Dünyanın bu günü - 10.01.2021

MƏMMƏDTAĞI ƏLİYEV

(1858-1918)

 

Görkəmli siyasi və dövlət xadimi Məmmədtağı Hacı Əbdüssəməd oğlu Əliyev 10 yanvar 1858-ci ildə Şamaxı şəhərində anadan olub. Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb. Almaniya və Finlandiyada yaşayıb, alman, fransız, ərəb, fars və rus dillərində sərbəst danışıb. Şirvani təxəllüsü ilə "Əkinçi" qəzetinə məqalələr yazıb, "Hümmət" partiyasının yaradıcılarından biri, I Dövlət Dumasının deputatı olub. Məmmədtağı Əliyev 1918-ci ilin mart soyqırımı zamanı Şamaxıdakı evinə soxulan ermənilər tərəfindən qətlə yetirilib. O, Azərbaycanın görkəmli geoloq alimi, akademik Ələşrəf Əlizadənin babasıdır.

 

 

ƏLƏSGƏR HÜSEYNOV

           (1928-1976)

 

Azərbaycan memarı Ələsgər Nurəli oğlu Hüseynov 1928-ci il yanvarın 10-da doğulub. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. "Azərdövlətlayihə" İnstitutunda və Sənaye Tikintisi Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bakının baş rəssamı, Bakı şəhəri İcraiyyə Komitəsi rəisinin müavini olub. Bakı Metropoliteninin "Qara Qarayev" stansiyasının və digər tikililərin layihələrini verib. SSRİ və Azərbaycan SSR-in Dövlət mükafatları, "Oktyabr İnqilabı" ordeni və medallarla təltif edilən Ələsgər Hüseynov 3 may 1976-cı ildə Bakıda dünyasını dəyişib.

 

 

AFAD QURBANOV

(1929-2009)

 

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, dilçi və türkoloq alim Afad Məhəmməd oğlu Qurbanov 1929-cu ilin bu günü Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Qızıl Şəfəq və İlməzli kənd məktəblərində, Gürcüstan Müəllimlər İnstitutun­da, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Azər­bay­can Pe­daqoji Univer­si­te­tin­də dekan müa­vini, de­ka­n və rek­tor vəzifələrində çalışıb, 1979-cu ildən öm­rünün sonuna qədər Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyib. 1990-1994-cü il­lər­də Milli Məclisin üzvü və əlifba islahatının təşkilat­çı­­la­rın­dan olub. Onun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq, həmin komissiyanın sədri təyin edilib. 100-ə qədər elmi mə­qalənin, bir neçə kitab və mono­qra­fi­yanın müəllifidir. Afad Qur­ba­nov 26 sentyabr 2009-cu ildə Bakıda vəfat edib.

 

 

ELZA İBRAHİMOVA

      (1938-2012)

 

Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İmaməddin qızı İbrahimova 10 yanvar 1938-ci ilfə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirib. 1969-cu ildə ilk mahnısını bəstələyib, Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olub. Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir. 1992-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 2008-ci ildə xalq artisti adına layiq görülüb. Elza İbrahimova 11 fevral 2012-ci ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

 

ƏLİ NUR

    (1948)

 

Azərbaycanın xalq artisti, teatr aktyoru Əli Qayıb oğlu Nurzadə 1948-ci il yanvarın 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbi 1965-ci ildə doğma kəndində, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini 1972-ci ildə  bitirib. Təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. 2018-2019-cu illərdə Prezident Mükafatına layiq görülüb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. Əli Nurun oğlu, Azərbaycan Ordusunun baş leytenantı Rövşən Nurzadə 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində qəhrəmancasına şəhid olub.

 

 

FAİQ ƏLİZADƏ

(1953-1990)

 

Şəhid Faiq Əbdülhəsən oğlu Əlizadə 10 yanvar 1953-cü ildə Ağcabədidə anadan olub. Binəqədi rayon təmir-tikinti idarəsində fəhlə işləyib. 1990-cı il yanvarın 20-də “Gənclik” metro stansiyası yaxınlığında sovet əsgərləri tərəfindən güllələnib və Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

MUXTAR QASIMOV

        (1958-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı  Muxtar Cahid oğlu Qasımov 1958-ci ilin bu günü Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. 1974-cü ildə Ağdam səhərindəki 5 saylı orta məktəbi bitirib. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1988-ci ildə Ağdamda həkim kimi hospitalda çalışıb. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirib. 1992-ci il iyunun 16-da Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olub. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

RİZVAN MƏMMƏDOV

(1966-1992)

 

Şəhid Rizvan İdris oğlu Məmmədov 10 yanvar 1966-cı ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub. 1984-cü ildə hərbi xidmətə çağırılıb, Xarkov şəhərində hərbi məktəbə təyinat alıb. Məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra bir müddət Dnepropetrovsk şəhərində hərbi hissədə işləyib. Azərbaycan Milli Ordusunun yaranması ilə əlaqədar Vətənə qayıdıb, Dəllər batalyonunda döyüşüb. Hərbi bilik və bacarığına, Başkənd uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə kapitan rütbəsinə layiq görülüb. Rizvan Məmmədov 1992-ci il avqustun 15-də Gədəbəyin Şınıx bölgəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olub.

 

 

ELDAR MƏMMƏDOV

(1968-1993)

 

Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədov 1968-ci il  yanvarın 10-da Bakı şəhərində doğulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə və Riqada Ali Hərbi Siyasi Məktəbdə təhsil alıb. 1989-1991-ci illərdə Rusiyanın Orenburq vilayətində zabit kimi hərbi xidmətdə olub. Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbiçi kimi fəaliyyətini davam etdirib. Eldar Məmmədov Ağdərədə gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirib və 1993-cü il  fevralın 24-də qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 11 dekabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı onun adını daşıyır.

 

 

VÜQAR MAHMUDOĞLU

(1970-2018)

 

Aşıq Vüqar Mahmud oğlu Niftəliyevin anım günüdür. O, 3 noyabr 1970-ci ildə Qobustan rayonunun Şıxzahırlı kəndində doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır. Şamaxı şəhər musiqi məktəbində və Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. Yeniyetməliyindən qarmon ifaçısı kimi tanınsa da, sonradan meylini saza salıb. Fransa, Rusiya, Türkiyə, İsveçrə, Xorvatiya, İran və başqa ölkələrdə konsertlər verib, Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib. Aşıq Vüqar Mahmudoğlu 2018-ci il yanvarın 10-da Bakıda dünyasını dəyişib və doğulduğu kənddə dəfn olunub.

 

 

FAİQ RƏFİYEV

(1955-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Faiq Qəzənfər oğlu Rəfiyevin xatirə günüdür. O, 22 fevral 1955-ci ildə Füzuli rayonunda anadan olub. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirib. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azərbaycan DİN-ə müraciət edib və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilib. Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərib. Koçbəy kəndini düşməndən təmizləmək üçün plan hazırlayıb. 10 yanvar 1992-ci ildə baş tutan hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkilib. Bu zaman Faiq ürəyindən aldığı güllə yarasından dünyasını dəyişib. Azərbaycan Prezidentinin 2 oktyabr 1992-ci il tarixli fərmanı ilə Faiq Rəfiyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

MAHİR HÜSEYNOV

 (1968-1994)

 

Şəhid Mahir Ağaxan oğlu Hüseynov da bu gün xatırlanır. O, 1968-ci il aprelin 11-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1985-ci ildə 114 nömrəli orta məktəbi bitirib. 1986-1988-ci illərdə Rusiyanın Maqadan şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra isə rabitəçi peşəsinə yiyələnib. 1993-cü ilin yazında könüllü olaraq Qarabağ cəbhəsinə yollanan Mahir Hüseynov helikopterdə bort-atıcı kimi döyüşüb. 1994-cü ilin yanvarında Horadiz ətrafında gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Prezidentinin fərmanı ilə Mahir Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Müəllif | Apa.Tv
Apa.tv