Dünyanın bu günü - 06.11.2020
TELERADİO İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ
(1926)
1926-cı il noyabrın 6-da Bakı şəhərində ilk radiostansiya qurularaq istismara verilib. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. O vaxtdan etibarən sözügedən tarix ölkəmizdə radio işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başlayıb.
Azərbaycan Televiziyası yarandıqdan sonra 6 noyabr teleradionun yaranma günü kimi qeyd edilib. Bakı şəhərində polad bloklardan yığılmış 180 m-lik ilk televiziya qülləsi 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV proqramı efirə çıxıb. İlk veriliş günü ekranda xalq artisti, aktrisa Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib. 1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsilə Respublika stadionundan canlı yayım həyata keçirilib.
BAKI METROPOLİTENİ
(1967)
1967-ci il noyabrın 6-da Yaxın Şərqdə ilk, SSRİ-də isə 5-ci olan Bakı Metropoliteni fəaliyyətə başlayıb. Həmin gün “Bakı Soveti” (indiki “İçərişəhər”) stansiyasından ilk qatar uzunluğu cəmi 9.56 km olan xətt üzrə işə salınıb. Bu xətt üzərində o vaxt “Bakı Soveti”ndən başqa daha 4 stansiya - “26 Bakı komissarı” (“Sahil”), “28 Aprel” (“28 May”), “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları yerləşirdi. 1970-ci il aprelin 17-də “Ulduz”, 1972-ci il noyabrın 6-da “Məşədi Əzizbəyov” (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”), “Neftçilər”, 1976-cı ildə “Nizami”, 1979-cu ildə “Bakmil”, 1985-ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, 1989-cu ildə “Xalqlar dostluğu” və “Əhmədli”, 1993-cü ildə “Cəfər Cabbarlı” stansiyaları istismara verilib. 2002-ci ildə “Həzi Aslanov” stansiyasının yeraltı nəqliyyat konveyerinə qoşulması ilə Bakı Metropoliteni xətlərinin uzunluğu 31,5 km-ə çatıb. 2006-2009-cu illərdə böyük tikinti erası və metropoliten xətlərinin inkişaf etdirilməsinə başlanıb. “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları, “28 May” stansiyasının ikinci çıxışı sərnişinlərin istifadəsinə verilib. Müvafiq proqrama əsasən, 2030-cu ilə qədər metropolitenin 3 yeni xətt də əlavə olunmaqla 53 stansiyasının inşa olunması nəzərdə tutulur. Azərbaycan Prezidentinin 29 oktyabr 2006-cı il tarixli sərəncamı ilə hər il 6 noyabr - Metro işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
SULTAN SÜLEYMAN QANUNİ
(1494-1566)
Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsi, Qərb dünyasında Möhtəşəm Süleyman, Şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni olaraq da tanınan Sultan Süleyman 6 noyabr 1494-cü ildə Trabzonda dünyaya gəlib. 1520-ci ildə atası Sultan Səlim Yavuzun vəfatından sonra I Süleyman adı ilə taxta çıxıb. Hakimiyyətdə olduğu 1520-1566-cı illərdə 13 dəfə səfərə çıxıb, 46 illik səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirib. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. Sultan Süleyman Qanuni Zigetvar mühasirəsinin bitməsinə bir gün qalmış - 7 sentyabr 1566-cı ildə müharibə düşərgəsində vəfat edib. Ölümü 48 gün ərzində xalqdan gizlədilib və oktyabrın 21-də Osmanlı ordusunun Zigetvardan ayrılmasına qədər gizli saxlanılıb. Cənazəsi noyabrın 28-də İstanbulda Süleymaniyyə külliyəsindəki türbəsində dəfn olunub.
ZƏRNİGAR AĞAKİŞİYEVA
(1945-2018)
Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində doğulub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb. 1974-cü ildən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul olunub. Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm"in istehsal etdiyi bir çox filmlərdə çəkilib. 2014-cü ildə “Şöhrət” ordeninə, 2015-ci ildə “Cəfər Cabbarlı” mükafatına layiq görülüb. Zərnigar Ağakişiyeva 2018-ci il fevralın 8-də Bakıda vəfat edib.
