Dünyanın bu günü - 09.04.2021

TİFLİS QIRĞINI 

(1989)

 

9 aprel 1989-cu ildə Tiflis şəhərində baş verən qanlı hadisələrin ildönümüdür. Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra Gürcüstan paytaxtında başlayan mitinqlərdə ölkənin müstəqilliyi barədə şüarlar səsləndirilib. SSRİ rəhbərliyinin qərarı ilə sovet ordusu aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Nümayişçiləri meydanlardan qovmaq üçün dəyənəklərdən, hərbi kürəklərdən və zəhərli maddələrdən istifadə edilib. Əməliyyat zamanı 3-ü yeniyetmə və çoxu qadın olmaqla, 21 nəfər həlak olub. 200-dən çox şəxs xəstəxanaya yerləşdirilib, sonrakı günlərdə minlərlə insana tibbi yardım göstərmək lazım gəlib. Bu qanlı hadisələrdən iki il sonra – 9 aprel 1991-ci ildə Gürcüstan müstəqilliyini bərpa edib.

 

 

SİDQİ RUHULLA 

(1886-1959)

 

SSRİ və Azərbaycanın xalq artisti, aktyor və rejissor Ruhulla Fətulla oğlu Axundov 9 aprel 1886-cı ildə Bakı qəzasının Buzovna kəndində anadan olub. Təhsilini bir kənd müəllimindən alıb. Gəncliyində “Vətən” dramında Sidqi rolunu məharətlə ifa etdiyindən, dostlarının məsləhəti ilə Sidqi ləqəbini qəbul edib. Səhnə fəaliyyətinə 1908-ci ildə Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” komediyasında Telli rolu ilə başlayıb. Hüseyn Ərəblinskinin truppasında işləyib. Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. Rəşt və Qəzvin şəhərlərində ilk teatr tamaşalarının təşkilatçısı, Təbrizdə milli teatrın yaradıcısı olub. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında işləyib. Səməd Vurğünün “Vaqif” pyesinin tamaşasında Qacar rolu yaradıcılığının zirvəsi hesab edilir. "Qırmızı Əmək Bayrağı" və "Lenin" ordenlərinə, "Əmək igidliyinə görə" və "Qafqazın müdafiəsinə görə" medallarına layiq görülən Sidqi Ruhulla 1959-cu il mayın 5-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

 

 

CƏFƏR RƏMZİ 

(1905-1996)

 

Şair, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi, əmək veteranı Cəfər Balaəmi oğlu İsmayılzadə (Cəfər Rəmzi) 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində anadan olub. Bakı Darülmüəllimində, Azərbaycan Pedaqoji İnstitutunun Tarix və Dil və ədəbiyyat fakültələrində təhsil alıb. Müxtəlif illərdə Mərdəkan gənclər özəyinin kitabxanasında, Azərbaycan EA Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində işləyib. Uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllim kimi çalışıb. Bədii yaradıcılığa 1954-cü ildən başlayan şair "Deyilən söz yadigardır" adlı üçcildlik kitabın tərtibçisi, “Günləri sayıram”, “Ürəkdən gələn səslər” və başqa əsərlərin müəllifidir. Cəfər Rəmzi 1996-cı il sentyabrın 11-də Bakıda vəfat edib və Mərdəkan qəbiristanlığında dəfn olunub.

 

 

CEYHUN MİRZƏYEV 

(1946-1993)

 

Azərbaycan kinoaktyoru, rejissor Ceyhun Cəmil oğlu Mirzəyev 1946-cı ilin bu günü Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, Moskvada da təhsil alıb. 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olan aktyor 11 yaşında "Görüş" filmində çəkilib, 12 yaşı olanda isə "Ögey ana" filminə dəvət alıb. Kinostudiyada assistent, rejissor köməkçisi, aktyor işləyib, rejissor kimi filmlər çəkib, "Mozalan" satirik kinojurnalının bədii rəhbəri olub. Son filmi "Fəryad" olan Ceyhun Mirzəyev 1993-cü il martın 5-də Bakıda vəfat edib.

 

 

CƏLAL RÜSTƏMOV 

(1965-1992)

 

Şəhid Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci il aprelin 9-da İsmayıllı rayonunun Mican kəndində anadan olub. Orta təhsilini İsmayıllı şəhərindəki 3 saylı məktəbdə alıb. 1982-ci ildə Bakı Neft Kimya Texnikumuna daxil olub. 1983-1985-ci illərdə Moskva şəhərində hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Tümen vilayətinin Novıy-Urenqoy şəhərində neft mühəndisi, sonralar isə baş mühəndis kimi çalışıb. Xocalı soyqırımından sonra Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün vətənə qayıdıb. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Cəlal Rüstəmov həmin il sentyabrın 16-da kəşfiyyata gedib və itkin düşüb. Bir qız və bir oğul övladı yadigar qalıb. İsmayıllıda doğulub böyüdüyü küçə onun adını daşıyır.

 

 

VÜSAL İSMAYILOV 

(1980-2020)

 

Şəhid Vüsal Nəbi oğlu İsmayılov 9 aprel 1980-ci ildə Oğuz rayonunun Xalxal kəndində anadan olub. 1998-2000-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş gizir Vüsal İsmayılov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

KAMİL ŞİRİNOV

(1991-2020)

 

Şəhid Kamil Əliş oğlu Şirinov 1991-ci ilin bu günü Salyan rayonunun Çuxanlı kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2013-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Kamil Şirinov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

TAQİ ƏSGƏROV 

(2001-2020)

 

Şəhid Taqi Nizami oğlu Əsgərov  2001-ci il aprelin 9-da Gəncə şəhərində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Taqi Əsgərov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

İMAMVERDİ ƏBİLOV 

(1927-2016)

 

Azərbaycanın əməkdar müəllimi, filologiya elmləri doktoru, professor İmamverdi Xankişi oğlu Əbilovun xatirə günüdür. O, 1927-ci il dekabrın 19-da Neftçala rayonunun Qoltuq kəndində anadan olub. Buzovna pedaqoji məktəbini, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı, Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olub. Prezident təqaüdçüsü, 800-dən artıq məqalənin və bir çox kitabların müəllifi olan İmamverdi Əbilov 2016-cı ilin aprelində Neftçalada vəfat edib. Onun haqqında sənədli filmlər çəkilib, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub və başqaları şeirlər həsr ediblər, akademik Bəkir Nəbiyev onun barəsində “El ağsaqqalı, elm fədaisi – İmamverdi Əbilov” kitabını yazıb. O, yazıçı Azər Turanın atasıdır.

 

 

HÜSEYNAĞA ATAKİŞİYEV 

(1949-2006)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor və rejissor Hüseynağa Ağaһüseyn oğlu Atakişiyevin anım günüdür. O, 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Bir müddət Şəki Dövlət Teatrında, Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib. Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olub. “Üzeyir ömrü” bədii televiziya filmində Üzeyir Hacıbəyovun obrazını yaradıb, 1995-ci ildə isə İstanbulda “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoyub. 1989-cu ildə Gənclər Teatrını açıb və ölümünə qədər bu teatrın bədii rəhbəri və direktoru olub. Hüseynağa Atakişiyev 2006-cı ilin 9 aprelində Bakıda vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv