Dünyanın bu günü - 09.04.2020
TİFLİS QIRĞINI (1989)
1. 9 aprel 1989-cu ildə Tiflis şəhərində baş verən qanlı hadisələrin ildönümüdür. Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra Gürcüstan paytaxtında başlayan mitinqlərdə ölkənin müstəqilliyi barədə şüarlar səsləndirilib. SSRİ rəhbərliyinin qərarı ilə sovet ordusu aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Nümayişçiləri meydanlardan qovmaq üçün dəyənəklərdən, hərbi kürəklərdən və zəhərli maddələrdən istifadə edilib. Əməliyyat zamanı 3-ü yeniyetmə və çoxu qadın olmaqla, 21 nəfər həlak olub. 200-dən çox şəxs xəstəxanaya yerləşdirilib, sonrakı günlərdə minlərlə insana tibbi yardım göstərmək lazım gəlib. Bu qanlı hadisələrdən iki il sonra – 9 aprel 1991-ci ildə Gürcüstan müstəqilliyini bərpa edib.
CƏFƏR RƏMZİ (1905-1996)
2. Şair, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi, əmək veteranı Cəfər Balaəmi oğlu İsmayılzadə (Cəfər Rəmzi) 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində anadan olub. Bakı Darülmüəllimində, Azərbaycan Pedaqoji İnstitutunun tarix və dil və ədəbiyyat fakültələrində təhsil alıb. Müxtəlif illərdə Mərdəkan gənclər özəyinin kitabxanasında, Azərbaycan EA Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində işləyib. Uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllim kimi çalışıb. Bədii yaradıcılığa 1954-cü ildən başlayan şair "Deyilən söz yadigardır" üç cildlik kitabın tərtibçisi, “Günləri sayıram”, “Ürəkdən gələn səslər” və başqa əsərlərin müəllifidir. Cəfər Rəmzi 1996-cı il sentyabrın 11-də Bakıda vəfat edib, Mərdəkan qəbiristanlığında dəfn olunub.
CEYHUN MİRZƏYEV (1946-1993)
3. Azərbaycan kinoaktyoru, rejissor Ceyhun Cəmil oğlu Mirzəyev 1946-cı il aprelin bu günü Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, Moskvada da təhsil alıb. 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olan aktyor 11 yaşında "Görüş" filmində çəkilib, 12 yaşı olanda isə "Ögey ana" filminə dəvət alıb. Kinostudiyada assistent, rejissor köməkçisi, aktyor işləyib, rejissor kimi filmlər çəkib, "Mozalan" satirik kinojurnalının bədii rəhbəri olub. Son filmi "Fəryad" olan Ceyhun Mirzəyev 1993-cü il martın 5-də Bakıda vəfat edib.
AYDIN RƏCƏBOV (1944)
4. Azərbaycanın əməkdar rəssamı, xalçaçı-rəssam Aydın Məhəmməd-Ağa (Məmmədağa) oğlu Rəcəbov 9 aprel 1944-cü ildə Bakıda dünyaya gəlib. 1966-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, "Şirinin Bisütuna gəlməsi", "Bahar qızı", "Şərq gözəli", "Münəccimlər", "Əncir ağacı", "Süvari dərviş", "Dür at", "Qurbanlıq qoç", "Əkinçi qoca" və başqa əsərlərin müəllifidir. Bakıda və Stokholmda fərdi sərgiləri keçirilib, əsərləri Azərbaycan muzeylərində, Almaniya, Türkiyə, İtaliya, İspaniya, İsveçrə, Fransa və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. Aydın Rəcəbov 2012-ci ildən Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri təyin olunub.
CƏLAL RÜSTƏMOV (1965-1992)
5. Şəhid Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci il aprelin 9-da İsmayıllı rayonunun Mican kəndində anadan olub. Orta təhsilini İsmayıllı şəhərindəki 3 saylı məktəbdə alıb. 1982-ci ildə Bakı Neft Kimya Texnikumuna daxil olub. 1983-1985-ci illərdə Moskva şəhərində hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Tümen vilayətinin Novıy-Urenqoy şəhərində neft mühəndisi, sonralar isə baş mühəndis kimi çalışıb. Xocalı soyqırımından sonra Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün vətənə qayıdıb. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Cəlal Rüstəmov həmin il sentyabrın 16-da kəşfiyyata gedib və itkin düşüb. Bir qız və bir oğul övladı yadigar qalıb. İsmayıllıda doğulub böyüdüyü küçə onun adını daşıyır.
İMAMVERDİ ƏBİLOV (1927-2016)
6. Azərbaycanın əməkdar müəllimi, filologiya elmləri doktoru, professor İmamverdi Xankişi oğlu Əbilovun xatirə günüdür. O, 1927-ci il dekabrın 19-da Neftçala rayonunun Qoltuq kəndində anadan olub. Buzovna pedaqoji məktəbini, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı, Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olub. Prezident təqaüdçüsü, 800-dən artıq məqalənin və bir çox kitabların müəllifi olan İmamverdi Əbilov 2016-cı ilin aprelində Neftçalada vəfat edib. Onun haqqında sənədli filmlər çəkilib, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub və başqaları şeirlər həsr ediblər, akademik Bəkir Nəbiyev onun barəsində “El ağsaqqalı, elm fədaisi – İmamverdi Əbilov” kitabını yazıb. Yazıçı Azər Turanın atasıdır.
HÜSEYNAĞA ATAKİŞİYEV (1949-2006)
7. Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor və rejissor Hüseynağa Ağaһüseyn oğlu Atakişiyevin anım günüdür. O, 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Bir müddət Şəki Dövlət Teatrında, Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib. Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olub. “Üzeyir ömrü” bədii televiziya filmində Üzeyir Hacıbəyovun obrazını yaradıb, 1995-ci ildə isə İstanbulda “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoyub. 1989-cu ildə Gənclər Teatrını açıb və ölümünə qədər bu teatrın bədii rəhbəri və direktoru olub. Hüseynağa Atakişiyev 2006-cı ilin aprelində vəfat edib.