Dünyanın bu günü - 09.12.2020
MEHMET ƏLİ BİRAND
(1941-2013)
Məşhur türkiyəli jurnalist, yazıçı və xəbər aparıcısı Mehmet Əli Birand 9 dekabr 1941-ci ildə İstanbulda anadan olub. Qalatasaray Liseyində təhsil alıb. Peşəkar jurnalist fəaliyyətinə 1964-cü ildə “Milliyet “qəzetində fəaliyyətə başlayıb. “32-ci gün” teleproqramı ilə TRT və Show TV kanallarında çıxış edib. 1992-1995-ci illərdə Show TV-də hava xəbərlərində aparıcılıq edib. Fransız və ingilis dillərini bilən aparıcı həm də Belçika vətəndaşı olub. Mehmet Əli Birand 13 yanvar 2013-cü ildə İstanbul Amerikan Xəstəxanasında mədəaltı vəzin xərçəngindən vəfat edib.
FATMA GİRİK
(1942)
Məşhur türkiyəli aktrisa Fatma Girik 1942-ci il dekabrın 9-da İstanbulda anadan olub. Cağaloğlu Qız Liseyində təhsil alıb. 1957-ci ildə rejissor və ssenarist Seyfi Havaerin “Ləkə” filmində ilk baş rolunu ifa edib. Onun yüksək performans sərgilədiyi, tamaşaçı diqqətini qazanmış filmlərdən biri də 1960-cı ildə çəkilmiş “Ölüm peşimizde”dir. Siyasətdə də özünü sınayıb, bir müddət Şişlidə bələdiyyə sədri vəzifəsində çalışıb. Bundan başqa, qısa müddət ərzində televiziya sahəsində çalışan aktrisa “Söz Fato” adlı proqramın aparıcı olub. Fatma Girik karyerası ərzində 180-dən çox filmdə çəkilib.
MURAD ACI
(1944-2018)
Qumuq əsilli türkoloq, coğrafiyaşünas, publisist və yazıçı, iqtisad elmləri namizədi Murad İsgəndəroviç Acıyev 1944-cü ilin bu günü Moskvada anadan olub. 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. "Avropa. Türklər. Böyük çöl", "Asiya Avropası", "Türklərin və Böyük Çölün qədim tarixi" və bir sıra tarixi əhəmiyyətli kitabların müəllifidir. Murad Acı 7 mart 2018-ci ildə Moskvada vəfat edib.
LÜTFƏLİ ABDULLAYEV
(1914-1973)
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, xalq artisti, aktyor Lütfəli Əmir oğlu Abdullayevin xatirə günüdür. O, 1914-cü il martın 22-də Şəki şəhərində doğulub. Oradakı yeddiillik məktəbi bitirdikdən sonra bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. 1928-ci ildə Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Milli Dram Teatrında, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən musiqili komediya truppasında işləyib. "Arşın mal alan" filmində oynadığı Vəli roluna görə 1946-cı ildə SSRİ Dövlət Mükafatına layiq görülüb. "Əhməd haradadır?", "Ulduz", "Qəribə əhvalat" və başqa filmlərdə çəkilib. Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn edilib.
LƏTİF SƏFƏROV
(1920-1963)
Azərbaycanın əməkdar incəsənət xadimi Lətif Bəşir oğlu Səfərovun xatirə günüdür. O, 30 sentyabr 1920-ci ildə Şuşada anadan olub. Gəncə Pedaqoji Texnikumunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Bərdədə müəllim kimi çalışıb. Yaradıcılığa kino aktyoru kimi başlayıb. “Qızmar günəş altında”, “Leyli və Məcnun”, "Bəxtiyar" və başqa bədii filmlərin rejissorudur. Azərbaycan Kinematoqrafçılar İttifaqına başçılıq edib. “Şərəf nişanı” ordeni ilə təltif olunub. Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngindən atəş açaraq intihar edib. O, Azərbaycanın xalq artisti, müğənni Şövkət Ələkbərova ilə evli olub.
RİZVAN TEYMUROV
(1967-1991)
Azərbaycanın Milli Qəhrəmanı Rizvan Rəhman oğlu Teymurov da bu gün xatırlanır. O, 1967-ci il aprelin 16-da Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində doğulub. 1984-cü ildə Quşçular kənd orta məktəbini bitirib, 1985-ci ildə isə hərbi xidmətə çağırılıb. Arxangelsk vilayətində xidmət edib. Hərbi xidmətdən sonra Şuşa rayon Daxili İşlər Şöbəsinin nəzdində yaranan polis alayında fəaliyyət göstərib. Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli və Cəmilli kəndlərində gedən döyüşlərdə onlarla erməni yaraqlısını məhv edib. Rizvan Teymurov 9 dekabr 1991-ci ildə Kərkicahan kəndi ətrafında gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib.