Dünyanın bu günü - 09.08.2020
HÜSEYN XAN NAXÇIVANSKİ
(1863-1919)
Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, general Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski 1863-cü il avqustun 9-da Naxçıvan şəhərində anadan olub. İlk təhsilini 1873-cü ilədək burada alıb. Daha sonra Peterburqdakı zadəgan uşaqları üçün paj korpusunda oxuyub. Çar sarayındakı paj korpusuna 9 dekabr 1873-cü ildə qəbul edilib. 30 avqust 1884-cü ildə podporuçik, 30 avqust 1887-ci ildə isə poruçik rütbəsi alıb. 1894-cü ilin 17 aprelində ştab-rotmistri təyin olunub. II və III dərəcəli Müqəddəs Stanislav ordeni, çar III Aleksandrın xatirəsinə hazırlanmış gümüş medalla təltif olunub. 12 aprel 1903-cü ildə ona polkovnik rütbəsi verilib. Alay komandirinin təsərrüfat işləri üzrə köməkçisi, II Dağıstan süvari polkunun, Qafqaz süvari briqadasının, Nijeqorod 44-cü draqun alayının komandiri vəzifələrində işləyib. Birinci Dünya müharibəsində göstərdiyi şücaətlərə görə tam süvari generalı rütbəsinə layiq görülüb. 16 aprel 1917-ci ildə Müvəqqəti Hökumət tərəfindən monarxiyaya sədaqətdə şübhəli bilinərək vəzifələrindən uzaqlaşdırılan 47 yüksək rütbəli hərbi rəhbərdən biri olub. Petroqrad İnqilab və təxribata qarşı Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının fərmanı ilə Hüseyn xan Naxçıvanski 1918-ci il mayın 18-də əks-inqilabi fəaliyyətdə iştirak ittihamı ilə həbs edilib. Bir sıra müəlliflərə görə, Hüseyn xan Naxçıvanski 1919-cu ildə böyük knyazlarla birlikdə güllələnib. Ancaq generalın dəfn yeri haqqında dəqiq məlumat yoxdur.
BAĞIR SEYİDZADƏ
(1912-1968)
Azərbaycanın tanınmış ictimai xadimi, diplomat və jurnalist Bağır Mirqasım oğlu Seyidzadə 9 avqust 1912-ci ildə İrəvanda dünyaya gəlib. Ailəsi 1925-ci ildə Bakıya köçüb. 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay “Kəndli” qəzetinin redaksiyasında korrektor işləyib. 1936-cı ildə isə Azərbaycan Sənaye İnstitutunun məzunu kimi “Gənc işçi” qəzetinə redaktor təyin olunub. Görkəmli dövlət xadimi Əziz Əliyev tərəfindən İranda işləmək üçün Moskvaya - SSRİ Xarici İşlər Nazirliyi Ali Diplomatiya Məktəbinin altı aylıq kursuna, 1944-cü ildə isə sovet diplomatı kimi İrana göndərilib. 1949-cu ilin fevral ayında Azərbaycan SSR-in kinematoqrafiya naziri təyin edilib. Bu dövrdə “Bakı” kinostudiyasında neftçilərdən bəhs edən “Bakının işıqları” bədii filmi, habelə müxtəlif mövzularda sənədli və elmi-kütləvi filmlər çəkilib. “Sovet Azərbaycanı” sənədli filmi 1951-ci ildə Kann Beynəlxalq Kinofestivalında Azərbaycanın kino tarixində ilk dəfə olaraq xüsusi mükafata layiq görülüb. 1963-cü ildə “Azərinform”a baş direktorun müavini vəzifəsinə təyin edilib və ömrünün sonunadək burada çalışıb. Bağır Seyidzadə 1968-ci il martın 24-də 55 yaşında dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. O, Azərbaycan Prezidenti Katibliyinin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadənin atasıdır.
MÖHLƏT MÜSLÜMOV
(1954)
Azərbaycanın xalq artisti, tarzən Möhlət Xanəli oğlu Müslümov 1954-cü ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirib. 1975-ci ildən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində solist, 1988-ci ildən Azərbaycan Dövlət Filarmoniyasında Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün solisti və Azərbaycan Dövlət Konservatoriyasında müəllim vəzifələrində işləyib. Dünyanın bir sıra ölkələrində Azərbaycan musiqisini layiqincə təmsil edib. Möhlət Müslümov hazırda Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının professoru, Azərbaycan Televiziyasının Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəridir. 2006-cı ildən Prezident mükafatçısıdır.
UİTNİ HYUSTON
(1963-2012)
ABŞ müğənnisi Uitni Elizabet Hyustonun doğum günüdür. O, 9 avqust 1963-cü ildə Nyu-Cersidə dünyaya göz açıb. Karyerasına Nyu-Cersidə kilsə xorlarında oxumaqla başlayıb. Daha sonra Nyu-Yorkdakı bəzi klublarda səhnəyə çıxıb, dövrün məşhur jurnallarının üz qapağını bəzəyib. 1992-ci ildə Kevin Kostnerlə çəkildiyi "Cangüdən" filmi 90-cı illərin ən çox baxılan filmlərindən olub, filmdə oxunan mahnılar isə hitə çevrilib. “Mən səni həmişə sevəcəyəm” mahnısı bütün dünyada dillər əzbəridir. 16 yanvar 2010-cu ildə “Mən sənə baxıram” albomuna görə BET Awards mükafatına layiq görülüb. Uzun müddət narkotikdən istifadə edən Uitni Hyuston 11 fevral 2012-ci ildə Beverli Hillzdəki “Beverli Hilton” hotelində ölü tapılıb və bir həftə sonra doğulduğu Nyu-Cersidə atasının yanında dəfn olunub.
MƏHƏMMƏD HƏSƏNOV
(1959)
Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Ələsgər oğlu Həsənov 1959-cu il avqustun 9-da Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub. 1966-1976-cı illərdə buradakı 3 saylı orta məktəbdə təhsil alıb. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olub. 1987-ci ildə Vətənə qayıdıb və təhsil aldığı məktəbdə hərbidən dərs deyib. Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra silaha sarılıb və könüllülərdən ibarət dəstəyə komandir təyin olunub. Döyüş yolu Mənəşli, Erkəc, Qaraçinar və Talış kəndlərindən keçib. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 1993-cü ildə könüllü batalyonlar ləğv edildikdən sonra "N" saylı hərbi hissədə xidmətini davam etdirib. 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və polkovnik-leytenant rütbəsinə yüksəlib. Hazırda təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışır.
HƏTƏMXAN BABAYEV
(1972-1992)
Qarabağ müharibəsi iştirakçısı, şəhid Hətəmxan Babayev 1972-ci ilin bu günü Zəngilan rayonunun Keçikli kəndində doğulub. 1987-ci ilədək Keçikli kənd natamam orta məktəbində təhsil alıb. 1990-cı ildə Zəngilandakı 144 saylı texniki peşə məktəbindən elektrik-qaz qaynaqçısı ixtisası üzrə məzun olub. 1990-cı ilin noyabrında Sumqayıt şəhərindəki milis batalyonuna hərbi xidmətə çağırılıb. Ağdam rayonunda gedən döyüşlərdə iştirak edib. 1 aprel 1992-ci ildə Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Təhsil aldığı Keçikli kənd natamam orta məktəbi Hətəmxan Babayevin adını daşıyır.
DMİTRİ ŞOSTAKOVİÇ
(1906-1975)
Görkəmli rus bəstəkarı, pianoçu, professor, Sosialist Əməyi Qəhrəmanı Dmitri Dmitriyeviç Şostakoviçin anım günüdür. O, 25 sentyabr 1906-cı ildə Sankt-Peterburqda anadan olub. 1919-cu ildə Petroqrad Konservatoriyasına daxil olub. 1920-ci illərin ikinci yarısında pianoçu kimi konsertlər verib. 15 simfoniya, 15 simli kvartet, fortepiano kvinteti, iki fortepiano triosu, instrumental konsertlər, eyni zamanda "Qızıl dövr", "Bolt", "İşıq axını", "Moskva, Çeryomuşki" operettalarını yazıb. Dmitri Şostakoviç 9 avqust 1975-ci ildə Moskvada vəfat edib.
TEYYUB DƏMİROV
(1908-1970)
Azərbaycanın tanınmış qarmon ifaçısı Teyyub Hacı Məmməd oğlu Dəmirovun xatirə günüdür. O, 25 aprel 1908-ci ildə Bakıda anadan olub. 1929-cu ildə artıq kamil bir sənətkar kimi özünü təsdiq edib. 1939-cu ildə Üzeyir Hacıbəyov onu özünün yaratdığı orkestrə dəvət edib. Bir müddət bu və digər ansambllarda çalışdıqdan sonra Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrində fəaliyyət göstərib. Məhz həmin illərdə bəstəkarlıq qabiliyyəti də üzə çıxıb. İyirmidən artıq bəstəsi, oyun havaları, “Dilşadı”, “Bəxtəvəri”, “Solmazı”, “Rast dəramədi”, “Şur rəngi”, digər rəng və dəramədlər özünün yaratdığı qarmonçalanlar ansamblının əsas repertuarı olub. Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda vəfat edib. Onun ifasında lentə yazılan "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamları Azərbaycan teleradiosunun qızıl fondunda saxlanılır.
ƏŞRƏF HƏSƏNOV
(1909-1983)
Azərbaycanın xalq artisti, dirijor, pedaqoq Əşrəf Həsən oğlu Həsənov da bu gün xatırlanır. O, 24 yanvar 1909-cu ildə Şəkidə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının orkestr və Moskva Dövlət Konservatoriyasının dirijorluq siniflərini bitirib. 1932-1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olub. 1938-1950-ci illərdə Azərbaycan Radiosu nəzdindəki simfonik orkestrə, 1949-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinfinə rəhbərlik edib. “Şərəf nişanı” ordeninə layiq görülüb. Peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan olan Əşrəf Həsənov 9 avqust 1983-cü ildə Bakıda vəfat edib.
ƏLİBABA ABDULLAYEV
(1915-1980)
Azərbaycanın xalq artisti, rəqqas və xoreoqraf Əlibaba Abdulla oğlu Abdullayevin anım günüdür. O, 23 mart 1915-ci ildə Bakıda dünyaya göz açıb. Peşəkar fəaliyyətinə 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında başlayıb, iki il sonra Moskvada Azərbaycan incəsənətinin birinci ongünlüyündə iştirak edib, müharibə illərində isə rəqs qrupunun rəhbəri olub. Azərbaycan Dövlət Filarmoniyası rəqs ansamblının, Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub, eyni zamanda Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda “Lalə” özfəaliyyət ansamblını yaradıb. “Dəli Kür”, “Əhməd haradadır”, “Sehrli xalat” və digər filmlərdəki rəqslərə quruluş verib. “Nəlbəki” və “Vağzalı” rəqslərinin ilk quruluşu da ona məxsusdur. Əlibaba Abdullayev 1980-ci il avqustun 9-da vəfat edib.
OQTAY KAZIMİ
(1932-2010)
Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Məmməd oğlu Kazıminin xatirə günüdür. O, 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olub. Orta məktəbi burada bitirdikdən sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə, daha sonra Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev və digər korifey müğənnilər ifa edib. O, Azərbaycanda ilk rok operanın müəllifidir. Prezident təqaüdçüsü olan Oqtay Kazımi 9 avqust 2010-cu ildə vəfat edib.