Dünyanın bu günü - 09.05.2020
QƏLƏBƏ GÜNÜ
1. Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının yarıdan çoxu geri qayıtmayıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 azərbaycanlı “Şərəf” ordeni ilə, 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Sovet dövründə 9 may Azərbaycanda Qələbə Günü kimi qeyd olunub, müstəqil Azərbaycanda isə bu günün qeyd olunmasına 1994-cü ildən başlanılıb.
ƏHMƏD QƏMƏRLİNSKİ
(1880-1952)
2. Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor Əhməd Haşım oğlu Məlikov (Əhməd Qəmərlinski) 9 may 1880-ci ildə Bakıda anadan olub. Sultanməcid Qənizadənin məktəbində təhsil alıb. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı var, özü yox" tamaşasında çıxıb. Sonralar "Nicat" Cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru olub. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olub. Qəmərlinski ləqəbini ona Hüseyn Ərəblinski verib. O, ədəbi yaradıcılıqla da məşğul olub, tarixi və müasir mövzuda yazdığı 12 əsəri görkəmli sənətkarlar tərəfindən tamaşaya qoyulub. Əhməd Qəmərlinski 1952-ci il martın 9-da vəfat edib.
ƏLİAĞA QULİYEV
(1917-1998)
3. Azərbaycanın xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev 1917-ci il mayın bu günü Bakıda dünyaya göz açıb. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfində təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olsa da, ali təhsilini başa çatdırmadan İkinci Dünya müharibəsinə çağırılıb. Opera teatrında və radionun orkestrində, Azərbaycan radiosunda baş redaktor və xalq çalğı alətləri ansambllarının rəhbəri olub, Opera və Balet Teatrında, Mahnı Teatrında solist-tarzən kimi fəaliyyət göstərib, musiqi konsertlərinin təşkilatçısı, rejissor işləyib. Əliağa Quliyev 1998-ci il yanvarın 11-də Bakıda vəfat edib.
ƏLƏKBƏR MƏMMƏDOV
(1930-2014)
4. Əməkdar idman ustası, futbolçu və məşqçi, professor Ələkbər Əmir oğlu Məmmədov 1930-cu il mayın 9-da Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bakının "Neftçi”, Moskvanın "Dinamo” komandalarının tərkibində məşhur futbolçu kimi tanınıb, "Neftçi”nin baş məşqçisi olub. AFFA və Milli Olimpiya Komitəsi icraiyyə komitələrinin üzvü olub. Azərbaycanda futbolun inkişafı və təbliğində böyük xidmətlərinə görə bir çox mükafatlara, orden və medallara layiq görülüb. Ələkbər Məmmədov 28 iyul 2014-cü ildə Bakıda vəfat edib.
KAMİL MƏHƏRRƏMOV
(1941-1993)
5. Azərbaycanın teatr və kino aktyoru Kamil Fərman oğlu Məhərrəmov 9 may 1941-ci ildə Şamaxıda dünyaya gəlib. Ailəsi ilə birlikdə Bakıya köçdükdən sonra rejissor Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılıb. Energetika Texnikumunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb. Peşəkar karyerasına Sumqayıt teatrında başlayıb. “Axırıncı aşırım”, “Bəyin oğurlanması”, “Dərviş Parisi partladır”, “Yol əhvalatı”, "Mən mahnı qoşuram" və başqa filmlərdə, eləcə də "Mozalan" satirik kinojurnalında yaddaqalan obrazlar yaradıb. Kamil Məhərrəmov 1993-cü il oktyabrın 8-də Sumqayıtda vəfat edib.
QEYBULLA QEYBULLAYEV
(1945-2012)
6. Texnika elmləri doktoru, professor Qeybulla Ramazan oğlu Qeybullayev 1945-ci il mayın bu günü Balakən rayonunun Katex kəndində dünyaya gəlib. 1963-cü ildə Katex kənd orta məktəbini qızıl medalla, 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakültəsini fərqlənmə ilə bitirib. Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri, nazir müşaviri, Azərbaycan Tikinti və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində professor və kafedra müdiri olub, 1992-2000-ci illərdə isə universitetin rektoru vəzifəsində işləyib. 2001-ci ildən ömrünün sonuna qədər Türkiyə Cümhuriyyəti Süleyman Dəmirəl Universitetinin professoru və iqtisadiyyat bölümünün başqanı, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri kimi çalışıb. Qeybulla Qeybullayev 2 mart 2012-ci ildə Türkiyənin Gülhanə hərbi hospitalında dünyasını dəyişib və öz vəsiyyəti ilə doğulduğu Katex kəndində torpağa tapşırılıb.
XANIM QAFAROVA
(1967-2014)
7. Azərbaycanın əməkdar artisti, teatr və kino aktrisası, müğənni Xanım Əbdülqafar qızı Qafarova 9 may 1967-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsində təhsil alıb. Lütfi Məmmədbəyovun xalq teatrında, "Tənqid-Təbliğ" teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Bir sıra film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktrisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub. 2012-ci il və 2014-cü ildə Prezident Mükafatına layiq görülüb. Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişib və Kürdəxanı qəbiristanlığında dəfn olunub.
AZƏRİN
(1971)
8. Azərbaycanın xalq artisti, müğənni Anaxanım Etibar qızı Tağıyeva (Azərin) 1971-ci il mayın 9-da Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 9 yaşından böyük səhnədə olan 1990-cı ildə “Bakı payızı” müsabiqəsində ilk dəfə estrada səhnəsinə çıxıb, “Cücələrim” ansamblının solisti kimi xarici ölkələrdə səfərdə olub. Onun ilk solo albomu 2001-ci ildə Qazaxıstandakı "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. “Çırpınırdın Qara dəniz”, “Sevgili canan” onun ifasında yaddaqalan mahnılarındandır. Azərin Azərbaycan Daxili Qoşunları Hərbi Orkestrinin dirijoru, baş leytenantdır.
ARİF MƏLİKOV
(1933-2019)
10. SSRİ və Azərbaycanın xalq artisti, bəstəkar, rəssam, professor Arif Cahangir oğlu Məlikovun anım günüdür. O, 13 sentyabr 1933-cü ildə BakıDA anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Konservatoriyada müəllim, baş müəllim, dosent, professor və bəstəkarlıq kafedrasının müdiri kimi vəzifələrdə çalışıb. Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti ona dünya şöhrəti qazandırıb. "Sehrli xalat", "Ulduzlar sönmür", "Rüstəm və Söhrab", "Axırıncı aşırım", "Qərib cinlər diyarında", "Natəvan", "Atabəylər" kimi film və tamaşalarına musiqi yazıb. “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunan Arif Məlikov 2019-cu ilin mayında vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
MEHMAN SAYADOV
(1972-1992)
11. Azərbaycanın Milli Qəhrəmanı Mehman Qəzənfər oğlu Sayadovun xatirə günüdür. O, 1972-ci il noyabrın 21-də Basarkeçər rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan torpaqlarına düşmən təcavüzü başlayandan sonra vətənin müdafiəsinə qalxıb və 1991-ci il noyabrın 5-də könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq, cəbhənin Şuşa istiqamətinə gedib. 1992-ci ilin mayında Şuşanın Nəbilər kəndinin müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Mehman Sayadova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
TEYMUR SADIQOV
(1974-1994)
12. Şəhid Teymur Alim oğlu Sadıqovun xatirə günüdür. O, 15 may 1974-cü ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. Faxralı kənd orta məktəbini bitirdikdən sonra Gəncə Maşınqayırma Texnikumuna daxil olub. 1993-cü ildə Goranboy rayonunun Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Teymur Sadıqov 1994-cü ilin mayında Goranboy rayonunun Tapqaraqoyunlu kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və Faxralı kəndində dəfn edilib.