Dünyanın bu günü - 08.05.2021

CƏFƏR XƏNDAN

(1910-1961)

 

Şair, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Cəfər Zeynal oğlu Hacıyev (Cəfər Xəndan) 1910-cu il mayın 8-də İrəvanda müəllim ailəsində doğulub. Gəncə Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif illərdə müəllim, dekan, kafedra müdiri, şöbə müdiri, təşkilat katibi, dosent, rektor, jurnal və qəzetlərdə məsul katib vəzifələrində işləyib. 1941-ci ildə səfərbərliyə alınıb, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində məsul redaktorun müavini olub. “Bəyaz gecələr”, “İlk ayrılıq”, “Şairin həyatı”, “Uğurlu yol” və başqa əsərlərin müəllifidir. Müxtəlif orden, medal, fəxri fərman və hədiyyələrlə təltif olunan Cəfər Xəndan 1961-ci il avqustun 10-da Bakıda vəfat edib.

 

 

SOLTAN HACIBƏYOV

(1919-1974)

 

Azərbaycanın xalq artisti, bəstəkar, pedaqoq və dirijor Soltan İsmayıl oğlu Hacıbəyov 8 may 1919-cu ildə Şuşada anadan olub. Onun yetişməsində və formalaşmasında xalq musiqisinin böyük təsiri olub. 1930-cu ildə Bakıya köçüb, 1936-cı ildən əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayıb və tərbiyə alıb. Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olaraq, truba sinfində oxuyub. Eyni zamanda Musiqili Komediya Teatrında dirijor vəzifəsində çalışıb. Bəstəkarın ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" (1940) musiqili komediyasıdır. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olub. 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-1974-cü illərə qədər Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. Soltan Hacıbəyov 19 sentyabr 1974-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

MUSA RÜSTƏMOV

(1930)

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika üzrə elmlər doktoru, professor Musa İsmayıl oğlu Rüstəmov 1930-cu il mayın 8-də Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsində təhsil alıb. Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis kimi işə başlayıb, daha sonra AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb. Onun elmi tədqiqatlarının nəticələri 600-dən artıq elmi əsərində, 4 monoqrafiya, 6 kitab, 130-dan artıq müəlliflik şəhadətnaməsi və xarici ölkələrin patentlərində öz əksini tapıb. Musa Rüstəmov “Şöhrət” ordeni, “Elm və texnologiya” mükafatı və Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

 

 

QARA NAMAZOV

(1930-2016)

 

Azərbaycanın əməkdar müəllimi, qabaqcıl təhsil işçisi Qara Mustafa oğlu Namazov 1930-cu ilin bu günü Qərbi Azərbaycanın Qazax qəzasının Dilican rayonunun Əmirxeyir kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində təhsil alıb. Universitetin Filologiya fakültəsinin dekanı, Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışıb. Respublikamızda ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaradıb. 10-dan çox monoqrafiya, 30-dan çox kitab, 400-dən çox elmi və publisistik məqalənin müəllifi olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü olub. "Şöhrət" ordeni ilə təltif olunan Qara Namazov 11 may 2016-cı ildə Bakıda vəfat edib.

 

 

MİXAİL SLESARYOV

(1955-2014)

 

Azərbaycanın Milli Qəhrəmanı Mixail Aleksandroviç Slesaryov 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulub. 1970-ci ildə 4 saylı məktəbi bitirib. 1971-ci ildə traktorçu işləməyə başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Tiflis Gizirlər Məktəbinə daxil olub. 7 yanvar 1999-cu ildə Qobustan həbsxanasında məhbusların qiyamının yatırılmasında göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin 12 yanvar 1999-cu il tarixli fərmanı ilə ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində çalışan Mixail Slesaryov 2014-cü il aprelin 12-də Bakıda vəfat edib.

 

 

İLQAR MİRZƏYEV

(1973-2020)

 

Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə və Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb. Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkirdə hərbi xidmətdə olub. 2016-cı ilin Aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə II və III dərəcəli "Vətənə Xidmətə görə" medalları, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. 23 fevral 2019-cu ildə 3-cü Ordu Korpusunun Artilleriya rəisi təyin olunub. Polkovnik İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

 

 

TAMARA GÖZƏLOVA

(1940-2020)

 

Azərbaycan televiziyasının ilk xanım diktoru, aktrisa və mədəniyyət xadimi Tamara Gözəlova-Ağamirovanın anım günüdür. O, 1940-cı il fevralın 14-də Bakıda İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. Həmin ildən 2011-ci ilə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında nəşriyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1956-1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayıb və Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb. Tamara Gözəlova 8 may 2020-ci ildə vəfat edib və Əhmədli kənd qəbiristanlığında dəfn olunub.

 

 

RAUF TALİŞİNSKİ

(1956-2018)

 

Azərbaycanın əməkdar jurnalisti, "Exo" qəzetinin təsisçisi və baş redaktoru Rauf Rəfail oğlu Talışinskinin anım günüdür. O, 16 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, həmin fakültədə aspirantura təhsili alıb və dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru olub. “Molodyoj Azerbaydjana", “Vışka” qəzetlərində çalışıb, “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri olub. "Ayna" və "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru postunda çalışıb. Rauf Talışinski 2018-ci ilin mayında Bakıda vəfat edib.

 

 

GÜNDÜZ SƏMƏDOV

(1957-1992)

 

Şəhid Gündüz Hidayət oğlu Səmədovun anım günüdür. O, 1957-ci il noyabrın 17-də Xankəndidə doğulub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1977-1979-cu illərdə Sverdlovsk şəhərində hərbi xidmətdə olub. Şuşadakı 1 saylı həbsxana nəzarətçi, rəisin növbətçi köməkçisi vəzifəsində çalışıb. Kərkicahanın bir neçə dəfə ermənilərdən alınmasında onun da döyüş xidmətləri olub. 1992-ci ilin mayında Şuşanın müdafiəsi zamanı başından aldığı snayper gülləsindən həlak olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

RAMİZ BAYRAMOV

(1963-1992)

 

Şəhid Ramiz Nəriman oğlu Bayramovun xatirə günüdür. O, 1963-cü il avqustun 20-də Bakının Zabrat qəsəbəsində anadan olub. Azərbaycanın tanınmış neftçisi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun nəvəsidir. 1976-cı ildə orta məktəbi bitirdikdən sonra Almaniyada hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra Zabrat maşınqayırma zavodunda, Müdafiə Nazirliyində çalışıb, 777 saylı hərbi hissənin tabeliyində tank komandiri olub. Ramiz Bayramov 1992-ci il mayın 8-də Şuşada şəhid olub.

 

 

MALİK BAYRAMOV

(1964-1994)

 

Şəhid Malik Yaşar oğlu Bayramovun xatirə günüdür. O, 1964-cü il martın 15-də Şamaxının Bağırlı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib. Cəbrayıl, Füzuli və Tərtər rayonu istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. 1994-cü ilin mayında Tərtər rayonu Çaylı-Talış istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub. Malik Bayramov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

 

 

ALBERT AQARUNOV

(1969-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunovun xatirə günüdür. O, 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, eyni zamanda musiqi məktəbində nəfəs aləti truba sinfini bitirib. 1987-ci ildə Gürcüstanda hərbi xidmətə çağırılıb, xidməti dövründə tank komandiri olub. Ordudan tərxis olunduqdan sonra Bakının Suraxanı rayonunda maşınqayırma zavodunda işləyib. Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar Milli Ordu sıralarına yazılıb. Tank komandiri kimi Xankəndi, Daşaltı və Cəmilli istiqamətində gedən döyüşlərdə iştirak edib. 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Təhsil aldığı 154 nömrəli orta məktəb və paytaxt küçələrindən biri onun adını daşıyır, Bakıda heykəli qoyulub.

 

 

ELXAN FƏTİYEV

(1975-1994)

 

Şəhid Elxan Şükür oğlu Fətiyev də bu gün xatırlanır. O, 1975-ci il yanvarın 15-də Cəlilabadda anadan olub. 1994-cü ildə hərbi xidmətə yollanıb. Elxan Fətiyev 1994-cü il mayın 8-də Azərbaycanın torpaqları uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından şəhid olub və Cəlilabad rayonunun Üçtəpə kəndində dəfn edilib.

 

 

NƏCMƏDDİN SAVALANOV

(1985-2016)

 

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Nəcməddin Akif oğlu Savalanovun anım günüdür. O, 1985-ci il fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamladıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib. Leytenant rütbəsi ilə N saylı hərbi hissədə mühəndis taqımının komandiri vəzifəsində çalışıb. 2016-cı ilin Aprel döyüşləri zamanı ayağından və çiynindən ağır qəlpə yarası alıb, mayın 8-də isə Bakı şəhərindəki Baş Klinik Hospitalda vəfat edib. Kapitan Nəcməddin Savalanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

 

 

ƏLİ HEYDƏROV

(1997-2016)

 

Şəhid Əli İntiqam oğlu Heydərov da bu gün xatırlanır. O, 10 may 1997-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Əsgər Əli Heydərov 2016-cı il mayın 8-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.  Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv