Dünyanın bu günü - 07.07.2021

ŞEYX ŞAMİL

(1797-1871)

 

Qafqaz xalqlarının xalq qəhrəmanı, Dağıstan və Çeçenistan dağlılarının birliyi olan Şimali Qafqaz imamətinin başçısı Şeyx Dengav-Məhəmməd oğlu Şamil 7 iyul 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Nəqşibəndi şeyxi olan qayınatası Cəmaləddin Qazi Kumıkinin yanında təhsil alıb. İmamətin I və II başçıları Qazı Məhəmməd və Həmzət Bəyin müşaviri olub. 1834-cü ildə imam seçildikdən sonra böyük uğurlar qazanaraq, şöhrəti qısa zamanda ətraf bölgələrə yayılıb. Çar Rusiyasının ordusunu bir çox döyüşlərdə məğlub edib və onlara böyük ziyan vurub. 1859-cu ilin avqustunda 400 silahdaşı ilə birlikdə Dağıstanın Qunib aulunda 70 minlik rus qoşununun mühasirəsinə düşüb və təslim olub. Əvvəl Kaluqa şəhərində, daha sonra isə Kiyevdə saxlanılan Şeyx Şamil Məkkədə Həcc ziyarətini yerinə yetirərək Mədinəyə gedib və xəstələnərək 1871-ci il fevralın 4-də vəfat edib. Mədinə şəhərindəki məşhur əl-Baqi qəbiristanlığında dəfn olunub.

 

 

QEYSƏR KAŞIYEVA

(1893-1972)

 

Peşəkar rəssamlıq təhsili alan ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva 1893-cü il iyulun 7-də Tiflisdə anadan olub. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxuyub. Qızlar Gimnaziyasında və Hərbi Gimnaziyada təhsil alıb. Sənətin sirlərinə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında yiyələnib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra 1918-ci ildə Tiflisdən Bakıya köçüb, Bakıda rəsm dərsləri verib və “Şərq Qadını” jurnalı üçün illüstrasiyalar çəkib. “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”, “Qoqolun portreti”, “Yanğınsöndürən”, “Azərbaycan ziyalısı”, “Küpəgirən qarı” və başqa əsərlərin müəllifidir. Rəsm əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Qeysər Kaşıyeva 1972-ci ildə aprelin 17-də Bakı şəhərində vəfat edib.

 

 

ƏLƏKBƏR HÜSEYNOV

(1961-2007)

 

Azərbaycanın əməkdar artisti Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ilin bu günü Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb. Bir müddət Şəki Dövlət Dram Teatrında işlədikdən sonra 1988-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışıb, 2006-cı ildə isə bu teatrın baş rejissoru vəzifəsinə təyin olunub. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub, beynəlxalq festivallarda iştirak edib. "Humay", "Qızıl Dərviş", Polşanın "Təbəssüm Ordeni" mükafatlarına layiq görülüb. Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə Bakıda vəfat edib.

 

 

RÜFƏT MEHDİYEV

(1969-2011)

 

Müğənni və aktyor Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda dünyaya göz açıb. Mədəniyyət Sarayının piano sinfində və Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb. 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik fəaliyyətinə başlayıb. “Space” televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib. Rüfət Mehdiyev 2011-ci il fevralın 1-də dünyasını dəyişib və Bakıda dəfn edilib.

 

 

BAYRAM ƏLİYEV

(1950-1990)

 

20 Yanvar şəhidi Bayram Mədət oğlu Əliyev 1950-ci il iyulun 7-də Qərbi Azərbaycanın Kalinin rayonunun Qızıldaş kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. 2 nömrəli evtikmə kombinatında icraçı işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə döş qəfəsinin küt alətlə travması, daxili orqanların, qabırğaların sınması və zədələnməsi nəticəsində həlak olub. Bayram Əliyev yanvarın 21-də Qurd Qapısı qəbiristanlığında dəfn edilib.

 

 

MƏHƏRRƏM ABUŞOV

(1962-1994)

 

Şəhid Məhərrəm Qubad oğlu Abuşov 1962-ci il iyulun 7-də Qubadlı rayonunun Əliquluuşağı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Bakı Neft-Kimya Sənayesi Zavodunda mühəndis vəzifəsində çalışıb. 1992-ci ildə könüllülərdən ibarət dəstəyə daxil olaraq, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və baş leytenant rütbəsinə qədər yüksəlib. Məhərrəm Abuşov 1994-cü il oktyabrın 2-də Füzuli rayonunda şəhid olub və Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

ZİYAFƏT BALIYEV

(1965-1992)

 

Şəhid Ziyafət Qurban oğlu Balıyev 1965-ci ilin bu günü Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Burada orta təhsilini tamamladıqdan sonra 1983-1985-ci illərdə sovet ordusu sıralarında serjant rütbəsi ilə hərbi xidmətdə olub. Bərdə rayonunda sürücü işləyib, Bərdə rayon Daxili İşlər Şöbəsində polis baş serjantı olub. 1991-ci ildə Ağdərə döyüş bölgəsinə göndərilib və döyüşlərdə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv edib. Ziyafət Balıyev 1992-ci il sentyabrın 13-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

 

 

BƏHRUZ NURİYEV

(1971-1993)

 

Şəhid Bəhruz Allahverdi oğlu Nuriyev 7 iyul 1971-ci ildə Ağdam rayonunun Kəngərli kəndində doğulub. Bakı şəhərində 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, Azərbaycan Texniki Universitetinin mexanika fakültəsində təhsil alıb. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib, lakin 1990-cı il 20 Yanvar hadisələrindən sonra rus ordusunda xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib. Qarabağ savaşı başlayandan sonra könüllü özünümüdafiə dəstəsinə qoşulub. Döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam və Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib və şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Bakının Nizami rayonunda adına küçə var.

 

 

TOFİQ KƏRİMOV

(1973-2020)

 

Şəhid Tofiq Dadaş oğlu Kərimov 1973-cü il iyulun 7-də Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Riqa Ali Hərbi-Siyasi Məktəbində təhsil alıb. Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin müdavimi olub. Birinci Qarabağ Müharibəsində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Tofiq Kərimov noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

NATİQ BAXŞƏLİYEV

(1980-2020)

 

Şəhid Natiq Saleh oğlu Baxşəliyev 1980-ci ilin bu günü Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2001-2003-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Natiq Baxşəliyev oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

CAMAL İSMAYILOV 

(1984-2020)

 

Şəhid Camal Vidadi oğlu İsmayılov 7 iyul 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş gizir Camal İsmayılov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub və Neftçala rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

RUSLAN RƏHİMOV 

(1986-2020)

 

Şəhid Ruslan Tanrıverdi oğlu Rəhimov 1986-cı il iyulun 7-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Ruslan Rəhimov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

VÜSAL OMAROV

(1989-2020)

 

Şəhid Vüsal Şəmsəddin oğlu Omarov 1989-cu ilin bu günü Rusiyanın Kemerovo vilayətində anadan olub. 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Gizir Vüsal Omarov sentyabrın 28-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və Balakən Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ELÇİN AĞAYEV

(1993-2020)

 

Şəhid Elçin Zakir oğlu Ağayev 7 iyul 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Elçin Ağayev oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

ŞƏHRİYAR İSMAYILZADƏ

(1994-2020)

 

Şəhid Şəhriyar Əkbər oğlu İsmayılzadə 1994-cü il iyulun 7-də Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində dünyaya göz açıb. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Şəhriyar İsmayılzadə noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

TELMAN ALLAHVERƏNOV

(1995-2020)

 

Şəhid Telman Fazil oğlu Allahverənov 1995-ci ilin bu günü Mingəçevir şəhərində anadan olub. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub və Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

TURAN ƏLİYEV 

(1996-2020)

 

Şəhid Turan Sulduz oğlu Əliyev 7 iyul 1996-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Turan Əliyev elə həmin gün Füzuli döyüşləri zamanı şəhid olub və noyabrın 27-də doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

RÖVŞƏN MƏDƏTOV

(1998-2020)

 

Şəhid Rövşən Vüqar oğlu Mədətov 1998-ci il iyulun 7-də Şəmkirdə anadan olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rövşən Mədətov noyabrın 9-da şəhid olub və Şəmkirdə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

 

 

YAQUB NƏCƏFOV

(2000-2020)

 

Şəhid Yaqub Məhəmməd oğlu Nəcəfov 2000-ci ilin bu günü Naxçıvan MR-in Culfa şəhərində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik leytenant Yaqub Nəcəfov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Culfa Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 

 

ELMAR MAMEDOV 

(2001-2020)

 

Şəhid Elmar Elçin oğlu Mamedov 7 iyul 2001-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elmar Mamedov oktyabrın 6-da Tərtər döyüşləri zamanı şəhid olub və Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

EDUARD ŞEVARDNADZE

(1928-2014)

 

Gürcüstanın sabiq prezidenti, SSRİ-nin sonuncu Xarici İşlər naziri, Sosialist Əməyi Qəhrəmanı Eduard Amvrosiyeviç Şevardnadzenin anım günüdür. O, 1928-ci il yanvarın 25-də Gürcüstanın Lançxuti şəhərində doğulub. 1946-cı ildə komsomola qəbul olunub və sürətli karyera irəliləyişindən sonra 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalışıb. 1995-2003-cü illərdə Gürcüstan Prezidenti olub. 2003-cü ildə Gürcüstanda baş vermiş olan “Qızılgül inqilabı” nəticəsində hakimiyyətdən devrilib. Eduard Şevardnadze 2014-cü ilin iyulunda Tbilisidə vəfat edib.

 

 

FEYRUZ MUSTAFAYEV

(1933-2018)

 

Azərbaycanın siyasi və dövlət xadimi Feyruz Rəcəb oğlu Mustafayev də bu gün xatırlanır. O, 18 oktyabr 1933-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Burada yeddi illik orta məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib. Moskva İqtisadiyyat İnstitutunda qiyabi təhsil alıb. Samux kolxozunda mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilib. 1992-ci il 4 aprel-16 may tarixlərində Azərbaycanın Baş nazirinin səlahiyyətlərini icra edib. Müxtəlif illərdə Xanlar rayon İcraiyyə Komitəsinin sədri, Aqrar Sənaye Komitəsində sədr müavini, Qaçqınlar Komitəsinin sədri, Baş nazirin birinci müavini, Taxıl Məhsulları Dövlət Şirkətinin, “Azərquşsənaye” Dövlət Şirkətinin və Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti olub. Prezident təqaüdçüsü olan Feyruz Mustafayev 2018-ci ilin iyulunda Gəncə şəhərində vəfat edib.

 

 

RƏFAEL HƏBİBOV

(1964-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Rəfael Şərafət oğlu Həbibovun xatirə günüdür. O, 1964-cü il aprelin 4-də Şirvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini Baltik ətrafında keçirib və gizir rütbəsinə yüksəlib. Leninqradda hərbi məktəbi qurtarıb, leytenant rütbəsinə layiq görülüb. Azərbaycan Milli Ordusunun ilk zabitlərindən olub. 1992-ci ildə Qarabağa göndərilib və bir sıra kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün gedərkən yaralanıb və iyulun 7-də vəfat edib. Şirvan şəhər qəbiristanlığında dəfn edilən Rəfael Həbibov 16 sentyabr 1994-cü ildə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Oxuduğu 14 saylı orta məktəb onun adını daşıyır.

Müəllif | Apa.Tv
Apa.tv