Dünyanın bu günü - 08.03.2021
BEYNƏLXALQ QADINLAR GÜNÜ
(1910)
8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü Qadın Günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.
İSMAYIL BƏY QASPIRALI
(1851-1914)
XIX əsrin sonu, XX əsrin əvvəllərində Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, “üsuli-cədid” hərəkatının və tatar mətbuatının banisi kimi şöhrət tapmış, bütün türkçülük hərəkatının mərkəzi siması hesab edilən İsmayıl bəy Qaspıralı 1851-ci ilin bu günü Baxçasaray yaxınlığındakı Ovçu kəndində anadan olub. 1861-ci ildə Ağməscid gimnaziyasına daxil olub və orada 2 il təhsil alıb. Daha sonra təhsilini Voronej və Moskva hərbi məktəblərində davam etdirib. Öz düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən "Tərcüman" qəzeti vasitəsilə yayıb. 1869-cu ildə Yaltanın Dərəkənd məktəbinə müəllim təyin edilsə də, burada iki il işlədikdən sonra, 1871-ci ildə Baxçasaraya qayıdaraq “Zincirli” məktəbində rus dili müəllimi kimi fəaliyyətini davam etdirib. Daha sonra hərbi təhsilini tamamlamaq üçün 1872-ci ildə Parisə gedib. Bir il sonra türk zabiti olmaq arzusu ilə Parisdən İstanbula gəlsə də, bu istəyinə çatmadan 1875-ci ildə Krıma geri dönüb. 1878-ci ildə Baxçasaray şəhər bələdiyyəsinin sədri seçilib və 1882-ci ilədək bu vəzifədə çalışıb. 1879-cu ildə qəzet çıxarmaq məqsədilə hökumətə ərizə ilə müraciət etsə də, çar hökuməti bu müraciəti dörd il rədd edib. 1907-ci ilin sentyabr ayında Qahirə toplantısında Müsəlmanlar Konqresinin keçirilməsi təşəbbüsü ilə çıxış edib və 1906-cı ildə “dil, fikir, iş birliyinə xidmət naminə” “Millət” qəzetini çap etdirib. İsmayıl bəy Qaspıralı 1914-cü il sentyabrın 11-də 63 yaşında vəfat edib və Baxçasaraydakı “Zincirli” mədrəsəsinin həyətində yerləşən Menqli Gərayxan həzrətləri türbəsinin yanında dəfn edilib. O, ilk müsəlman qadın hərəkatının lideri Şəfiqə Qasprinskayanın atası, Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin qay;natasıdır.
ƏLİ BƏY HAŞIMBƏYOV
(1856-1920)
Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru, Qars vilayəti qubernatorunun köməkçisi olmuş general-mayor Əliyar bəy Haşımbəyovun doğum günüdür. O, 1856-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olub. 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlayıb. 1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülüb və həmin il Qars vilayətinin hərbi rəisi təyin edilib. Birinci Dünya müharibəsində 3-cü Qafqaz araba-karvan briqadasının komandiri olub, 1917-ci ildə isə istefaya çıxıb. Bir il sonra Azərbaycan Milli ordusunda könüllü xidmətə başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini, Hərbi İntendant İdarəsinin rəisi vəzifələrində xidmət göstərib. 1920-ci ildə Zaqatala qəzasının general-qubernatoru, daha sonra Cənub-qərbi Azərbaycanın general-qubernatoru olub. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra həbs olunub. Ağır işgəncələrdən sonra Ali İnqilabi Tribunalın hökmü ilə 1920-ci il mayın 29-da gecə ilə Nargin adasında güllələnib.
MƏMMƏDRZA AĞA VƏKİLOV
(1864-1944)
Cümhuriyyət Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri, Bakıda ilk poliklinika xidmətinin və ambulator yardımın təşkilatçısı, Bakının ilk sahə həkimi, Zaqafqaziya Tibb Cəmiyyətinin həqiqi üzvü Məmmədrza ağa Mənsur ağa oğlu Vəkilov 1864-cü ilin bu günü Qazax qəzasının Salahlı kəndində dünyaya gəlib. 1876-cı ildə I Tiflis klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra 1887-ci ildə Xarkov Universitetinin tibb fakültəsinə daxil olub. 1893-cü ildə universiteti bitirdikdən sonra üç il Tiflisdəki Muxayovsk xəstəxanasında həkim işləyib. 1896-cı ildə Qars dəmiryolu xəttinə sərbəst işə - sahə həkimi, iki il sonra isə həmin xəstəxanaya müdir təyin olunub. Bundan sonra Bakıdakı dəmiryolu xəstəxanasına həkim-ordinator göndərilib. Əhalinin ambulator müalicəyə ehtiyacı olduğunu gördüyündən, Bakıda ilk poliklinika təşkil edib. Bakı Tibb Cəmiyyəti, Şəhər Duması qarşısında müalicəxanaların artırılması barədə dəfələrlə məsələ qaldırıb və Bakı şəhərində 10 poliklinika açıb. 1909-cu ildən başlayaraq 1-ci şəhər pulsuz müalicəxanasının baş həkimi vəzifəsində çalışmağa başlayıb. Məmmədrza Ağa Vəkilov 1944-cü ildə Bakı şəhərində vəfat edib.
AĞADADAŞ QURBANOV
(1911-1965)
Azərbaycanın xalq artisti Ağadadaş Qurban oğlu Qurbanov 8 mart 1911-ci ildə Bakıda dünyaya gəlib. Aktyor kimi fəaliyyətə Gənc Tamaşaçılar Teatrında başlayıb, sonralar Dram Teatrına dəvət alıb. Həm teatrda, həm də kinoda yaratdığı dramatik və komik obrazlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Ağadadaş Qurbanov 1965-ci il iyunun 22-də Salyanda mehmanxananın eyvanının qəfildən uçması nəticəsində faciəli şəkildə həlak olub və Bakıda Fəxri Xiyabanda dəfn olunub. Qeyd edək ki, görkəmli sənətkar opera müğənnisi Gülxar Həsənovanın həyat yoldaşı, aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın atasıdır.
ŞAMAMA ƏLƏSGƏROVA
(1904-1977)
Həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı Şamama Məmmədkərim qızı Ələsgərova 1904-cü il martın 8-də İrəvanda anadan olub. İlk təhsilini gimnaziyada alıb. O, Abdulla İbrahimovla ailə həyatı qurub, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladları dünyaya gəlib. Ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olan Şamama xanım 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanıb. Əmək fəaliyyətinə müharibə illərindən başlayıb. Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olub. 1945-ci ildə Bakıdakı 5 nömrəli klinik doğum evinin baş həkimi təyin olunub və ömrünün sonuna kimi həmin vəzifəni yerinə yetirib. 1958-ci ildə “Səhiyyə əlaçısı”, iki il sonra respublikanın əməkdar həkimi, 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin bacısı olan Şamama Ələsgərova 2 aprel 1977-ci ildə Bakı şəhərində vəfat edib.
CEYRAN HAŞIMOVA
(1934)
Azərbaycanın xalq artisti, tarzən Ceyran Əsəd qızı Haşımova 8 mart 1934-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb. Daha sonra burada müəllim kimi fəaliyyət göstərib və Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində saz qrupunun konsertmeysteri olub. 8 Mart 1964-cü ildə tarixdə ilk dəfə olaraq Azərbaycan xalq çalğı alətlərindən ibarət "Lalə" qızlar ansamblını yaradıb. Bir sıra medallara və fəxri adlara layiq görülüb. Ceyran Haşımova "Rast" qrupunun bədii rəhbəri, əməkdar artist Rəşad Haşımovun anasıdır.
AĞAMALI SADİQ ƏFƏNDİ
(1947-1995)
Şair, jurnalist və publisist Ağamalı Sadiq Əfəndi 1947-ci ilin bu günü Qazax rayonunun Qaymaqlı (İncə dərəsi) kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi 1964-cü ildə burada bitirib. Əmək fəaliyyətinə Sumqayıt superfosfat zavodunda elektrik montyoru kimi başlayıb. Azərbaycan Dövlət Universitetin jurnalistika fakültəsini bitirib. 1979-cu ildən şeir, hekayə və publisist yazıları ilə dövri mətbuatda müntəzəm çıxış edib. Əsərləri türk, rus və özbək dillərinə tərcümə olunub. "Yazıçı" nəşriyyatında korrektor, "Maarif" nəşriyyatında redaktor, "Ulduz" jurnalında ədəbi işçi, Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb. 1991-ci ildə "Müxalifət" qəzetini yaradıb və onun ilk baş redaktoru olub. Milli azadlıq hərəkatının fəal öncülü, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri və təsis konfransının təşkilatçısı olub. Ağamalı Sadiq Əfəndi 12 dekabr 1995-ci ildə vəfat edib və doğulduğu Qaymaqlı kəndində torpağa tapşırılıb, iki oğlu yadigar qalıb.
NÜBAR NOVRUZOVA
(1958)
Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Nübar Qulu qızı Novruzova 1958-ci il martın 8-də Naxçıvanda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil alıb. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilib. 15 filmdə çəkilən Nübar Novruzova 10 dekabr 2018-ci ildə xalq artisti fəxri adına layiq görülüb.
BAFADAR SƏFƏROV
(1923-1990)
20 Yanvar şəhidi Bafadar Ağamirzə oğlu Səfərov 1923-cü il martın 8-də anadan olub. İkinci Dünya müharibəsinin iştirakçısı olub. Müharibədən sonra 25 il milis orqanlarında işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet əsgərləri tərəfindən atəşə tutularaq şəhid olub və Şəhidlər Xiyabanında dəfn edilib.
MÜŞFİQ MECİDOV
(1997-2020)
Şəhid Müşfiq Bayram oğlu Mecidov 8 mart 1997-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Müşfiq Mecidov oktyabrın 8-də Ağdərə döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
SEYFƏDDİN DADAŞOV
(1999-2020)
Şəhid Seyfəddin Məhiyyəddin oğlu Dadaşov 1999-cu il martın 8-də Beyləqan rayonunun Mayak kəndində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Seyfəddin Dadaşov oktyabrın 31-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn edilib.
ŞÜKÜR HACIYEV
(2000-2020)
Şəhid Şükür Aslan oğlu Hacıyev 2000-ci ilin bu günü Yevlax şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Qubadlı döyüşlərində iştirak edib. Əsgər Şükür Hacıyev 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
MİRZƏ BALA MƏMMƏDZADƏ
(1898-1959)
Publisist, tərcüməçi, dramaturq, ictimai xadim, Müsavat Partiyasının ikinci başqanı Mirzə Bala Məmmədzadə 1959-cu ilin bu günü İstanbulda dünyasını dəyişib. O, 1898-ci il mayın 24-də Abşeronun Zirə kəndində balıqçı ailəsində anadan olub. Uşaqlığı Bakıda Çəmbərəkənddə keçib. 1914-cü ildə 7-ci "rus-tatar" məktəbi və 3-cü ali ibtidai məktəbi bitirdikdən sonra təhsilini Bakı texniki sənaye məktəbində davam etdirib. Ədəbi yaradıcılığa təhsil illərində başlayıb, 1912-ci ildə İsa bəy Aşurbəyovun "Kaspi" mətbəəsində "Nəfi-elm və yaxud elmin sonu" adlı kitabı çap olunub. “Məhəmmədiyyə” dərnəyində qabaqcıl fikirli ziyalılarla yaxından tanış olması onun dünyagörüşünün formalaşmasına ciddi təsir göstərib. Bu dövrdə "Azərbaycan", "Gənclik sədası" və s. qəzetlərdə arabir çıxış edib. 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinin işində fəal iştirak edib. Eyni zamanda həftəlik “Bəsirət” jurnalının baş redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra Müsavat Partiyası nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı "Gənclər yurdu" jurnalının redaktoru kimi çalışıb. Aprel işğalından sonra Bakıda Gizli Müsavatın Mərkəzi Komitəsinin sədri olub, 1923-cü ilə qədər onun orqanı "İstiqlal" qəzetini nəşr etdirib. Həmin dövrdə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi və orta məktəbdə müəllim işləyib, "Yeni yıldız" jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr dərc etdirib. 1922-ci ildə Bakıda "Azərbaycan türk mətbuatı" adlı kitabı nəşr olunub. 1924-cü ilin mayında Azərbaycanı tərk edərək, İran, Türkiyə və Avropada mühacir həyatı yaşayıb. 1949-cu ildə onun iştirakı ilə Ankarada Azərbaycan Kültür Dərnəyinin əsası qoyulub, 1951-ci ildə "Azərbaycan tarixində türk Albaniya" adlı əsəri həmin dərnək tərəfindən çap olunub. Mirzə Bala Məmmədzadə ömrünün sonunadək Azərbaycanın azadlığı uğrunda mübarizə aparıb.
ƏLİABBAS QƏDİROV
(1946-2006)
Bu gün eyni zamanda tanınmış aktyor, xalq artisti, Dövlət Mükafatı laureatı Əliabbas Gülabbas oğlu Qədirovun xatirə günüdür. O, 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular Klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. 1965-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində institutun Tədris Teatrının ştatlı aktyoru kimi burada bir sıra tamaşalarda maraqlı rollar oynayıb. 1970-ci ildən Milli Dram Teatrının aktyoru olub, 26 dekabr 2001-ci ildən isə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Bir sıra filmlərdə də çəkilən Əliabbas Qədirov 2006-cı il martın 8-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.