Dünyanın bu günü - 08.06.2020

DAVUD BƏY ŞƏRİFOV

(1885-1952)

 

1. Azərbaycanın arxeoloqu, etnoqrafı və coğrafiyaşünası Davud bəy Mikayıl bəy oğlu Şərifov 8 iyun 1885-ci ildə Tiflis şəhərində hərbçi ailəsində anadan olub. Səkkiz yaşında I Tiflis oğlanlar gimnaziyasının kiçik yaşlılar üçün nəzərdə tutulmuş kursuna daxil olub. 1902-ci ildə gimnaziyanı bitirib, Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Lakin tələbə nümayişlərində iştirakına görə Universitetdən kənarlaşdırılıb. 1903-1907-ci illərdə Novorossiysk İmperator Universitetinin tarix-filologiya fakültəsində təhsil alıb. 1908-1920-ci illərdə Qazax, Qars, Tiflis və Bakıda tarix və coğrafiya fənlərini tədris edib. 1920-1922-ci illərdə torpaq komitəsinə sədr seçilib. Rəsmi elmi fəaliyyətinin ilk mərhələsi 1922-ci ilin oktyabr ayında Azərbaycan Ali Qiyabi Pedaqoji İnstitutunda müəllimliklə başlayıb. Bir il sonra Azərbaycan Dövlət Tarix Muzeyinə müdir təyin olunub. Beş il ərzində muzeydə zəngin arxeoloji və etnoqrafik fondlar yaradıb. 1923-cü ildə arxeoloji materiallar əsasında “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti yazıb. 1924-cü ildə müəllimlər üçün “Coğrafiya” adlı dərslik çap etdirib. 1937-1943-cü illərdə Bakıda Qiyabi Pedaqoji İnstitutda müəllim və Bakı Xalq Təhsili Şöbəsinin müfəttiş metodisti, 1944-1951-ci illərdə Bakıda Qiyabi Pedaqoji İnstitutda baş müəllim kimi vəzifələrdə çalışıb. Davud bəy Şərifov 8 avqust 1952-ci ildə dünyasını dəyişib.

 

 

MƏHƏMMƏD SUXARTO

(1921-2008)

 

2. İndoneziyanın keçmiş diktatoru Məhəmməd Suxarto 1921-ci il iyunun 8-də Cakarta sultanlığında kiçik məmur ailəsində anadan olub. 1940-1942-ci illərdə Hollandiya müstəmləkə ordusuna hərbi xidmətə qəbul olunaraq çavuş rütbəsi alıb. 1943-1945-ci illərdə yaponların yaratdığı orduda rota komandiri olub. 1945-1949-cu illərdə Hollandiya hökmranlığından xilas olmaq üçün aparılan müharibə zamanı batalyona komandirlik edib. 1950-ci ilin sonunda diviziya, 1960-cı ildə briqada komandirliyinə yüksəlib. Dörd il sonra isə ona general-mayor rütbəsi verilib. Sukarnonun prezidentliyi dövrünün (1963-1965) son illərində Suxartoya İndoneziya ordusunun strateji komandanlığı tapşırılıb. 1966-cı ilin mart ayında tələbələrin Kommunist Partiyası əleyhinə keçirdiyi nümayişlərdən istifadə edən Suxarto hakimiyyəti ələ alıb. 1967-ci ilin mart ayında prezident səlahiyyətlərini icra etməyə başlayıb, bir il sonra prezident seçilib və 1998-ci ilədək bu vəzifədə olub. İndoneziyada avtoritar bir rejim yaradıb. Xarici investorların ölkəyə gəlməsinə razılıq verəndən sonra 1970-ci illərdə inflyasiyanın qarşısı alınıb və iqtisadiyyatda dirçəliş yaranıb. 1998-ci ildə Cənub-Şərqi Asiyada, o cümlədən İndoneziyada kəskin maliyyə böhranı yaranandan sonra Cakartada və ölkənin digər şəhərlərində hakimiyyət əleyhinə nümayişlər başlayıb. Məhz bu aksiyalar nəticəsində həmin ilin mayında istefa verməyə məcbur olan Məhəmməd Suxarto 2008-ci il yanvarın 27-də dünyasını dəyişib.

 

 

ŞÖVKƏT MƏMMƏDOVA

(1897-1981)

 

3. Azərbaycanın ilk peşəkar qadın müğənnisi, xalq artisti, teatr xadimi və opera artisti Şövkət Həsən qızı Məmmədovanın xatirə günüdür. O, 1897-ci il aprelin 18-də Tiflis şəhərində anadan olub. Hacı Zeynalabdin Tağıyevin və onun həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbində, Bakıda və Tiflisdə musiqi məktəblərində təhsil alıb, daha sonra Kiyev Konservatoriyasına daxil olub. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə çıxış edib, 1948-ci ilədək fasilələrlə teatrın solisti olub, bir çox operalarda iştirak edib. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu açılıb, onun həm direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışıb. 1945-1981-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. Fransa, İtaliya, Rusiya, Gürcüstan, İran və digər ölkələrdə konsertlər verib. Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olub. Yaradıcılığında "Şahsənəm", "Nərgiz", "Şah İsmayıl", "Arşın mal alan" kimi partiyalar xüsusi yer tutan xalq artisti 2 dəfə “Lenin”, 2 dəfə “Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı" ordenləri ilə təltif edilib. Şövkət Məmmədova 1981-ci ilin bu günü vəfat edib.

 

HƏSƏN SEYİDOV

(1908-1999)

 

4. Azərbaycanın əməkdar elm xadimi, professor, ictimai və dövlət xadimi Həsən Əli oğlu Seyidovun anım günüdür. O, 1908-ci ildə İrəvan şəhərində fəhlə ailəsində anadan olub. Əslən Qəmərlinin Seyidzadələr nəslindəndir. İlk əmək fəaliyyətinə 1925-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində başlayıb. 1928-31-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. 1931-ci ildə Oğuz rayon torpaq şöbəsində aqronom, 1931-34-cü illərdə Moskva Ümumittifaq Elmi-Tədqiqat Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirantı olub. 1934-1937-ci illərdə Azərbaycan Kimyalaşma stansiyasının şöbə müdiri, 1937-41-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda direktor, 1942-1943-cü illərdə Gəncə Şəhər Xalq Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1943-1944-cü illərdə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. 1944-1946-cı illərdə Azərbaycan KP MK-nın üçüncü katibi, 1944-1950-ci illərdə ikinci katibi, 1950-1952-ci illərdə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini, 1952-1953-cü illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1953-1954-cü illərdə Dövlət Plan Komitəsinin sədri, 1954-1959-cu illərdə Kənd Təsərrüfatı naziri, 1959-1970-ci illərdə Moskvada SSRİ hökuməti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəliyinin sədri olub. 1970-ci ildən fərdi təqaüdə çıxıb. Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin qardaşı olan Həsən Seyidov 1999-cu il iyunun 8-də dünyasını dəyişib.

 

ƏNVƏR RZA

(1939-1985)

 

5. Azərbaycan şairi, tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rza 1987-ci ilin bu günü dünyasını dəyişib. Ənvər İsmayıl oğlu Rzayev 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub. Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil alıb. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ingilis dili leksikası kafedrasında müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. "Göz işığı" adlı ilk şeri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra bədii yaradıcılığa başlayıb. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edib. Ənvər Rza 1987-ci ildə vəfat edib və doğulduğu kənddə dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv