Dünyanın bu günü - 07.12.2020
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ PARLAMENTİNİN AÇILIŞI
(1918)
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin açılışı olub. Açılışda 120 millət vəkilindən 96-sı iştirak edib. Parlamentin ilk iclasını Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə açaraq, qısa təbrik nitqindən sonra sözü hökumətin başçısı Fətəli Xan Xoyskiyə verib. Xoyski hökumətin daxili və xarici siyasəti barədə hesabat xarakterli məruzə ilə çıxış edib. Müzakirələrdən sonra Əlimərdan bəy Topçubaşov yekdilliklə Parlamentə sədr, Həsən bəy Ağayev sədr müavini seçilib. Təzə hökuməti təşkil etmək vəzifəsi yenidən Fətəli Xan Xoyskiyə tapşırılıb.
FƏTƏLİ XAN XOYSKİ
(1875-1920)
Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Fətəli xan Xoyski 7 dekabr 1875-ci ildə Şəki şəhərində anadan olub. 1901-ci ildə Moskva Universitetini bitirdikdən sonra təxminən 15 il ərzində Gəncə, Suxumi, Batumi, Kutaisi və Bakıda məhkəmə sistemində çalışıb. Rusiya Dövlət Dumasına deputat seçilib. 28 may 1918-ci ildə istiqlaliyyətin elanından sonra Azərbaycan Milli Şurası Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökuməti təşkil edib. 1919-cu ilin martınadək həmin hökumətə başçılıq edib. Bu müddət ərzində Azərbaycan hökuməti dövlət hakimiyyətinin strukturunu yaradıb və möhkəmləndirib, bank sistemini təşkil edib, ilk milli əsginaslar və poçt markalarını dövriyyəyə buraxıb, Azərbaycan dilində məktəblər açıb və digər dövlət əhəmiyyətli tədbirlər həyata keçirib. 1919-cu ilin martından sonra hökumətdə xarici işlər naziri vəzifəsində çalışıb. 27 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra Fətəli xan Xoyski Tiflisə köçüb və 1920-ci il iyunun 19-da burada erməni terrorçuları tərəfindən qətlə yetirilib. Tiflisin Botanika Bağında dəfn olunub.
HƏSƏNAĞA SADIQOV
(1950-2018)
Azərbaycanın əməkdar artisti, musiqiçi Həsənağa Bilal oğlu Sadıqov 1950-ci ilin bu günü Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Salyan şəhər 2 saylı orta məktəbini, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetini “Mədəni-maarif işi” ixtisası üzrə bitirib. Görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb, 6-7 yaşlarından atasının və babasının yanında toylara gedib. 1963-cü ildə Bakıda onun ilk kaseti çıxıb, zərb alətlərində bacarıqla ifa etdiyi mahnı və ritmlərlə məşhurlaşıb. ABŞ, Norveç, Vyetnam, Almaniyada və Afrika qitəsinin bir çox ölkələrində konsert proqramı ilə çıxış edib. Onun təşəbbüsü ilə yaradılan “Mahirlər” ailə ansamblı bu gün də fəaliyyət göstərir. Həsənağa Sadıqov 2018-ci il avqustun 1-də vəfat edib və Salyan rayonunun Noxudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
FİRUDİN HAŞIMZADƏ
(1935-2018)
AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Haşımzadə 1935-ci il dekabrın 7-də Bakıda Azərbaycanın ilk fiziklərindən biri olan Məmmədəli Uğur oğlu Haşımzadənin ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. Azərbaycan EA-nın Fizika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri, direktor və baş elmi işçi vəzifələrində çalışıb. Elmi fəaliyyəti ilə yanaşı, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində mühazirələr oxuyub. "Fizika" elmi jurnalının və yarımkeçiricilərin nəzəriyyəsi sahəsində elmi məktəbin yaradıcısıdır. 150-dən çox elmi əsərin və 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 11 elmlər doktoru, 22 fəlsəfə doktoru hazırlanıb. Azərbaycan Dövlət Mükafatına və AMEA-nın “Nəsirəddin Tusi” adına mükafatına layiq görülüb. Akademik Firudin Haşımzadə 28 sentyabr 2018-ci ildə Bakıda vəfat edib.
RƏŞAD NURİ GÜNTƏKİN
(1889-1956)
Türkiyənin məşhur yazıçısı Rəşad Nuri Güntəkinin anım günüdür. O, 25 noyabr 1889-cu ildə İstanbulda anadan olub. Çanaqqalada orta məktəbində, İzmirdəki Frerlər məktəbində və İstanbul Universitetinin Ədəbiyyat fakültəsində təhsil alıb. Müxtəlif liseylərdə fransız və türk dillərindən dərs deyib. Maarif müfəttişi, tələbə müfəttişi vəzifələrində çalışıb, İstanbul Şəhər Teatrının ədəbi şurasında fəaliyyət göstərib. 1939-1946-cı illərdə millət vəkili olub. Yaradıcılığında Türkiyə həyatının geniş realist təsvirini, sosial problemlərin, şəxsiyyət və cəmiyyət münasibətlərinin aydın mənzərəsini yaradıb. Azərbaycanda onun “Çalı quşu”, “Damğa”, “Dodaqdan qəlbə” roman və povestləri populyarlıq qazanıb. Rəşad Nuri Güntəkin 1956-cı il dekabrın 7-də müalicə üçün getdiyi Londonda ağciyər xəstəliyindən dünyasını dəyişib və İstanbulda dəfn edilib.
ZÜMRÜD AXUNDOVA
(1912-1961)
İlk azərbaycanlı qadın alim, pedaqoq Zümrüd Qulam qızı Axundovanın xatirə günüdür. O, 1912-ci il martın 1-də Şəkidə anadan olub. Bakı Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda təhsil alıb. Bakının müxtəlif ali məktəblərində pedaqoji fəaliyyətlə məşğul olub, 1943-1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutda pedaqogika kafedrasına rəhbərlik edib, 1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində çalışıb. İkinci Dünya Müharibəsi dövründə universitet qəzetinin redaktoru olub, uşaq ədəbiyyatının inkişafına dair elmi araşdırmalarını müntəzəm olaraq "Azərbaycan qadını" jurnalında çap etdirib. Azərbaycanda qadın təhsili tarixini ilk dəfə tədqiq edən Zümrüd Axundova 7 dekabr 1961-ci ildə Bakıda vəfat edib. O, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı, əməkdar elm xadimi Araz Dadaşzadənin anasıdır.
NƏCİBƏ BEHBUDOVA
(1914-1999)
Azərbaycanın əməkdar artisti, teatr və kino aktrisası Nəcibə Məcid qızı Behbudova da bu gün xatırlanır. O, 1914-cü il yanvarın 6-da Tiflisdə anadan olub. Tiflisdəki əmək məktəbində, Bakıda Hidrologiya Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün sinfində dərs alıb. Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasında, Tiflis Dövlət Azərbaycan Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. "Ulduz", "Araqarışdıranlar", "Bəyin oğurlanması", "Fəryad" və başqa filmlərdə çəkilib. Nəcibə Behbudova 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub. O, xanəndə Məcid Behbudovun qızı, SSRİ xalq artisti, müğənni Rəşid Behbudovun böyük bacısı, müğənni Cəfər Behbudovun anasıdır.
RAFİQ SARIVƏLLİ
(1937-2004)
Fəlsəfə elmləri doktoru, professor Rafiq Osman oğlu Qurbanovun anım günüdür. O, 1937-ci il iyunun 11-də Bakıda xalq şairi Osman Sarıvəllinin ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. Azərbaycan EA-nın Kimya İnstitutunda, Fəlsəfə və Hüquq İnstitutunda, Rusiya EA-nın Fəlsəfə İnstitutunda işləyib. Moskva Dövlət Universitetində, Moskva Fizika və Texnika institutlarında dərs deyib. 200-dən artıq elmi əsərin, habelə "Fizikada fəlsəfi əlaqələr kateqoriyası" monoqrafiyasının müəllifidir. Əsərləri xarici dillərdə çap edilib. Rafiq Sarıvəlli 2004-cü il dekabrın 7-də Moskvada vəfat edib və Azərbaycanın Qazax rayonunda dəfn olunub.
GÜLBƏNİZ ƏZİMZADƏ
(1947-2006)
Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı qadın kinorejissorlardan biri Gülbəniz Yusif qızı Əzimzadənin xatirə günüdür. O, 1947-ci il aprelin 26-da Bakıda anadan olub. 1963-1968-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir sıra filmlərin quruluşçu rejissoru olub. "Nəğmə dərsi", "Təkcə adanı özünlə apara bilməzsən" qısametrajlı bədii filmləri isə ona böyük uğur qazandırıb və fəxri mükafatlara layiq görülüb. Gülbəniz Əzimzadə 2006-cı il dekabrın 7-də Bakıda vəfat edib.