Dünyanın bu günü - 11.02.2021

ƏZİZ MİRƏHMƏDOV

 (1920-2002)

 

Əməkdar elm xadimi, ədəbiyyatşünas, tənqidçi Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci il fevralın 11-də Bakı şəhərində doğulub. Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirdikdən sonra bir müddət orta və ali məktəblərdə dərs deyib. 1942-ci ildə Mərdəkandakı 156 nömrəli məktəbdə müəllim, 1943-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan ədəbiyyatı" kafedrasında baş müəllim vəzifələrdə işləyib. "Molla Nəsrəddin" jurnalının 25 illik nömrələrinin transliterasiyası, 12 cilddə çapa hazırlanması və birinci cildin nəşr edilməsi işini də başa çatdırıb. 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Əziz Mirəhmədov doğum günündə - 11 fevral 2002-ci ildə Bakıda vəfat edib.

 

 

TOFİQ KÖÇƏRLİ

(1929-2007)

 

Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, akademik Tofiq Qasım oğlu Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində alıb, 1951-1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. Əmək fəaliyyətinə 1950-1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayıb. Daha sonra Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi,  Bakı Ali Partiya Məktəbinin kafedra müdiri və rektoru, Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi olub. 2002-ci ildən ömrünün sonuna qədər isə Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub. Müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olub, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. Üç çağırış Azərbaycan SSR Ali Sovetinin de­pu­ta­tı olub. Tofiq Köçərli 31 oktyabr 2007-ci ildə Bakı şəhərində dünyasını dəyişib. O, fəlsəfə elmləri doktoru, akademik Firudin Köçərlinin qardaşıdır.

 

 

GÜLARƏ CABBARLI 

(1930-2018)

 

Görkəmli dramaturq Cəfər Cabbarlının qızı, filoloq Gülarə Cabbarlı 11 fevral 1930-cu ildə Bakıda dünyaya gəlib. 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə Cəfər Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. 2001-ci ildən ömrünün sonunadək eyni zamanda “Cəfər Cabbarlı adına Mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin rəhbəri, “Cəfər Cabbarlı Mükafatı” komissiyasının sədri olub. Gülarə Cabbarlı 2018-ci il fevralın 12-də Bakıda vəfat edib.

 

 

RAMİD HACIYEV

(1987-2020)

 

Şəhid Ramid Nəriman oğlu Hacıyev  1987-ci ilin bu günü Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı bir sıra döyüşlərdə iştirak edib. Mayor Ramid Hacıyev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

AMİD İSMAYILOV

(1988-2020)

 

Şəhid Amid Eldar oğlu İsmayılov 11 fevral 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.  Kənd tam orta məktəbini bitirdikdən sonra 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən Müharibəsinə qatılıb və sentyabrın 28-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu kənddə dəfn edilib. Kiçik çavuş Amid İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

MURAD VƏLİYEV

(1997-2020)

 

Şəhid Murad Süleyman oğlu Vəliyev 1997-ci il fevral 11-də Bakının Biləcəri qəsəbəsində anadan olub. Bakı Biznes Universitetində ali təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə qatılıb və elə həmin gün şəhid olub. Biləcəri qəsəbəsində dəfn edilib. Murad Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

ALEKSANDR QRİBOYEDOV

(1795-1829)

 

Polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomat Aleksandr Sergeyeviç Qriboyedovun anım günüdür. O, 15 yanvar 1795-ci ildə Moskvada anadan olub. 1806-cı ildə Moskva Universitetinə daxil olub. 1808-ci ildə universitetin fəlsəfə fakültəsinin ədəbiyyat şöbəsini, 1810-cu ildə isə hüquq şöbəsini bitirib. “Ağıldan bəla” əsəri ilə şöhrət tapmış yazıçının diplomatik fəaliyyəti diqqəti daha çox cəlb edib. O, Rusiya-İran müharibələri zamanı Azərbaycanın iki yerə parçalanması ilə nəticələnən danışıqların iştirakçısı, ermənilərin Qarabağa köçürülməsinin təşəbbüskarlarından biri olub. Aleksandr Qriboyedov 1829-cu il fevralın 11-də Tehranda ermənilərin təşkil etdiyi iğtişaş nəticəsində qətlə yetirilib.

 

 

MÖHSÜN SƏNANİ

(1900-1981)

 

Azərbaycanın xalq artisti, aktyor Möhsün Sənani də bu gün xatırlanır. Möhsün Sadıq oğlu Cəfərov 1900-cü il iyunun 19-da Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. Ailə vəziyyətinə görə təhsilini tamamlaya bilməyib. 1911-ci ildə ilk dəfə geniş izdiham qarşısına çıxıb. 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayıb. Burada oynadığı rollar ona həqiqi aktyor şöhrəti qazandırıb. 1915-ci ildən 1920-ci ilə kimi Tiflis Teatr Truppasında çalışıb, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. "Səbuhi", "Bəxtiyar", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmlərdə rol alıb. Möhsün Sənani 11 fevral 1981-ci ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, idman şərhçisi Valid Sənaninin atası, məşhur diktor Ofeliya Sənaninin qayınatasıdır.

 

 

ƏLİAĞA KÜRÇAYLI

   (1928-1980)

 

Şair, dramaturq və tərcüməçi Vəliyev Əliağa Həsənağa oğlunun xatirə günüdür. O, 1928-ci il fevralın 20-də Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub, 1944-1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb. Daha sonra Bakı Təbabət Texnikumunda bir illik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olub, Salyan Dram Teatrında eyni vəzifədə işləyib. "Sənin gözlərin" adlı ilk şeiri ilə ədəbiyyata gəlişi uğurlu olub. Bakıda fəhlə-gənclər orta məktəbinin son sinfini bitirib və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Müxtəlif illərdə qəzet və jurnallarda məsul katib, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Əliağa Kürçaylı 1980-ci ilin bu günü vəfat edib. Qızı Ülkər atasının ölüm xəbərini eşitdikdən yarım saat sonra özünü dənizə ataraq intihar edib.

 

 

ELZA İBRAHİMOVA

   (1938-2012)

 

Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İmaməddin qızı İbrahimovanın anım günüdür. O, 1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirib. 1969-cu ildə ilk mahnısını bəstələyib, Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olub. Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycan neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir. 1992-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 2008-ci ildə xalq artisti adına layiq görülüb. Elza İbrahimova 11 fevral 2012-ci ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

 

 

İSA MƏMMƏDOV

(1966-1994)

 

Şəhid İsa Məmmədov da bu gün xatırlanır. O, 1966-cı il mayın 10-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. Yuxarı Mollu kənd orta məktəbində və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. 1984-1986-cı illərdə sovet ordusunda xidmət keçib. Abşeron rayon Baytarlıq Müalicəxənasında həkim işləyib. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar döyüş bölgəsinə yollanaraq, taqım komandiri təyin edilib. Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. İsa Məmmədov 1994-cü ilin fevralın 11-də Xocavənd uğrunda döyüşdə həlak olub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.

 

 

RƏŞADƏT PİRİYEV

(1973-1994)

 

Şəhid Rəşadət Əli oğlu Piriyevin anım günüdür. O, 1973-cü il oktyabrın 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağırılıb. Rabitəçi operator və hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi Kəlbəcər, Laçın və Qarabağ ərazilərində döyüş əməliyyatlarının iştirakçısı olub. Rəşadət Piriyev 11 fevral 1994-cü ildə Kəlbəcər uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.

 

 

FUAD QAFAROV

(1988-2016)

 

Şəhid Fuad Fərhad oğlu Qafarov 1988-ci ildə iyunun 26-da Xaçmaz rayonunun Niyazabad kəndində dünyaya göz açıb. 2004-cü ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. 2013-cü ildə öz arzusu ilə yenidən ordu sıralarına yollanıb, müddətdən artıq hərbi xidmətə başlayıb. Kiçik çavuş Fuad Qafarov 2017-ci il fevralın 11-də təmas xəttində Ermənistanın atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn edilib.

Müəllif | Apa.Tv
Apa.tv