Dünyanın bu günü - 07.06.2021

QEYSƏR KAŞIYEVA

(1893-1972)

 

Azərbaycanın ilk ali təhsilli qadın rəssamı Qeysər Seyfulla qızı Kaşıyeva 1893-cü il iyunun 7-də Tiflisdə anadan olub. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxuyub, orada rus dilini öyrənib, sonra isə Qızlar Gimnaziyasında təhsil alıb. 1907-1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbində oxuyub. Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib edib. “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “Azərbaycan ziyalısı”, “Küpəgirən qarı”, “Azərbaycan ziyalısı” və başqa əsərlərin müəllifidir. Ona məxsus şəxsi əşya və bəzi eskizlər Milli Azərbaycan Tarixi Muzeyində, rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Qeysər Kaşıyeva 1972-ci il aprelin 17-də Bakıda vəfat edib.

 

 

İMRE NAD

(1896-1958)

 

Macarıstanın görkəmli siyasi və dövlət xadimi İmre Nad 1896-cı ilin bu günü Macarıstanın Kapoşvar bölgəsində anadan olub. I Dünya müharibəsi başlayan zaman Avstriya-Macarıstan ordusuna çağırılaraq, Şərq cəbhəsinə göndərilib. 1915-ci ildə rus ordusuna əsir düşəndən sonra bolşevik ideologiyasının təsirinə düşüb. Əsirlikdən sonra Rusiya Kommunist Partiyasına və Qızıl Orduya üzv olub. II Dünya müharibəsindən sonra Macarıstan Kommunist Partiyasının nümayəndəsi kimi Kənd Təsərrüfatı naziri, Daxili İşlər naziri, Macarıstan Milli Məclisinin sədri və Nazirlər Şurasının sədri vəzifələrində çalışıb. 1956-cı ilin oktyabr-noyabr aylarında baş verən Macar inqilabı zamanı xalqın tələbi ilə yenidən Nazirlər Şurasının sədri seçilib. Ölkədə çoxpartiyalı sistemə keçildiyini, Macarıstanın Varşava Paktından çıxdığını və bitərəf dövlət olduğunu elan edib. Macar inqilabı sovet qoşunları tərəfindən yatırıldıqdan sonra Budapeştdəki Yuqoslaviya səfirliyinə sığınıb, lakin aldadılaraq sovet qüvvələri tərəfindən həbs edilib. "Vətən xainliyində" və "Macarıstan Xalq Demokratik Respublikasını devirməyə cəhd etməkdə" ittiham edilən İmre Nad edama məhkum edilib və 1958-ci il iyunun 16-da edam edilib. Macarıstanda kommunist rejiminin süqutundan sonra 1989-cu ildə ona Milli Qəhrəman adı verilib.

 

 

MƏLİK DADAŞOV

(1924-1996)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşov 7 iyun 1924-cü ildə Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra Akademik Dram Teatrına işə qəbul olunub. Həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb. “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara”, “Axırıncı aşırım”, “Dəli Kür” kimi filmlərdə yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib. Məlik Dadaşov 1996-cı il dekabrın 2-də Bakı şəhərində vəfat edib. O, xalq artisti Rafael Dadaşovun atası, xalq artisti Brilliant Dadaşovanın əmisidir.

 

 

MÜƏMMƏR QƏDDAFİ

(1942-2011)

 

Liviya dövlət və hərbi xadimi Müəmmər Qəddafi 1942-ci il iyunun 7-də Sirt şəhərində anadan olub. 1965-ci ildə Benqazidəki hərbi kolleci leytenant rütbəsində bitirib, 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərilib və kapitan rütbəsi alıb. 1967-ci ildəki altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanıb. 1969-cu ildə hakimiyyəti ələ keçirərək, ölkədə monarxiyanın ləğv olunduğunu bəyan edib. 1977-ci ildən isə dövlət tam olaraq Liviya Sosialist Xalq Ərəb Cəmahiriyyəsi adlanıb. Ziddiyyətli bir şəxsiyyət kimi tanınan polkovnik Qəddafi ölkəni 42 il idarə edib. Onun hökmranlığına Tunis və Misirdə olduğu kimi, 2011-ci ilin fevral ayında başlayan kütləvi “ərəb baharı” son qoyub. 2011-ci il oktyabrın 20-də Sirt şəhərinə daxil olan üsyançılar Qəddafini vəhşicəsinə öldürüblər.

 

 

RAMİZ FƏTƏLİYEV

(1946)

 

Azərbaycanın xalq artisti, kinossenarist Ramiz Məmmədəli oğlu Fətəliyev 1946-cı ilin günü Bakıda anadan olub. 1972-ci ildə Moskvada ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzet və jurnallarında əsərləri çap olunub. 1974-1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında ssenari-redaksiya kollegiyasının üzvü olub, 1985-1986-cı illərdə kinostudiyada baş redaktor, 1986-1995-ci illərdə isə direktor vəzifələrində çalışıb. 1987-1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990-1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olub. Ramiz Fətəliyevin ssenariləri üzrə “Azərbaycanfilm”də və SSRİ-nin müxtəlif kinostudiyalarında onlarla film çəkilib. Ramiz Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.

 

 

ORXAN PAMUK

(1952)

 

Türkiyənin dünya şöhrətli yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamuk 7 iyun 1952-ci ildə İstanbulda anadan olub. İstanbuldakı Amerika liseyində oxuyub. Uşaqlıqdan rəssam olacağını xəyal edib. Üç il İstanbul Texniki Universitetində memarlıq təhsili aldıqdan sonra memar və rəssam olmayacağına qərar verib və yenidən İstanbul Universitetində jurnalistika təhsili alıb. 23 yaşından sonra romançı olmağa qərar verib və yazmağa başlayıb. 1982-ci ildə "Cövdət bəy və oğlanları" adlı ilk romanı çapdan çıxıb. "Mənim adım qırmızı" dünya miqyasında postmodern romanının ən yaxşı nümunələrindən biri sayılmaqdadır. Orxan Pamuk "Səssiz ev", "Qara kitab", "Yeni həyat", "Qar" romanlarının, "İstanbul. Xatirələr və şəhər" memuarının və "Digər rənglər" adlı esselər kitabının da müəllifidir. Orxan Pamuk 2007-ci ilin fevral ayından ABŞ-da yaşayır.

 

 

ÜMİD NOVRUZLU

(1992-2020)

 

Şəhid Ümid Bahadur oğlu Novruzlu 1992-ci il iyunun 7-də Babək şəhərində anadan olub. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2012-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Ümid Novruzlu noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub və Babək şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

SAHİL MƏMMƏDOV

(1995-2020)

 

Şəhid Sahil Rasim oğlu Məmmədov 1995-ci ilin bu günü Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2020-ci ilin Tovuz döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Sahil Məmmədov sentyabrın 28-də Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və doğulduğu qəsəbədə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

SAMİR ALLAHVERDİYEV

(2001-2020)

 

Şəhid Samir Elçin oğlu Allahverdiyev 7 iyun 2001-ci ildə Lənkəran şəhərində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Samir Allahverdiyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

AĞALAR BƏY ƏLİVERDİBƏYOV 

(1880-1953)

 

Görkəmli musiqişünas Ağalar bəy Kərbəlayi Ələkbər bəy oğlu Əliverdibəyovun anım günüdür. O, 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində bəy ailəsində anadan olub. Sankt-Peterburq Texnoloji İnstitutunda və Varşava İnşaat İnstitutunda təhsil alıb. Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs deyib. Dünya xalqlarının musiqi mədəniyyətinə həsr olunmuş “Musiqi tarixi” adlı kitab yazıb. Şirvan və Bakı muğam məktəbləri nümayəndələrinin fəaliyyəti, İrəvan, Lənkəran, Şəki və Salyanın muğam ifaçıları haqqında dəyərli faktlar toplayıb. “Söhbət saz ilə”, “Yaxan düymələ”, “Kəklik”, “Çalpapaq”, “Nəzr eyləmişəm”, “Üçtelli durna”, “Xumar oldum”, “Neylərsən” və başqa mahnıları ifa edib. Ağalar bəy Əliverdibəyov 1953-cü il iyunun 7-də vəfat edib. O, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin dayısı və ilk müəllimi, Bəstəkar Nazim Əliverdibəyovun, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun və pianoçu Nüşabə Əliverdibəyovanın atasıdır.

 

 

GÜLAĞA MƏMMƏDOV

(1925-1994)

 

Azərbaycanın xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədovun xatirə günüdür. O, 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Atası çəkməçi, anası evdar qadın olub. Uşaqlıqdan musiqiyə böyük marağı olub. 12 yaşında olarkən təsadüfən küçədə səsi ilə Üzeyir Hacıbəyovun diqqətini cəlb edib və məhz onun dəstəyi ilə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olub. 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilib və daha sonra Konservatoriyada təhsil alıb. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri ansamblının solisti olub. 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Gülağa Məmmədov 7 iyun 1994-cü ildə Bakıda vəfat edib.

 

 

BAYRAM MƏMMƏDOV

(1970-1992)

 

Şəhid Bayram Məhəmməd oğlu Məmmədovun anım günüdür. O, 22 mart 1970-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə Rusiya Federasiyasının Orenburq vilayətində hərbi xidmətdə olub. 20 fevral 1990-cı ildə Xüsusi Təyinatlı Polis dəstəsinə qəbul olunub və Qarabağ uğrunda müharibəyə qatılıb. 1992-ci il iyunun 7-də döyüşlərin birində qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Bayram Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Müəllif | Apa.Tv
Apa.tv