Dünyanın bu günü - 07.02.2021

TOFİQ TAĞIZADƏ

(1919-1998)

 

Xalq artisti, Azərbaycanın və Çeçenistanın əməkdar incəsənət xadimi, kinorejissor, ssenari müəllifi və aktyor Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirən kimi energetika texnikumuna daxil olub, paralel musiqi məktəbində də oxuyub. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsində oxuyub. Üçüncü kursda oxuyarkən İkinci Dünya müharibəsi başlayıb və Tofiq Tağızadə cəbhəyə göndərilib. Rostov yaxınlığında gedən döyüşlərin birində ağır yaralanaraq geri qaytarılıb. Daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə qəbul olunub. 1953-cü ildə oranı bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Bir çox filmlərin quruluşçu rejissoru olub. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri ilə milli kinomuza yeni nəfəs bəxş edib. Tofiq Tağızadə 27 avqust 1998-ci ildə Bakıda dünyasını dəyişib.

 

 

CAVANŞİR VƏKİLOV

(1951-2013)

 

Görkəmli ictimai-siyasi xadim, diplomat, tarix elmləri namizədi Cavanşir Mehdixan oğlu Vəkilov 1951-ci il fevralın 7-də Bakıda xalq şairi Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovun ailəsində anadan olub. 1967-ci ildə 190 nömrəli orta məktəbi bitirib, 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil alıb. 1972-1975-ci illərdə Əfqanıstanda, 1978-1979-cu illərdə İranda tərcüməçi işləyib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunda, 1976-1992-ci illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborant və baş elmi işçi vəzifələrində çalışıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diplomatiya sahəsinə keçib, Ankara, Tehran və Qahirədə diplomatiya kurslarında təhsil alıb. Azərbaycan Xarici İşlər Nazirliyində 1-ci katib, 1995-ci il mayın 1-dən Azərbaycanın İrandakı səfirliyinin 2-ci katibi vəzifələrində çalışıb. 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin İran nümayəndə heyətləri ilə danışıqlarında fars dili tərcüməçisi qismində iştirak edib. 1998-ci ilin noyabrında İrandakı diplomatik fəaliyyəti bitdikdən sonra XİN aparatına qayıdıb, 2-ci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya şöbəsinin müdiri işləyib. 2003-cü ildə yenidən İrandakı səfirliyimizə - müşavir vəzifəsinə təyin olunub. 2004-cü ildə Təbrizdə Azərbaycan Baş Konsulluğunun işini təşkil edib və 2005-ci ilin martınadək baş konsul vəzifəsini icra edib. Sonra yenidən Bakıya XİN aparatına qayıdıb. Cavanşir Vəkilov 2013-cü il avqustun 23-də dənizdə boğularaq vəfat edib.

 

 

VAHİD ƏLİYEV

(1952)

 

Azərbaycanın əməkdar artisti Vahid Əsgər oğlu Əliyev 1952-ci ilin bu günü Tovuzda anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Vahid Əliyev “Araqarışdıran”, “Ayna”, “Bir anın həqiqəti”, “Cavid ömrü”, “Dayanacaq”, “Köpək”, “Tələ”, “Yalan”, “Yapon və yaponiyalı”, “Yaramaz”, “Yaşa, qızıl balıq”, “Yoxlama” və s. filmlərdə çəkilib.

 

 

FİRUDİN ŞAMOYEV

(1962-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Firudin İsa oğlu Şamoyev 1962-ci il fevralın 7-də Qazax şəhərində anadan olub. Orta təhsilini Qazax şəhərində alıb, 1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazılıb və hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunub. Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər  kəndlərinin müdafiəsində dəfələrlə iştirak edib, düşmənin atəş nöqtələrinin  məhv edilməsində rəşadət göstərib. 13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Firudin Şamoyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Qazax şəhərindəki 4 nömrəli məktəb onun adını daşıyır.

 

 

NAZİM QULİYEV

(1965-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Quliyev Nazim Qabil oğlu 7 fevral 1965-ci ildə Beyləqan rayonunun Örənqala qəsəbəsində doğulub. 1986-cı ildə ata yurdu Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndinə köçüb. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar Füzuli rayon DİŞ-də təşkil olunan rotada xidmət edib. Qaradağlı, Xələfşə və Cuvarlı döyüşlərində igidlik nümunəsi göstərib. 1992-ci il yanvarın 9-da idarə etdiyi BTR-lə 7 əsgərimizi ölümdən xilas edərkən həlak olub və Füzuli rayonunda dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

 

 

NAZİM BABAYEV

(1975-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Nazim Abbas oğlu Babayev 1975-ci ilin bu günü Salyan rayonunun Aydıngün kəndində anadan olub. 1992-ci ildə kənd orta məktəbini bitirib və bir müddət sovxozda çalışıb. 1993-cü ilin aprel ayında Milli Ordu sıralarına çağırılıb və cəbhəyə yollanıb. 15 mart 1995-ci ildə dövlət çevrilişinə cəhd edən qanunsuz silahlı dəstənin tərksilah edilməsi əməliyyatı zamanı həlak olub və Salyan rayonunun Qaraçala kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Nazim Babayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Salyan şəhərindəki mərkəzi parkda büstü qoyulub.

 

 

MÜBARİZ İBRAHİMOV

(1988-2010)

 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Orta məktəbi 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirdiyi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib, son gülləsinə qədər 5 saat təkbətək döyüşərək qəhrəmancasına şəhid olub. Şəhidin nəşi həmin il noyabrın 6-da qarşı tərəfdən alınıb. Azərbaycan Prezidentinin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Biləsuvar şəhərindəki lisey-məktəb kompleksi Mübariz İbrahimovun adını daşıyır.

 

 

TARİYEL SALMANOV 

(1988-2020)

 

Şəhid Tariyel Allahverdi oğlu Salmanov 7 fevral 1988-ci ildə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. 2005-2010-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində tibb xidməti leytenantı kimi xidmət edib. Hərbi xidmətini bitirdikdən sonra Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həkim-stomatoloq ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsinin başlanması ilə əlaqədar yenidən hərbi xidmətə çağırılıb. Tariyel Salmanov oktyabrın 8-də Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.

 

 

MƏMMƏD ƏLƏKBƏROV 

(1899-1959)

 

Azərbaycan SSR-in ilk mədəniyyət naziri Məmməd Həmid oğlu Ələkbərovun anım günüdür. O, 1899-cu ildə Lənkəranda anadan olub. Lənkərandakı "Behcət" rus-tatar məktəbində və Bakıda Pedaqoji İnstitutda təhsil alıb. Cəlilabaddakı I dərəcəli məktəbdə, Balaxanıda və Borçalının Başkeçid məktəbində müəllim, Quba Qəza Xalq Maarifi Şöbəsinin müdiri, Xalq Maarifi Komissarlığı aparatında metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi rəisinin müavini, Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktor müavini, Azərbaycan Xalq Maarifi Komissarlığında kadrlar idarəsinin rəisi vəzifələrində çalışıb. 1946-cı ildə Azərbaycan xalq maarifi komissarı təyin olunub, daha sonra Nazirlər Soveti sədrinin müavini, Azərbaycanın ilk mədəniyyət naziri olub. Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası mövzusunda məqalə və kitabların müəllifidir. "Əməkdar müəllim" fəxri adına layiq görülüb, 1950-ci ildə elmlər namizədi alimlik dərəcəsi alıb. Məmməd Ələkbərov 1959-cu il fevralın 7-də Bakıda vəfat edib.

 

 

BƏHRUZ KƏNGƏRLİ

      (1892-1922)

 

Azərbaycan rəngkarlıq sənətində novatorluğa yol açmış rəssam Bəhruz Şirəlibəy oğlu Kəngərlinin xatirə günüdür. O, 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olub. Uşaq yaşlarında eşitmə qabiliyyətini itirib və bütün vaxtını şəkil çəkməyə sərf edib. 1910-1915-ci illərdə Tiflis Rəssamlıq Məktəbində təhsil aldıqdan sonra Naxçıvana qayıdıb. Azərbaycanda realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması onun adı ilə bağlıdır. Yaradıcılığının ilk dövründə karikatura və satirik rəsmlər, memarlıq abidələri, mənzərə və məişət səhnələrini əks etdirən rəngkarlıq əsərləri yaradıb. Əsərləri Azərbaycanın bir çox muzeylərini bəzəyir. 1921-ci il fevralın 15-də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə 500-ə yaxın rəsmlərindən ibarət sərgi nümayiş etdirilib. Bəhruz Kəngərli 1922-ci il fevralın 7-də Naxçıvanda vəfat edib.

 

 

SÜLEYMAN VƏZİROV

(1910-1973)

 

Azərbaycanın ilk neft sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı Süleyman Azad oğlu Vəzirov da bu gün xatırlanır. O, 18 noyabr 1910-cu ildə Şuşada ziyalı ailəsində dünyaya gəlib. Şuşa realnı məktəbində, Bakı sənaye-iqtisad texnikumunda və Azərbaycan Politexnik İnstitutunun Dağ-mədən fakültəsində təhsil alıb. Müxtəlif illərdə neft-qazçıxarma idarəsində mühəndis, mədən müdirinin müavini, Suraxanı Neft-Qazçıxarma İdarəsində və "Azneftkombinat"da baş mühəndis, "Azneft" birliyinin rəisi, Nefbitdağ şəhərinin meri, "Turkmənneft" Birliyinin müdiri vəzifələrində çalışıb. "Azneftkombinat"ın ilk azərbaycanlı rəhbəri olub. Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Xalq Təsərrüfatı Şurasının sədri işləyib. “Lenin” ordeni və "Oraq-Çəkic" medalı ilə təltif edilib. Süleyman Vəzirov 1973-cü il fevralın 7-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ŞÖVKƏT ƏLƏKBƏROVA

(1922-1993)

 

Azərbaycanın xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərovanın anım günüdür. O,  1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfində təhsil alıb. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqədən sonra Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Xorunda peşəkar müğənni karyerasına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında işləyib, 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Repertuarında muğamlar, xalq və bəstəkar mahnıları üstünlük təşkil edib. Rejissor Lətif Səfərovla evli olan Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

SAHİB ƏLİYEV

(1933-1990)

 

AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Sahib Müseyib oğlu Əliyevin xatirə günüdür. O, 1933-cü il martın 15-də Gədəbəy rayonunda anadan olub.  Azərbaycan Sənaye İnstitutu­nda təhsil alıb. Azərbaycan EA-nın Neft-Kimya Proses­ləri İnstitutunda laboratoriya müdiri, Plas­tik kütlələr şöbəsinin müdiri, Azərbaycan Neft və Kim­ya İnstitutunun Kimya-texnologiya fakültəsində və Azərbaycan Poli­texnik İnstitutu­nun Tikinti materialları kafedrasında müəllim işləyib. 165 müəlliflik şəhadətnaməsinin, ABŞ, İngiltərə, Fransa, Almaniya və başqa ölkələr tərəfindən alınmış 25 patentin, həmçinin 500-dən çox elmi əsərin müəllifidir. Sahib Əliyev 1990-cı il fevralın 7-də Bakıda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv