Dünyanın bu günü - 08.11.2020
MİXAİL LOMONOSOV
(1711-1765)
Böyük rus alimi, fizik, astronom, kimyaçı, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam və tarixçi Mixail Vasilyeviç Lomonosov 8 noyabr 1711-ci ildə Arxangelsk şəhərində anadan olub. Moskvada Slavyan-Yunan-Latın Akademiyasında və Almaniyanın Marburq Universitetində təhsil alıb. Molekulyar-kinetik nəzəriyyə ideyasını və fiziki kimya nəzəriyyəsini icad edib, kimyəvi eksperimentlərlə və mineraloji tədqiqatlarla məşğul olub. Venera planetinin atmosferi və civənin metallik xüsusiyyətini kəşf edib. Şüşə haqqında elmin əsasını qoyub. Moskvada universitet açıb, universitet onun adını daşıyır. O, həmçinin müasir rus dilinin əsasını qoyub, Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb. Mixail Lomonosov 4 aprel 1765-ci ildə Sankt-Peterburqda vəfat edib və Lazarev qəbiristanlığında dəfn olunub.
İSRAFİL MƏMMƏDOV
(1927-2019)
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi, nasir, publisist və tərcüməçi İsrafil Süleyman oğlu Məmmədov 1927-ci il noyabrın 8-də Qərbi Azərbaycanın Mehri rayonunun Əmrəkar kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. "Sovet Ermənistanı" qəzetinin redaksiyasında çalışıb, İrəvan Pedaqoji Universitetində dərs deyib. Ermənistan SSR xalq təhsili nazirinin müavini, AMEA-nın Tarix institutunda şöbə müdiri, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olub. 1957-ci ildən ədəbi yaradıcılığa başlayıb, hekayə, oçerk və publisist yazıları dövri mətbuatda və "Ədəbi Ermənistan" almanaxında çap olunub. Bir neçə kitabın müəllifidir. Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan və Türkiyədə lentə alınan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olub. İsrafil Məmmədov 2019-cu il iyunun 25-də Bakıda vəfat edib.
ƏFSƏR CAVANŞİROV
(1930-2006)
Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Əfsər Bayram oğlu Cavanşirov 1930-cu ilin bu günü Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbinin tar ixtisası sinfini bitirib. Bakı Musiqi Texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olub, 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirib. Elə həmin il Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri təyin olunub. Həm irihəcmli, həm də miniatür janrlarda mahnılar bəstələyib. Xalq çalğı alətləri orkestri üçün də bir sıra əsərlər yazıb. Əfsər Cavanşirov 20 may 2006-cı ildə vəfat edib.
ALEN DELON
(1935)
Dünya şöhrətli fransız aktyoru Alen Delon 8 noyabr 1935-ci ildə Paris yaxınlığında So adlı şəhərcikdə anadan olub. Onun baş rol aldığı "Hovuz", "Bəbir", "Yatmış komissarı oyatmayın", "Kazanovanın qayıdışı", "2 nəfərə bir şans" və s. filmlər həmişə böyük maraqla izlənilib. "Bizim tariximiz" filmindəki ən yaxşı kişi roluna görə "Sezar" mükafatına layiq görülüb. 1980-ci ildə SSRİ, Fransa, İspaniya və İsveçrənin birgə çəkdiyi "Tehran-43" filmində İnspektor Foş rolunu canlandırıb və tamaşaçıların dərin rəğbətini qazanıb. 2008-ci ildə "Asteriks Olimpiya dağlarında" və 2012-ci ildə çəkilmiş "Analar, Yeni iliniz mübarək" filmləri ilə karyerasına son qoyub.
ƏSGƏR ƏLİYEV
(1974-1995)
Azərbaycanın Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyev 1974-cü il noyabrın 8-də Lənkəran rayonunun Ləj kəndində doğulub. Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsində təhsil alıb. 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən silahlı dəstəni zərərsizləşdirərkən yaralanıb, lakin 4 yaralını xilas edərkən ikinci güllədə həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Əsgər Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Lənkəranda adına park var, büstü qoyulub, xatirə lövhəsi vurulub.
ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV
(1863-1934)
Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Əlimərdan bəy Ələkbər oğlu Topçubaşovun anım günüdür. O, 1863-cü il mayın 4-də Tiflisdə anadan olub. Birinci Tiflis gimnaziyasında və Peterburq Universitetinin Hüquq fakültəsində təhsil alıb. Bakıda hüquq-mühafizə orqanlarında çalışıb, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərib. "Kaspi" qəzetinin redaktoru, Bakı Şəhər Dumasının üzvü və sədri olub. Bakı quberniyasından I Dövlət Dumasına deputat seçilib. Onun təşəbbüsü ilə Dumada müsəlman fraksiyası yaradılıb, həm fraksiyanın sədri, həm də 7 nəfərlik büro üzvündən biri olub. Cümhuriyyət dövründə Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinetində əvvəlcə portfelsiz nazir, avqustun 20-dən xarici işlər naziri vəzifələrində çalışıb. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Parlamentinin sədri seçilib, lakin həmin vaxt Paris sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğu üçün faktiki olaraq parlamentin heç bir iclasında iştirak edə bilməyib. Bolşevik işğalından sonra vətənə qayıtmayıb və ömrünün sosunadək Fransada yaşayıb. Bir çox əsərlərin müəllifidir. Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabrın 8-də Parisin Sen-Deni rayonunda vəfat edib və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunub.
İSMAYIL HÜSEYNOV
(1910-1969)
Azərbaycanın əməkdar elm xadimi, akademik, tarix elmləri doktoru adını alan ilk azərbaycanlı alim İsmayıl Abbas oğlu Hüseynovun xatirə günüdür. O, 1910-cu il dekabrın 15-də anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin hüquq şöbəsində, Moskva şəhərində Millətlər İnstitutunun tarix ixtisası üzrə aspiranturasında və Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. SSRİ Xalq Komissarları Sovetində redaktor-tərcüməçi, SSRİ EA-nın Maddi Mədəniyyət İnstitutunda elmi əməkdaş, Ümumittifaq Dövlət Kitabxanasında elmi məsləhətçi, SSRİ EA-nın Tarix İnstitutunun elmi işçisi, Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda direktor müavini, Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində kafedra müdiri, prorektor vəzifələrində çalışıb, Azərbaycan SSR EA-nın İctimai elmlər bölməsinin akademik-katibi, 40-dan artıq namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri və məsləhətçisi olub. Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” ilə təltif edilib. İsmayıl Hüseynov 8 noyabr 1969-cu ildə vəfat edib.
AMALİYA PƏNAHOVA
(1945-2018)
Azərbaycanın xalq artisti, teatr və kino aktrisası, Dövlət Mükafatı laureatı, professor Amaliya Əliş qızı Pənahova da bu gün xatırlanır. O, 15 iyun 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildən yaratdığı Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. Peşəkar karyerası ərzində teatr və kino səhnəsində 500-dən artıq obraz yaradıb. Rejissor kimi 12 televiziya və teatr tamaşasına quruluş verib. Azərbaycan Prezidentinin “Fəxri diplomu”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə Bakıda vəfat edib. O, xalq artisti Yusif Muxtarovun həyat yoldaşı, diplomat İlqar Muxtarovun anasıdır.