Dünyanın bu günü - 09.02.2021
CAHAN TALIŞİNSKAYA
(1909-1967)
Azərbaycanın əməkdar artisti, müğənni-xanəndə Cahan Rza qızı Talışinskaya 1909-cu ildə fevralın 9-da Lənkəran şəhərində anadan olub. Azərbaycan Qızlar Seminariyasına daxil olub, eyni zamanda musiqi və vokalla maraqlanıb. Seminariyada oxuduğu illərdə Əli Bayramov adına klubun nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başlayıb. 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə qəbul olunub, daha sonra Dövlət Estradası və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. "Qubanın ağ alması", "Uca dağlar", "Dəli Ceyran", "Kürdün gözəli" kimi bir çox populyar xalq mahnıları ilk dəfə məhz onun ifasında lentə alınıb. 1942-ci ildə Qazaxıstana sürgün olunsa da, Daşkəndə köçüb və orada şəhər Filarmoniyasında solist ifaçı kimi çalışmağa başlayıb. Cahan Talışinskaya yalnız 1966-cı ildə Daşkənddə baş verən zəlzələdən sonra Bakıya qayıdıb və 1967-ci ildə burada vəfat edib. O, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyovun anasıdır.
MİRƏLƏSGƏR MİRQASIMOV
(1924-2003)
Azərbaycanın xalq rəssamı, heykəltəraş, əməkdar incəsənət xadimi, professor Mirələsgər Mirəsədulla oğlu Mirqasımov 9 fevral 1924-cü ildə Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Heykəltəraşlığın müxtəlif janrlarında, xüsusilə monumental heykəltəraşlıq janrında bir sıra yüksək bədii dəyərli əsərlər yaradıb. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ucaldılmış tunc abidəsinin, Mirzə Ələkbər Sabirin büstünün və başqa əsərlərin müəllifidir. Mirələsgər Mirqasımov 2003-cü il noyabrın 9-da Bakıda vəfat edib. O, Azərbaycan EA-nın ilk prezidenti Mirəsədulla Mirqasımovun oğlu, xalq artisti Oqtay Mirqasımovun qardaşıdır.
CABBAR QASIMOV
(1935-2002)
Azərbaycanın xalq rəssamı, professor Cabbar Ağadadaş oğlu Qasımov 1935-ci il fevralın 9-da Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Əsərləri Azərbaycanda və müxtəlif ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib, dəfələrlə diplomlara və fəxri fərmanlara layiq görülüb. Cabbar Qasımov 2002-ci il oktyabrın 19-da vəfat edib.
MƏMMƏD QULİYEV
(1936-2001)
Azərbaycanın əməkdar incəsənət xadimi, pedaqoq, bəstəkar Məmməd Mehdi oğlu Quliyev 1936-cı ilin bu günü Göyçay şəhərində anadan olub. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar və kompozisiya sinifləri üzrə müvəffəqiyyətlə bitirib, daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfinə daxil olub və 1963-cü ildə təhsilini uğurla başa vurub. 1960-cı ildən ömrünün sonuna qədər Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olub. Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı “Aldanmış ulduzlar” operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsidir. Məmməd Quliyev 2001-ci il oktyabrın 1-də Bakıda dünyasını dəyişib.
ƏLƏSGƏR MƏMMƏDOĞLU
(1946-2015)
Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb. "Mozalan" satirik kinojurnalının 20-yə yaxın süjetinə çəkilib, bədii filmlərin də iştirakçısı olub. Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Son dəfə "Xoxan" filminə çəkilib. Ələsgər Məmmədoğlu 21 dekabr 2015-ci ildə vəfat edib.
KAMRAN İSMAYILOV
(1991-2020)
Şəhid Kamran Vaqif oğlu İsmayılov 1991-ci il fevralın 9-da Yevlax şəhərində anadan olub. Burada 3 nömrəli tam orta məktəbdə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində bir sıra döyüşlərdə iştirak edib. Kapitan Kamran İsmayılov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub və Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
TURAL ABDULLAYEV
(1993-2020)
Şəhid Tural Bəylər oğlu Abdullayev 9 fevral 1993-cü ildə Xocavənd rayonunun Tuğ kəndində dünyaya göz açıb. Salakətin kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2014-cü ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdıb. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsinə ilk gündən qatılıb. Füzuli, Cəbrayıl, Suqovuşan, Hadrut və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik gizir Tural Abdullayev 28 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
QOŞQAR ÖMƏROV
(1994-2020)
Şəhid Qoşqar Səxavət oğlu Ömərov 1994-cü ilin bu günü Kürdəmir rayonunun Qarasu kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 21 sentyabr 2020-ci ildə ordu sıralarına çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsinə Füzuli cəbhəsindən qatılıb, bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak edib. Qoşqar Ömərov noyabrın 4-də Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
MİRSƏFA RZAYEV
(1995-2020)
Şəhid Mirsəfa Mircəlil oğlu Rzayev 9 fevral 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb. 2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Bakı Limanında dispetçer vəzifəsində çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl və Zəngilan uğrunda döyüşlərdə iştirak edib. Mirsəfa Rzayev oktyabr 27-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
MURAD NAĞIYEV
(1997-2020)
Şəhid Murad Mayıl oğlu Nağıyev 1997-ci ilin bu günü Qazax rayonunda anadan olub. Sabunçu rayonunda 271 nömrəli tam orta məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, İstanbulda Kuleli Hərbi Liseyində, Ankarada Quru Qoşunları Məktəbində və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə tank taborunun taqım komandiri kimi iştirak edib. Leytenant Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
ƏLİ HEYDƏROV
(2002-2020)
Şəhid Əli Vaqif oğlu Heydərov 9 fevral 2002-ci ildə Naxçıvan MR-in Sədərək rayonunda dünyaya göz açıb. Binəqədi rayonundakı 135 nömrəli məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 29-da şəhid olub. Əsgər Əli Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
FYODOR DOSTOYEVSKİ
(1881-1881)
Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin xatirə günüdür. O, 11 noyabr 1821-ci ildə Moskvada anadan olub. Peterburq Mühəndis Məktəbində təhsil alıb. Kiçik leytenant rütbəsi ilə Peterburqdakı İstehkam Müdirliyində işləyib. 1846-cı ildə yazdığı “Yoxsul insanlar” adlı ilk romanında Qoqol ədəbi məktəbinin davamçısı kimi tanınıb. “Bəyaz gecələr”, “Cinayət və cəza”, “İdiot”, “Karamazov qardaşları” və başqa məşhur əsərlərin müəllifidir. Fyodor Dostoyevski 1881-ci il fevralın 9-da Peterburqda vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
MƏMMƏDHƏSƏN HACINSKİ
(1875-1931)
Azərbaycan dövlət və siyasi xadimi Məmmədhəsən Cəfərqulu oğlu Hacınskinin anım günüdür. O, 1875-ci il martın 3-də Bakıda anadan olub. Bakı realnı məktəbini, 1902-ci ildə isə Peterburq Texnoloji İnstitutunu bitirib. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləyib. 1913-cü ildə Bakı şəhər idarəsinə rəhbərlik edib. “Hümmət” və müsəlmanlar arasında savadlılığı yayan "Nəşri-maarif" cəmiyyətinin yaradıcılarından biri olub, "Nicat" müsəlman maarif cəmiyyəti və Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin Mərkəzi Komitəsinin rəhbərliyində çalışıb. Müsavatın ilk üzvlərindən biri olub. 1917-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayını açıq elan edib. Batum konfransında Rəsulzadə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən Zaqafqaziya Seyminin altı əsas nümayəndəsindən biri, İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şuranın 26 üzvündən biri olub və Cümhuriyyətin ilk xarici işlər naziri təyin edilib. 1919-cu il dekabrın 24-də hökumətin yeni kabinetində daxili işlər naziri, 1920-ci il fevralın 18-də ticarət, sənaye və ərzaq naziri təyin olunub. Aprel işğalından sonra bolşeviklərlə əməkdaşlıq yolunu seçib. 1930-cu il dekabrın 3-də həbs edilib, həbsxanada vərəmə yoluxub. İstintaq sənədlərinə görə, Hacınski işgəncələrə dözməyərək 1931-ci ilin bu günü intihar edib. Digər ehtimala görə, 1931-ci il martın 8-də Tiflis həbsxanasında vəhşicəsinə qətlə yetirilib.
YURİ ANDROPOV
(1914-1984)
SSRİ-nin altıncı rəhbəri, ordu generalı Yuri Vladimiroviç Andropov da bu gün xatırlanır. O, 1914-cü il iyunun 15-də Stavropol quberniyasında anadan olub. Milliyyətcə yəhudidir. 1938-1940-cı illərdə RSFSR Yaroslavl vilayət komsomol təşkilatının rəhbərlərindən biri təyin edilib. 1951-ci ildə Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi aparatına işə keçirilib. 1953-cü ildən SSRİ-nin Macarıstandakı səfiri olub. 1956-cı ildə Macar inqilabı qan içində boğulduqdan sonra Moskvaya geri çağırılıb və Sov.İKP MK-ya şöbə müdiri, daha sonra Sov.İKP MK-nın katibi təyin olunub. 1967-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilib. 1982-ci ilin 24 mayında Sov.İKP MK-nın katibi, 1982-ci ilin noyabrın 12-də Sov.İKP MK-nın Baş Katibi və SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri seçilib. Yuri Andropov 9 fevral 1984-cü ildə sonra Moskvada vəfat edib.
CƏMİL ƏHMƏDLİ
(1931-2010)
Fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Əhmədli Cəmil Teymur oğlunun xatirə günüdür. O, 1931-ci il oktyabrın 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində Mirzə Teymur Əhmədli adlı müəllimin ailəsində doğulub. Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb. Onun təşəbbüsü və rəhbərliyi ilə 1969-cu ildə Azərbaycanda ilk sosioloji laboratoriya yaradılıb, 16 monoqrafiyanın, 400-dən artıq məqalənin müəllifidir. Müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi katib kimi fəaliyyət göstərib, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləyib. 1966-cı ildə bərpa edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Fəlsəfə kafedrasının müdiri olub və 1990-cı ilə qədər bu vəzifədə çalışıb. 1990-2000-ci illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasının müdiri olub. Cəmil Əhmədli 2010-cu ildə dünyasını Bakıda dəyişib.
FƏRHAD İBRAHİMİ
(1935-2019)
Məşhur "Ayrılıq" mahnısının sözlərinin müəllifi Fərhad İbrahiminin anım günüdür. O, 1935-ci ildə Ərdəbilin Yurtçu bölgəsində yerləşən Korabazlı kəndində dünyaya göz açıb. Əli Səlimi tərəfindən bəstələnən “Ayrılıq”, “Açıl Səhər” və “Ağlama” kimi mahnıların sözlərini yazıb. “Ayrılıq” mahnısı bu günə qədər İran, Türkiyə, Azərbaycan, Orta Asiya və Şərqi Türküstanda onlarla məşhur sənətçi tərəfindən ifa edilib. Ancaq mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair mahnının sözlərini dəyişərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salıb. Fərhad İbrahimi 9 fevral 2019-cu ildə Ərdəbil şəhərində vəfat edib.
NAMİQ ABDULLAYEV
(1974-1993)
Azərbaycan Milli Qəhrəmanı Namiq Vahid oğlu Abdullayevin xatirə günüdür. O, 1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. 1991-ci ildə kənd orta məktəbini bitirib. 1992-ci ilin dekabr ayında hərbi xidmətə çağırılıb. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələrinin Xocavənd rayonundakı mövqelərimizə hücumu zamanı onlarla erməni quldurunu məhv edən Namiq Abdullayev son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atıb və şəhid olub. Doğulduğu Avşar kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Avşar kənd orta məktəbi onun adını daşıyır.