Dünyanın bu günü - 08.01.2021

LEYLA BƏDİRBƏYLİ

(1920-1999)

 

Azərbaycanın xalq artisti Leyla Ağalar qızı Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. 1937-1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının solisti olub. Sonra Azərbaycan Dram Teatrına dəvət edilib. Bir çox tamaşalarda və filmlərdə yaddaqalan obrazlar yaradıb. 1975-ci ildən kinostudiyada çalışıb. “Arşın mal alan” filmində Gülçöhrə, “Fətəli xan”da Tutibikə, “Onun böyük ürəyi”ndə Xalidə, “Dəli Kür”də Zərnigar və başqa rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

ELVİS PRESLİ

(1935-1977)

 

Amerikalı müğənni və aktyor Elvis Presli 1935-ci il yanvarın 8-də ABŞ-ın Missisipi ştatının Tyüpelo şəhərində dünyaya gəlib. 1938-ci ildə atası saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra ailənin vəziyyəti daha da ağırlaşıb. 1948-ci ilin sentyabrında Preslilər ailəsi ailə başçısının – Elvisin atasının tezliklə özünə iş tapacağı ümidi ilə Memfisə köçüb. Memfisdə Elvis müasir musiqi ilə daha dərindən maraqlanmağa başlayıb. 1953-cü ildə məktəbi bitirən 18 yaşlı Elvis işə düzəlib və yük maşını sürücüsü işləməyə başlayıb. Məhz bu dövrdə o, Sem Fillipsə məxsus səsyazma studiyasına baş çəkmək və gitarasının müşayiəti ilə cəmi səkkiz dollara bir neçə mahnı yazdırmaq qərarına gəlib. 1956-cı il ona təkcə Amerikada deyil, həm də bütün dünyada şöhrət qazandırmaqla taleyində dönüş ilinə çevrilib. Havaydakı konsertindən bir neçə həftə sonra Las-Veqasda 8 il dalbadal verdiyi konsertlər silsiləsini davam etdirib. Elvis Presli 1977-ci il avqustun 18-də ürək tutmasından Memfisdə vəfat edib.

 

 

STİVEN HOKİNQ

(1942-2018)

 

Müasir dövrün ən məşhur fiziklərindən biri olan Stiven Hokinq 1942-ci ilin bu günü Oksfordda dünyaya gəlib. 1962-ci ildə Oksford Universitetini bitirib və nəzəri fizika ilə məşğul olmağa başlayıb. ALS xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ömrü boyu elmə çoxsaylı töhfələr verib. 2007-ci ildə xüsusi təyyarədə yaradılmış çəkisizlik vəziyyətini sınayan ilk insan olub. Stiven Hokinq riyaziyyat və elm sahəsində bir çox mükafatlara layiq görülüb. 2009-cu ildə ABŞ Prezidenti Barak Obama alimi “Azadlıq” Prezident Medalı ilə təltif edib. Stiven Hokinq 14 mart 2018-ci ildə İngiltərənin Kembric şəhərində vəfat edib.

 

 

AFİYƏDDİN CƏLİLOV

          (1946-1994)

 

Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Afiyəddin Cəlil oğlu Cəlilov 8 yanvar 1946-cı ildə Naxçıvan şəhərində doğulub. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu, 1981-ci ildə Moskvada Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini və Azərbaycan Prezidentinin müşaviri vəzifələrində çalışıb. 1994-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti seçilib. Afiyəddin Cəlilov 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

QALİLEO QALİLEY

        (1564-1642)

 

İtalyan alimi, mexanik, fizik, astronom, riyaziyyatçı, müasir fizika və astronomiya elmlərinin və elmi düşüncənin banilərindən biri Qalileo Qalileyin anım günüdür. O, 1564-cü il fevralın 15-də İtaliyanın Piza şəhərində anadan olub. İlk təhsilini Florensiyada alıb, daha sonra 1581-ci ildə Piza Universitetində tibb təhsilinə başlayıb. 1592-ci ildə Pizanı tərk edərək, Paduya Universitetində riyaziyyat kafedrasına gedib. O, ilk dəfə öz astronomik borusunu 1610-cu il yanvarın 7-də gecə Aya tərəf yönəldib. 1597-ci ildə ilk termometr hesab edilən termoskopu qurub, istilik hadisələrini öyrənməkdə bu cihazın böyük rolu olub. Qalileo Qaliley 1642-ci il yanvarın 8-də Florensiya yaxınlığındakı Arçetridə dünyasını dəyişib.

 

 

ZAKİR BAĞIROV

(1916-1996)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırovun xatirə günüdür. O, 16 mart 1916-cı ildə Şuşada anadan olub. 1949-cu ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1970-ci ildən musiqi nəzəriyyəsi kafedrasının müdiri işləyib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib və Fəlsəfə kafedrasında saxlanılıb. SSRİ EA Fəlsəfə İnstitutunun aspiranturasında təhsilin davam etdirib. Azərbaycan Elmlər Akademiyasında Fəlsəfə şöbəsinin müdiri, 42 yaşında Azərbaycanın mədəniyyət naziri təyin olunub. Bir çox teatr tamaşası və kinofilmlərə musiqi yazıb. "Şərəf Nişanı" ordeni ilə təltif edilən Zakir Bağırov 8 yanvar 1996-cı ildə Bakıda vəfat edib.

 

 

PÜSTƏXANIM ƏZİZBƏYOVA 

(1928-1998)

 

Azərbaycan EA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor Püstəxanım Əzizağa qızı Əzizbəyova da bu gün xatırlanır. O, 1928-ci il dekabrın 29-da Bakıda do­ğul­ub. Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tarix fakültə­sində təhsil alıb. Lenin Mu­ze­yin­də ekskursi­yaçı, 26 Bakı Komissarlarından biri olan babası Mə­şədi Əzizbəyovun ev-muzeyinin direktoru, Azərbaycan Tarixi Mu­zeyinin Ən yeni tarix şöbə­sinin müdiri və direktoru vəzifəsində çalışıb. Bakının müxtəlif ali mək­təb­lə­rin­də dərs de­yib, uzun müddət Ümum­it­ti­faq “Bilik” Cəmiyyətinin Bakı bölmə­sinə baş­çı­lıq edib. Bir çox mo­no­qra­fiya və müxtəlif həcmli nəşrlərin, o cüm­lə­dən 300-ə yaxın məqalənin müəllifidir. “Qırmızı Əmək Bay­rağı”, “Şərəf nişanı” ordenləri, “Rəşa­dətli əmə­­­yə görə” medalı ilə təl­tif olunan Püstəxanım Əziz­­bəyova 1998-ci il yanvarın 8-də Bakıda vəfat edib.

 

 

ƏLİ ƏKBƏR HAŞİMİ RƏFSƏNCANİ

(1934-2017)

 

İranın dördüncü prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin xatirə günüdür. O, 1934-cü il avqustun 25-də İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində dünyaya gəlib. 1948-ci ildə Qum şəhərinə dini təhsil almağa gedib. Burada dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırıb. 1958-ci ildə ayətullah Ruhulla Xomeyninin müridi, 1979-1980-cı illərdə İranın daxili işlər naziri, 1980-1989-cu illərdə Məclisin sədri, 1989-1997-ci illərdə İran prezidenti olub. 1980-1988-ci illər İran-İraq müharibəsinin son ilində İran Silahlı Qüvvələrinin baş komandanı təyin edilib və müharibənin bitməsində mühüm rol oynayıb. Əli Əkbər Haşimi Rəfsəncani 8 yanvar 2017-ci ildə vəfat edib və Tehranda dəfn olunub.

 

 

RÖVŞƏN RZAYEV

 (1969-1999)

 

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Rzayevin anım günüdür. O, 15 oktyabr 1969-cu ildə Bakının Sahil qəsəbəsində doğulub. 1986-cı ildə buradakı 253 saylı orta məktəbi bitirərək, Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. 1992-ci ildə Milli Orduya yazılaraq, tez-tez cəbhəyə getməyə başlayıb. 8 yanvar 1999-cu ildə Qobustan təcridxanasında bir qrup məhbus qiyam qaldırıb, əsgərlər girov götürülüb. Bu hadisəni eşidən Rövşən dərhal həbsxanaya yollanıb və məhbuslarla belə razılığa gəlib ki, əsgərlər azad edilir, əvəzində isə Rövşənin özü girov qalır. Bu təhlükəli şərti qəbul edən polis kapitanı Rövşən Rzayev xidməti vəzifəsini yerinə yetirərkən məhbuslar tərəfindən qətlə yetirilib. Azərbaycan Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Rzayev Rövşən Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sahil qəsəbəsində adına park var, həmin parkda büstü qoyulub.

 

 

RƏCƏB MUSAYEV

(1975-2011)

 

Azərbaycanlı müğənni, aparıcı Rəcəb Zakir oğlu Musayev də bu gün xatırlanır. O, 1975-ci il mayın 25-də anadan olub. Bakı şəhərində yerləşən 88 saylı məktəbdə, Türkiyənin Anadolu Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2005-ci ildə ATV kanalında yayımlanan "Yeni Ulduz-2" musiqi müsabiqəsinin qalibi olub. Azərbaycan Televiziyasında yayımlanan "Əsgər anı" adlı yumoristik verilişin aparıcı və aktyorlarından biri olub. Rəcəb Musayev 2011-ci il yanvarın 8-də Sabunçu rayonu ərazisində baş verən avtomobil qəzasında həlak olub.

Müəllif | Apa.Tv
Apa.tv