Dünyanın bu günü - 09.03.2020

1. Dünyanın ilk kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Yuri Alekseyeviç Qaqarin 9 mart 1934-cü ildə Smolensk vilayətinin Qjatsk (indiki Qaqarin) şəhərində anadan olub. 1949-cu ildə orta məktəbi bitirərək, Lyubertsı Peşə Məktəbinə daxil olub. 1951-ci ildə Saratov Sənaye Kollecinin tələbəsi olarkən aviasiya ilə maraqlanıb və 25 oktyabr 1954-cü ildə ilk dəfə Saratov aeroklubuna gəlib. İyun ayında Saratov Sənaye Kollecini bitirib, iyul ayında “Yak-18” təyyarəsində ilk uçuşunu edib. 1955-ci ildə Sovet Ordusu sıralarına çağırılıb və K.E.Voroşilov adına 1-ci Çkalov Hərbi Aviasiya Məktəbində oxumaq üçün Orenburq şəhərinə göndərilib, 1957-ci ildə isə Şimal Donanmasının qırıcı aviasiya alayına qatılıb. 1960-cı ildə Hərbi Hava Qüvvələrində məşqlərə başlayıb, 12 aprel 1961-ci ildə Baykonur kosmodromundan “Vostok” kosmik gəmisi ilə birlikdə kosmosa uçub və cəmi 108 dəqiqədən sonra Saratov vilayətinin Smelovka kəndi yaxınlığında eniş edib. Yuri Qaqarin 1968-ci il martın 27-də saat 10:18-də Vladimir Sereginlə Çkalovsk aeroportundan qalxan təyyarədə növbəti sınaq uçuşunu keçirərkən qəzaya uğrayaraq həlak olub.

 

2. Məşhur diktor, Azərbaycanın xalq artisti Gültəkin Əjdər qızı Cabbarlı 1929-cu ilin bu günü Bakıda anadan olub. 1947-ci ildə orta məktəbi bitirib. 1950-ci il fevralın 6-da Azərbaycan Dövlət Radiosunda diktor vəzifəsində işə qəbul olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan radiosunun "Qızıl fond"unda səs yazıları qorunub saxlanılır. Həmkarı Aydın Qaradağlı ilə evli olan Gültəkin Cabbarlı 1996-cı il oktyabrın 15-də dünyasını dəyişib.

 

3. Azәrbaycanın xalq artisti, kamança ifaçısı Şәfiqә Alxas qızı Eyvazova 9 mart 1947-ci ildə  Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azәrbaycan Dövlәt Konservatoriyasına daxil olub.  1963-1976-cı illәrdә Azәrbaycan Dövlәt Televiziya vә Radio Verilişlәri Şirkәtinin xalq çalğı alәtlәri orkestri vә Əhsən Dadaşovun rәhbәrlik etdiyi ansamblın solisti olub. 1965-ci ildәn bir sıra xarici ölkələrdə konsertlәrlә çıxış edib. Kamançada solo ifa edən ilk xanım olan Şәfiqә Eyvazova musiqiçi, professor Arif Əsədullayevlə evlidir.

 

4. Ramazan Dünyamalı oğlu Quliyev 9 mart 1961-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1967-1978-ci illərdə Məmmədbəyli kənd orta məktəbində oxuyub, sürücülük ixtisası üzrə peşə məktəbində təhsil alıb. 1981-1983-cü illərdə Rusiyada hərbi xidmətdə olub və  9 il Rusiya Federasiyasının Kazan (Tatarıstan) şəhərində yaşayıb. 1992-ci ildə Milli Orduya çağırılıb və hərbi hissənin kəşfiyyatçı manqasının komandiri olub. 1992-ci ilin iyun ayında 2 erməni quldurunu əsir götürüb və rayonun Kolluqışlaq kəndində gedən döyüş zamanı 1 tank ələ keçirib. 23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanan Ramazan Quliyev 25 avqust 1993-cü ildə Mərcanlı hospitalında vəfat edib və Zəngilan rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

 

5. Əməkdar incəsənət xadimi, aktyor Əhməd Qəmərlinskinin anım günüdür. Əhməd Haşım oğlu Məlikov 9 may 1880-ci ildə Bakıda anadan olub. Sultanməcid Qənizadənin məktəbində təhsil alıb. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı var, özü yox" tamaşasında çıxıb. Sonralar "Nicat" Cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru olub. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olub. Qəmərlinski ləqəbini ona Hüseyn Ərəblinski verib. O, ədəbi yaradıcılıqla da məşğul olub, tarixi və müasir mövzuda yazdığı 12 əsəri -"Cavanlar", "Tufan Kərbəla", "Rüstəm və Söhrab", "Məkri-zənən", "Eşq-məhəbbət", "Məktəb vodevili", "Ziyarət nəticəsi", "Maymaq" və s. görkəmli sənətkarlar tərəfindən tamaşaya qoyulub. Əhməd Qəmərlinski 1952-ci ildə vəfat edib.

 

6. Yazıçı, aktyor, teatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Haqverdi bəy oğlu Gorani 1910-cu ilin bu günü vəfat edib. O, 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olub. Bakı şəhər gimnaziyasını qızıl medalla bitirərək, Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfat Akademiyasına daxil olub. Akademiyanı bitirdikdən sonra vətənə dönüb. Quberniya katibi, kollec asessoru, Yelizavetpol (Gəncə) quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, Gəncə bələdiyyə idarəsinin rəisi, Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hesabına qız məktəbi açıb. "Əkinçi"nin ən fəal müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Əsgər ağa Gorani publisist qələm sahibi kim maraqlı dram əsərlərinin müəllifi olub. Onun "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməyib. 1873-cü il martın 10-da milli teatrımızın banilərindən biri də Əsgər ağa Gorani olub. O, Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" əsərində Teymur ağa, bir ay sonra isə "Hacı Qara" əsərində Hacı Qara obrazlarını yaradıb.

 

7. Görkəmli maarif xadimi, əməkdar müəllim, Həsən bəy Zərdabinin qızı Qəribsoltan Həsən bəy qızı Məlikova 1967-ci il martın 9-da Bakı şəhərində vəfat edib. O, 1886-cı il  iyunun 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində) anadan olub. Orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil alıb. 1910-cu ildə pedaqoji fəaliyyətə başlayıb, 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi ixtisası verilməsi haqqında şəhadətnamə təqdim edilib. 1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində, 1918-1920-ci illərdə Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs deyib. Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya əməkdar müəllim adı verilib və “Lenin” ordeni ilə təltif edilib.

 

8. Azərbaycanın tanınmış opera müğənnisi, əməkdar artist, aktrisa Sona Şahnəzər qızı Aslanova 2011-ci ilin bu günü vəfat edib. O, 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili aldıqdan sonra 1952-ci ildə elə orada dərs deməyə başlayıb. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hacıbəyov gətirib. Sənətkar 200-dən çox mahnı ifa edib, "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilib. Opera səhnəsində isə "Arşın Mal Alan"da Gülçöhrə, "Əsli və Kərəm"də Əsli, "Koroğlu"da Nigar obrazını yaradıb. 1959-cu ildə "Şərəf ordeni" ilə təltif olunub. 1994-cü ildə ABŞ-a oğlunun yanına köçən Sona Aslanova 87 yaşında vəfat edib. ABŞ-da dəfn xərcləri çox baha olduğundan, vəsiyyətinə uyğun olaraq cənazəsi yandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv