Dünyanın bu günü - 10.07.2021

SEYİD ƏZİM ŞİRVANİ

(1835-1888)

 

Azərbaycan şairi və maarifçisi Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il iyulun 10-da Şamaxıda anadan olub. Atası erkən yaşda vəfat etdiyindən, Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseynin himayəsində böyüyüb. Babasının təsiri ilə dini elmlərə maraq göstərən şair 1853-cü ildə Şamaxıya qayıdıb. Biliyini artırmaq üçün bir müddət Bağdadda və Şamda yaşayıb. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi onu əvvəlcə İraqın Nəcəf və Bağdad, sonra isə Suriyanın Şam şəhərlərinə aparıb. İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərib. 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyanı ziyarət edib. Vətənə qayıtdıqdan sonra ruhani olmaq fikrindən əl çəkib və məktəbdarlıqla məşğul olub. Şeirlərinin bir qismini «Əkinçi» qəzetində çap etdirib. «Əkinçi» bağlandıqdan sonra «Ziya», «Ziyayi-Qafqaziyyə» qəzetləri ilə əməkdaşlıq edib. 1877-ci ildə Şamaxı məktəbinə Azərbaycan dili və şəriət müəllimi düzələrək, qısa fasilə ilə ömrünün sonuna qədər orada işləyib. 1878-ci ildə «Rəbiül-ətfal» (Uşaqların baharı) dərsliyini tamamlayıb. Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də Şamaxıda vəfat edib.

 

 

NİKOLA TESLA

(1856-1943)

 

Serb əsilli Amerika futuroloqu, mühəndis Nikola Tesla 10 iyul 1856-cı ildə Xorvatiyanın Smilyan kəndində serb ailəsində dünyaya gəlib. Ali Real Gimnaziyasında və Avstriyanın Qras Texnologiya Universitetində təhsil alıb. 1882-ci ildə elektrik avadanlıqlarının təkmilləşdirilməsi və layihələndirilməsi üzrə Fransada Kontinental Edison Şirkətində işləməyə başlayıb. Müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə məşhurlaşıb, simsiz idarə olunan qayıq hazırlayıb. Nailiyyətlərinə görə "çılğın alim" kimi populyarlıq qazanan Nikola Tesla 7 yanvar 1943-cü ildə Nyu-York şəhərində vəfat edib və Serbiyada Nikola Tesla Muzeyində dəfn olunub.

 

 

XƏSTƏ BAYRAMƏLİ

(1899-1952)

 

Xəstə Bayraməli kimi tanınan şair Bayraməli Abbasəli oğlu Xudiyev 1899-cu ilin bu günü Göyçə mahalının Nərimanlı kəndində anadan olub. Yeddi yaşında atadan yetim qalaraq, bir müddət varlıların evində qulluqçu işləyib. Gənc yaşlarından aşıq janrında şeirlər qoşmağa başlayıb. Bəzi əsərlərində “xəstə” sözünü adından əvvəl işlədən Bayraməli bu sözü “dərdli” mənasında işlədib. Kənddə əkin-biçinlə məşğul olan bu el şairi İkinci Dünya müharibəsi illərində döyüşən orduda xidmət edib. "Mənim Göyçəm", "Durnalar", "Mən ulu Göyçəmin şair oğluyam" və başqa şeir kitablarının müəllifidir. Xəstə Bayraməli 1952-ci ildə doğma kəndində vəfat edib.

 

 

SABİR ƏHMƏDLİ

(1930-2009)

 

Azərbaycanın xalq yazıçısı Sabir Məmməd oğlu Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1951-1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim, 1955-1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləyib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri və baş redaktor vəzifəsində çalışıb. Ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlayıb. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Bir sıra orden və medallarla təltif olunub. Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun qardaşı olan Sabir Əhmədli 2009-cu il aprelin 17-də Bakıda vəfat edib. 24 yaşlı oğlu Məhəmməd Əhmədov isə 1994-cü il fevralın 12-də Murovda şəhid olub.

 

 

MƏHƏMMƏD ŞAHTAXTİNSKİ

(1932-2011)

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski 10 iyul 1932-ci ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə Moskva Energetika İnstitutunun radiotexnika fakültəsini bitirib. Azərbaycan EA-nın Fizika İnstitutunda elmi işçi, baş elmi işçi və laboratoriya müdiri işləyib, 1987-ci ildən bərk cisimlər elektronikası şöbəsinə rəhbərlik edib. Yarımkeçiricilərin termodinamikasının tədqiqində, bir sıra orijinal metodika və qurğuların yaradılmasında yaxından iştirak edib. Onun rəhbərliyi ilə yüksək keyfiyyətli iqtisadi cəhətdən sərfəli poladlar yaradılıb, böyük sürətlə işləyən etibarlı və sağlamlıq üçün zərərsiz çapetmə metodikası işlənib hazırlanıb. Azərbaycan Fizika Cəmiyyətinin prezidenti, Avropa-Asiya Fizika Cəmiyyətinin vitse-prezidenti olub. “Şöhrət” ordeni ilə təltif olunan Məhəmmədəmin Şahtaxtinski 23 aprel 2011-ci ildə vəfat edib. O, Azərbaycanın əməkdar elm xadimi, akademik Həbibulla Şahtaxtinskinin oğludur.

 

 

ƏLƏKBƏR KAZIMOVSKİ

(1953-2016)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Ələkbər Rauf oğlu Kazımovski 1953-cü ilin bu günü Bakıda anadan olub. “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül”, “Kənddən gələn var” və başqa filmlərin müəllifidir. Uzun illər AzTV-də çalışıb. Ələkbər Kazımovski 19 sentyabr 2016-cı ildə dünyasını dəyişib. O, rejissor Rauf Kazımovskinin oğludur.

 

 

RAHİB FƏTƏLİYEV

(1978-2020)

 

Şəhid Rahib Pənah oğlu Fətəliyev 10 iyul 1978-ci ildə Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Rahib Fətəliyev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu qəsəbədə torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ELNUR ABDULLAYEV

(1983-2020)

 

Şəhid Elnur Təvəkkül oğlu Abdullayev 1983-cü il iyulun 10-da Sumqayıtda dünyaya gəlib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elnur Abdullayev oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

RƏVAN QƏFƏROV

(1991-2020)

 

Şəhid Rəvan Elxan oğlu Qəfərov 1991-ci ilin bu günü Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş gizir Rəvan Qəfərov oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

BAYRAM BABAŞOV

(1993-2020)

 

Şəhid Bayram İlqar oğlu Babaşov 1993-cü il iyulun 10-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib. Baş leytenant Bayram Babaşov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

VÜSAL RAMAZANOV

(1994-2020)

 

Şəhid Vüsal Vahid oğlu Ramazanov 10 iyul 1994-cü ildə Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Vüsal Ramazanov oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi 8 yanvar 2021-ci ildə doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

SAMİR ABBASOV

(1995-2020)

 

Şəhid Samir Azər oğlu Abbasov 1995-ci il iyulun 10-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Samir Abbasov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MEHDİ MURTUZOV

(1997-2020)

 

Şəhid Mehdi Muxtar oğlu Murtuzov 1997-ci ilin bu günü Quba rayonunun Alpan kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Mehdi Murtuzov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət sonra tapılan nəşi noyabrın 24-də doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

KƏNAN YUSİBOV 

(1999-2020)

 

Şəhid Kənan Fehruz oğlu Yusibov 10 iyul 1999-cu ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Kənan Yusibov elə həmin gün Ağdərə istiqamətində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

XALİD QULİYEV

(1962-1992)

 

Şəhid Xalid Hüseynxan oğlu Quliyevin xatirə günüdür. O, 1962-ci il sentyabrın 9-da Bakıda doğulub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Təhsil Nazirliyinin nəzdində olan Təcrübə sınaq zavodunun baş mühəndisi, sonra isə baş direktoru vəzifəsində çalışıb. Qarabağ müharibəsi başlayandan sonra Daxili Qoşunların sıralarına könüllü qoşulub və Ağdərədə gedən döyüşlərdə böyük şücaət göstərib. Naxçıvanik kəndinin zirvəsinə Azərbaycan bayrağını sancıb. Xalid Quliyev 1992-ci ilin iyulunda Manikli kəndindəki döyüş zamanı dostlarını mühasirədən azad edib və yolda minaya düşərək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Təhsil aldığı Nizami rayonunda yerləşən 62 nömrəli liseyə və yaşadığı küçəyə onun adı verilib. Xalid Quliyev Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın həyat yoldaşıdır.

 

 

RAHİM TAĞIYEV

(1979-2016)

 

Şəhid Rahim Qara oğlu Tağıyevin anım günüdür. O, 1979-cu il noyabrın 10-da Mingəçevirdə anadan olub. 1998-ci ildə hərbi xidmətə yollanıb. 1999-cu ildə xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndərilib və tankçı peşəsini öyrənib. Hərbi hissədə tank komandiri vəzifəsinə qədər yüksəlib, dəfələrlə hərbi komandanlıq tərəfindən fəxri fərmanlar və medallarla təltif edilib. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ağır yaralanıb və Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında iyulun 10-da şəhid olub. Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

 

ÖMƏR ŞƏRİF

(1932-2015)

 

Misirli Hollivud aktyoru Ömər Şərif də bu gün xatırlanır. O, 1932-ci il aprelin 10-da Misirin İsgəndəriyyə şəhərində doğulub. 1954-cü ildə kino karyerasına başlayıb, 1962-ci ildə "Oskar" mükafatının sahibi olub. “Ərəbistanlı Lourens”, “Həkim Jivaqo” və “Məzəli qız” filmlərində çəkildiyi rolları ilə məşhurlaşıb. “Şərif Əli” və “Yuri Jivaqo” rollarına görə “Qızıl qlobus” mükafatına layiq görülüb. 2002-ci ildə Misirə qayıdıb. 2003-cü ildə dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə Venesiya kinofestivalının “Qızıl şir” mükafatına da sahib olub. Sonuncu dəfə 2013-cü ildə kinoya çəkilib. Ömər Şərif 2015-ci ilin iyulunda Qahirədə vəfat edib.

 

 

ŞAMİL BASAYEV

(1965-2006)

 

Çeçenistanın əfsanəvi səhra komandiri Şamil Basayevin ölüm günüdür. O, 1965-ci il yanvarın 14-də Çeçenistanın Vedeno kəndində anadan olub. Moskvada mühəndislik fakültəsində təhsil alıb. Dünya onun adını ilk dəfə Çeçenistanda baş verənləri dünyaya göstərmək üçün Rusiyaya məxsus sərnişin təyyarəsini Ankaraya qaçırması ilə əlaqədar eşidib. Gürcüstan-Abxaziya müharibəsində çeçen dəstələrinin komandiri kimi iştirak edib. Çeçen Respublikası Silahlı Qüvvələrinin komandiri, Çeçen-Dağıstan xalqları konqresinin rəhbəri və 1999-cu ildə qurulan İslam Şurasının başçısı olub. Birinci Rus-Çeçen müharibəsində rus ordusuna ciddi zərbələr vurub. İkinci Rus-Çeçen müharibəsi zamanı vəhhabiliyə və terrorçuluğa meyl edib. Baş Qərargah rəisi olaraq iştirak etdiyi paytaxt Qroznının müdafiəsində sağ ayağını itirib. Şamil Basayev 2006-cı il iyulun 10-da İnquşetiyada avtomobil kortejindəki bombanın partladılması nəticəsində öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv