Dünyanın bu günü - 11.04.2021

İSMAYIL OSMANLI 

(1902-1978)

 

SSRİ xalq artisti, aktyor İsmayıl Osman oğlu Osmanlı 11 aprel 1902-ci ildə Şəkidə anadan olub. 11 yaşında yetim qaldığından, Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb, 1928-ci ildə isə Tiflis Azərbaycan Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib. Bir çox tamaşalarda müxtəlif obrazlar yaradan aktyor "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər", "Bir məhəlləli iki oğlan", "O olmasın, bu olsun", "Mən ki gözəl deyildim", "26-lar", "Ulduzlar sonmür", "Nəsimi", "Yeddi oğul istərəm" kimi filmlərdə çəkilib. İsmayıl Osmanlı 22 iyun 1978-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

MUSA ƏLİYEV 

(1908-1985)

 

Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, paleontoloq Musa Mirzə oğlu Əliyev 11 aprel 1908-ci ildə Şamaxıda dünyaya gəlib. 1931-ci il­də indiki Azər­bay­can Dövlət Neft və Sənaye Universitetinin Dağ-mə­dən fa­kül­təsini bitir­ib. Müxtəlif illərdə Za­qafqaziya Geoloji Tresti filia­lının rəisi, Azər­baycan Geoloji İdarəsinin rəisi, Azər­baycan Sənaye İnstitu­tun­da neft fakültəsinin dekanı və rektoru kimi vəzifələrdə çalışıb. Azərbaycan SSR Kommunist Parti­yası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, SSRİ Ali Sovetinin II, III və IV ça­ğırışlarının deputatı olub. Onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizində “Neft Daşları” açılıb. 1950-1958-ci illərdə Azərbaycan EA-nın prezidenti olub. 1958-ci ildə Moskvada yeni təşkil olunmuş Yanar Qazıntı Yataq­larının Geologiyası və İşlənil­­məsi İnstitutuna elmi işlər üzrə direktor müa­vini və­zi­fəsinə dəvət olunub və ömrünün sonuna kimi bu institutda çalış­ıb. “Le­nin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, bir neçə me­dal və fəx­ri fərmanlarla, “SSRİ neftqazçı­xar­ma sənayesinin əlaçısı” döş nişanı və “Fəxri neftçi” adı ilə təltif olunub. Elmi fəaliyyətinə görə adı SSRİ Neft Sənayesinin “Fəxri Kitabı”na daxil edilən Musa Əliyev 1985-ci il mayın 3-də Moskvada vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

 

SADIQ ZƏRBƏLİYEV

(1951)

 

Azərbaycanın xalq artisti, tanınmış qoşanağara ustası Sadıq Sirac oğlu Zərbəliyev 1951-ci ilin bu günü aprelin 11-də Kürdəmir rayonunda musiqiçi ailəsində anadan olub. Əməkdar artist Baba Salahovun ansamblında xalq artistləri Vəli Qədimov və Aftandil İsrafilovla, 1975-ci ildən SSRİ xalq artisti Zeynəb Xanlarova ilə bir yerdə çalışıb. Bir sıra xarici ölkələrdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Sadıq Zərbəliyev 2006-cı ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

 

MAHİR HÜSEYNOV 

(1968-1994)

Şəhid Mahir Ağaxan oğlu Hüseynov 1968-ci il aprelin 11-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1985-ci ildə 114 nömrəli orta məktəbi bitirib. 1986-1988-ci illərdə Rusiyanın Maqadan şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra rabitəçi peşəsinə yiyələnib. 1993-cü ilin yazında könüllü olaraq Qarabağ cəbhəsinə yollanan Mahir Hüseynov helikopterdə bort-atıcı kimi döyüşüb. 1994-cü il yanvarın 10-da Horadiz ətrafında gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Prezidentinin sərəncamı ilə Mahir Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

 

 

ABAKAR HACIYEV

(1979-2020)

 

Şəhid Abakar Məhəmməd oğlu Hacıyev 11 aprel 1979-cu ildə Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2000-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Mayor Abakar Hacıyev oktyabrın 27-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub və Zaqatala rayonunda dəfn edilib. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

AZAD YOLÇUYEV

(1985-2020)

 

Şəhid Azad Nizami oğlu Yolçuyev 1985-ci ilin bu günü Ağstafa rayonunun Ağstafa kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Gizir Azad Yolçuyev noyabrın 4-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub və Ağstafa rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

TURAL İSAYEV

(1992-2020)

 

Şəhid Tural Saləddin oğlu İsayev 1992-ci il aprelin 11-də  Siyəzən rayonunun Yenikənd kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Çavuş Tural İsayev elə həmin gün Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət sürən axtarışlardan sonra tapılan nəşi 2021-ci il yanvarın 31-də doğulduğu kənddə dəfn edilib.

 

 

RÖVŞƏN RÜSTƏMOV

(1999-2020)

 

Şəhid Rövşən Orxan oğlu Rüstəmov 1999-cu ilin bu günü Bakıda anadan olub. 2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rövşən Rüstəmov oktyabrın 6-da Tərtər istiqamətində gedən döyüşlərdə  şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. O, general Tərlan Əliyarbəyovun nəticəsidir.

 

 

SƏBUHİ HƏSƏNQULİYEV

(2002-2020)

 

Şəhid Səbuhi Əlixan oğlu Həsənquliyev 11 aprel 2002-ci ildə Sumqayıtda dünyaya göz açıb. Sumqayıtdakı 10 nömrəli peşə liseyində təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Səbuhi Həsənquliyev noyabrın 12-də şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

FƏXRƏDDİN MUSAYEV 

(1957-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musa oğlu Musayevin anım günüdür. O, 30 iyul 1957-ci ildə Türkmənistanın Bayraməli şəhərində doğulub. 1964-1974-cü illərdə burada təhsil alıb. 1975-ci ildə hərbi xidmətə çağırılıb, Çexoslovakiyada, sonra Orenburq vilayətində xidmət edib. 1982-ci ildə Mülki Aviasiya Məktəbini bitirib. Milli Ordu yaranandan sonra Vətənə dönüb və Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Baş leytenant Fəxrəddin Musayev 1992-ci ilin aprelində Füzuli rayonu uğrunda döyüşlərdə həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, bir oğlu yadigar qalıb.

 

 

PƏHLİVAN FƏRZƏLİYEV

(1958-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Əhliman oğlu Fərzəliyevin xatirə günüdür. O, 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirib. İdmanla məşğul olub və Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanıb. 1979-cu ildə orduya çağırılıb, 1986-cı ildə isə Orenburq Politexnik Universitetini bitirib. Taqım komandiri kimi Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşub. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilib. Pəhlivan Fərzəliyev 1992-ci ilin aprelində şəhid olub və doğulduğu kənddə dəfn edilib. İki oğlu, bir qızı yadigar qalıb.

 

 

YEVGENİ KARLOV 

(1960-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Nikolayeviç Karlov da bu gün xatırlanır. O, 1960-cı il mayın 31-də Rusiyanın Tula vilayətinin Dubovka qəsəbəsində anadan olub. 1977-ci ildə ordu sıralarına çağırılıb, ordudan tərxis edildikdən sonra isə Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olub və təlimatçı-təyyarəçi kimi çalışmağa başlayıb. Əvvəlcə Səngəçalda, sonra isə Bakıda yerləşən hərbi hissələrdə təlimatçı pilot işləyib. Dəfələrlə Ağdam, Ağdərə və Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak edib. Yevgeni Karlov 1992-ci ilin aprelində Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub və doğulduğu Dubovka qəsəbəsində dəfn edilib. İki övladı yadigar qalıb.

 

 

YELMAR EDİLOV 

(1946-1994)

 

Azərbaycanın Milli Qəhrəmanı Yelmar Şahmar oğlu Edilovun anım günüdür. O, 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. 1954-1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil alıb, Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 1964-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən sonra M.F.Axundov adına üzümçülük kolxozunda işləyib. Qarabağ müharibəsi başladıqdan sonra onun rəhbərliyi ilə 1991-ci ildə Kolanı kəndində özünümüdafiə batalyonu yaradılıb. Yelmar Edilov 11 aprel 1994-cü ildə "Çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olub və Bakıdakı II Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, yeddi övladı yadigar qalıb.

 

 

SƏHİYƏDDİN ABBASOV 

(1968-1994)

 

Azərbaycan Milli Ordusunun giziri Səhiyəddin İsmayıl oğlu Abbasov 1994-cü ilin bu günü şəhid olub. O, 1 mart 1968-ci ildə Zəngilan rayonunun Gənlik kəndində anadan olub. 1985-ci ildə Zəngilan rayonu Genlik kənd tam orta məktəbini, daha sonra 114 saylı texniki peşə məktəbini, 1992-ci ildə isə Bakı Politexnik Məktəbini bitirib. Hərbi xidmətini Əfqanıstanda keçib. 1993-cü ildə Azərbaycanın ağır günlərində Milli Ordu sıralarına qatılıb. Taqım komandiri Səhiyəddin Abbasov 11 aprel 1994-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv