Dünyanın bu günü - 10.06.2021
MƏMMƏD ARİF DADAŞZADƏ
(1904-1975)
Azərbaycan EA-nın həqiqi üzvü, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Dövlət Mükafatı laureatı Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyunun 10-da Bakı şəhərində doğulub. 1925-ci ildə Xalq Maarifi İnstitutunu bitirib. 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində, 1930-1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb. 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent olub. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışıb, 1941-1950-ci illərdə burada “Rus ədəbiyyatı” kafedrasının müdiri olub, 1955-ci ildə professor elmi adını alıb. Eyni zamanda 1930-1940-cı illərdə Azərbaycan SSR maarif nazirinin müavini vəzifəsini tutub, 1941-1947-ci illərdə “Vətən uğrunda” jurnalının baş redaktoru işləyib. Məmməd Arif Dadaşzadə 1975-ci il dekabrın 27-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Bakıdakı küçələrdən biri, Yazıçılar İttifaqının kitabxanası, Şurabad qəsəbəsində orta məktəb onun adını daşıyır. Məmməd Arif Dadaşzadə ilk azərbaycanlı qadın alim Zümrüd Axundovanın həyat yoldaşı, əməkdar elm xadimi Araz Dadaşzadənin atası, musiqişünas professor Zümrüd Dadaşzadənin babasıdır.
ZEMFİRA SƏFƏROVA
(1937)
AMEA-nın həqiqi üzvü, əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, professor Zemfira Yusif qızı Səfərova 1937-ci ilin bu günü Kislovodskda anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirib. AMEA-da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlib, "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edib. Qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq edib, "Azərbaycan musiqi elmi (XII-XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazıb. Hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəridir. Zemfira Səfərova 20-dən çox kitabın, 150-dən artıq elmi əsərin müəllifidir.
OZAN ARİF
(1949-2019)
Türkiyə aşıq şeirinin görkəmli nümayəndələrindən biri Ozan Arif (Arif Şirin) 10 iyun 1949-cu ildə Giresun vilayətinin Alucra rayonunun Hapu kəndində doğulub. İlk və orta təhsilini Samsunda alıb. Samsunun Devgeriş kəndində beş il müəllim, dörd il isə məktəb müdiri işləyib. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra Almaniyaya köçüb və yalnız 1990-cı ildə Türkiyəyə qayıdıb. Bir çox ölkələrdə konsertlər verib. 1992-ci ildə yazdığı “Ya Qarabağ, ya Ölüm” şeiri ilə Azərbaycanda böyük populyarlıq qazanıb. Ozan Arif 13 fevral 2019-cu ildə Samsunda vəfat edib.
NƏRGİZ CƏLİLOVA
(1960)
Tanınmış televiziya aparıcısı, prodüser, əməkdar artist Nərgiz Tofiq qızı Cəlilova 1960-cı il iyunun 10-da Gəncə şəhərində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 15 ilə qədər AZTV-də çalışan Nərgiz Cəlilova sonradan ABA, “Space” və “Lider” telekanallarında işləyib. Müxtəlif illərdə "Pəncərə", "Sevələnlər" və başqa verilişləri aparıb.
GÜLYANAQ MƏMMƏDOVA
(1973)
Azərbaycanın xalq artisti, müğənni Gülyanaq Zakir qızı Məmmədova 1973-cü ilin bu günü Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr və kino aktyoru fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışıb. Bir sıra ölkələrdə qastrol səfərlərində olub. 2012-ci ildə Prezident Mükafatına layiq görülüb. Azərbaycanın xalq artisti, xanəndə Gülyaz Məmmədovanın bacısıdır.
ABBAS QASIMOV
(1966-1990)
20 Yanvar şəhidi Abbas Şəmməd oğlu Qasımov 1966-cı il iyunun 10-da Qərbi Azərbaycanın Amasya rayonunun Balıqlı kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə dədə-baba yurdundan Bakıya köçmək məcburiyyətində qalıb. 1990-cı il yanvarın 19-da XI Qızıl Ordu meydanında sovet əsgərləri tərəfindən güllələnərək şəhid olub. Abbas Qasımov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
BƏXTİYAR ALLAHVERDİYEV
(1974)
Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Əzizulla oğlu Allahverdiyev 10 iyun 1974-cü ildə Bakıda dünyaya göz açıb. Polis Akademiyasında təhsil alıb. 1992-ci ildə Milli Orduya çağırılıb və "N" saylı hərbi hissədə xidmətə başlayıb. Qubadlı, Füzuli, Murovdağ, Ağdərə və Tərtər cəbhələrində şücaət göstərib. Türkiyədə hərbi kurs keçərək, gizir rütbəsi alıb. "N" saylı hərbi hissədə taqım komandiri, Bakı Ali Komandirlər Məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində işləyib. 2001-ci ildən daxili işlər orqanlarında çalışır. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
CAMAL MƏMMƏDOV
(1970-1992)
Şəhid Camal Süleyman oğlu Məmmədov 1970-ci il iyunun 10-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1987-ci ildə kənd orta məktəbini bitirib, iki illik hərbi xidmətini Ukraynada başa vurub. 1992-ci il avqustun 10-da könüllü olaraq cəbhəyə yollanıb. Döyüş yolu Xramord, Fərrux, Canyataq və Gülyataq kəndlərindən keçib. Camal Məmmədov 1992-ci il sentyabrın 20-də Xanabad kəndi uğrunda gedən döyüşdə mərmi qəlpəsində həlak olub və Quzanlı qəbiristanlığında dəfn olunub.
ORXAN SÜLEYMANOV
(1990-2020)
Şəhid Orxan Oruc oğlu Süleymanov 1990-cı ilin bu günü Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. 2008-2010-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2012-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Orxan Süleymanov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu qəsəbədə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
QURBANİ ƏLİZADƏ
(1992-2020)
Şəhid Qurbani Ziyafəddin oğlu Əlizadə 10 iyun 1992-ci ildə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Qurbani Əlizadə oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
YALÇIN DADAŞZADƏ
(1993-2020)
Şəhid Yalçın İsmayıl oğlu Dadaşzadə 1993-cü il iyunun 10-da Beyləqan rayonunun Mayak qəsəbəsində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Yalçın Dadaşzadə elə həmin gün Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
AYAZ İBRAHİMOV
(1998-2020)
Şəhid Ayaz Sultan oğlu İbrahimov 1998-ci ilin bu günü Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Ayaz İbrahimov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
SÜLEYMAN RÜSTƏM
(1906-1989)
Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, dramaturq, tərcüməçi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Əliabbas oğlu Rüstəmzadənin xatirə günüdür. O, 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib. Birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçildikdən sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub. Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, II dərəcəli Stalin mükafatı Dövlət Mükafatı və bir sıra medallarla təltif olunub. 1971-1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri seçilən Süleyman Rüstəm 1989-cu ilin iyununda Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
SƏİD RÜSTƏMOV
(1907-1983)
Azərbaycanın xalq artisti, bəstəkar, dirijor, pedaqoq Səid Əli oğlu Rüstəmovun anım günüdür. O, 1907-ci il mayın 12-də İrəvanda anadan olub. Müəllimlər Seminariyasında, musiqi məktəbinin xalq çalğı alətləri şöbəsində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif illərdə müəllim, respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifələrində çalışıb. Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olub, eyni zamanda "Tar məktəbi" ilk dərs vəsaitini yazıb. Bir sıra populyar və sevilən mahnıların, “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” kimi müasir mövzuda yazılmış ilk musiqili komediyaların müəllifidir, 20-yə yaxın tamaşaya musiqi yazıb. SSRİ Dövlət Mükafatı, bir sıra orden və medallarla təltif olunan Səid Rüstəmov 1983-cü ilin iyununda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestri onun adını daşıyır.
HƏKİM QƏNİ
(1918-2008)
Bu gün tanınmış şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, Prezident təqaüdçüsü Həkim Qəni də bu gün xatırlanır. Qəni Hüseynqulu oğlu Hüseynov 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub və cəbhədə hərbi həkim kimi fəaliyyət göstərib. 1967-ci ildə ordudan tərxis olunub və Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropatologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropatoloqu olub. Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olub. 1990-cı ildən etibarən Vahid Poeziya Evində “Vahid“ ədəbi məclisinə sədrlik edib. Həkim Qəni 2008-ci ilin iyununda Bakı şəhərində vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
ÇİNGİZ AYTMATOV
(1928-2008)
Görkəmli qırğız yazarı Çingiz Torekuloviç Aytmatovun xatirə günüdür. O, 12 dekabr 1928-ci ildə Qırğızıstanın Talas vadisində anadan olub. 8-ci sinfi bitirdikdən sonra Cambul zootexnikumuna daxil olub, həmin təhsil ocağını əla qiymətlərlə bitirib. 1948-1953-cü illərdə Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda qırğız dilindəki ilk əsərləri çap olunmağa başlayıb. Ali təhsil aldıqdan sonra 3 il ərzində Qırğızıstan Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Onun Moskvadakı Ali Ədəbiyyat Kursuna yazılması yalnız 1956-cı ildə atasının bəraət almasından sonra mümkün olub. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb. “Əsrə bərabər gün” trilogiyası Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkəsində böyük rəğbətlə qarşılanıb. 1990-1994-cü illərdə SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub. Çingiz Aytmatov 2008-ci ilin iyununda Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib və Bişkek yaxınlığında dəfn olunub.
HAFİZ ƏSƏD
(1930-2000)
Suriyanın hərbi, siyasi və dövlət xadimi, general Hafiz Əsədin ölüm günüdür. O, 1930-cu il oktyabrın 6-da anadan olub. 1955-ci ildə Homs Hərbi Akademiyasını pilot zabit olaraq bitirib. BƏƏS Partiyasının hərbi qanadında və 1963-cü il hərbi çevrilişində mühüm rol oynayıb. 1965-ci ildə Hava Qüvvələrinin komandanlığına gətirilib, daha sonra müdafiə naziri və baş nazir olub. 1971-ci ilin martında ümumxalq səsverməsi ilə prezident seçilib və 29 il hakimiyyətdə qalıb. Hafiz Əsəd 2000-ci il iyunun 10-da Dəməşqdə vəfat edib.
AQŞİN BABAYEV
(1936-2020)
Azərbaycanın əməkdar jurnalisti, yazıçı-dramaturq, şair-tərcüməçi, pedaqoq və ictimai xadim Aqşin Əlisəttar oğlu Babayevin xatirə günüdür. O, 1936-cı il noyabrın 23-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 32 il Azərbaycan radiosunda çalışıb. Türkiyə, ərəb ölkələri, İran və Cənubi Azərbaycan üçün verilişlər hazırlayan redaksiyaların baş redaktoru, Milli Məclisdə mətbuat katibi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri vəzifələrində işləyib. 30-dan artıq kitabın müəllifidir. Bir sıra əsərləri ölkə teatrlarında tamaşaya qoyulub. Yusif Məmmədəliyev, Həsən bəy Zərdabi, "Humay" və "Qızıl Qələm" mükafatlarına, "Əmək rəşadətinə görə" medalına və II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb. Aqşin Babayev 10 iyun 2020-ci ildə Bakıda dünyasını dəyişib.