Dünyanın bu günü - 10.09.2020

AĞAƏLİ BƏY NASEH

(1856-1914/1915)

 

Azərbaycan şairi Ağaəli bəy Naseh 1856-cı il sentyabrın 10-da Şamaxıda anadan olub. Şamaxıdakı "Üsuli-cədid" məktəbində təhsil alıb. Şamaxı divanxanasında katib və məhkəmə katibi vəzifələrində işləyib. Qəzəllərində Füzuli ədəbi məktəbinin güclü təsiri duyulur. XIX yüzillikdə Şamaxıda fəaliyyət göstərmiş şairlər məclisi olan “Beyt üs-səfa”nın üzvü olub. XX əsrin əvvəllərində realist ədəbiyyata rəğbət göstərib, Mirzə Әləkbər Sabir və Abbas Səhhətlə sıx yaradıcılıq əlaqəsi saxlayıb. Ağaəli bəy Nasehin ölüm tarixi dəqiq bəlli deyil, müxtəlif mənbələrdə 1914 və ya 1915-ci ildə vəfat etdiyi göstərilir. Onun bir neçə şeir, qəzəl, mürəbbe və müxəmməsləri qalıb, əsərlərinin çoxu 1902-ci il Şamaxı zəlzələsində və 1918-ci ildə ermənilər Şamaxını yandıranda itib. 

 

 

FİRUZƏ ƏLİXANOVA

(1917-1994)

 

Azərbaycanın xalq artisti, aktrisa Firuzə Məmmədqulu qızı Əlixanova 1917-ci il sentyabrın 10-da Ordubadda doğulub. Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1932-ci ildə Naxçıvan Dövlət Dram Teatrına aktrisa kimi dəvət olunub. "Arşın mal alan", "Günahsız müqəssirlər", "İki ağanın bir nökəri", "Ər və arvad", "Durna" və başqa tamaşalarda, opera və operettalarda yaddaqalan obrazlar yaradıb. 45 il səhnədə fədakarlıqla çalışdıqdan sonra 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb. "Şərəf nişanı" ordeni ilə təltif edilən Firuzə Əlixanova 23 noyabr 1994-cü ildə Naxçıvanda vəfat edib.

 

 

BÖYÜKKİŞİ AĞAYEV

(1928-2018)

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, cərrah və pedaqoq Böyükkişi Ağa oğlu Ağayev 1928-ci ilin bu günü Sabirabad rayonunda anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Sabirabad rayon xəstəxanasında başlayıb. Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasının assistenti, Azərbaycan Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Onkologiya İnstitutunda cərrahiyyə şöbəsinin baş elmi işçisi, şöbə müdiri, Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun və Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifələrində çalışıb. 1973-cü ildən ömrünün sonuna qədər Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib, tibb kadrlarının hazırlanması işində mühüm xidmətlər göstərib. 400-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, 3 cildlik “Cərrahi əməliyyatlar atlası”nın, dərslik, ixtira və səmərələşdirici təkliflərin müəllifidir. 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. “Şöhrət” ordeni ilə təltif olunan Böyükkişi Ağayev 2018-ci il aprelin 4-də Bakıda vəfat edib.

 

 

MOBİL ƏHMƏDOV

(1931-2006)

 

Azərbaycanın xalq artisti, vokal ifaçı və teatr aktyoru Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün sinfində təhsil alıb. 1961-ci ildən Azərbaycan Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Daha sonra Musiqili Komediya Teatrına solist vəzifəsinə dəvət olunub. Qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Bir neçə filmdə yaddaqalan obrazlar yaradıb. Radionun fondunda 600-dən çox lent yazısı saxlanılır. Mobil Əhmədov 2006-cı il iyunun 3-də Bakıda vəfat edib və Gəncədə dəfn olunub.

 

 

FƏRHAD HÜMBƏTOV

(1968-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Fərhad Qənbər oğlu Hümbətov 1968-ci il sentyabrın 10-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Arçut kəndində doğulub. 1983-cü ildə orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1986-1988-ci illərdə sovet ordusunun tərkibində Çitada və Monqolustanda hərbi xidmət keçib. Əmək fəaliyyətinə Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi başlayıb. 1991-ci ilin oktyabr ayında könüllülərdən ibarət Şıx batalyonunun sıralarında cəbhəyə yollanıb, Şuşa, Kosalar və Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçib. Fərhad Hümbətov 1992-ci il aprelin 3-də Xankəndi yaxınlığında baş verən döyüşdə qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Binəqədi rayonunda adına park salınıb, büstü qoyulub.

 

 

ASİF RÜSTƏMOV

(1956-1992)

 

Qarabağ müharibəsi şəhidi Asif Rüstəm oğlu Rüstəmovun anım günüdür. O, 5 avqust 1956-cı ildə Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açıb. Kənd orta məktəbini bitirdikdən sonra sovet ordusunun tərkibində Rusiya Federasiyasının Kirov vilayətində hərbi xidmət keçib. 1980-ci ilin ortalarında Ağdama qayıdıb. Qarabağ müharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yollanıb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə iştirak edib. Asif Rüstəmov 1992-ci il sentyabrın 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn olunub.

 

 

MÜŞVİQ BABAYEV 

(1971-1992)

 

Şəhid Müşviq Adil oğlu Babayevin xatirə günüdür. O, 1971-ci il fevralın 24-də Şamaxı rayonunun Sabirli kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra 1992-ci ildə hərbi xidmətə yollanıb və Qarabağ uğrunda bir sıra döyüşlərdə şücaət göstərib. Müşviq Babayev 1992-ci il sentyabrın 10-da Ağdərə rayonu istiqamətində şəhid olub və Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

MAYİS ABIŞOV 

(1984-2007)

 

Şəhid Mayis Gülmurad oğlu Abışov da bu gün xatırlanır. O, 1984-cü il aprelin 29-da Şamaxı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra 2002-ci ildə hərbi xidmətə yollanıb. Mayis Abışov 2007-ci il sentyabrın 10-da Azərbaycan-Ermənistan təmas xəttinin Qazax rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv