Dünyanın bu günü - 06.06.2021
ZAQATALA ÜSYANI
(1920)
1920-ci il iyunun 6-da Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Tala kəndinin imamı Şeyx Hafiz Əfəndinin başçılıq etdiyi üsyançıların sayı ilk günlərdə 1000 nəfərə çatıb. Cümhuriyyət ordusunun Zaqatalada yerləşən və sonradan sovet hakimiyyətinə tabe etdirilən taboru da üsyançıların tərəfinə keçib. Üsyançılar Zaqatala qalasını, Qax və ətraf əraziləri ələ keçiriblər. Üsyan bütün bölgəyə yayılıb. Lakin Sovet Rusiyasının XI ordusunun bölgəyə yeridilən hissələri qeyri-bərabər döyüşdən sonra iyunun 16-da üsyanı yatırıb və xalqa divan tutublar. Şeyx Hafiz Əfəndi kiçik dəstə ilə Gürcüstan ərazisinə keçib.
ALEKSANDR PUŞKİN
(1799-1837)
Müasir rus ədəbi dilinin banisi, şair və dramaturq Aleksandr Sergeyeviç Puşkin 1799-cu il iyunun 6-da Moskvada anadan olub. 1811-ci ildə Çarskoe Selo liseyinə qəbul olub. 1817-ci ildə liseyi kollec katibi rütbəsində bitirdikdən sonra Xarici İşlər Kollegiyasına təyinat alıb. 1819-cu ildə dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi-teatr cəmiyyətinə üzv olub. “Çaadayevə”, “Kənd”, “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Baxçasaray fontanı”, “Quldur qardaşlar”, “Yevgeni Onegin”, “Xəsis cəngavər” və başqa əsərlərin müəllifidir. Çar rejimi əleyhinə yazdıqlarına görə bir neçə dəfə sürgün olunub. 1834-cü ildə Peterburqa gələn fransız baron Dantes Puşkinin həyat yoldaşı Natalya Qonçarovaya vurulub və ona diqqət göstərməyə başlayıb. Dedi-qodunun yaranmasından sonra şair 1837-ci il yanvarın 27-də Dantes ilə dueldə görüşüb. Puşkin qarnından ölümcül yaralanıb və yanvarın 29-da vəfat edib.
ZƏFƏR NEMƏTOV
(1917-1971)
Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor, pedaqoq, ictimai xadim Zəfər Əlipaşa oğlu Nemətov 1917-ci il iyunun 6-da Bakıda anadan olub. 1931-1941-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 1942-1953-cü illərdə quruluşçu rejissor, 1954-1969-cu illərdə isə baş rejissor vəzifəsində çalışıb. Gənc Tamaşaçılar Teatrında “Məlikməmməd”, “Müfəttiş”, “Qaraca qız”, “Yaşar”, “Romeo və Cülyetta”, “Komsomol poeması”, “Əlvida Hindistan” və başqa tamaşalara quruluş verib. Zəfər Nemətov 1971-ci il noyabrın 19-da vəfat edib. O, Azərbaycanın xalq artisti Azər Paşa Nemətin atasıdır.
MÜNƏVVƏR RZAYEVA
(1929-2004)
Azərbaycanın əməkdar rəssamı, ilk monumentalçı qadın heykəltəraş Münəvvər Məcid qızı Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olub. Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olub, Azərbaycan EA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərib və bir sıra heykəlləri bərpa edib. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq və Nazim Hikmətin büstləri onun yaradıcı fəaliyyətində xüsusi yer tutur. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır. Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakı şəhərində vəfat edib.
ARİF MİRZƏQULİYEV
(1931-1990)
Azərbaycan aktyoru, həkim Arif Teyyub oğlu Mirzəquliyev 1931-ci ilin iyununda Bakıda doğulub. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. "Görüş" filmində yaratdığı Kamil və "O olmasın, bu olsun" filmində canlandırdığı Sərvər obrazı tamaşaçıların yaddaşına əbədi həkk olub. Bir neçə filmə çəkildikdən sonra sənətdən uzaqlaşıb və ömrünün sonuna kimi həkim vəzifəsində çalışıb. Arif Mirzəquliyev 1990-cı il avqustun 4-də Bakı şəhərində vəfat edib.
XURAMAN QASIMOVA
(1951)
Azərbaycanın xalq artisti, opera müğənnisi Xuraman Əkrəm qızı Qasımova 6 iyun 1951-ci ildə Bakıda anadan olub. Bülbül adında orta ixtisas məktəbində fortepiano sinfində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1977-ci ildə gənc vokalçıların Cənubi Qafqaz və Ümumittifaq müsabiqəsinin mükafatçısı olub, 1981-ci ildə isə Yunanıstanda keçirilən beynəlxalq müsabiqədə qızıl medal və "Qran Pri" qazanıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, operada bir çox mükəmməl obrazlar yaradıb. 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir. 1994-cü ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professoru, “Solo oxuma” kafedrasının müdiri, 1996-cı ildən isə professordur. Bir neçə filmdə çəkilib. Xuraman Qasımova Azərbaycanın Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.
VƏZİR SƏDİYEV
(1961-1993)
Azərbaycanın Milli Qəhrəmanı Vəzir İsa oğlu Sədiyev 6 iyun 1961-ci ildə Gürcüstanın Marneuli rayonunun Aşağı Qullar kəndində doğulub. Orta təhsilini Qərbi Azərbaycanda alıb, daha sonra Tiflis Ali Hərbi Artilleriya Məktəbinə daxil olub. Əfqanıstan müharibəsində iştirak edib və yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi alıb. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra könüllü olaraq Laçın, Qubadlı, Füzuli və Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib. 1993-cü il fevralın 19-da Həsənriz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Vəzir Sədiyev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
FAİQ AĞAYEV
(1969-1991)
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Faiq Alış oğlu Ağayev 6 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində doğulub. 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis Şöbəsinin tərkibində yaranmış polis alayına daxil olub. 23 dekabr 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndinə erməni silahlılarının hücumunu dəf edərkən onlarla qadını və uşağı xilas edib, özü isə qəhrəmanlıqla şəhid olub. Ağdam rayonunun Papravənd kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Faiq Ağayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
MÖVSÜM MƏMMƏDOV
(1967)
Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Şahin oğlu Məmmədov 1967-ci ilin iyununda Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayıb, 1990-cı ildən daxili işlər orqanlarında çalışır. 1992-1993-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində iştirak edib. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas edib. 1998-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1994-cü ildən Şuşa rayon Polis Şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
ANAR MƏMMƏDOV
(1984-2020)
Şəhid Anar Kərəm oğlu Məmmədov 1984-cü il iyunun 6-da Cəbrayıl rayonunun Dağ Tumas kəndində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində hərbi həkim kimi iştirak edib. Tibb xidməti kapitanı Anar Məmmədov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
AĞAƏMİ HEYBƏTOV
(1993-2020)
Şəhid Ağaəmi Elçin oğlu Heybətov 6 iyun 1993-cü ildə Bakının Buzovna qəsəbəsində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Ağaəmi Heybətov oktyabrın 16-da Goranboy rayonu istiqamətində şəhid olub və Buzovna qəsəbəsində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
ELVİN ŞIXƏLİYEV
(1995-2020)
Şəhid Elvin Sarvan oğlu Şıxəliyev 1995-ci ilin bu günü Şirvan şəhərində anadan olub. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Elvin Şıxəliyev oktyabrın 14-də şəhid olub və Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
RUSLAN MƏMMƏDOV
(1997-2020)
Şəhid Ruslan Ramiz oğlu Məmmədov 1997-ci il iyunun 6-da Sumqayıt şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Ruslan Məmmədov noyabrın 1-də Ağdərə istiqamətində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
SÜLEYMAN ŞİRƏLİZADƏ
(2001-2020)
Şəhid Süleyman İlham oğlu Şirəlizadə 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Süleyman Şirəlizadə oktyabrın 5-də Ağdərə istiqamətində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
FİRUDİN BƏY KÖÇƏRLİ
(1863-1920)
Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Əhməd bəy oğlu Köçərlinin anım günüdür. O, 1863-cü il yanvarın 26-da Şuşada anadan olub. Qori Müəllimlər Seminariyasını bitirib, bir müddət İrəvan gimnaziyasında, sonra isə Qori seminariyasında dərs deyib, ədəbi fəaliyyətə də həmin vaxtdan başlayıb. Azərbaycan ədəbiyyatı tarixinə aid ilk əsərlərdən olan «Azərbaycan ədəbiyyatı», «Mirzə Fətəli Axundov» kitabçalarını nəşr etdirib. 1908-ci ildə «Azərbaycan türk ədəbiyyatı» adlı fundamental əsərini bitirib. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Çexov, Qoqol, Sereteli və başqaları haqqında elmi məqalələr yazıb. Tərcümə sahəsində də səmərəli çalışıb. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürərək, onu müstəqil milli seminariyaya çevirib. Firudin bəy Köçərli 1920-ci ilin iyununda anti-sovet Gəncə üsyanının təşkilatçılarından biri kimi həbs olunaraq güllələnib.
ZƏROŞ HƏMZƏYEVA
(1925-2004)
Azərbaycanın xalq artisti, teatr və kino aktrisası, Prezident təqaüdçüsü Zəroş Mirzəbağır qızı Həmzəyeva da bu gün xatırlanır. O, 22 mart 1925-ci ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində doğulub. Orta təhsilini burada alıb, məktəbin dram dərnəyində çıxış edib. Səhnə fəaliyyətinə 1942-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında başlayıb, bir sıra tamaşalarda çıxış edib. 1948-1949-cu illərdə həyat yoldaşı İbrahim Həmzəyevlə birlikdə Füzuli Dövlət Dram Teatrında çalışıb. “Şöhrət” ordeni ilə təltif edilmiş Zəroş Həmzəyeva 2004-cü ilin iyununda Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
ASİF ATA
(1935-1997)
Filosof, ədəbiyyatşünas və tənqidçi, "Mütləqə inam" təliminin yaradıcısı Asif Atanın xatirə günüdür. Asif Qasım oğlu Əfəndiyev 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Çaykənd kəndində anadan olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun tənqid şöbəsində təhsil alıb. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında və Bakı Dövlət Universitetində dərs deyib, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləyib. 1975-ci ildə Bakı Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb. Yetmişədək dərc edilməmiş fəlsəfi kitabın müəllifidir. Asif Ata 6 iyun 1997-ci ildə vəfat edib və Ağstafada dəfn olunub.