MƏSUD YILMAZ
(1947-2020)
Türkiyənin tanınmış siyasi xadimi Əhməd Məsud Yılmaz 1947-ci ilin bu günü İstanbulda anadan olub. Ankara Universitetində və Almaniyanın Köln Universitetində təhsil alıb. 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub. Seçkilərdə parlamentə Rizədən millət vəkili seçilib. Xarici İşlər naziri, Mədəniyyət və Turizm naziri, 3 dəfə isə Baş nazir olub. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin Türkiyə tərəfindən tanınması haqqında qərara imza atıb. 2004-cü ildə Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb. Məsud Yılmaz 2020-ci il oktyabrın 30-da İstanbulda vəfat edib və Qanlıca məzarlığında dəfn olunub.
HEYDƏR CAMAL
(1947-2016)
Əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair Heydər Cahid oğlu Camal 6 noyabr 1947-ci ildə Moskva şəhərində anadan olub. Şərq Dilləri İnstitutuna daxil olsa da, bir il sonra siyasi motivlərlə qovulub. Moskvada nonkonformist andeqraund hərəkatının liderlərindən biri olub. Həştərxanda İslam İntibah Partiyasının qurulmasında iştirak edib, partiya sədrinin köməkçisi təyin edilib, eyni ildə "Tövhid" informasiya mərkəzini qurub və "əl-Vəhdət" qəzetini nəşr edib. 1993-1996-cı illərdə İslamın problemlərinə həsr edilmiş bir sıra televiziya proqramlarının aparıcısı olub. 35 il ərzində tiranlığın istənilən formasına qarşı mübarizə aparıb. Heydər Camal 2016-cı il dekabrın 5-də Qazaxıstanın Almatı şəhərində vəfat edib və orada da dəfn olunub.
PYOTR ÇAYKOVSKİ
(1840-1893)
Məşhur rus bəstəkarı, müəllim və dirijor Pyotr İliç Çaykovskinin anım günüdür. O, 7 may 1840-cı ildə Rusiyanın Vyatsk quberniyasının Votkinsk şəhərində anadan olub. Peterburq Konservatoriyasında təhsil alıb. Moskva Konservatoriyasına harmoniya professoru vəzifəsində çalışıb. 10 opera, 3 balet, 7 simfoniya, 104 romans, bir sıra proqramlı simfonik əsərlər yaradıb. “Yevgeni Onegin”, “Dəmirçi Vakula”, “Orlean qızı”, “Cadugər”, “Qu gölü” və başqa məşhur əsərlərin müəllifidir. Yaradıcılıq fəaliyyətində konsertlər, xor kompozisiyaları, kantatalar, fortepiano miniatürləri mühüm yer tutub. Pyotr Çaykovski 1893-cü il noyabrın 6-da Peterburqda vəfat edib. Moskva Konservatoriyası onun adını daşıyır.
İBRAHİM İBRAHİMOV
(1912-1994)
Azərbaycan EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru İbrahim İbiş oğlu İbrahimovun xatirə günüdür. O, 28 fevral 1912-ci ildə Füzuli rayonunun Qarğabazar kəndində doğulub. Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Azərbaycan Dövlət Universitetində dosent, Azərbaycan EA-nın Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 1963-cü ildən ömrünün sonunadək Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri və Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub. 200-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifidir. “Xalqlar dostluğu” ordeni ilə təltif olunan İbrahim İbrahimov 1994-cü il noyabrın 6-da Bakıda vəfat edib.
QILMAN İLKİN
(1914-2009)
Azərbaycanın xalq yazıçısı Qılman İlkin də bu gün xatırlanır. Qılman İsabala oğlu Musayev 28 aprel 1914-cü ildə Bakının Mərdəkan kəndində dünyaya gəlib. İlk təhsilini burada alıb, şəhər pedaqoji texnikumunda və Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində müəllim kimi başlayıb. Daha sonra məsləhətçi, baş redaktor, direktor, müxbir, baş müəllim kimi vəzifələrdə çalışıb. "Qalada üsyan" , "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Bakı və bakılılar", "Cərrahlar", "Tayqa nağılı", "Geriyə yol yoxdur", "Çətin döngələr" və başqa əsərlərin müəllifidir. "Qalada üsyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilib, eyni zamanda "Kölgələr sürünür" filminin ssenarisini də yazıb. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
ƏLİÖVSƏT QULİYEV
(1922-1969)
Azərbaycan SSR EA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Əliövsət Nəcəfqulu oğlu Quliyevin anım günüdür. O, 1922-ci il avqustun 23-də Salyan rayonunun Qızılağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Universiteti bitirdikdən qısa müddət sonra həmin fakültənin dekanı seçilib. 1948-ci ildə namizədlik dissertasiyası müdafiə edib, 1961-ci ildə nəşr etdirdiyi elmi əsərlərinin ümumi həcminə görə tarix elmləri doktoru alimlik dərəcəsi alıb və professor elmi adına layiq görülüb. 1953-1958-ci və 1967-1969-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun direktoru olub. Onun rəhbərliyi ilə 3 cildlik "Azərbaycan tarixi" hazırlanaraq nəşr olunub. Elmi və ictimai fəaliyyətinə görə "Qırmızı Əmək Bayrağı" ordeni, "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər Böyük Vətən müharibəsində şərəfli əməyə görə" və digər medallarla təltif olunub. Əliövsət Quliyev 1969-cu il noyabrın 6-da vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Bakının mərkəzi küçələrindən biri və Salyan Mədəniyyət Evi onun adını daşıyır.
İSLAM SƏFƏRLİ
(1923-1974)
Azərbaycanın əməkdar incəsənət xadimi, şair və dramaturq İslam Əhməd oğlu Səfərlinin xatirə günüdür. O, 12 fevral 1923-cü ildə Naxçıvan MR-in Babək rayonunun Şəkərabad kəndində anadan olub. Ədəbi yaradıcılığa məktəbdə oxuyarkən başlayıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. Müharibədən sonra Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. “Şərq qapısı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti”ndə və Azərbaycan Yazıçılar İttifaqında çalışıb. İyirmiyə yaxın şeir və poemalar kitabı çap olunub. “Göz həkimi”, “Ana ürəyi”, “Xeyir və Şər” pyesləri tamaşaya qoyulub. İslam Səfərli 1974-cü il noyabrın 6-da dünyasını dəyişib.
ŞAHMALI KÜRDOĞLU
(1930-1992)
Azərbaycanın tanınmış xanəndələrindən biri Şahmalı Mirzəqulu oğlu Hacıyev də (Şahmalı Kürdoğlu) bu gün xatırlanır. O, 1930-cu il aprelin 12-də Ağdam Qiyaslı kəndində anadan olub. Ağdam Pedaqoji İnstitutunu, Aşqabad Universitetinin Hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu və Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan muğamının inkişafında əvəzsiz xidmətlər göstərib. Şahmalı Kürdoğlu 6 noyabr 1992-ci ildə Ağdamdakı evinin həyətinə mərmi düşməsi nəticəsində şəhid olub.
HƏSƏNAĞA QURBANOV
(1955-2007)
Azərbaycanın əməkdar incəsənət xadimi, pianoçu Həsənağa Əli oğlu Qurbanovun anım günüdür. O, 1955-ci il iyulun 20-də Naxçıvan şəhərində anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər Mədəniyyət Evində müəllim və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət Musiqili Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi, Azərbaycan Televiziyasının “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. Həsənağa Qurbanov 2007-ci il noyabrın 6-da Bakıda dünyasını dəyişib.
VALEH BABAYEV
(1977-2007)
Şəhid Valeh Dadaş oğlu Babayevin xatirə günüdür. O, 1977-ci il iyunun 14-də Qobustan rayonunun Nərimankənd kəndində anadan olub. Həzi Aslanov adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. 1998-ci ilin iyun ayından Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində tağım komandiri, bölük komandiri və hərbi hissənin fiziki hazırlıq üzrə mütəxəssis vəzifələrində xidmət edib. 2007-ci il noyabr 5-dən 6-na keçən gecə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Baş leytenant Valeh Babayev ölümündən sonra III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib. Qobustan şəhərində böyüyüb boya-başa çatdığı küçə onun adını daşıyır.