Dünyanın bu günü - 09.07.2021

ŞAMO ARİF

(1936-2012)

 

Azərbaycan yazıçısı, publisist və geoloq alim Şamo Arifin doğum günüdür. Arif Süleyman oğlu Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda çalışan alim ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamo Rəhimovun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edərək, Şamo Arif olub. Sonuncu romanı "Qınamayın məni" olub. Bundan başqa, dövri mətbuatda tez-tez publisistik və elmi məqalələrlə çıxış edib. Şamo Arif 17 iyun 2012-ci ildə vəfat edib. O, Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun oğludur.

 

 

FİRUZ XUDAVERDİYEV

(1939-2017)

 

Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Firuz İslam oğlu Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində dünyaya gəlib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub. 1969-1976-cı illərdə Mingəçevir Dövlət Dram Teatrında, 1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. "Almaz", "Məhv olmuş gündəliklər", "Daşqın", "Gecənin sirri", "İblis" və başqa tamaşalarda çıxış edib, "Dəvətnamə", "Həmyerlilər", "Ordan-burdan", "Pəncərədə işıq" kimi filmlərdə oynayıb. Firuz Xudaverdiyev 2017-ci il martın 28-də vəfat edib. Oğlu Tahir Xudaverdiyev 16 aprel 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

 

 

ÇİNGİZ MƏMMƏDOV

(1992-2020)

 

Şəhid Çingiz İlham oğlu Məmmədov 1992-ci ilin bu günü Şəmkir rayonunun Yeniabad kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. oktyabrın 1-də, qardaşı, gizir Cavid Məmmədov isə oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Gizir Çingiz Məmmədovun uzun müddət sonra tapılan nəşi dekabrın 18-də doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ƏLİ RZAYEV

(1992-2020)

 

Şəhid Əli Nəsib oğlu Rzayev 9 iyul 1992-ci ildə Mingəçevir şəhərində anadan olub. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Əli Rzayev oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub və Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

NƏBİ HÜSEYNOV

(1992-2020)

 

Şəhid Nəbi Hacıbala oğlu Hüseynov 1992-ci il iyulun 9-da Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Nəbi Hüseynov oktyabrın 9-da Füzuli-Cəbrayıl döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

CAHANGİR SURXAYZADƏ

(1996-2020)

 

Şəhid Cahangir Hətəm oğlu Surxayzadə 1996-cı ilin bu günü Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Cahangir Surxayzadə noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

NİCAT NAĞIYEV

(2001-2020)

 

Şəhid Nicat İbrahim oğlu Nağıyev 9 iyul 2001-ci ildə Salyan rayonunun Qızılağac kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və qəhrəmancasına şəhid olub. Uzun müddət sonra tapılan nəşi dekabrın 7-də doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

HƏSƏN QULİYEV

(2002-2020)

 

Şəhid Həsən Yalçın oğlu Quliyev 2002-ci il iyulun 9-da Qobustan rayonunun Sündü kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Həsən Quliyev noyabrın 1-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

ŞIXBALA ƏLİYEV

(1910-1960)

 

Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk elmlər doktoru, professor Şıxbala Əbülfəz oğlu Əliyevin xatirə günüdür. O, 1910-cu il martın 28-də Bakının Binəqədi kəndində anadan olub. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasına daxil olub. 1941-ci ildə Azərbaycan EA-nın Kimya İnstitutuna direktor təyin edilib. Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri, Azərbaycan Sənaye İnstitutunda kimya və neft texnologiyası kafedrasında professor vəzifələrində çalışıb. "Ümumi kimya" ixtisası üzrə Azərbaycanın ilk professoru adına layiq görülüb, "Şərəf Nişanı" ordeni və "Fədakar əməyə görə" medalı ilə təltif edilib. Şıxbala Əliyev 1960-cı il iyulun 9-da rəhbərlik etdiyi laboratoriyada elmi-tədqiqat işləri üzrə eksperimentlər apararkən baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

 

 

NİGAR RƏFİBƏYLİ

(1913-1981)

 

Azərbaycanın xalq şairi, əməkdar mədəniyyət işçisi, tərcüməçi Nigar Xudadat qızı Rəfibəylinin anım günüdür. O, 1913-cü il iyunun 23-də Gəncə şəhərində doğulub. Atası Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə naziri və Gəncənin general-qubernatoru olmuş, bolşevik işğalından sonra güllələnmiş Xudadat bəy Rəfibəylidir. Bakı Pedaqoji Texnikumunda və Moskva Pedaqoji İnstitutunda təhsil alıb. Bakı kinostudiyasının ssenari şöbəsində, fəhlə-gənclər məktəbində, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib. Bir sıra şeir və tərcümə kitablarının müəllifidir. "Şərəf Nişanı" ordeni, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. Nigar Rəfibəyli 1981-ci ilin iyulunda Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, xalq şairi Rəsul Rzanın həyat yoldaşı, xalq yazıçısı Anarın anasıdır.

 

 

CƏLAL BƏRGÜŞAD

(1924-1996)

 

Yazıçı-jurnalist Cəlal Bərgüşad da bu gün xatırlanır. Cəlal Novruz oğlu Cavadov 22 iyun 1924-cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində alıb. İkinci Dünya müharibəsində iştirak edib, ağır döyüşlərin birində kantuziya aldığına görə ordudan tərxis edilib. Bir müddət Qubadlı rayon Daxili İşlər Şöbəsində bölmə müdiri işləyib. Onun "Cənub taydan əsən meh" adlı ilk şeiri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra "Azərbaycan pioneri" qəzeti redaksiyasına ədəbi işçi təyin olunub. 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində çalışıb. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Torpağın ətri", "Çinar yarpağı" televiziya filmləri çəkilib. Xidmətlərinə görə 1-ci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni və medallarla təltif edilib. “Bozatın belində”, “Sıyrılmış qılınc” kimi tarixi romanların və digər əsərlərin müəllifidir. Cəlal Bərgüşad 1996-cı ilin iyulunda Bakı şəhərində vəfat edib.

 

 

VAQİF ARZUMANLI

(1947-2014)

 

Filologiya elmləri doktoru, professor, politoloq Vaqif Arzumanlının anım günüdür. O, 5 mart 1947-ci ildə Quba rayonunda anadan olub. 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi və şöbə müdiri vəzifəsində çalışıb. 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun direktoru olub, 2002-ci ildən isə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edib, direktorun beynəlxalq əlaqələr üzrə müşaviri olub. 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin müəllifi, 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Vaqif Arzumanlı 2014-cü ilin iyulunda Nabranda dünyasını dəyişib və Xudatın "Şıxlar" qəbiristanlığında dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv