Dünyanın bu günü - 10.04.2021
BƏSTİ BAĞIROVA
(1905-1962)
Azərbaycanda məşhur pambıq ustası, iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Məsim qızı Bağırova 10 aprel 1905-ci ildə Goranboy rayonunun Bağçakürd kəndində anadan olub. 1930-1933-cü illərdə "Bağçakürd" kolxozunda kolxozçu, 1933-1950-ci illərdə manqa başçısı, 1953-1962-ci illərdə isə sədri olub. Bakı Ali Partiya Məktəbini bitirib. SSRİ Ali Sovetinin (I-III çağırış), Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olub. 3 dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. Bəsti Bağırova 1962-ci il fevralın 27-də doğulduğu Bağçakürd kəndində vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn edilib.
SALAM QƏDİRZADƏ
(1923-1987)
Məşhur Azərbaycan yazıçısı, dramaturq Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin bu günü Bakı şəhərində anadan olub. 1941-ci ildə orta məktəbi bitirən kimi könüllü şəkildə cəbhəyə yola düşüb. 1941-1945-ci illərdə Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində iştirak edib. Cəbhədə göstərdiyi şücaətə görə müxtəlif orden və medallarla təltif olunub. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbinə müdir müavini təyin edilib. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub və radioda məsul redaktor vəzifəsində çalışmağa başlayıb. 1949-cu ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib. 1952-ci ildə təhsilini başa vurduqdan sonra vətənə qayıdıb. 8 il “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyib. 1960-1966-cı illərdə “Kirpi” satirik jurnalının məsul katibi, 1975-1976-cı illərdə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi olub. 1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunub və 1980-ci ilədək həmin vəzifəni icra edib. 35-dək kitabın müəllifi olan Salam Qədirzadə 1987-ci il noyabrın 15-də Bakıda dünyasını dəyişib.
ÖMƏR ŞƏRİF
(1932-2015)
Misirli Hollivud aktyoru Ömər Şərif 1932-ci il aprelin 10-da Misirin İsgəndəriyyə şəhərində doğulub. 1954-cü ildə kino karyerasına başlayıb, 1962-ci ildə "Oskar" mükafatının sahibi olub. “Ərəbistanlı Lourens”, “Həkim Jivaqo” və “Məzəli qız” filmlərində çəkildiyi rolları ilə məşhurlaşıb. “Şərif Əli” və “Yuri Jivaqo” rollarına görə “Qızıl Qlobus” mükafatına layiq görülüb. 2002-ci ildə Misirə qayıdıb. 2003-cü ildə dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə Venesiya kinofestivalının “Qızıl şir” mükafatına da sahib olub. Sonuncu dəfə 2013-cü ildə kinoya çəkilib. Ömər Şərif 2015-ci il iyulun 10-da Qahirədə vəfat edib.
QƏŞƏM ASLANOV
(1934-1984)
Görkəmli dövlət xadimi Qəşəm Novruz oğlu Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub. 1949-cu ildə yeddi illik kənd məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasına daxil olub və 1959-cu ildə universiteti bitirib. 1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Daha sonra doğulduğu kənddə müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər Rayon Partiya Komitəsi katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub. 1966-1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub. 1968-ci ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970-1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972-1975-ci illərdə Şuşada birinci katib, 1975-1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib. "Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb. Qəşəm Aslanov 1984-cü ildə avtomobil qəzasında həlak olub və Fəxri Xiyabanda dəfn olunub.
TEYMUR MUSTAFAYEV
(1939-2020)
Azərbaycanın xalq artisti Teymur Ağaxan oğlu Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil alıb. Sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. Sənət müəllimləri Seyid Şuşinski və Əhməd Bakıxanov olub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərib. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarətdir. Onun ifa etdiyi muğam və təsniflər Azərbaycan Televiziyasının “Qızıl Fondu”nda saxlanılır. Teymur Mustafayev 11 iyun 2020-ci ildə Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.
TOFİQ QASIMOV
(1938-2020)
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Məsim oğlu Qasımov 1938-ci ilin bu günü Ağdaş rayonunun Ləki kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb, universitetdə Stalin təqaüdçüsü olub. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayıb. Elmlər Akademiyasının bir qrup əməkdaşı ilə birlikdə əvvəlcə “Bakı Alimlər Klubu”nu yaradıb. Azərbaycan Xalq Cəbhəsinin nizamnaməsinin hazırlanmasında iştirak edib və qurumun İdarə Heyətinin üzvü, Müsavat Partiyasının bərpaçılarından biri olub. 1992-ci ilin may ayında Azərbaycanın Xarici İşlər naziri təyin edilib və 1993-cü il iyunun 26-dək bu vəzifədə çalışıb. 1995-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib, bir müddət sonra səhhətində yaranmış problemlərlə əlaqədar azadlığa buraxılıb. Türkiyə universitetlərində pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra əvvəlcə Norveçə, oradan da İsveçrəyə köçüb. Tofiq Qasımov 2020-ci il yanvarın 26-da İsveçrənin Lütsern şəhərində vəfat edib və orada dəfn olunub.
İSGƏNDƏR HƏMİDOV
(1948-2020)
Azərbaycanın keçmiş Daxili İşlər naziri, general-leytenant İsgəndər Məcid oğlu Həmidov 1948-ci il aprelin 10-da Kəlbəcər rayonunda anadan olub. Hüquq təhsili aldıqdan və həqiqi hərbi xidmətini başa vurduqdan sonra 1971-ci ildən Azərbaycanın daxili işlər orqanlarında fəaliyyətə başlayıb. 1988-ci ildə başlayan Azərbaycan milli azadlıq hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin liderlərindən olub. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycanın Daxili İşlər naziri olub. 1995-ci ildə müxtəlif ittihamlarla həbs edilərək, 14 il müddətinə azadlıqdan məhrum olunub, 2003-cü ildə isə əfv fərmanı ilə azadlığa buraxılıb. Azərbaycan Milli-Demokrat Bozqurd Partiyasının qurucusu və ilk sədri olan İsgəndər Həmidov 2020-ci il fevralın 26-da Bakıda vəfat edib.
TURAB QULİYEV
(1990-2020)
Şəhid Turab Əlisafa oğlu Quliyev 10 aprel 1990-cı ildə Sabirabad rayonunun Xiləmirzəli kəndində anadan olub. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Turab Quliyev oktyabrın 4-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və Hacıqabul Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
ÜMÜD XƏNCƏLOV
(1994-2020)
Şəhid Ümüd Radif oğlu Xəncəlov 1994-cü ilin bu günü Qusar rayonunun Hil kəndində anadan olub. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Döyüş yolu Cəbrayıl, Hadrut və Füzulidən keçib. Əsgər Ümüd Xəncəlov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
TURAL CƏLİLOV
(1996-2020)
Şəhid Tural Callad oğlu Cəlilov 1996-cı il aprelin 10-da Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Əsgər Tural Cəlilov oktyabrın 7-də Ağdərə istiqamətində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
FEVZİ ÇAKMAK
(1876-1950)
Türkiyənin Mustafa Kamal Atatürkdən sonrakı ikinci və son marşalı Fevzi Çakmakın anım günüdür. O, 12 yanvar 1876-cı ildə İstanbulda dünyaya gəlib. Kuleli Hərbi Liseyində və "Məktəbi-Ərkani-Hərbiyə"də təhsil alıb, qərargah kapitanı rütbəsi ilə hərbi xidmətə başlayıb. Birinci Dünya müharibəsində Çanaqqala, Qafqaz və Suriya cəbhələrində döyüşüb. Türkiyədə Cümhuriyyət qurulduqdan sonra ölkəsinin ilk Milli müdafiə naziri və ilk Baş Qərargah rəisi olub. 1946-cı il seçkilərində Demokrat Partiyasının siyahısı ilə müstəqil namizəd olaraq İstanbuldan TBMM-ə deputat seçilib. Fevzi Çakmak 10 aprel 1950-ci ildə vəfat edib və Ankarada Dövlət Qəbiristanlığında dəfn edilib.
RAMİZ MUSTAFAYEV
(1926-2008)
Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti, "Şöhrət" ordenli professor Ramiz Hacı oğlu Mustafayev 2008-ci ilin bu günü dünyasını dəyişib. O, 1926-cı il oktyabrın 16-da Türkmənistanda anadan olub. Anası Nabat Əzim qızı görkəmli şair Seyid Əzim Şirvaninin nəslindəndir. 1941-ci ildə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. Baletdən başqa bütün janrlara müraciət edən bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsərlər yazıb. Ramiz Mustafayev rəssam Güllü Müstafayevanın və dirijor Faiq Mustafayevin qardaşı, musiqişünas Zemfira Qafarovanın dayısıdır.
ŞAHLAR HÜSEYNOV
(1968-1992)
Azərbaycanın Milli Qəhrəmanı Şahlar İsa oğlu Hüseynovun xatirə günüdür. O, 26 noyabr 1968-ci ildə Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində dünyaya gəlib. 1985-ci ildə burada təhsilini rus dilində başa vurub, 1986-1988-ci illərdə Moskvada hərbi xidmətdə olub. Gəncə şəhərindəki 27 saylı texniki-peşə məktəbini bitirdikdən sonra Alüminium zavodunda çilingər işləməyə başlayıb. Xocalı soyqırımından sonra könüllü olaraq Gəncə batalyonuna yazılıb və Qarabağ uğrunda döyüşlərə qatılıb. Şahlar Hüseynov 10 aprel 1992-ci ildə Şıxarx kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Gəncə küçələrindən biri onun adını daşıyır.
VALEH MÜSLÜMOV
(1968-1992)
Azərbaycanın Milli Qəhrəmanı Valeh Əlizaid oğlu Müslümovun anım günüdür. O, 1968-ci il sentyabrın 2-də Lerik rayonunda doğulub. 1983-cü ildə 2 saylı Lerik şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Sumqayıtdakı 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnib. Bir müddət Tikinti Trestinin səyyar mexanikləşdirilmiş dəstəsində çalışıb, 1986-cı ildə isə hərbi xidmətə çağırılıb. 1991-ci ilin avqustunda DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb, Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edib. Valeh Müslümov 1992-ci il aprelin 10-da Şıxarx kəndində gedən döyüşdə şəhid olub və Lerik rayonunda dəfn edilib. Onun adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.
SƏRVAN CƏFƏROV
(1972-1993)
Şəhid Sərvan Qüdrət oğlu Cəfərov da bu gün xatırlanır. O, 18 iyun 1972-ci ildə Zəngilan şəhərində anadan olub. 1989-cu ildə 3 saylı şəhər orta məktəbi qurtarıb, 1991-ci ildə isə sovet ordusu sıralarına çağırılıb. Ordudan qayıtdıqdan sonra daxili işlər orqanlarında xidmətə başlayıb. Bir neçə dəfə rayonun döyüş zonalarında, Şayıflı və Şatarız kəndlərindəki döyüşlərdə iştirak edib. Sərvan Cəfərov 1993-cü il aprelin 10-da Kolluqışlaq kəndi uğrunda döyüşdə şəhid olub və Zəngilanda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.