Dünyanın bu günü - 06.08.2020
YAPONİYAYA ATOM BOMBASI ATILMASI
(1945)
6 avqust bəşəriyyət tarixinə Yaponiyanın atom bombardmanına məruz qaldığı gün kimi həkk olunub. 1945-ci il avqustun 6-da ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” amerikan B-29 bombardman təyyarəsi 13-18 kiloton trotilə bərabər atom bombasını Yaponiyanın Xirosima şəhərinə atıb. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan atom bombası isə “Bockscar” amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılıb. Xirosimada həlak olanların sayı 90-166 min arası, Naqasakidə isə 60 mindən 80 minə qədər olub. ABŞ-ın atom bombaları şoku Yaponiyanın baş naziri Kantaro Sudzukini müharibəni dərhal bitirməyə məcbur edib və 15 avqust 1945-ci ildə Yaponiya kapitulyasiyasını elan edib. 2 sentyabr 1945-ci ildə imzalanmış kapitulyasiya aktı İkinci Dünya müharibəsini formal olaraq bitirib.
AZƏRBAYCANDA SENZURANIN LƏĞVİ
(1998)
1998-ci il avqustun 6-da Azərbaycan mətbuatında senzura ləğv edilib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli fərmanı ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyulub. Bu sənəd demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verib, ölkədə demokratiyanın inkişafını sürətləndirən mühüm tədbirlərdən biri olub. Heydər Əliyevin Azərbaycan mətbuatının problemləri ilə bağlı imzaladığı ondan çox fərman və sərəncam ölkəmizdə mətbuatın ictimai mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına güclü təkan verib. İndi ölkədə minlərlə peşəkar jurnalistin çalışdığı 400-dən artıq gündəlik və həftəlik mətbuat orqanı fəaliyyət göstərir, 3 500-dən çox kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb.
Mİ-24 VERTOLYOTUNUN VURULMASI
(1992)
6 avqust 1992-ci ildə Azərbaycana məxsus Mi-24 döyüş vertolyotu Ağdərə rayonunun Qasapet kəndi yaxınlığında erməni işğalçıları tərəfindən raketlə vurulub. Hadisə nəticəsində vertolyotun baş komandiri, 36 yaşlı Zakir Nüsrət oğlu Məcidov, təyyarəçi-operator, 23 yaşlı Ruslan Aleksandroviç Polovinko və sərrast nişançı-snayper, 19 yaşlı Cavanşir İzzət oğlu Rəhimov şəhid olublar. Azərbaycan Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə hər üç şəhidə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
SÜLEYMAN NƏCƏFOV
(1948-2012)
Azərbaycanın xalq artisti, aktyor Süleyman Paşa oğlu Nəcəfov 1948-ci il avqustun 6-da İrəvan şəhərində anadan olub. Xoreoqrafiya Texnikumunda təhsil aldıqdan sonra Ermənistan Dövlət Rəqs Ansamblında rəqqas kimi fəaliyyət göstərib. 1976-cı ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor işləyib, bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. Süleyman Nəcəfov 9 may 2012-ci ildə vəfat edib və Novxanı qəbiristanlığında dəfn olunub.
TƏRANƏ MURADOVA
(1965)
Azərbaycanın xalq artisti, baletmeyster Təranə Hüseyn qızı Muradova 6 avqust 1965-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbində və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist işləyib. Hazırda Azərbaycan Dövlət Rəqs Ansamblının solist-baletmeysteri və "Səyyah" rəqs ansamblının bədii rəhbəri vəzifəsində çalışır. Azərbaycan milli rəqsləri, ispan, qaraçı və digər xalqların rəqsləri repertuarında geniş yer tutur. Bir sıra xarici ölkələrdə çıxış edib. Müxtəlif illərdə Prezident Mükafatına, 6 may 2016-cı ildə isə Azərbaycanın Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
MƏHƏMMƏD NƏCİBULLA
(1947-1996)
Əfqanıstanın siyasi xadimi, diplomat Məhəmməd Nəcibulla 1947-ci ilin bu günü Kabil şəhərində anadan olub. Həbibiyyə liseyini və Kabil Universitetinin tibb fakültəsini bitirib. 1965-ci ildə Əfqanıstan Demokratik Xalq Partiyasına üzv olub, 1977-ci ildə isə partiyanın Mərkəzi Komitəsinə seçilib. Bir neçə ay Əfqanıstanın Tehranda səfiri olub. Daha sonra hökumət əleyhinə fəaliyyətdə ittiham olunaraq işdən qovulub və Əfqanıstan vətəndaşlığından çıxarılıb. Moskvaya sığınmaq məcburiyyətində qalıb. 1979-cu ildə sovet qoşunları ilə birlikdə Kabilə qayıdıb. 1980-ci ildə xüsusi xidmət orqanı olan Dövlət İnformasiya Xidmətinin rəhbəri təyin edilib, 1986-cı ildə isə Əfqanıstan Prezidenti olub. Sovet qoşunları 1989-cu ildə Əfqanıstanı tərk etdikdən sonra daha 3 il hakimiyyətdə qala bilib. Hakimiyyəti koalisiya hökumətinə təhvil verdikdən sonra həyat yoldaşı və 3 qızını Dehliyə yollayıb, özü isə 4 il BMT-nin Kabildəki nümayəndəliyində yaşayıb. 1996-cı il sentyabrın 26-da Taliban hərəkatının döyüşçüləri Kabili tutub, bir gün sonra isə Nəcibullanı qardaşı ilə birlikdə edam edib. Meyiti bir həftə küçədə asılı qaldıqdan sonra naməlum quyuda basdırılıb.
SƏMƏD AĞAOĞLU
(1909-1982)
Türkiyənin dövlət və siyasi xadimi, yazıçı-publisist Səməd Ağaoğlunun anım günüdür. O, 1909-cu ildə Bakıda görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləyib. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışıb, millət vəkili seçilib və nazir vəzifəsi tutub. Siyasi baxışlarına görə bir müddət həbsdə yatıb, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olub. Bədii irsi əsasən 1944-1965-ci illərdə nəşr olunmuş "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü" adlı məcmuələrdə toplanıb. Səməd Ağaoğlu 1982-ci ilin avqustunda dünyasını dəyişib.
MƏZAHİR RÜSTƏMOV
(1960-1992)
Azərbaycanın Milli Qəhrəmanı Məzahir İzzət oğlu Rüstəmovun xatirə günüdür. O, 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirib, 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1986-cı ildən Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəzifəsində, 1990-cı ildə isə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifələrində çalışıb. 1992-ci il martın 23-də könüllü olaraq Milli Orduya yazılıb və cəbhənin Şınıx istiqamətində bölük komandirinin müavini təyin edilib. Avqustun 6-da Ermənistan hərbi birləşmələri Mutudərəni ələ keçirmək üçün qəfil hücuma başlayanda ilk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürərək, dinc əhalinin kənddən çıxmasına şərait yaradıb. Lakin gözlənilən dəstək qüvvələri gəlib çıxmayıb və o, düşmən əlinə keçməsin deyə sonuncu qumbarası ilə özünü partladaraq həlak olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Məzahir Rüstəmov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır. Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb.
BƏYLƏR AĞAYEV
(1969-1992)
Azərbaycanın Milli Qəhrəmanı Bəylər Tapdıq oğlu Ağayev də bu gün xatırlanır. O, 1969-cu il fevralın 3-də Qubadlı rayonunun Qarağac kəndində anadan olub. 1985-ci ildə kənd orta məktəbini bitirdikdən sonra iki il sovxozda fəhlə işləyib. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət edib. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olsa da, 1992-ci ilin əvvəlində təhsilini yarımçıq qoyaraq, könüllü surətdə Milli Ordu sıralarına daxil olub. Laçın rayonunun Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası və başqa kəndlərində erməni işğalçılarının darmadağın edilməsində əsl qəhrəmanlıq göstərib. 1992-ci il avqustun 5-də Xanalılar kəndi uğrunda gedən döyüşlərdə Bəylər Ağayevin bölməsi gözlənilmədən düşmən mühasirəsinə düşüb və o, qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.