Dünyanın bu günü - 11.07.2021
İSA MƏMMƏDOV
(1926-2007)
Azərbaycanın əməkdar müəllimi, Sosialist Əməyi Qəhrəmanı, ictimai və dövlət xadimi İsa Əli oğlu Məmmədov 1926-cı il iyulun 11-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aralıq kəndində anadan olub. Şərur rayon mərkəzi orta məktəbində, Moskva Ali Komsomol Məktəbində və Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Şərurda orta məktəbdə başlayıb. Şərur rayon Komsomol Komitəsinin birinci katibi, Naxçıvan Vilayət Komsomol Komitəsinin katibi və birinci katibi, Naxçıvan şəhər və rayon təhsil şöbələrinin müdiri, internat məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, Lənkəran şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR KP MK-nın katibi, 1988-ci ildən ömrünün sonunadək isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru vəzifələrində çalışıb. Bir sıra orden və medallarla təltif olunan İsa Məmmədov 2007-ci il avqustun 10-da Bakı şəhərində vəfat edib.
MİRABBAS QASIMOV
(1939-2008)
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Mirabbas Göycə oğlu Qasımov 11 iyul 1939-cu ildə Qobustan rayonunun Nərimankənd kəndində dünyaya gəlib. 1961-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. Moskva Fizika-Texnika İnstitutunda assistent, Hərbi Mühəndislik Akademiyasında baş müəllim, Azərbaycan Dövlət Universitetində professor, kafedra müdiri, dekan və rektor, Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, Təhsil nazirinin birinci müavini vəzifələrində çalışıb. Azərbaycanda müasir riyaziyyat elmi məktəbinin yaradıcılarından biri, 100-ə yaxın elmi işin müəllifidir. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Mirabbas Qasımov 6 sentyabr 2008-ci ildə Bakı şəhərində vəfat edib və doğulduğu kənddə dəfn edilib.
ETİBAR ƏLİYEV
(1955-1993)
Azərbaycanın Milli Qəhrəmanı Etibar Böyükağa oğlu Əliyev 1955-ci ilin bu günü Lənkəran şəhərində anadan olub. 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib. 1973-cü ildə hərbi xidmətə çağırılıb. Əmək fəaliyyətinə Lənkəran şəhər Əhaliyə Məişət Xidməti İdarəsində başlayıb, daha sonra Lənkəran Konserv Kombinatında və “Sevinc” kiçik müəssisəsində işləyib. Azərbaycanda xalq hərəkatının öncüllərindən biri olub. 1993-cü il avqustun 23-də Azərbaycanın cənub bölgəsində “Talış-Muğan Respublikası” yaratmaq iddiasında olan bir qrup separatçının yaratdığı qarmaqarışıqlıq zamanı şəhid olub və Lənkəranın Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 24 avqust 1993-cü il tarixli fərmanı ilə Etibar Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Lənkəran şəhərində adına küçə verilib və büstü qoyulub.
RAFİQ ALICANOV
(1965-1993)
Azərbaycanın Milli Qəhrəmanı Rafiq Cəfər oğlu Alıcanov 1965-ci il iyulun 11-də Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açıb. Sonradan ailəsi ilə birgə köçdüyü Ağstafa rayonunun Köçvəlli kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olub. 1988-ci ildə təhsilini başa çatdırıb və təyinatla Ukraynanın Dneprodzerjinsk şəhərinə göndərilib. Azərbaycan Milli ordusu yaradılarkən Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-də baş verən döyüşlərdə iştirak edib, kapitan rütbəsinə yüksəlib. 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Köçvəlli kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Rafiq Alıcanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda adına küçə var. Təhsil aldığı Köçvəlli kənd orta məktəbi onun adını daşıyır, məktəbdə və Ağstafa şəhərində büstü qoyulub.
HİKMƏT SƏFƏROV
(1972-2020)
Şəhid Hikmət İldırım oğlu Səfərov 11 iyul 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Baş leytenant Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb və dekabrın 8-də Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
ELÇİN İSRAFİLZADƏ
(1990-2020)
Şəhid Elçin Bəxtiyar oğlu İsrafilzadə 1990-cı ilin bu günü Şəmkir rayonunun Qədimqala kəndində anadan olub. 2008-2010-cu illərdə həqiqi hərbi xidmətdə olub. 2015-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Elçin İsrafilzadə oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
RƏŞİD NƏSRULLAYEV
(1993-2020)
Şəhid Rəşid Qəzənfər oğlu Nəsrullayev 1993-cü il iyulun 11-də Qəbələ rayonunun Nic kəndində anadan olub. 2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Rəşid Nəsrullayev noyabrın 2-də Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
ƏLİ FEYZİYEV
(1993-2020)
Şəhid Əli Malik oğlu Feyziyev 11 iyul 1993-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Əli Feyziyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu qəsəbədə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
QARA BALAKİŞİYEV
(1994-2020)
Şəhid Qara Əmirxan oğlu Balakişiyev 1994-cü ilin bu günü Xocavənd rayonunda anadan olub. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kiçik çavuş Qara Balakişiyev elə həmin gün Füzuli döyüşləri zamanı şəhid olub və Horadiz şəhərində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
XƏYYAM HÜSEYNOV
(1996-2020)
Şəhid Xəyyam Hüseyn oğlu Hüseynov 1996-cı ilin bu günü Göyçay şəhərində anadan olub. 2014-2016-cı illərdə illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Xəyyam Hüseynov elə həmin gün Suqovuşan döyüşləri zamanı şəhid olub və Göyçay şəhərində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
ELŞƏN ƏHMƏDLİ
(1997-2020)
Şəhid Elşən Elbrus oğlu Əhmədli 1997-ci il iyulun 11-də Oğuz rayonunda anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elşən Əhmədli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və Oğuz Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
FUAD ŞABANOV
(1997-2020)
Şəhid Fuad Rasim oğlu Şabanov 11 iyul 1997-ci ildə Balakən rayonunun Qaravəli kəndində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində və 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Fuad Şabanov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub və Balakən rayonunun Püştətala kəndində torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
ƏLİ SEYİDOV
(1999-2020)
Şəhid Əli Rahin oğlu Seyidov 1999-cu ilin bu günü Bakı şəhərində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Əli Seyidov oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
ƏKBƏR HÜSEYNOV
(2001-2020)
Şəhid Əkbər Bahadur oğlu Hüseynov 2001-ci il iyulun 11-də Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. 1019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Əkbər Hüseynov sentyabr 29-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
ABBAS SƏHHƏT
(1874-1918)
Görkəmli şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi Abbas Səhhətin anım günüdür. Abbas Əliabbas oğlu Mehdizadə 1874-cü il mayın 24-də Şamaxıda ruhani ailəsində dünyaya gəlib. Məşhəd və Tehran şəhərlərində tibb təhsili alıb. 1901-ci ildə Şamaxıya qayıdaraq həkimlik sənətindən uzaqlaşıb və məktəblərdə Azərbaycan dilindən dərs deyib. Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi çıxış edib, tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olub, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub. Uşaqlar üçün yazılan “Ana və bala”, “Ata və oğul”, “Yay”, “Ayı və şir”, “Quşlar” və başqa şeirlərin müəllifidir. "Vətən" şeiri Azərbaycanda dillər əzbəridir. Onun ən mühüm xidmətlərindən biri Mirzə Ələkbər Sabirin əsərlərini toplayıb ilk dəfə "Hophopnamə" adı ilə nəşr etdirməsidir. Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.
RASİM OCAQOV
(1933-2006)
Azərbaycanın xalq artisti, kinorejissor və ssenarist Rasim Mirqasım oğlu Ocaqovun xatirə günüdür. O, 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində və Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi başlayıb və bütün ömrünü kino sənətinə həsr edib. Bir sıra ekran əsərlərində operator, bədii rəhbər, ikinci rejissor kimi çalışıb. Məşhur "Tütək səsi", "Ad günü", "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Ölsəm, bağışla", "Qətldən yeddi gün sonra", "Təhminə", "Həm ziyarət, həm ticarət", "Otel otağı" kimi filmlərin rejissorudur. Rasim Ocaqov 2006-cı ilin iyulunda Bakıda dünyasını dəyişib.
OFELİYA MƏMMƏDZADƏ
(1939-2007)
Azərbaycanın əməkdar artisti, aktrisa Ofeliya Kamal qızı Məmmədzadə də bu gün xatırlanır. O, 1939-cu il avqustun 4-də Bakıda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Musiqili Komediya Teatrında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işləyib. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. “26-lar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon”, “Burulğan”, “Poçt qutusu” və başqa filmlərdə rol alıb. Aktyor Gündüz Abbasovla evli olan Ofeliya Məmmədzadə 11 iyul 2007-ci ildə Bakıda vəfat edib.
XANIM QAFAROVA
(1967-2014)
Azərbaycanın əməkdar artisti, teatr və kino aktrisası, müğənni Xanım Əbdülqafar qızı Qafarovanın xatirə günüdür. O, 9 may 1967-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili komediya fakültəsində təhsil alıb. Lütfi Məmmədbəyovun xalq teatrında, "Tənqid-Təbliğ" Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Bir sıra film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktrisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub. 2012 və 2014-cü illərdə Prezident Mükafatına layiq görülüb. Xanım Qafarova 2014-cü il iyulun 11-də Bakıda dünyasını dəyişib və Kürdəxanı qəbiristanlığında dəfn olunub.
ŞAHLAR ŞÜKÜROV
(1952-1990)
Azərbaycanın Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovun anım günüdür. O, 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Polis Akademiyasında təhsil alıb. 1972-ci ildə hərbi xidmətə çağırılıb, ordu sıralarından tərxis olunduqdan sonra islah-əmək müəssisəsində, Ucar rayon Daxili İşlər Şöbəsində işləyib, daha sonra Zərdab rayon Daxili İşlər Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib. 1990-cı ilin iyulunda Tərtər-Kəlbəcər yolu hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə üzləşib. Şahlar Şükürov döyüş zamanı qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.