Dünyanın bu günü - 08.02.2021

HƏBİB BƏY SƏLİMOV 

(1881-1920)

 

Cümhuriyyət Ordusunun ilk Baş Qərargah rəisi, general-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov 1881-ci il fevralın 8-də İrəvanda anadan olub. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olub. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında “Müqəddəs Vladimir” ordeni ilə təltif edilib. 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa  sərhədində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Ordunun dəftərxana rəisliyi ilə yanaşı, Azərbaycan korpusunun Baş Qərargah rəisi vəzifəsində çalışıb, qısa müddətdə Lənkəranın qubernatoru olub. Cümhuriyyətin Hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun əmri ilə Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif olunub. 1920-ci ilin martında Əsgəran müharibəsi adı ilə məşhur olan döyüşlərin qəhrəmanıdır. Aprel işğalından sonra Həbib bəy Səlimov Naxçıvanın hərbi komissarı olub, lakin bolşeviklərlə işləməyi rədd etdiyi üçün 1920-ci ilin 1 sentyabrında həbs edilib və dekabrın 30-da güllələnilib.

 

 

ƏBDÜLHƏMİD BƏY QAYTABAŞI

 (1884-1920)

 

Cümhuriyyət Ordusunun general-mayoru Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı 8 fevral 1884-cü ildə Tiflis quberniyasında doğulub. 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirib. Təhsilini bitirdikdən sonra Şamaxıda yerləşən Yelizavetpol korpusunun 261-ci Piyada Alayının leytenantı kimi təyinat alıb. I Dünya Müharibəsi başlanan zaman Qafqaz Korpusunun 52-ci Hərbi birləşməsinin 205-ci piyada bölüyünün komandanı kimi müharibədə iştirak edib. Döyüşlərdə göstərdiyi üstün rəşadətə görə IV dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə təltif edilib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə general-mayor rütbəsinə layiq görülüb. 1920-ci il martın 1-dən fəaliyyətə başlayan Azərbaycan Ordusunun Baş Qərargahında növbətçi generalın idarəsinə rəhbərlik edib. Aprel işğalından sonra qısa müddətə Azərbaycan SSR-in Baş Qərargah rəisi vəzifəsini icra edib. Əbdülhəmid bəy Qaytabaşı 1920-ci ilin iyunun 12-də Gəncə üsyanında əli olmasında ittiham edilərək güllələnib.

 

 

TOFİQ ƏHMƏDOV

 (1924-1981)

 

Azərbaycanın xalq artisti, dirijor, bəstəkar, ifaçı və musiqi təşkilatçısı Tofiq Qəzənfər oğlu Əhmədov 1924-cü il fevralın bu günü Bakıda anadan olub. 1941-ci ildə yeni yaranan Estrada Simfonik Orkestrinə klarnet və saksofon ifaçısı kimi daxil olub. 1942-1945-ci illərdə Xəzər Donanmasının estrada ansamblında işləyib. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəfəsli alətlər şöbəsinin klarnet sinfini bitirib. 1957-ci ildə “Biz Bakıdanıq” adlı estrada orkestrini yaradıb. 1961-ci ildən Azərbaycan Televiziya və Radiosunun “Biz Bakıdanıq” estrada ansamblı əsasında estrada orkestri yaradıb və ömrünün son günlərinə qədər orkestrdə səmərəli fəaliyyət göstərib. Tofiq Əhmədov 1981-ci il martın 21-də dünyasını Bakıda dəyişib.

 

 

NAZİM HACIBƏYOV

 (1928)

 

Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevralın bu günü Bakıda anadan olub. 1951-ci ildə Daşkənd Politexnik İnstitutunu bitirib. 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 1950-1960-cı illərdə Özbəkistanda işləyib, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilib. XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləyib. 1970-1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olub. “Gülüstan” sarayının layihəsinə görə Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülüb. “Şöhrət” ordeni ilə təltif olunan Nazim Hacıbəyov Prezident təqaüdçüsüdür. O, əməkdar artist, müğənni Cahan Talışinskayanın oğludur.

 

 

VYAÇESLAV TİXONOV

(1928-2009)

 

SSRİ xalq artisti, aktyor Vyaçeslav Vasilyeviç Tixonov 1928-ci il fevralın 8-də Moskva quberniyasının Pavlovski-Posad şəhərində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Kinoda ilk dəfə 1948-ci ildə "Gənc qvardiya" filmində çəkilib. Onun ən məşhur rolu "Baharın on yeddi anı" filmindəki Otto fon Ştirlis rolu olub. Aktyorun özünün ən çox sevdiyi rolu isə "Qaraqulaq və ağ Bim"dəki tənha qoca roludur. “Lenin”, “Oktyabr İnqilabı”  və başqa orden, medallara layiq görülən Vyaçeslav Tixonov 2009-cu il dekabrın 4-də Moskvada vəfat edib.

 

 

MƏMMƏDAĞA HÜSEYNOV

(1929-2002)

 

Azərbaycanın xalq rəssamı, boyakar Məmmədağa Hüseynağa oğlu Hüseynov 8 fevral 1929-cu ildə Bakıda dünyaya gəlib. 1949-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olub. 1955-ci ildə oranı bitirərək Bakıya qayıdıb və "Azərbaycanfilm"də yaradıcı fəaliyyətə başlayıb. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edib. Azərbaycanda və xarici ölkələrdə keçirilən sərgilərdə iştirak edib. Məmmədağa Hüseynov 2002-ci il yanvarın 20-də Bakıda vəfat edib.

 

 

CEYHUN ABBASOV 

(1986-2020)

 

Şəhid Ceyhun Natiq oğlu Abbasov 1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonundakı Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, snayper taborunun komandiri olub. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində və 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Ceyhun Abbasov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. 2016-cı ildə "Hərbi xidmətlərə görə", ölümündən sonra "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

 

CABİR TARVERDİYEV 

(1987-2020)

 

Şəhid Cabir Səmid oğlu Tarverdiyev 8 fevral 1987-ci ildə Füzuli rayonunda anadan olub. 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıdıb, tankçı olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı iki dəfə yaralansa da, yenidən xidmətə qayıdıb. Gizir Cabir Tarverdiyev noyabrın 8-də Şuşa Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olub və Füzuli rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

TALEH ABDULLAYEV 

(1993-2020)

 

Şəhid Taleh Temraz oğlu Abdullayev 1993-cü ilin bu günü Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1999-2010-cu illərdə kənd orta məktəbində təhsil alıb. 2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Taleh Abdullayev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏŞRƏF ABBASOV

 (1920-1992)

 

Azərbaycanın xalq artisti, bəstəkar, pedaqoq, professor Əşrəf Cəlal oğlu Abbasovun xatirə günüdür. O, 1920-ci il martın 23-də Şuşa şəhərində anadan olub. Orta məktəbi tarix ixtisası üzrə Şuşada bitirib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. 1953-1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında rektor, 1957-1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. 1965-ci ildə ilk Azərbaycan uşaq baleti olan “Qaraca qız”ı yazıb. Əşrəf Abbasov 1992-ci il fevralın 8-də Bakıda dünyasını dəyişib.

 

 

ZƏRNİGAR AĞAKİŞİYEVA

            (1945-2018)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Zərnigar Fəti qızı Ağakişiyeva da bu gün xatırlanır. O, 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində doğulub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb. 1974-cü ildən Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm"in istehsal etdiyi bir çox filmlərdə çəkilib. 2014-cü ildə “Şöhrət” ordeninə, 2015-ci ildə “Cəfər Cabbarlı” mükafatına layiq görülüb. Zərnigar Ağakişiyeva 2018-ci il fevralın 8-də Bakıda vəfat edib.

 

 

CEM KARACA 

(1945-2004)

 

Türkiyənin məşhur rok ifaçısı, Anadolu rok üslubunun yaradıcılarından biri Cem Karacanın anım günüdür. O, 1945-ci il aprelin 5-də İstanbulda doğulub. Atası Azərbaycan, anası erməni əsilli olub. Məktəb illərində dostları ilə ilk rok qrupu yaradıb. “Apaşlar”, “Kardeşler”, “Monqollar” və “Dervişan” kimi bir çox tanınmış qruplarda iştirak edib. 1961-ci ildə “Hamlet” tamaşasında oynayaraq teatra ilk addımını atıb. Bir sıra bədii filmlərdə rol alıb. 2001-ci ildə Murat Toz, Barış Gökər və Çingiz Tuncər ilə trio olaraq səhnəyə çıxmağa başlayıb. 2002-ci ildə “Yol Arkadaşları” adlı qrup yaradıb. Ömrünün son illərində isə barlarda səhnəyə çıxıb. Cem Karaca 8 fevral 2004-cü ildə İstanbulda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv