonunda həkim ailəsində anadan olub. Zəngilan şəhər 1 saylı orta məktəbdə və Azərbaycan Texniki Universitetində təhsil alıb. 1995-ci ildə xüsusi xidmət orqanlarında həqiqi hərbi xidmətə qəbul edilib, 1998-2010-cu illərdə keçmiş MTN-in xüsusi təyinatlı dəstəsində baş zabit, bölmə və şöbə rəisi vəzifələrində çalışıb. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif olunub. Qarabağ müharibəsi veteranı Elşad Quliyev 6 aprel 2012-ci ildə Gəncə şəhərinin “Mahrasa bağı” adlanan ərazisində qanunsuz silahlı qruplaşma ilə  baş vermiş silahlı insident zamanı həlak olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın