Dünyanın bu günü - 10.02.2021

TÜRKMƏNÇAY SÜLH MÜQAVİLƏSİ

(1828) 

 

Azərbaycanı rəsmən iki yerə bölən Türkmənçay müqaviləsinin imzalanmasının ildönümüdür. 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında müharibənin yekunlarına dair Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Bununla da Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ) köçürülməsi, İranın Rusiyaya təzminat ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərinin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.

 

 

CƏLİL MƏMMƏDQULUZADƏ

(1869-1932)

 

Görkəmli yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik edib. İlk bədii əsəri sayılan “Çay dəstgahı” alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” hekayəsini də bu dövrdə yazıb. Yazıçı və jurnalist kimi püxtələşməsində Tiflisdə nəşr olunan ilk  Azərbaycandilli qəzet olan“Şərqi-Rus” qəzetinin və onun redaktoru Məhəmməd ağa Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yaxdığı “Poçt qutusu” əsəri 1904-cü ildə elə “Şərqi-Rus” qəzetində çap olunub. 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlayıb. Bununla da Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub və özü də “Molla Nəsrəddin” adı ilə məşhur olub. Müəyyən fasilələrlə dərc olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

CEVDƏT SUNAY

(1899-1982)

 

Türkiyə Cümhuriyyətinin 5-ci prezidenti Cevdet Sunay 10 fevral 1899-cu ildə Trabzon şəhərində anadan olub. Ərzurumda, Kərkük və Ədirnədə təhsil alıb. 1918-ci ildə Misirdə ingilislərlə döyüşüb və bir ildən artıq əsir qalıb. Daha sonra Milli Qurtuluş Hərəkatına qatılıb, Kahramanmaraş və Qaziantepdə fransızlara qarşı vuruşub. 1930-cu ildə Hərbi Akademiyadan zabit kimi məzun olub. 1949-cu ildə general olub, 1950-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub. 28 mart 1966-cı ildə TBMM tərəfindən prezident seçilib və yeddi il bu vəzifədə çalışıb. 1969-cu ilin dekabrında Azərbaycana səfər edən ilk Türkiyə prezidenti kimi tarixə düşüb. Cevdet Sunay 22 may 1982-ci ildə dünyasını dəyişib.

 

 

CƏMŞİD ƏMİROV

(1918-1982)

 

Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Cabbar oğlu Əmirov 1918-ci ilin bu günü Naxçıvanda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olub. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməyib. “Azərbaycan idmançısı” qəzetində məsul katib, “Gənc işçi” qəzetində şöbə müdiri, “Bolşevik nefti” qəzetində məsul katib, “Əzizbəyovneft” trestində mühəndis-geoloq işləyib. İkinci Dünya müharibəsində sovet ordusunun tərkibində zabit kimi bir sıra ölkələrdə olub, bir sıra orden və medallara layiq görülüb. Ordudan tərxis ediləndən sonra “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri, “Sovet ticarəti” qəzetində xüsusi müdir, “Azneftnəşr”də baş redaktor, “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini, “Bakı” qəzetində şöbə müdiri işləyib. Bir müddət Bakı Maliyyə-Kredit Texnikumunda direktor olub, sonra fərdi təqaüdə çıxıb. Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayıb. “Sahil əməliyyatı”, “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” əsərləri ilə məşhurlaşan Cəmşid Əmirov 29 dekabr 1982-ci ildə Bakıda vəfat edib.

 

 

CAHANGİR QƏHRƏMANOV

(1927-1995)

 

Azərbaycanın əməkdar elm xadimi, professor Cahangir Vahid oğlu Qəhrəmanov 10 fevral 1927-ci ildə Qəbələ şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsilini Bakıda alıb. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı şöbəsini bitirdikdən sonra Moskva Dövlət Universitetinin aspiranturasında oxuyub və 1955-ci ildə “Azərbaycan ədəbi dilində fəlsəfə terminləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Qədim mənbələrə, xüsusilə də əlyazmalara olan dərin marağı onu 1960-cı ildə Əlyazmalar Fonduna gətirib və həmin ildən ömrünün sonunadək taleyini bu müəssisə ilə bağlayıb. “Fədakar əməyə görə” medalı, “Şərəf nişanı” ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə təltif edilən Cahangir Qəhrəmanov 26 iyun 1995-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

ANATOLLU QƏNİYEV

(1931-1985)

 

Müğənni Anatollu Qəniyev 1931-ci ilin bu günü Neftçalada ziyalı ailəsində anadan olub. Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alıb. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xor kollektivində solist kimi fəaliyyətə başlayıb. Xalq artisti Mirzə Babayevin tələbəsi olub. Məlahətli səsi, özünəməxsus ifa tərzi ilə geniş dinləyici kütləsinin rəğbətini qazanıb. 1960-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının, eyni zamanda Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olub. “Koroğlu”, “Ulduzlar sönmür”, “Möcüzələr adası”, “Mehman”, “Alma-almaya bənzər”, “Yenilməz batalyon” kimi kinofilmlərdə mahnıları səslənib. Kuba, Almaniya, Polşa, Çexoslovakiya və başqa ölkələrdə qastrol səfərlərində olub. Anatollu Qəniyev 1985-ci il oktyabrın 1-də Bakıda vəfat edib.

 

 

FAİQ QASIMOV

(1974-2020)

 

Vətən Müharibəsi Qəhrəmanı Faiq Qaçay oğlu Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Birinci Qarabağ müharibəsində iştirak edib, Laçında və Qubadlıda topçu kimi Milli Qəhrəman Əliyar Əliyevin taborunda vuruşub. Bakı Ali Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1995-2009-cu illərdə taqım komandiri kimi Naxçıvan Muxtar Respublikasında müxtəlif vəzifələrdə, daha sonra Balakən və Füzulidə xidmət edib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qatılan Faiq Qasımov elə həmin gün Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub və oktyabrın 20-də II Fəxri Xiyabanda dəfn edilib. Sağlığında "Azərbaycan Bayrağı" ordeninə, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Qüsursuz xidmətə görə" medallarına, ölümündən sonra isə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

 

 

ƏBU BƏKİR İSMAYILOV

(1990-2016)

 

Şəhid Əbu Bəkir Vüqar oğlu İsmayılov 10 fevral 1990-cı ildə Kürdəmir şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. 2016-cı ilin aprel döyüşləri zamanı mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri Füzuli rayonu istiqamətində ermənilər tərəfindən vurulub və heyət üzvləri qəhrəmancasına şəhid olub. Baş leytenant Əbu Bəkir İsmayılov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

 

BAĞIR ƏLƏKBƏROV

(1995-2020)

 

Şəhid Bağır Əsəd oğlu Ələkbərov 1995-ci ilin bu günü Naxçıvan şəhərində anadan olub. Culfa rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə başlayıb, Xüsusi Təyinatlı Qüvvələrdə snayper olub. 2018-ci il mayın 20-dən 27-nə qədər “Günnüt əməliyyatı”nda iştirak edib. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən Müharibəsi Füzuli və Hadrut uğrunda gedən döyüşlərdə savaşıb. Gizir Bağır Ələkbərov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub və Naxçıvan şəhərində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

TURAL BAYRAMLI 

(1996-2020)

 

Şəhid Tural Ədil oğlu Bayramlı  1996-cı il fevralın 10-da Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Daxili Qoşunların sıralarında müddətdən artıq hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Hadrut, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Bayramlı noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELNUR ŞİRİNZADƏ

(1998-2020)

 

Şəhid  Elnur Xalıqverdi oğlu Şirinzadə 10 fevral 1998-ci ildə Yevlax rayonunda anadan olub. Burada Səməd Vurğun adına 5 saylı tam orta məktəbdə, Ağdam Sosial-İqtisad Kollecində, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. Həqiqi hərbi xidmətini Hacıqabul rayonundakı N saylı hərbi hissədə keçirib. Bir müddət mülki işlərdə çalışıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə qatılan Elnur Şirinzadə oktyabrın 13-də şəhid olub və Yevlax Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

AŞIQ ŞƏMŞİR

(1893-1980)

 

XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin anım günüdür. O, 1893-cü il martın 15-də Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Gənc yaşlarından el yığıncaqlarında tanınmağa başlayıb. Qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitinin, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onlarla saz-söz sənətkarlarının kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. İlk dəfə 1958-ci ildə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən çap olunub. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası” və s. kitabları işıq üzü görüb. Aşıq Şəmşir 10 fevral 1980-ci ildə Kəlbəcərdə dünyasını dəyişib.

 

 

XƏQANİ AXUNDOV 

(1950-1993)

 

Şəhid Xəqani Həsən oğlu Axundovun xatirə günüdür. O, 1950-ci il mayın 10-da Laçın rayonunun Kürdhacı kəndində doğulub. 1967-ci ilin yazında kənd orta məktəbini bitirdikdən sonra Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olub. 1972-ci ildə Moskva ətrafında hərbi xidmətini başa vurduqdan sonra kolxozda əmək fəaliyyətinə başlayıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başlayıb. Kəşfiyyat bölüyünün komandiri, gizir Xəqani Əhmədov 10 fevral 1993-cü il tarixdə Qızılqaya kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 21 iyun 2007-ci il tarixli sərəncamı ilə ölümündən sonra "İgidliyə görə" medalına layiq görülüb.

 

 

NURƏDDİN İBRAHİMOV

(1951-1995)

 

Azərbaycanın Milli Qəhrəmanı Nurəddin İslam oğlu İbrahimov da bu gün xatırlanır. O, 16 mart 1951-ci ildə Bakının Buzovna qəsəbəsində doğulub. 1969-cu ildə 125 saylı orta məktəbi bitirib, 1970-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətdən sonra Bakı Aqreqatlar Zavodunda əmək fəaliyyətinə başlayıb. 1978-ci ildə İrkutsk şəhər Daxili İşlər İdarəsində işə qəbul olunub. 1981-ci ilin mayında SSRİ Daxili İşlər Nazirliyinin Xabarovskdakı Ali Milis Məktəbinə qəbul edilib. 1982-ci ildə İrkutsk şəhərində baş sahə inspektoru, 1988-ci ildə cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1989-cu ildə İrkutsk Şəhər Sovetinə deputat seçilib. 1990-cı ildə Azərbaycana qayıdıb və Laçın milis şöbəsinə sahə müvəkkili göndərilib. 1993-cü ildə Kosalar kəndi və Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib və polis mayoru rütbəsinə yüksəlib. Nurəddin İbrahimov 1995-ci il fevralın 10-da Binə qəsəbəsində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı xüsusi qəhrəmanlıq göstərərək həlak olub. Azərbaycan Prezidentinin 26 dekabr 1995-ci il tarixli fərmanı ilə Nurəddin İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

 

QORXMAZ EYVAZOV

(1974-1994)

 

Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Abış oğlu Eyvazovun anım günüdür. O, 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1984-cü ildə kənd orta məktəbini bitirərək, Laçın rayonundakı 127 saylı texniki peşə məktəbinə daxil olub. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulub. 1991-ci ildə Laçın Rayon Polis Şöbəsinə qəbul edilib. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. Aldığı güllə yarası nəticəsində qolu fəaliyyətini itirsə də, bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılıb. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə rota komandiri təyin edilib. Azərbaycan Prezidenti Heydər Əliyev cəbhəyə səfəri zamanı onu qol saatı ilə mükafatlandırıb. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etsə də, özü də şəhid olub. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Qorxmaz Eyvazova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

 

RAFİQ ORUCOV

(1972-1994)

 

Şəhid Rafiq Miryusif oğlu Orucovun xatirə günüdür. O, 1972-ci ilin aprel ayında Laçın rayonunun Fərraş kəndində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsində təhsil alıb. Leytenant Şmidt adına zavodda işləyib. 1990-cı ildə sovet ordusunda hərbi xidmətə yollanıb, daha sonra Azərbaycan Ordusu sıralarına daxil olub. 1993-cü ildə kiçik leytenant rütbəsi verilməklə Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərə göndərilib. Rafiq Orucov 1994-cü il fevralın 10-da qəhrəmancasına həlak olub və Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

 

 

ELVAR QƏDİMOV

(1974-1994)

 

Şəhid Elvar Yengibar oğlu Qədimov da bu gün xatırlanır. O, 15 fevral 1974-cü ildə Hacıqabul rayonunda anadan olub.  1993-cü ildə  hərbi xidmətə çağırılıb. Əsgər Elvar Qədimov 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və Hacıqabul rayonunun Atbulaq kəndində dəfn edilib.

 

 

RAHİB QULİYEV

(1990-2016)

 

Şəhid Rahib Nəriman oğlu Quliyevin anım günüdür. O, 1990-cı il iyunun 13-də Tovuz rayonunun Bozalqanlı kəndində doğulub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 2013-cü ildən Azərbaycan Ordusunda zabit kimi hərbi xidmətə başlayıb. Baş leytenant Rahib Quliyev 2016-cı il fevralın 10-da təmas xəttində xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv