Dünyanın bu günü - 07.10.2020

NİLS BOR

(1885-1962)

 

Dünyaca məşhur danimarkalı fizik Nils Henrik David Bor 1885-ci il oktyabrın 7-də Kopenhagendə doğulub. Kopenhagen Universitetində və Mançesterdə riyazi fizika kursunda təhsil alıb. Atomun ilk kvant nəzəriyyəsini hazırlayıb, atomun quruluşu, kvant mexanikasının əsaslarının işlənilməsində iştirak edib, eyni zamanda atom nüvəsi nəzəriyyəsi və nüvə reaksiyaları məsələlərinə fundamental töhfələr verib. 1920-ci ildən hazırda Nils Bor İnstitutu adlanan Nəzəri Fizika İnstitutunun yaradıcısı və rəhbəri olub, dünya şöhrətli elm məktəbinin əsasını qoyub. Danimarka Kral Elmi Cəmiyyətinin, eləcə də dünyanın əksər nüfuzlu akademiya və elmi cəmiyyətlərinin üzvü olub. Atom bombası əleyhinə mübarizənin aktiv iştirakçısı və atomun quruluşunun öyrənilməsində göstərdiyi xidmətlərə görə 1922-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb. Nils Bor 18 noyabr 1962-ci ildə Kopenhagendə vəfat edib.

 

 

VLADİMİR PUTİN

(1952)

 

Rusiyanın ikinci prezidenti, dövlət və siyasi xadimi Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1975-ci ildən SSRİ DTK-da xidmətə başlayıb. Bir müddət Almaniyada işlədikdən sonra 1989-cu ildə istefaya çıxaraq, Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, Rusiya Təhlükəsizlik Şurasının katibi, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, Prezident Administrasiyası rəhbərinin birinci müavini və Rusiya Federasiyasının baş naziri vəzifələrində çalışıb. Rusiyanın ilk prezidenti Boris Yeltsinin istefasından sonra - 2000-ci ilin martın 26-da ilk dəfə Rusiyanın prezidenti seçilib. Növbəti dövr üçün də yenidən seçkilərin qalibi olub. Dmitri Medvedevin növbəti 4 il üçün prezidentliyi dövründə baş nazir olan Vladimir Putin 2012-ci il seçkilərində yenidən Rusiyanın prezidenti seçilib. O, hazırda dünyanın ən güclü rəhbərlərindən biri hesab olunur.

 

 

CEYHUN NAĞI

(1972-2011)

 

Jurnalist Ceyhun Aşır oğlu Nağıyev 1972-ci ilin bu günü Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. Orta məktəbdə oxuyarkən Azərbaycan Dövlət Neft Akademiyasının keçirdiyi məktəblərarası kimya olimpiadasında II yeri, 1989-cu ildə isə I yeri tutub. 1991-ci ildə hərbi xidmətə yollanıb. Azərbaycan Dillər Universitetinin Alman dili filologiyası fakültəsində təhsil alıb. 1998-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətində çalışmağa başlayıb. Sonradan "Yeni Müsavat", "Müstəqil qəzet", "Həftə içi" və digər mətbu orqanlarda işləyib. Ceyhun Nağı 10 avqust 2011-ci ildə ürək tutmasından vəfat edib.

 

 

MİKAYIL HÜSEYNOV 

(1905-1992)

 

SSRİ-nin xalq memarı, Azərbaycanın əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Ələsgər oğlu Hüseynovun anım günüdür. O, 1905-ci il aprelin 19-da Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsində təhsil alıb. 1930-1959-cu illərdə memar, sonradan "Azərdövlətmemarlayihə"də 1-ci memarlıq emalatxanasının rəhbəri vəzifəsində çalışıb. "Azərdövlətlayihə"də məsləhətçi, Azərbaycan Memarlar İttifaqının sədri olub. AZƏRTAC-ın yerləşdiyi binanın da müəllifi olduğu görkəmli memar Mikayıl Hüseynov 200-dən çox layihə yaradıb. Onun layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, Düşənbə, Moskva və digər şəhərlərdə mədəni-məişət binaları tikilib. Azərbaycan Elmlər Akademiyasının binalar kompleksi, “Nizami” və “Elmlər Akademiyası” metro stansiyaları, “Azərbaycan”, “Abşeron” və “Moskva” mehmanxanaları yaradıcılığında xüsusi yer tutur. Onun təşəbbüsü ilə 1992-ci ildə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradılıb və qurumun ilk prezidenti olub. Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü olan Mikayıl Hüseynov 1992-ci il oktyabrın 7-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

AKİF ƏLİYEV

(1973-1992)

 

Şəhid Akif Yasin oğlu Əliyevin xatirə günüdür. O, 15 mart 1973-cü ildə Qərbi Azərbaycanın Amasya rayonunda doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycandan deportasiya olunub. 1991-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, 702-ci hərbi hissənin avtomatçısı olub. Akif Əliyev 7 oktyabr 1992-ci ildə Ağdərə rayonunda həlak olub və paytaxtın Bakıxanov qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv