Dünyanın bu günü - 06.12.2020
RABİTƏÇİLƏRİN PEŞƏ BAYRAMI
(2006)
Azərbaycanın Rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edir. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib. Azərbaycan Prezidentinin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə ölkəmizdə telefon rabitəsi yaradılmasının 125 illiyi ilə əlaqədar dekabrın 6-sı Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı elan edilib.
BƏHRAM BƏY NƏBİBƏYOV
(1884-1930)
Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun zabiti, polkovnik Bəhram bəy Qasım bəy oğlu Nəbibəyov 1884-cü il dekabrın 6-da Şəki şəhərində bəy ailəsində anadan olub. Kutaisi Realnı Məktəbini və Peterburq Müqəddəs Konstantin Artilleriya Məktəbini bitirib. 1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlayıb. 1909-cu ildə poruçik, 1912-ci ildə ştabs-kapitan rütbəsinə layiq görülüb. İkinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilib. 1918-ci ilin noyabrında Azərbaycan topçu briqadasına təyinat alıb, sonra isə 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət edib. 1919-cu ilin noyabrından Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmətə başlayıb. 1920-ci ilin mart-aprel aylarında Cümhuriyyət hərbi qüvvələrinin Qarabağda erməni-daşnak işğalçılarına qarşı apardığı əməliyyatlarda fəal iştirak edib. 1930-cu ilin aprelində Şəki-Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanının rəhbərlərindən biri olub və elə həmin ilin iyulunda üsyanın yatırılması üçün göndərilmiş çoxsaylı sovet hərbi qüvvələri ilə döyüşdə həlak olub.
ZEKİ MÜREN
(1931-1996)
Məşhur türkiyəli müğənni Zeki Müren 6 dekabr 1931-ci ildə Bursa şəhərində anadan olub. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirib. İstanbulda Dövlət İncəsənət Akademiyasından məzun olub. 1950-ci ildə imtahanla İstanbul Radiosuna daxil olub. 1951-ci ildə canlı proqramda ilk radio konsertini verib. Bundan sonra Türkiyə radiolarında müntəzəm olaraq oxumağa başlayıb. 1955-ci ildə "Manolyam" adlı mahnısı ilə Türkiyədə ilk dəfə verilən “Qızıl Val” mükafatını qazanıb. 1958-ci ildə ehtiyatda olan zabit kimi Çankırıda hərbi xidmətdə olub. 1991-ci ildə Dövlət Sənətçisi ünvanına layiq görülüb. Ürək narahatlığı və şəkər xəstəliyi səbəbindən həyatının son 6 ilində səhnə həyatından və mediadan uzaqlaşıb. 24 sentyabr 1996-cı ildə TRT İzmir Televiziyasında özü üçün təşkil edilən mərasim zamanı keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib və Bursadakı Emirsultan qəbiristanlığında dəfn olunub. Vəsiyyətində mirasının ən böyük hissəsini Mehmetcik Vəqfinə bağışlayıb. Ölümündən sonra müğənninin Bodrumda son illərini yaşadığı ev muzeyə çevrilib.
GÜMRAH RƏHİMOV
(1944-1994)
Azərbaycan aktyoru Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin bu günü Borçalı mahalının Sarvan kəndində anadan olub. Marneuli Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şöbəsində işləyib. “Bəyin oğurlanması”, “Dədə Qorqud”, “Qaçaq Nəbi”, “Qərib Cinlər ölkəsində”, “Tütək səsi”, “Babək”, “Nəsimi” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. “Qaçaq Nəbi” filmindəki Tunc Vəli obrazına görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. Gümrah Rəhimov 1994-cü ilin martın 26-da Bakıda vəfat edib.
MUXTAR AVŞAROV
(1914-2004)
Azərbaycanın xalq artisti, aktyor Muxtar Həsən oğlu Avşarovun anım günüdür. O, 1914-cü il fevralın 16-da İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin törətdiyi soyqırımı siyasəti nəticəsində sağ qalan ailə üzvləri ilə birlikdə Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətirib. Gəncədəki dəmiryolu məktəbində və Bakıda sənət məktəbində təhsil alıb. Gəncə Parovoz Deposunda maşinist köməkçisi işləməklə yanaşı, Dəmiryolçuların Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətini davam etdirib. Almaniyanın SSRİ-yə hücumundan üç gün sonra siyasi əqidəsinə görə həbs edilib və bir müddət həbsdə qalıb. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb. “Ad Günü”, “Axırıncı aşırım”, “Gün keçdi” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Prezident təqaüdçüsü Muxtar Avşarov 2004-cü il dekabrın 6-da Bakıda vəfat edib.
KAMAL ABDULLAYEV
(1927-1997)
Azərbaycanın xalq artisti, dirijor Kamal Canbaxış oğlu Abdullayevin xatirə günüdür. O, 1927-ci il yanvarın 18-də Bakıda anadan olub. 1945-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində orta ixtisas musiqi məktəbini, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında opera-simfonik dirijorluğu ixtisası üzrə məzun olub. Həmin ildən vətənə qayıdıb və 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru işləyib. 1962-ci ildə Moskva Dövlət Musiqili Teatrına dəvət olunub və bu teatrda 8 il dirijor vəzifəsində çalışıb. Türkiyədə də tamaşalar hazırlayan Kamal Abdullayev 6 dekabr 1997 -ci ildə Moskvada dünyasını dəyişib.
BABA MAHMUDOĞLU
(1940-2006)
Azərbaycanın xalq artisti, xanəndə Baba Mahmud oğlu Mirzəyev də bu gün xatırlanır. O, 7 noyabr 1940-cı ildə Ağstafada dünyaya gəlib. Azərbaycan Neft və Kimya İnstitutunun neft-mexanika fakültəsində təhsil alıb. Ustad xanəndə Seyid Şuşinskinin sinfində Azərbaycan muğamlarını öyrənib. 1962-ci ildə Maestro Niyazi tərəfindən Məcnun obrazı üçün təşkil olunan gözəl səslər müsabiqəsində birinci yeri tutub. 1970-ci ildən Opera və Balet Teatrında çalışıb, burada Məcnun, Şah İsmayıl, Aşıq Qərib və başqa rollarda uğurla çıxış edib. Onun ifasında muğam və xalq mahnılarımız teleradionun qızıl fondunda saxlanılır. Baba Mahmudoğlu 6 dekabr 2006-cı ildə Bakıda vəfat edib.
YEVDA ABRAMOV
(1948-2019)
Azərbaycanın ictimai-siyasi xadimi Yevda Sasunoviç Abramovun anım günüdür. O, 1948-ci il iyunun 12-də Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib və Quba rayonunun İspik kəndində pedaqoji fəaliyyətlə məşğul olub. 2005, 2010 və 2015-ci illərdə Yeni Azərbaycan Partiyasının namizədi kimi Milli Məclisin deputatı seçilib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. Yevda Abramov 2019-cu il dekabrın 6-da Bakıda dünyasını dəyişib və Qırmızı Qəsəbədə dəfn olunub.