Dünyanın bu günü - 08.07.2021
CON ROKFELLER
(1839-1937)
Dünyanın ilk milyarderi Con Devidson Rokfeller 8 iyul 1839-cu ildə ABŞ-ın Nyu-York ştatının Riçford şəhərində anadan olub. Kollecə daxil olsa da, təhsilini yarımçıq qoyaraq 3 aylıq mühasibatlıq kursu keçdikdən sonra baş mühasibin köməkçisi və baş mühasib kimi fəaliyyət göstərib. 1870-ci ldə “Standart Oil” şirkətinin əsasını qoyub, 1911-ci ildə isə şirkət 32 şirkətə bölünüb. 1913-cü ildə öz adına yaratdığı xeyriyyə fondu bir çox universitet və təhsil müəssisələri, xəstəxana və binaların tikilməsində iştirak edib, bir sıra xeyriyyə məqsədli tədbirləri və elmi araşdırmaları maliyyələşdirib. Rokfeller Fondu hazırda 50-dən çox gəlirsiz təşkilatı himayə edir. Con Rokfeller 1937-ci il mayın 23-də dünyasını dəyişib.
ƏBDÜLƏZƏL DƏMİRÇİZADƏ
(1909-1979)
Azərbaycanın EA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əbdüləzəl Məmmədoğlu Dəmirçizadə 1909-cu il iyulun 8-də Şəkidə doğulub. “Həqiqətül-maatif” adlanan yeni tipli məktəbdə, “Nümunə zəhmət” məktəbində, Şəki Müəllimlər Seminariyasında və Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə müəllim kimi başlayıb. 36 yaşında professor elmi adına layiq görülüb, 1940-cı ildən 1943-cü ilə qədər Azərbaycan Dövlət Universitetində, 1943-cü ildən ömrünün sonuna qədər isə Azərbaycan Dövlət İnstitutunda “Azərbaycan dilçiliyi” kafedralarına rəhbərlik edib. 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunub. Etimoloji tədqiqatlar sahəsində də xeyli iş görüb, Azərbaycan dilçiliyi üzrə yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük rolu olub. Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə Bakıda vəfat edib.
ZÜLFÜQAR BARATZADƏ
(1931-1991)
Azərbaycanın xalq artisti, aktyor Zülfüqar Yaqub oğlu Baratzadə 1931-ci ilin bu günü Gəncə şəhərində anadan olub. Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas olub, 1949-cu ildə isə Gəncə Dövlət Dram tetatrının truppasına daxil olub. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. “Yenilməz batalyon”, “Qətl günü”, “Yeni evlənənlər”, “Bəyin oğurlanması” və “Ölsəm, bağışla” filmlərində rol alıb. Zülfüqar Baratzadə 11 fevral 1991-ci ildə Bakıda vəfat edib.
SƏRXAN HACIYEV
(1990-2020)
Şəhid Sərxan Eldar oğlu Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olub. 2008-2010-cu illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Sərxan Hacıyev oktyabrın 23-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
SAMİQ FƏRZALIYEV
(1992-2020)
Şəhid Samiq Misir oğlu Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. daha sonra zabit kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Samiq Fərzalıyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
ELVİN HƏSƏNOV
(1992-2020)
Şəhid Elvin Höküməli oğlu Həsənov 1992-ci ilin bu günü Saatlı rayon Əhmədbəyli kəndində anadan olub. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elvin Həsənov oktyabrın 20-də Zəngilan döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
NİHAT KƏRİMLİ
(1996-2020)
Şəhid Nihat Teymur oğlu Kərimli 8 iyul 1996-cı ildə Ağdaş rayonunda anadan olub. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Nihat Kərimli oktyabrın 10-da Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.
SARVAN MEHRALIYEV
(1997-2016)
Şəhid Sarvan Natiq oğlu Mehralıyev 1997-ci il iyulun 8-də Ağdam rayonunun Ballar kəndində anadan olub. 2014-cü ildə Pirallahı rayonunda yerləşən 186 saylı tam orta məktəbi bitirib. 2015-ci ildə hərbi xidmətə çağırılıb. Əsgər Sarvan Mehralıyev 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub və Ağdam rayonunun Üçoğlan kəndində dəfn olunub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
ELVİN BAYRAMOV
(1999-2020)
Şəhid Elvin İslam oğlu Bayramov 8 iyul 1999-cu ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elvin Bayramov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
HÜSEYN QASIMZADƏ
(2001-2020)
Şəhid Hüseyn Həsənxan oğlu Qasımzadə 2001-ci il iyulun 8-də Cəlilabad rayonunun Sərhədabad kəndində doğulub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Hüseyn Qasımzadə oktyabrın 6-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
GÜLHÜSEYN HÜSEYNOĞLU
(1923-2013)
Azərbaycanın xalq yazıçısı, professor Gülhüseyn Hüseynoğlunun anım günüdür. Gülhüseyn Hüseyn oğlu Abdullayev 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. 3-4 yaşında ikən ailəsi Bakıya köçüb və orta təhsilini burada alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Şəxsiyyətə pərəstiş dövründə 25 il azadlıqdan məhrum olunub, 1956-cı ildə isə tam bəraət verilib. “Kommunist”, “Ədəbiyyat qəzeti” redaksiyasında, Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. Mikayil Müşfiq adına 18 N-li məktəbdə dərs deyib, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutub, Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınıb. Azərbaycanın ilk dissidentlərindən hesab olunan Gülhüseyn Hüseynoğlu 2013-cü ilin iyulunda vəfat edib.
KAMİL SADIXOV
(1927-2016)
Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, akademik Kamil İsmayıl oğlu Sadıxov da bu gün xatırlanır. O, 1927-ci il fevralın 27-də Şimalı Qafqazda anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb. 1948-ci ildən əmək fəaliyyətinə işləməyə başlayıb, 1969-cu ildə isə neft-qaz üzrə kimya mühəndisi olub. Azərbaycan Dövlət Neft Akademiyasının laboratoriyasında maşın yağı almaq üçün məhsul sintez edib. Kamil Axundov 2016-cı il iyulun 8-də Bakıda dünyasını dəyişib.