Dünyanın bu günü - 11.05.2020
FUAD ƏBDÜRRƏHMANOV
(1915-1971)
Azərbaycanın xalq rəssamı, heykəltəraş Fuad Həsən oğlu Əbdürrəhmanov 1915-ci il mayın 11-də Şəkidə anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda və Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 1942–1948 illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib. Yaradıcılığa portret janrı ilə başlayıb, 1930-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini, həmçinin "Atıcı", "Gənc aşıq" və ilk monumental əsəri olan Füzulinin heykəlini yaradıb. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini yaradan Fuad Əbdürrəhmanov 1971-ci il iyunun 15-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
MAQSUD İBRAHİMBƏYOV
(1935-2016)
Azərbaycanın xalq yazıçısı, nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov 1935-ci ilin bu günü Bakı şəhərində coğrafiya elmləri doktoru Məmmədibrahim İbrahimbəyovun ailəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Azərbaycan Texniki Universitetinin inşaat fakültəsində təhsil alıb. Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis, Moskva Ali Ssenaristlər Kursunda müdavim, Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri, Moskva Ali Rejissorluq Kurslarında müdavim olub. Mərkəzi Radionun xüsusi müxbiri vəzifəsində çalışarkən dövri mətbuatda hekayələrini dərc etdirməyə başlayıb. İlk kitabı 1961-ci ildə işıq üzü görüb. Əsərləri 36 xarici dilə tərcümə olunub, SSRİ və Azərbaycanın dərgilərində çap olunub. Azərbaycanın Dövlət Mükafatı, “Şöhrət, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunan Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.
ŞAMİL SÜLEYMANOV
(1955)
Azərbaycanın xalq artisti, kino aktyoru və televiziya aparıcısı Şamil Kamran oğlu Süleymanov 11 may 1955-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Azərbaycanfilm" kinostudiyasında bir çox filmlərdə çəkilib. “Baladadaşın ilk məhəbbəti”, “Tütək səsi”, “Evlənmək istəyirəm”, “Görüş”, “Sübhün səfiri”, “Bəyin oğurlanması” və başqa məşhur Azərbaycan filmlərində önəmli rolları ilə yadda qalıb. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə xalq artisti fəxri adına layiq görülüb.
NATİQ MƏMMƏDOV
(1975-1994)
Azərbaycanın Milli Qəhrəmanı Natiq Bəşir oğlu Məmmədov 11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində doğulub. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. Bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam və Tərtər cəbhələrində döyüşlərdə iştirak edib. 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd edən qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsi zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Natiq Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
YUSİF BAYRAMOV
(1966-1994)
Şəhid Yusif Əli oğlu Bayramov 1966-cı il mayın 11-də Laçın rayonunda anadan olub. 1973-1981-ci illərdə oradakı 1 saylı orta məktəbdə təhsil alıb, 1984-cü ildə isə traktorçu-maşinist ixtisası alıb. Rusiyanın Sverdlovsk şəhərində hərbi xidmətdə olub. 1992-ci ildə Laçın Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinə sıravi heyətə işə qəbul edilib. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən Yusif Bayramov 21 aprel 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda döyüşdə şəhid olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
SALVADOR DALİ
(1904-1989)
11 may həm də dünyanın ən məşhur rəssamlarından biri, sürrealizm cərəyanının ən məşhur nümayəndəsi Salvador Dalinin doğum günüdür. O, 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində doğulub. Təsviri incəsənətə marağı uşaq yaşlarında bələdiyyə incəsənət məktəbində oxuyarkən yaranıb. 1919-cu ildə ilk şəxsi sərgisi təşkil olunub. 1921-ci ildə Madriddəki San-Fernando İncəsənət Akademiyasına göndərilsə də, 1926-cı ildə müəllimlərə qarşı saymazyana münasibətə görə akademiyadan xaric olunub. 1942-ci ildə "Salvador Dalinin gizli həyatı" adlı avtobioqrafik əsərini nəşr etdirib. 1940-cı ildə həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a köçərək 1948-ci ilədək orada yaşayıb. 1949-cu ildən Dali çox sevdiyi Kataloniyada məskunlaşıb. 1981-ci ildən Dalidə Parkinson xəstəliyinin əlamətləri özünü göstərməyə başlayıb. Həyatı boyunca 1500-dən çox rəsm əsəri çəkmiş Salvador Dali 23 yanvar 1989-cu ildə yaşadığı öz teatr-muzeyində çox sevdiyi "Tristan və İzolda" operasını dinləyərkən vəfat edib.
BOB MARLİ
(1945-1981)
Bu gün yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü Bob Marlinin anım günüdür. O, 1945-ci il fevralın 6-da Yamaykanın Nayn-Mayls kəndində anadan olub. 16 yaşı olarkən Co Hiqqslə yazdığı “Judge Not” adlı ilk parça ilə debüt edib. 1963-cü ildə Hiqqsin köməyi ilə “The Wailers” vokal qrupunu yaradıb. 1964-cü ildə qrupun ilk sinqlı hit paradların zirvəsini fəth edib. 1971-ci ildə amerikalı musiqiçi Con Neşlə müqavilə imzalayıb və ona 2 mahnı bəstələyib. 1980-ci ildə müstəqilliyini bərpa edən Zimbabvedə konsert verib. Bob Marli 11 may 1981-ci ildə 36 yaşında ikən xərçəng xəstəliyindən vəfat edib. Ölüm ayağında olarkən böyük oğlunun qulağına son sözlərini pıçıldayıb: "Pulla həyat almaq olmur".
RÖVŞƏN HÜSEYNOV
(1967-1992)
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Şəmil oğlu Hüseynovun xatirə günüdür. O, 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət Evində işləyib. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1985-1987-ci illərdə hərbi xidmətdə olub. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq, iki ay hərbi hazırlıq keçdikdən sonra Goranboya yola düşüb. 1992-ci il mayın 11-də Şıxarx uğrunda gedən qanlı döyüşlərdə tələbə taqımı Mingəçevir alayının mühasirəyə düşmüş 27 əsgərini xilas etmək əmrini alıb. Tapşırıq yerinə yetirilsə də, Rövşənin başçılıq etdiyi taqım mühasirəyə düşüb. Rövşən Hüseynov atəş nöqtəsini öz üzərinə cəlb edərək, tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verib, özü isə döyüş meydanında qəhrəmancasına həlak olub. Doğulduğu kənddə dəfn olunub.