Dünyanın bu günü - 11.03.2021

BƏŞİR SƏFƏROĞLU

(1925-1969)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Bəşir Səfər oğlu Səfərov 11 mart 1925-ci ildə Bakıda anadan olub. Yeddi illik təhsilini Bakıda alıb, 14 yaşından sürücülər klubunun dram dərnəyinə gedib və orada səhnələşdirilən tamaşalarda kiçik rollar oynayıb. 1941-ci ilin sonunda müharibəyə yollansa da, bir il sonra hərbdən kontuziyalı qayıdaraq dili tutulub və qulaqları çox ağır eşidib. O, "Beş manatlıq gəlin", "Məşədi İbad", "Ulduz", "Əlli yaşında cavan", "Özümüz bilərik", "Səndən mənə yar olmaz", "Ləpələr", "Əhməd haradadır?" və başqa film və teatrlarda çıxış edib. Bəşir Səfəroğlu 23 mart 1969-cu ildə Bakıda vəfat edib.

 

 

OQTAY ELDƏGƏZ

      (1934-2002)

 

Müəllim, yazıçı və dissident Oqtay Kərim oğlu Rəfili (Oqtay Eldəgəz) 1934-cü ilin bu günü Bakının Əmircan (Xilə) kəndində dünyaya gəlib. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, texnikumlarda və orta məktəblərdə dil-ədəbiyyat fənlərini tədris edib. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, ona görə “Eldəgəz” təxəllüsünü götürüb. 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. 1962-ci ildə Milli Azadlıq Qərargahını yaradıb və 25 il sədri olub. Sovet dövrü yaradıcılığında onun bir sıra hekayə, povest, məqalə, novella və oçerkləri qəzet və jurnallarda dərc edilib. Oqtay Eldəgəz 2002-ci il mayın 16-da doğma kəndində vəfat edib.

 

 

LÜTVİYYƏ SƏFƏROVA

(1941-2010)

 

Azərbaycan aktrisası Lütviyyə Şamil qızı Səfərova 1941-ci il martın 11-də anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Teatrda bir sıra tamaşalarda yaddaqalan obrazlar canlandırıb. 1989-cu ildən "Tənqid-Təbliğ" Teatrında işləyib, 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb. Lütviyyə Səfərova 2010-cu il martın 1-də Bakıda dünyasını dəyişib.

 

 

MÜBARİZ HACIYEV

(1952-1990)

 

Şəhid Mübariz Məhəmməd oğlu Hacıyev 11 mart 1952-ci ildə Ucar rayonunda anadan olub. 5 nömrəli taksimotor parkında sürücü işləyib. 1990-cı il yanvarın 19-da sovet əsgərləri tərəfindən açılan atəş nəticəsində şəhid olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

 

BALAKİŞİ HÜSEYNOV

      (1968-1994)

 

Şəhid Balakişi Rəhman oğlu Hüseynov 1968-ci il martın 11-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət edib. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar silaha sarılıb və rayonun bir çox sərhəd kəndlərində gedən döyüşlərdə iştirak edib. Kiçik leytenant Balakişi Hüseynov 1994-cü il yanvarın 6-da Ağdamın Güllücə və Papravənd kəndləri uğrunda gedən döyüşdə ağır yaralanıb və yanvarın 24-də hospitalda vəfat edib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 

 

 

SƏHİYƏDDİN ABBASOV

(1968-1994)

 

Şəhid Səhiyəddin İsmayıl oğlu Abbasov 1968-ci ilin bu günü Zəngilan rayonunun Genlik kəndində anadan olub. 1985-ci ildə kənd orta məktəbini, daha sonra 114 saylı texniki peşə məktəbini, 1992-ci ildə isə Bakı Politexnik Məktəbini bitirib. Hərbi xidmətini Əfqanıstanda keçib. 1993-cü ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar Milli Ordu sıralarına qatılıb, taqım komandiri olub. Gizir Səhiyəddin Abbasov 11 aprel 1994-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

ORXAN ƏLİMURADOV

(1993-2020)

 

Şəhid Orxan Roman oğlu Əlimuradov 1993-cü il martın 11-də Qusar rayonunun Uqur kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Orxan Əlimuradov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub və Qusar rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

ANAR ATAYEV

(1996-2015)

 

Şəhid Anar Mamed oğlu Atayev 11 mart 1996-cı ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Əsgər Anar Atayev elə doğulduğu gündə - 11 mart 2015-ci ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndindəki təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn edilib.

 

 

ELMƏDDİN ƏLİZADƏ 

(1997-2020)

 

Şəhid Elməddin Sübhi oğlu Əlizadə 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində iştirak edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərə qatılıb. Əsgər Elməddin Əlizadə noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

HƏSƏNƏLİ ABBASOV 

(?-2017)

 

Şəhid Həsənəli Çingiz oğlu Abbasovun anım günüdür. O, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2017-ci il martın 11-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Əsgər Həsənəli Abbasov doğulduğu kənddə dəfn edilib.

Müəllif | Apa.Tv
Apa.tv